«Koroğlu» operası Üzeyir Hacıbəyovun
yaradıcılığının, həqiqətən
də ən yüksək zirvəsidir. Sözün
əsil mənasında, şedevr sayılan
bu əsərdə bəstəkar Azərbaycan
xalqının qüdrətini, qürurunu,
igidliyini və qalibiyyət əzmini musiqi
vasitəsilə ifadə etmişdir ki, həmin
mövzu bu gün də çox müasir və
aktualdır. Opera yarandığı gündən
az bir zaman ərzində Azərbaycan xalqının
məhəbbətini qazanmış, eyni zamanda,
Azərbaycan incəsənətinin inkişafında
yeni bir mərhələ olmuşdur.
Ü.Hacıbəyovun bu operası milli musiqi
yaradıcılığının zəngin
ənənələri ilə sıx bağlı
olub, onları müasir bəstəkarlıq
formaları ilə qovuşdurmuşdur.
«Koroğlu» operasında bəstəkar xalqın
öz azadlığı və müstəqilliyi
uğrunda mübarizə mövzusunu realistcəsinə,
dərindən açmağa müvəffəq
olmuş, parlaq, həqiqi xəlqi obrazlar yaratmışdır.
Ü.Hacıbəyov özü bu opera üzərində
işi haqqında yazırdı ki, müasir
musiqi mədəniyyətinin nailiyyətlərindən
istifadə edərək, milli opera yaratmaq üçün
elə bir üslubu əxz etmişdir ki, xalqla
onun başa düşdüyü dildə
danışa bilsin. Buna görə də,
təbii ki, bu operanı xalq musiqi ruhu ilə
canlandırmaq vacib idi. Məhz bu səbəbdən,
böyük bir dühanın məhsulu olan
«Koroğlu» operası öz musiqi dilinə
görə, bədii xüsusiyyətlərinə
görə cəsarətli novator bir əsər
kimi diqqəti cəlb edir.
«Koroğlu» operasının əsasını
xalqın azadlıq mübarizəsinə,
XVI – XVII əsrlərdə kəndli hərəkatına
həsr olunmuş eyniadlı aşıq dastanının
motivləri təşkil edir.
Bu dastanın bir çox variantları mövcuddur
və o, nəinki Azərbaycanda, həmçinin
Türkiyədə, Zaqafqaziya və Orta Asiya
ölkələrində də geniş yayılmış
və populyarlaşmışdır.
Üzeyir Hacıbəyovun yozumunda bu mövzu
böyük ictimai – sosial məna və müasir
səslənmə kəsb etmişdir. Bəstəkar
xalqın məhz tarixini əks etdirən bir
opera yaratmışdır. Musiqidə xalqın
daim qaranlıqdan işığa doğru
can atması , eyni zamanda, onun real qələbə
sevinci öz əksini tapmışdır.
Librettonun poetik mətni M.S.Ordubadiyə məxsusdur.
Libretto üzərində, həmçinin ədəbiyyatçı
H. İsmayılov çalışmışdır.
Ü.Hacıbəyov özü də operanın
ədəbi mətninin yaradılmasında
yaxından iştirak etmişdir. Diqqətəlayiqdir
ki, libretto və musiqi paralel yaradılmışdır.
«Koroğlu» operasının dramaturji əsasını
iki əks qüvvənin – bir tərəfdən
xalqın, digər tərəfdən isə
yerli feodalların mübarizəsi təşkil
edir. Operanın dramaturgiyasının inkişafı
xalqın istismarçılara qarşı yüksələn
mübarizəsi və Vətənin düşmənləri
üzərində qələbəsi ilə
bağlıdır.Beləliklə, tarixin hərəkətverici
qüvvəsi olan xalq operanın əsas ideyasını
müəyyən edən fəal qüvvə
kimi göstərilir. Bu da əsərin dərin
xəlqiliyinin təcəssümüdür.
«Koroğlu» epik operadır. Burada monumental,
kütləvi xor və rəqs səhnələrində
kəndlilərin surəti öz geniş əksini
tapır. Ü.Hacıbəyov məntiqi ardıcıllıqla
xanların zülmündən cana doyan xalqın
qəzəbinin coşmasını, onun psixologiyasının
və əhval ruhiyyəsinin dəyişməsini,
qorxu altında əzilən bir kütlədən
Çənlibel qalasında azad həyatı
tərənnüm edən mübariz qüvvəyə
çevrilməsini göstərir.
