Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Bəstəkar və şəxsiyyət


Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan
olmasının 110 illiyinə həsr olunmuş yubiley gecəsində Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin nitqi



Audio:  
Video  


 Hörmətli xanımlar və cənablar!

Əziz bacılar və qardaşlar! Böyük bayram münasibətilə, Azərbaycan xalqının milli bayramı, mədəniyyət, musiqi bayramı münasibətilə, Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi münasibətilə sizi ürəkdən təbrik edirəm.

Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.

Azərbaycanın gözəl guşələrindən biri olan Ağcabədidə dünyaya gəlmiş, Şuşada ilk təhsilini almış, müqəddəs Şuşanın ab-havasının təsirini, Natəvan dünyasının, musiqişünas Mir Möhsün Nəvvab sənətinin, fikrinin təsirini duymuş, sonra Qori semi-nariyasında yüksək təhsil almış və nəhayət, Sankt-Peterburqda konservatoriyanı bitirmiş Üzeyir Hacıbəyov beləliklə böyük, parlaq yaradıcılıq yoluna başlamış və bu yaradıcılıq yolunu şərəflə keçmiş, Azərbaycan xalqının tarixində görkəmli bir yer tutmuşdur. Üzeyir Hacıbəyov uşaqlıqdan, gənc vaxtlarından məhz fitri istedadına görə çox şeyləri öyrənməyə çahşmış və öyrənmişdir. Azərbaycanın tarixini öyrənə bilmiş, mədəniyyət tarixini və xalqımızın musiqisini öyrənmiş, musiqiyə böyük həvəs göstərmişdir.

 Bütün bunların hamısını özündə cəmləyərək, Azərbaycan xalqının zəngin musiqi xəzinəsindən bəhrələnərək 22 yaşında "Leyli və Məcnun" operasını yazıb dünyaya təqdim etmiş və bununla da böyük bəstəkar kimi özünü tanıtmış, fəaliyyətə başlamışdır.

 Azərbaycanda opera sənətinin tarixi "Leyli və Məcnun" operası ilə başlayır. Azərbaycan xalqının böyük və zəngin teatr tarixi var. Onun banisi böyük Mirzə Fətəli Axundov olmuşdur. Azərbaycan opera sənətinin, opera teatrını banisi isə Üzeyir Hacıbəyovdur. Onun yaradıcılığı sayəsində, əsasında və onun tükənməz fəaliyyəti nəticəsində Azərbaycanda böyük opera sənəti, opera və balet teatrı inkişaf etmiş və bu gün bizim dünya şöhrətli opera sənətimiz var, opera və balet teatrımız var.

 Sonra Üzeyir Hacıbəyov ardıcıl olaraq gözəl, dəyərli musiqi əsərlərini yazmış və xüsusən "Arşın mal alan", "O olmasın, bu olsun" kimi böyük əsərləri - operettaları ilə məşhurlaşmış, bütün sonrakı fəaliyyətini Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafına həsr etmişdir. Üzeyir Hacıbəyov böyük addımını "Leyli və Məcnun" operası ilə başlamışdır. Böyük Məhəmməd Füzulinin poeması əsasında, onun əsərlərindən istifadə edərək muğam musiqisindən, folklorundan, xalq musiqisindən, mahnılarından istifadə edərək Azərbaycanın əsrlərdən-əsrlərə keçmiş zəngin musiqisini ilk dəfə nota köçürmüş, onun böyük simfonik orkestrlə ifasını təmin etmiş, özü ona rəhbərlik, dirijorluq etmişdir.

Azərbaycan tarixi mədəniyyət, elm, ədəbiyyat, memarlıq sahəsində çox zəngindir. Bizim çoxəsrlik ədəbiyyatımız var -Nizami, Xaqani, Füzuli, Nəsimi, Vaqif və bunlardan sonra gələn dahilər. Bizim qədim memarlıq abidələrimiz var. Bizim qədim rəssamlıq sənəti nümunələrimiz var. Azərbaycan xalqı dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir.

