Şuşada Üzeyir Hacıbəyovun
ev-muzeyi 1959-cu ildə yaradılmışdır
və 1992-ci ilə kimi, Şuşanın erməni
qəsbkarları tərəfindən işğalına
kimi fəaliyyət göstərmişdir. Üzeyir
bəyin doğrulub boya-başa çatdığı
bu ocağ Üzeyir musiqisini sevəndər üçün
ziyarətgaha çevrilmişdi. Dünyanın müxtəlif
yerlərindən turistlər də bu muzeylə zövq
almışdır.
Muzeydə
Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları
ilə yanaşı, Üzeyir bəyin şəxsi
əşyaları, şəkilləri, kitabları,
ona həsr olunmuş və muzeyə bağışlanmış
kitablar ekspozistyada mühüm yer tutmuşdur.
Ü. Hacıbəyovun
anadan olmasının ildönümləri, yubileyləri
muzeydə mütəmadi surətdə dövlət
səviyyəsində qeyd olunmuşdur. Ümummilli
liderimiz Heydər Əliyev dəfələrlə
bu muzeydə olmuş, onun fəaliyyətini yüksək
qiymətləndirmişdir. 1985-ci ildə Üzeyir
Hacıbəyovun 100 illik yubileyi UNESKO tərəfindən
geniş qeyd olunmuş, dünyanın bir çox
ölkəsindən gəlmiş qonaqlar Ü. Hacıbəyovun
Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada
böyük yubiley tədbirləri keçirilmişdir.
1992-ci ilin may ayının
8-də Şuşa şəhərinin erməni
təcavüzkarları tərəfindən işğalından
sonra muzey fəaliyyətini dayandırmışdır.
Ü. Hacıbəyovun Şuşadakı ev-müzeyinin
direktoru Nəsibə Əliqızının fədakarlığı
və Şuşa şəhər mədəniyyət
şöbəsinin müdiri Zahid Abbasovun yaxından
köməyi sayəsində muzeyin eksponatlarının
işğal olunmasına, düşmən əlinə
keçməsinə yol verilməmişdir. Muzeyin
eksponatlarından şəxsən Ü. Hacıbəyova
məxsus əşyalar Bakıya gətirilmişdir.
Hal-hazırda onlar Ü. Hacıbəyovun Bakıdakı
ev-muzeyinin fondlarında saxlanılır. Şuşadan
gətirilmiş eksponatlar aşağdakilardan ibarətdir:
Üzeyir bəyin şəxsi əşyaları,
uşaqlığ papağı, kostyumu, eynəyi,
paltosu, Qori seminariyasında çaldığı
skripka, yazı ləvazimatı, mürəkkəbqabı,
qələmdan, şəxsi albomu, şəkilləri,
anası Şirinbəyin xanımın gəlinlik
paltarı, Ü. Hacıbəyovun həyat və
yaradıcılığına həsr olunmuş
və muzeyə yadigar verilmiş kitablar. Bakıya
gətirilən eksponatlardan ən dəyərlisi
isə müzeyin həyətindəki Üzeyir bəyin
çox sevdiyi armud ağacının dibindən götürülmüş
bir ovuc Şuşa torpağıdır.