Operada xalq obrazının təcəssümü
üçün xorlardan geniş istifadə
olunmuşdur. Birinci xor səhnəsindən
başlayaraq, sonuncuya kimi bəstəkar mübarizə
aparan kəndlilərin obrazını hərtərəfli
şəkildə yaratmış, musiqidə
onların iztirablarını, tədricən
artan etirazını, məğrur, igid surətlərini
təsvir etmişdir. Operanın zirvəsini
isə «Çənlibel» xoru təşkil edir.
Bu, gözəl, möhtəşəm bir
musiqi tablosu olub, azadlıqsevər Azərbaycan
xalqının əyilməz iradəsini böyük
bədii qüvvətlə açıb göstərir.
Xalqın qəhrəmani obrazı xüsusilə
Uvetrürada öz təcəssümünü
tapmışdır. «Koroğlu» operasının
Uvertürası əsərin əsas ideyasını
əks etdirən simfonik lövhədir. Burada
xalq obrazını səciyyələndirən
ən parlaq mövzular cəmlənmişdir.
Onu da deyək ki, «Koroğlu» Uvertürası
bu gün Azərbaycan xalqı üçün
azadlıq himninə çevrilmişdir.
Operanın yaddaqalan simfonik epizodlarından
biri də III pərdənin antraktıdır
ki, burada dağların başında məğrur
dayanan Koroğlunun Çənlibel qalası
təsvir olunur.
Operadakı rəqslər də hadisələrin
üzvi tərkib hissəsi kimi, iştirakçıların
əhval – ruhiyyəsini və emosiyalarını
əks etdirir. Bəstəkar məhz xalqın
qəhraman simasını səciyyələndirmək
üçün «Yallı», «Cəngi» kimi rəqslərdən
istifadə edərək, Azərbaycan xalqının
həyatsevər və mərd xarakterini musiqidə
canlandırmışdır.
Əsərin əsas personajlarının:
Rövşən – Koroğlu, Nigar, Həsən
xan və başqalarının surətləri
hərtərəfli göstərilmişdir.
Əsərin qəhrəmanı Koroğlu
yenilməz qüvvəyə, yüksək
mənəvi keyfiyyətlərə malik bir
şəxsiyyətdir. O, xalq hərəkatının
başçısı, mərd, igid sərkərdə
və aşıqdır. Onun adı xalqın
dilində əfsanəyə çevrilmişdir.Qədim
dövrlərdən bəri xalq Koroğlunun
cəngisinin sədaları altında döyüşə
getmişdir. Odur ki, Koroğlu xalqın simvoluna,
onun arzu və istəklərinin ifadəçisinə
çevrilmişdir.
Koroğlu obrazı tədricən və dinamik
şəkildə açılır. Əvvəldə
onun mübarizəyə ehtiraslı çağırışı
öz əksini tapır, daha sonra o, gözümüz
qarşısında qorxmaz, cəsur bahadır
kimi canlanır.
Koroğlu həm də bir xalq nəğməkarı
– aşıqdır, buna görə də
musiqidə aşıq üslubu qabarıqdır
və Koroğlunun aşıq mahnıları
bunun ən bariz nümunəsidir.
Koroğlu qəhrəman və aşıq
kimi göstərən müəllif onun lirik
hisslərinin, Nigara olan məhəbbətinin
tərənnümünə də mühüm
yer vermişdir. Koroğlunun lirik ariyası
dərin mənası və səmimiliyi ilə
dinləyicinin qəlbinə təsir etməklə
yanaşı, Koroğlu obrazına yeni cizgilər
gətirir. Nigara məhəbbəti onu xalqın
yolunda hünər, rəşadət göstərməyə
ilhamlandırır.
Nigar obrazı isə öz həqiqi, real
cizgilərinə və zərifliyinə görə
bəstəkarın yaratdığı qadın
obrazları qalereyasında önəmli yer
tutur.
Nigar Koroğlunu dərin məhəbbətlə
sevən bir qızdır. O, həm də onun
səsur, qorxmaz məsləkdaşı, xanların
zülmünə qarşı haqq səsini
ucaldan mübarizə yoldaşıdır.