Bunların içərisində ən görkəmli yer tutan, dünyada məşhurlaşmış, dünyanm hər yerinə yayılmış musiqi əsərlərini yaradan və Azərbaycanın çoxəsrlik musiqisini sistemləşdirən, formalaşdıran və dünyaya təqdim edən Üzeyir Hacıbəyov olmuşdur. Üzeyir Hacıbəyov ömrünün son gününə qədər həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına, insanların təhsillənməsinə, maariflənməsinə həsr etmişdir. O həm yazıçı, publisist, həm də alim, maarifçi, filosof, ictimai-siyasi xadim olmuş, dövlət işlərində fəal iştirak etmişdir.

1918-ci ildə Azərbaycanda ilk demokratik respublika yaranan zaman və yaranandan sonra Üzeyir Hacıbəyov o vaxt gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olmuşdur. O, görkəmli bir şəxsiyyət kimi həmin proseslərin düzgün istiqamətdə getməsinə təsir etmiş və o ağır dövrdə, çətin dövrdə xalqımızın milli mənliyinin yüksəlməsi üçün çox səylər qoymuşdur. Azərbaycanın ilk demokratik respublikasının yaşaması, inkişaf etməsi üçün çalışmış, fəaliyyət göstərmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün cəhdlər göstərmişdir. Parisə - Versal konfransına gedən Azərbaycan nümayəndəsinə onun verdiyi tövsiyələr, məsləhətlər və göstərişlər, - Üzeyir Hacıbəyovım kiçik qardaşı Ceyhun Hacıbəyov da nümayəndə heyətinin tərkibində idi, - bunlara canlı sübutdur. Üzeyir Hacıbəyov ilk müstəqil Azərbaycan dövlətinin "Azərbaycan" qəzetinin redaktoru olmuş və bu qəzetin fəaliyyətində həm öz məqalələri ilə, həm də rəhbərliyi ilə çox böyiik xidmətlər göstərmişdir.

Sonrakı dövrdə də Üzeyir Hacıbəyov Azərbaycan ictimai həyatının daim mərkəzində olmuşdur. Xalqı savadsızlıqdan xilas etmək, xalqın mədəni səviyyəsini qaldırmaq, mədəniyyəti inkişaf etdirmək üçün o, çox görkəmli addımlar atmış, böyük tədbirlər görmüşdür. Azərbaycanda musiqi məktəbinin, ali musiqi təhsilinin yaranması, incəsənətin geniş inkişaf etməsi, mədəniyyətin inkişaf etməsi Üzeyir Hacıbəyovun fəaliyyəti ilə bağlıdır.

Azərbaycanda Üzeyir Hacıbəyov məktəbinin təsiri altında bəstəkarlar ordusu yaranmışdır. Deyə bilərəm ki, Üzeyir Hacıbəyov Azərbaycan tarixində ilk bəstəkardır. Azərbaycanın ondan sonrakı bəstəkarlarını hamısı bilavasitə onun tələbəsi olmuş, sonrakı nəsillər onun əsərlərinin, yaradıcılığınm təsiri altında təhsil almış, böyümüş, bəstəkarlıq sənətini qavramış və yeni-yeni musiqi əsərləri yaratmışlar. Üzeyir Hacıbəyovun əsərlərində təkcə musiqi yox, onun ictimai-siyasi və mənəvi məzmunu da böyük əhəmiyyət kəsb edir Bəstəkarın əsərlərinin hamısıda insan azadlığı, insanın paklığı, səmimiyyəti, insanların bir-birinə münasibəti tərənnüm edilibdir. Bu, "Leyli və Məcnun"da da belədir, "Arşın mal alan"da da belədir, "Məşədi İbad"da da belədir və nəhayət, Üzeyir Hacıbəyovun şah əsəri olan "Koroğlu"da da və başqa əsərlərində də belədir. Üzeyir Hacıbəyovun yaradıcılığının ən əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, təkcə musiqi yox, əsərlərinin bütün mövzusunu kəşf edib yaradıbdır. Onların mənasını, məzmununu düşünüb seçdiyi mövzular, bu mövzular əsasında yaratdığı musiqi, dramaturgiya əsərləri heç də təsadüfi xarakter daşımır. "Leyli və Məcnun" operası da təsadüfi olaraq yaradılmayıb. "Leyli və Məcnun" əfsanəsində dahi şairimiz Məhəmməd Füzulinin yazdığı poemadakı humanist, insanpərvər duyğular, azadlıq fikirləri, insanın insana pak, saf məhəbbəti Üzeyir Hacıbəyovu o qədər cəlb etmişdir, o qədər maraqlandırmışdır ki, məhz bunlara görə o ilk əsəri üçün Məhəmməd Füzulinin yaradıcılığına müraciət edib, o mövzunu seçib və bunun əsasında ölməz bir əsər yaradıbdır. 87 ildir ki, bu əsər Azərbaycan səhnəsində göstərilir və biz əminik ki, əsrlər boyu yaşayacaqdır.  

Üzeyir Hacıbəyov "Arşın mal alan", "0 olmasın, bu olsun" operettalarında tək gözəl musiqi ilə insanlara zövq vermək, yaratdığı əsərlərin personajları ilə onları güldürmək, şənləndirmək məqsədi yox, başqa məqsədlər daşıyırdı. Onun məqsədi xalqımızın həyatında olan mənfi cəhətləri - ətaləti, nadanlığı, xalqımızı geriyə salan ayrı-ayrı adətləri insanlar üçün ən təsirli vasitə - musiqi vasitəsilə tənqid, ifşa etməkdən, xalqın gözünü açmaqdan, onu irəliyə aparmaqdan, xalqın mədəniyyətini, mənəviyyatını qaldırmaqdan ibarət idi. Şübhəsiz ki, bu, musiqi əsəri vasitəsilə hər bir insana daha tez çatır.

Yeri gəlmişkən, mən öz fikrimi demək istəyirəm. Hər bir bədii əsər insanlara təsir göstərir, şübhəsiz ki, müsbət təsir göstərir -onların xarakterlərinin formalaşmasına, inkişaf etməsinə, mədəni səviyyəsinin artmasına böyük təsir göstərir. Amma musiqi əsəri vasitəsilə göstərilən təsir bütün o biri əsərlərin təsirindən yüksəkdir. Əgər nəzərə alsaq ki, əsrimizin əvvəlində xalqımızm əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi və kitablar da çox az idi, kino, televiziya və başqa vasitələr yox idi, təsəvvür edin, Üzeyir Hacıbəyov öz operası vasitəsilə Məhəmməd Füzulinin sözlərini, "Arşın mal alan", "0 olmasın, bu olsun" və başqa operettaları - musiqi vasitəsilə istədiyi fikirləri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük xidmətlər göstəribdir.

Dediyim kimi, Üzeyir Hacıbəyov bütün əsərlərində insan azadlığını, xalqlarınazadlığını tərənnüm edib, istibdada, zülmə, hökmdarlığa qarşı üsyan edibdir. Xalqımızın böyük dastanı olan "Koroğlu" dastanının Üzeyir Hacıbəyov tərəfindən istifadə olunması Azərbaycan tarixində, mədəniyyətində, bədii həyatında çox böyük və əvəzsiz bir hadisədir. "Koroğlu" dastanı əsrlər boyu nəsillərdən-nəsillərə keçib bizim günlərimizə gəlib çatıbdır. "Koroğlu" dastanı insanları həmişə qəhrəmanlığa, cəsurluğa dəvət edibdir. Bu dastan insanlarda qəhrəmanlıq, cəsurluq, vətənpərvərlik əhval-ruhiyyəsi yaradıbdır. "Koroğlu" dastanı insanları həmişə azadlığa, azadlıq yolunda mübarizəyə, zülmətə qarşı mübarizəyə çağırıbdır. "Koroğlu" dastanı ona görə sevilibdir ki, xalqın həyatı, gələcəyi üçün ən əhəmiyyətli fikirlər o dastanda cəm olubdur. "Koroğlu" dastanını nəinki xalqımıza, bütün dünya ictimaiyyətinə daha da təsirli şəkildə çatdırmaq, tanıtdırmaq üçün Üzeyir Hacıbəyovun "Koroğlu" operasını yaratması, yenə də deyirəm, mədəniyyətimizdə böyük inqilabi hadisədir.