Operadakı Həsən xan isə despotizmin
zülmün təcəssümüdür
və musiqidə onun qəzəbli, zülmkar,
özündən razı, hökmran obrazı
parlaq və lakonik boyalarla təsvir olunmuşdur.
Xüsusilə Həsən xanın ariyası
operanın ən yaxşı vokal partiyalarından
biri olub, öz müdhişliyi və qəddarlığı
ilə dinləyicini heyrətləndirir.
Əsərin personajları arasında Təlxək
öz ikili rolu ilə seçilir. Bir tərəfdən
o, Koroğlunun tutulması üçün
təklif verir; bir nəfər tərəfindən
Koroğlunun Qıratının oğurlanmasını
məsləhət gorur. Bununla da xanlara kömək
edir. Digər tərəfdən isə o, saray
əyanlarını ələ salıb gülür.
Təlxəyin məzəli mahnısı
operadakı hadisələrin inkişafında
mühüm yer tutur və dönüş
nöqtəsinə çevrilir.
«Koroğlu» operası ilk dəfə 1937 –
si ildə istedadlı Azərbaycan rejissoru
İsmayıl Hidayətzadə tərəfindən
Azərbaycan Dövlət Opera və Balet teatrının
səhnəsində tamaşaya qoyulmuşdur.
Dekorasiyalar rəssam Rüstəm Mustafayevə
məxsus idi. İlk tamaşaya Üzeyir Hacıbəyov
özü dirijorluq edirdi.
Koroğlu rolunun ilk ifaçısı görkəmli
Azərbaycan müğənnisi Bülbül
olmuşdur. O, demək olar ki, ömrünün
sonuna kimi – 25 ilə yaxın bir müddətdə
bu mürəkkəb rolda çıxış
edərək, böyük bədii əhəmiyyətə
malik bir obraz yaratmışdır.
İlk tamaşada, həmçinin, G.İsgəndərova
– Nigar, M.Bağırov – Həsən xan, Q.İsgəndərov
– Təlxək, H.Hüseynov – Həmzə
bəy, Q. Almaszadə – rəqqasə rollarında
çıxış etmişlər.
Sonrakı illərdə də «Koroğlu»
operasında yaddaqalan obrazlar yaratmış
müğənnilərdən L. İmanovun
(Koroğlu) F.Əhmədovanın, F.Qasımovanın
(Nigar) və başqalarının adını
çəkmək olar.
Hal – hazırda da «Koroğlu» operası səhnədə
oynanılır, onun gənc, istedadlı ifaçıları
yetişir.
Bəstəkarın bədii fikrinin açılmasında
görkəmli Azərbaycan dirijoru Niyazinin
böyük rolu olmuşdur. Dirijorlardan Əşrəf
Həsənov «Koroğlu» operasının
maraqlı ifaçılıq təfsirini vermişdir,
Rauf Abdullayev, Cavanşir Cəfərov, Yalçın
Adıgözəlov kimi dirijorların ifasında
«Koroğlu» öz səhnə həyatını
yaşamaqdadır.
Onu da deyək ki, «Koroğlu» operası müxtəlif
səhnələrdə, müxtəlif dillərdə
tamaşaya qoyulmuşdur: Azərbaycan, rus,
erməni, türkmən, özbək dillərində
opera Moskvada (1939, 1959), Təbrizdə (1941),
Aşqabadda (1939), İrəvanda (1942), Daşkənddə
(1950) oynanılmış, tamaşaçıların
böyük rəğbətini qazanmışdır.
Əsər 1940 –ci ildə Dövlət mükafatına
layiq görülmüşdür. «Koroğlu»
operasının əhəmiyyətindən
danışarkən, onu yalnız milli mədəniyyətin
çərçivələri ilə məhdudlaşdırmaq
olmaz. XX əsrdə Azərbaycanın mütərəqqi
bədii fikrinin axtarışları sayəsində
meydana gəlmiş
«Koroğlu» operası bu gün dünya musiqi
xəzinəsinə daxil olmuş milli və
bəşəri dəyərə malik bir
sənət əsəridir. XXI əsrdə
də «Koroğlu» bizi öz bədii keyfiyyətləri,
qeyri – adi mütənasib forması, klassik
aydınlığı ilə heyrətləndirir
və yəqin ki, hələ neçə illər,
əsrlər boyu musiqimizin şah əsəri
olaraq, səhnələri bəzəyəcək.