İndiyədək Üzeyir Hacıbəyov böyük bir bəstəkar, musiqiçi, publisist, alim kimi tanınır. Onun yubileylərini qeyd edərkən biz Üzeyir Hacıbəyov yaradıcılığının həmişə bu cəhətlərini işıqlandırmışıq.

Mən böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ötən vaxtlarda da Üzeyir Hacıbəyovun yubileylərinin keçirilməsinin təşkilatçılarından, iştirakçılarından olmuşam. Üzeyir Hacıbəyovu xalqımız heç vaxt unutmayıbdır. O yaşadığı zamanda da həmişə sevilibdir. Dünyasını dəyişəndən sonra isə o həmişə bizim sevimlimiz olubdur. Xalq onu daim qəlbində saxlayıb, mədəniyyətimiz onun yaradıcılığından daim bəhrələnərək inkişaf edibdir. Buna görə də Üzeyir Hacıbəyovun anadan olması gününü biz hər il qeyd edirik.  

Üzeyir Hacıbəyovun 90 illik, 100 illik yubileylərini böyük təntənə ilə qeyd etdiyimiz xatirimə gəlir. 1975-ci ildə biz Üzeyir Hacıbəyovun 90 illik yubileyini hazırladıq, təntənə ilə həm Azərbaycanda, o vaxt imkan dairəsində Sovet İttifaqının həm paytaxtında, başqa respublikalarında, dünyada qeyd edə bildik. Azərbaycanda, Bakıda mədəniyyət xadimlərindən ilk dəfə Üzeyir Hacıbəyovun yaşadığı ev onun ev-muzeyinə çevrildi. 1975-ci ildə, 20 il bundan əvvəl Üzeyir Hacıbəyovun ev-muzeyi açıldı. Biz hamımız çox məmnunuq ki, bu ev-muzey 20 ildir Azərbaycan xalqının, mədəniyyətinin inkişafına, yüksəlməsinə xidmət edir. Yaranan gündən indiyədək bu muzeyə Üzeyir Hacıbəyovun yaxın silahdaşı Ramazan Xəlilov rəhbərlik edir. Böyük xidmətlərinə görə mən onun Azərbaycanın yüksək ordeni - "Şöhrət" ordeni ilə təltif olunması haqqında fərman imzaladım.

Ramazan Xəlilov çox xoşbəxt adamdır. 95 yaşı var, bu gün də fəaliyyətdədir. O, Üzeyir Hacıbəyovla çiyin-çiyinə gedib, bizim üçün onun nişanəsidir. Ona görə də o bizim üçün əzizdir və xoşbəxtlik də ondan ibarətdir ki, o bu gün də yaşayır. Güman edirəm ki, biz onun 100 illiyini də qeyd edəcəyik.

1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi böyük təntənə ilə qeyd olundu - Azərbaycanda da, o vaxt Sovetlər İttifaqınm paytaxtı Moskvada da. Moskvanın ən böyük salonlarından biri olan Sütunlu salonda biz onun yubileyini qeyd edərkən Sovetlər İttifaqının bütün respublikalarının nümayəndələri orada iştirak edirdilər, çıxış edirdilər. Böyük rus bəstəkarları orada Üzeyir Hacıbəyov haqqında xatirələrini söylədilər. Biz hamımız bunları eşidərkən, bunların şahidi olarkən böyük iftixar hissi duyurduq.

Nəhayət, bu gün biz Üzeyir Hacıbəyovun 110 illik yubileyini keçiririk. Şəxsən mən çox xoşbəxtəm ki, Üzeyir Hacıbəyovun 90 illik, 100 illik yubileylərinin və bu gün də 110 illik yubileyinin keçirilməsi işlərinə həm rəhbərlik etmişəm və həm də bu işlərin təşkilatçısıyam.

Üzeyir Hacıbəyovu tədqiq edən alimlərin əsərlərinin və xüsusən yubiley mərasimlərindəki çıxışların adətən əksər hissəsində deyilən sözlər onun musiqi sahəsində fəaliyyətinə həsr olunub. Təsadüfi deyildir ki, bu yubileylərdə daim musiqişünaslar, bəstəkarlar, musiqiçilər çıxış edirdilər. Ola bilər, ilk dəfədir ki, Üzeyir Hacıbəyovun yubiley mərasimində respublikanın Prezidenti söz söyləyir. Bu heç də təsadüfi deyil. Çünki Üzeyir Hacıbəyov dahi bir bəstəkar, musiqiçi, eyni zamanda böyük alimdir, filosofdur, maarifçidir. Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin yaranmasında, formalaşmasında, inkişaf etməsində Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır. Azərbaycanlılar - gənclər, vətəndaşlarımız məhz Üzeyir Hacıbəyovun əsərlərindən ruhlanaraq Vətənimizi daha da çox sevmişlər; onun musiqisini dinləyərək, onun əsərlərindən irəli gələn fikirlərin təsiri altına düşərək hiss etmişlər ki, Vətən, ölkə, millət hər bir insan üçün nə qədər əzizdir, doğmadır.

Üzeyir Hacıbəyov böyük vətəndaş olmuşdur. Bir də qeyd edirəm. 1918-1920-ci illərdə ağır bir dövrdə - Azərbaycanın ilk müstəqil respublikasının fəaliyyət göstərdiyi dövrdə Üzeyir Hacıbəyovun yaradıcılığı əvəzsizdir. Üzeyir Hacıbəyovun fəaliyyəti ondan sonrakı dövrdə də fövqəladə əhəmiyyətli və əvəzsizdir.  

Əgər tarixə nəzər salsaq, Üzeyir Hacıbəyov üç hakimiyyət dövründə yaşamışdır. Onun doğulduğu dövr, mədəniyyət xadimi kimi dünyaya gəldiyi dövr Azərbaycanda çar Rusiyasının hakimiyyəti dövrü idi. Ondan sonra Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yarandı. İki ilə yaxın müddət müstəqil Azərbaycan Respublikası dövrü idi. Ondan sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu və bu hakimiyyət 1991-1992-ci illərə qədər davam etdi. Üzeyir Hacıbəyov bütün bu üç mərhələdə hakimiyyətin xarakterindən, formasından asılı olmayaraq xalqına xidmət etmişdir. Bu gün bunu deməyə əsas var ki, o belə düşünmüşdür: hansı hakimiyyət olursa-olsun, xalqa sədaqətlə xidmət edən, xalqın irəli getməsinə çalışan adam heç bir şeylə hesablaşmamalıdır. Üzeyir Hacıbəyov belə olmuşdur.

Keçmiş zamanlarda Üzeyir Hacıbəyovun həyat yolu haqqında söhbət düşəndə onun yaratdığı əsərlərdən danışırdılar, amma o dövrlərdə, əsrin əvvəlindən 1920-ci ilə qədər onun ictimai-siyasi fəaliyyəti haqqında heç bir şey deyilmirdi. Bəzən xəlvəti deyirdilər ki, Üzeyir Hacıbəyov Müsavat hökumətinin üzvü olubdur və sairə, amma onun üstünü vurmaq lazımn deyil. Ondan sonrakı dövrdə, 1920-ci ildən 1948-ci ilə qədər, dünyasını dəyişənə qədər Üzeyir Hacıbəyov Sovet hakimiyyəti dövründə yaşamışdır. Üzeyir Hacıbəyovun fəaliyyətinin bu dövrü də əvvəlki dövr kimi çox bəhrəli, çox məhsuldar, xalqımız üçün çox dəyərli, əhəmiyyətli olmuşdur.

Bu gün, respublikamızda ictimai-siyasi sistem dəyişəndən sonra yenə də əvvəlki xəstəliyə düşmək, bir dövrü qabarıq verib, o biri dövrü gizlətmək lazım deyil. Üzeyir Hacıbəyov 1885-ci ildə anadan olandan 1948-ci ilə qədər, yəni dünyasını dəyişənə qədər Azərbaycan xalqının görkəmli bir oğlu olmuşdur. Azərbaycan xalqına xidmət etmişdir və hansı sistemdə olursa-olsun, hansı hakimiyyət dövründə olursa-olsun bütün imkanlardan istifadə edərək xalqını daim irəliyə aparmışdır.

Üzeyir Hacıbəyovun 1920-ci ilə qədərki fəaliyyəti haqqında danışarkən, eyni zamanda onun bundan sonrakı fəaliyyətinə də yüksək qiymət vermək lazımdır. Azərbaycan mədəniyyətinin çiçəklənməsində - biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, bəli, XX əsrdə və əsrimizin 20-ci ilindən sonra respublikamızda mədəniyyət inkişaf edib, çiçəklənib, böyük mədəniyyət ordusu yaranıb, xalqımız savadlanıb, onun mədəni səviyyəsi qalxıb - bunların hamısında Üzeyir Hacıbəyovun əvəzsiz rolu var.

Üzeyir Hacıbəyov 1937-ci ildə dünyaya "Koroğlu" operasını təqdim etmişdir. Yenə də deyirəm, bu, xalqımızın tarixində, mədəniyyətimizdə böyük bir inqilabi hadisə kimi meydana çıxdı. Azərbaycanın mədəniyyəti "Koroğlu" əsəri ilə o vaxtlar Sovetlər İttifaqının paytaxtı olan Moskvaya getdi. Sovetlər İttifaqı böyük bir dövlət idi. Qədim tarixə malik olan Rusiyanın paytaxtında, Kreml sarayında Üzeyir Hacıbəyov böyük hörmət və ehtiramla qarşılandı. Əgər Üzeyir Hacıbəyov vaxtilə Peterburqda bir tələbə kimi konservatoriyada təhsil almışdısa, Rusiya çarlarının ən ali sarayı olan Kreml sarayında 1937-ci ildə böyük hörmətlə qarşılandı. Bunlar hamısı böyük tarixdir. Bunların heç birisini unutmaq olmaz.

Böyük Vətən müharibəsi - 1941-1945-ci illər müharibəsi zamanı Üzeyir Hacıbəyov xalqımızda vətənpərvərlik ruhunu qaldırmaq üçün gözəl əsərlər - marşlar, mahnılar yazmış, faşizm üzərində qələbə çalınması üçün xidmətlər göstərmiş, hətta öz vəsaiti ilə təyyarə alıb cəbhəyə göndərmişdir. Bu, həmin Üzeyir Hacıbəyovdur.

Üzeyir Hacıbəyov əsrin əvvəlində də, 1918-1920-ci illərdə də və 1920-ci ildən 1948-ci ilə qədər də Azərbaycanın ictimai-siyasi həyatında iştirak etmişdir. Üzeyir Hacıbəyov o vaxt Azərbaycan parlamentinin, Sovetlər İttifaqı parlamentinin - Sovetlər İttifaqı böyük dövlət idi, onun parlamenti var idi, hansı parlamentə necə qiymət vermək başqa məsələdir - bu parlamentlərin üzvü olmuşdur və o adı daşımağı özünə böyük fəxr bilmişdir. Bunu da unutmaq lazım deyil. Üzeyir Hacıbəyov bizimdir - bütün varlığı, yaradıcılığı ilə.  

Üzeyir Hacıbəyovun ən böyük xidmətlərindən biri müstəqil Azərbaycan Respublikasının ilk himnini yaratmasıdır. O himn sonra kənarlaşdırıldı. 1945-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasınin yeni himni yarandı. Onu da Üzeyir Hacıbəyov yaratdı. Nəhayət, Azərbaycan müstəqilliyini əldə edəndən sonra Üzeyir Hacıbəyovun 1919-cu ildə yaratdığı, hamımızın həddindən artıq sevdiyimiz Dövlət himnini biz bərpa etdik. Bunlar hamısı Azərbaycanın tarixidir. Bunlar hamısı Üzeyir Hacıbəyovun həyat yolunun, yaradıcılığının mərhələləridir.

Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir.

Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

Üzeyir Hacıbəyov gəncliyini Şuşada keçiribdir. Şuşa hər bir azərbaycanlı üçün əziz, müqəddəs bir şəhərdir. Üzeyir Hacıbəyov daim Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuşdur. Onun 1918-1920-ci illərdə yazdığı məqalələri oxuyarkən düşünürsən: o sözlər bu gün üçün də nə qədər aktualdır! 0 vaxtkı vəziyyət bu gün yenidən meydana çıxıbdır. Ermənistanın Azərbaycana qarşı qəsbkarlığı, torpaqlarımızı ələ keçirmək cəhdi və vətənpərvər insanlarımızın ölkəmizi qoruması - o vaxt da belə olubdur. Üzeyir Hacıbəyov o vaxt bu yolda çalışıbdır və bu gün də, təəssüf ki, tarix belə gətiribdir. Biz hamımız birlikdə Üzeyir Hacıbəyov kimi insanların qoyduğu yol ilə gedərək Azərbaycanın müstəqilliyini, Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa çalışırıq.

Üzeyir Hacıbəyovun vətəni olan Şuşada - bütün Azərbaycan onun vətənidir, ancaq gəncliyini Şuşada keçirmişdir, ona görə də orada ev-muzeyi yaradılmışdır. Burada olanların bir qismi yəqin ki, o muzeyi ziyarət edibdir. Mən də dəfələrlə ziyarət etmişəm. Şuşada Üzeyir Hacıbəyovun heykəli qoyulmuşdur. Orada təkcə onun yox, böyük sənətkarımız Bülbülün də, böyük şəxsiyyət Natəvanın da heykəli qoyulmuşdu, başqa heykəllər də var idi.

1992-ci ilin may ayında Şuşa Ermənistan tərəfindən işğal olundu. İşğalçılar çox şeyi dağıtdılar, o cümlədən mədəniyyətimizin abidələrini də. Onlar Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın heykəllərini nəinki dağıtdılar, hətta vəhşiliyi o qədər biruzə verdilər ki, o heykəlləri güllələdilər. Çox böyük iş oldu ki, o heykəllər əsirlikdən xilas edildi, Gürcüstan vasitəsilə Azərbaycana gətirildi, indi İncəsənət muzeyində nümayiş etdirilir. Oranı ziyarət edənlər görürlər ki, Üzeyir Hacıbəyovun heykəlinə nə qədər avtomat, tüfəng gülləsi vurulub. Bunlar bizim üçün ağır, əzabverici hadisələrdir. Ancaq bu həqiqətdir və bu həqiqət də onu göstərir ki, nə qədər vəhşilik ola bilər. Faşistliyin, vəhşiliyin dərəcəsi yoxdur. Eımənistan işğalçılarının bu hərəkətləri məhz bunu sübut edir.

Ancaq erməni işğalçıları heç də elə bilməsinlər ki, o güllələr Üzeyir Hacıbəyov, Bülbül, Natəvan yaradıcılığını sarsıda bilər, yox! Elə düşünməsinlər ki, o güllələr Azərbaycan xalqının mənəviyyatını sarsıda bilər, yox! Elə güman etməsinlər ki, Şuşanın işğalı daimi ola bilər, yox! Ola bilməz!

 Biz bu gün Üzeyir Hacıbəyovun 110 illik yubileyini qeyd edərək əmin olduğumuzu bildiririk ki, onun irsi yaşayacaq və onun yaşadığı yerlərin hamısı ziyarətgaha çevriləcəkdir. Biz əminik ki, Azərbaycan torpaqları Ermənistan işğalçılarıınn əlindən qurtulacaqdır. Biz əminik ki, bütün Qarabağ, işğal olunmuş bütün torpaqlarımız azad ediləcək, müstəqil Azərbaycan öz ərazilərinin hamısının, öz sərhədlərinin sahibi olacaqdır.

Buna böyük əsas var. On altı aydır ki, Ermənistanla Azərbaycan arasındakı müharibədə atəşkəs rejimi davam edir. Biz bu vasitə ilə, sülh yolu ilə torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü təmin etməyə çalışırıq. Görülən tədbirlər, beynəlxalq təşkilatların fəaliyyəti, beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz və ardıcıl surətdə apardığımız siyasət buna sübutdur.

Dünyanın böyük dövlətləri də bu məsələnin sülh yolu ilə həll olunmasına səy edirlər, beynəlxalq təşkilatlar Minsk qrupu çərçivəsində fəaliyyət göstərirlər. Əminəm ki, onlar bu fəaliyyətlərini bundan sonra da artıracaqlar. Çünki heç bir dövlət işğalçılığı bəyənməməlidir. Heç bir dövlət separatizmi bəyənməməlidir. Heç bir dövlət təcavüzü bəyənməməlidir. Əgər bu belədirsə, əgər haqq-ədalət varsa, əgər dünyada beynəlxalq nor-malar bundan sonra da bərqərar olacaqdırsa, onda demək, bizim işimiz haqdır və biz haqq yolu ilə, sülh yolu ilə bu məsələlərin həll edilməsinə nail olacağıq.

Eyni zamanda, Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə çağırdığı kimi bu gün də Azərbaycan vətəndaşlarını vətənpərvərliyə dəvət edir. Biz bu gün Üzeyir Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq.

Biz öz torpaqlarımızın sahibi olmalıyıq. Məsələləri sülh yolu ilə həll etməliyik. Nəyin bahasına olursa-olsun, hansı yolla olursa-olsun Şuşa da, Qarabağ da, işğal edilmiş bütün torpaqlarımız da azad olunacaq, Azərbaycan xalqının iradəsi ilə azad olunacaq, Azərbaycanın qəhrəman oğullarının şücaəti ilə azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir.

Bu arzularla, bu fikirlərlə mən sizə, bütün Azərbaycan xalqına xoşbəxt həyat, müvəffəqiyyət arzulayıram. Dahi Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyir. Mən onun xatirəsinə hörmət və ehtiramımızı bildirərək bu gün bir daha xalqımızı birliyə dəvət edirəm. Xalqımızı bir daha cəsarətə, qəhrəmanlığa dəvət edirəm. Üzeyir Hacıbəyov irsinin yaşaması naminə, mədəniyyətimizin, mənəviyyatımızın yaşaması naminə sizin hamınızı şücaətə, qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm. Sağ olun!

 

Bax.: Heydər Əliyev Mədəni irsimizin keşiyində. II kitab, Bakı-2001, səh. 158-164

 

 
   © Musigi Dunyasi, 2005