Azərbaycan türkləri musiqini çox sevir
və olduqca ona həvəs edirlər. Musiqi əməlinin
şəriət tərəfindən günah hesab
edilməsi bu həvəsi heç də söndürə
bilmədisə də, fəqət musiqinin tərəqqi
etməsinə qarşı böyük məmaniət
təşkil etdi, o səbəbdəndir ki, Şərq
musiqisi və o cümlədən Azərbaycan türklərinin
musiqisi qədim zamandan ta indilərə kimi heç
bir tərəqqi və inkişaf üzü görmüyüb,
hənuz ata-babadan qalma bir halda davam etməkdə
olduğu kimi, sazlarımız, yə'ni musiqi alətimiz
dəxi bu gün ən ibtidai və naqis bir haldadır.
İslam aləminin2
mədəniyyət dövrü zamanındakı
filosof və böyük alimləri musiqinin əvvəla,
elmi əsaslara məbni mədəni bir sənət
olduğunu və saniyən insanın əhval-ruhiyyəsində
müxtəlif tə'sirlər buraxan və hətta
bəzi əsəbi mərəzlərə qarşı
əlac yerində qollanıla bilən ciddi bir fənn
olduğunu gözəlcəsinə dərk edib,
musiqi elmi üstündə bir xeylicə çalışmışlardı;
bunların çalışmaları nəticəsindədir
ki, bu gün Şərq musiqisi bugünkü Avropa
musiqisindən əsrlərcə geridə qalmış
olsa da, öz vaxtında müəyyən bir tərəqqi
və mədəniyyət dərəcəsinə
yetişmiş olduğunu bu gün belə mövcud
olan müxtəlif tə'sirli muğam və dəstgahları
ilə aşkar surətdə göstərməkdədir.
Fəqət o zamandan indiyə kimi onun dalınca
düşən və bir kərrə başlanılmış
və doğru bir tərəqqi yoluna qoyulmuş
olan bir zərif sənətin meydanını genişləndirənlər
olmayıb, biləks hər yerdə «həram» hesab
edildiyinə görə min il bundan əvvəlki
haman baği qalmışdır.
Musiqi tərəqqi etmədiyinə görə
xalqın tərbiyə musiqisi və zövq musiqisi
mütənasib dərəcədə olub mövcud
musiqilərindən böyük bir məhtutiyyət
hasil edirlər.
Azərbaycan türklərinin musiqiyə olan münasibətini
nəzər'tədqiqə aldıqda görünur
ki, bir tərəfdən, musiqi ümumi iştirakilə
icra edilən bir adət; digər tərəfdən,
tək-tək şəxslər tərəfindən
işlənilən bir peşədir.
Məsəla, Azərbaycanın bir çox mahallarında
toy və düyün zamanı, yaxud bayram və
başqa bir şadlıq günlərində camaat
hamısı bir yerə yığılıb iki
tərəfli olaraq «deyişmələr» oxuyarlar,
«zopu»ya gedərlər, öz-özlərinə «çalıb-çağırarlar»
və yaxud bir şəxs öldükdə «yas»
qurub (baxüsus arvadlar) avaz ilə hamı birdən
münasib məqam sözlər oxuyub (xor kimi), sonra
ağlarlar; bu yerdə musiqi iste'malı xalq adətlərindən
biri hesabında olub hamılıqla icra edilir, yaxud
yenə adət qəbilindən olmaq üzrə
bir iş zamanı təklikdə də icra olunar;
məsəla, əkin əkəndə mal-qara otaranda,
at suvar- anda, qoyunları sayanda və ya başqa bir
şey sayanda və eyni surətlə şəhərdə
bənnalıq, ustalıq edəndə, mədrəsələrdə
dərs oxuyanda, qəbiristanlıqda Qur'an oxuyanda
«zümzümə» etmək geniş bir adətdir.
Peşə və sənət məqamında
isə musiqi icrası ustadların işidir; bu ustadlar,
qabiliyyət və ləyaqətlərinə görə
iki zümrəyə ayrılırlar: «biri məclis»
musiqiçiləridir ki, bunlara mə'lum olduğu
üzrə «xanəndə və sazanda» dəstəsi
deyilir; o biri zümrə «kənd» və ya «çöl»
musiqarlarıdır ki, onlar da «aşiq (aşıq)
və zurnaçı» dəstəsidir. Bunlardan birinci
dəstəyə «mədəni» və ikinciyə
«bədəvi» demək caiz hesab edilərsə, təfavütləri
daha bəlli görünər.
Xanəndə və sazəndə dəstəsi
əksər ovqat üç nəfərdən ibarət
olar ki, onlardan biri oxuyar, təğənni edər,
digəri «tar» və üçüncüsü isə
«kamança» çalar; bu dəstənin əhli bütün
muğam və dəstgahları lazımınca bilməlidirlər.
Baxüsus xanəndə bir çox şe'r, qəzəl
və təsniflər hifzində saxlamalıdır;
tarçalan dəxi dəstgahların yollarını
yaxşıca bilməlidir ki, xanəndəyə
«rəhbər»lik etsin, yəni xanəndə bir «guşə»ni
oxuduqdan sonra onun dalınca gələn güşəni
çalıb xanəndəni qızışdırsın,
kamançaçı isə əksərən tarçalanın
dalınca gedir; xanəndə gözəl səsə
malik olub ustadanə təğənni etməkdən
əlavə bir də «zərb» alətindən olan
«qaval»ı da ustadlıqla çala bilməyə borcludur
ki, «rəng» və «təsnif»lərə keçdikdə
«bəhr» tuta bilsin.
Bu dəstə çox vaxt «arif»lər məclisinə
düşdüklərinə görə, sənətlərində
mahir və qabil olmaları lazım gəlir və
illah «biyabır» ola bilərlər, yə'ni tə'rif,
tövsif muzd əvəzinə föhş və
söyüşə düçar olmaqdan əlavə
«çörəkdən kəsilərlər».
Şayan diqqətdir ki, xanəndə və sazəndələr
belə «haram» bir əməli özlərinə
peşə etdiklərinə görə «kəffareyi-günah»3
üçün məhərrəmlik zamanı məscidlərdə
nöhə və mərsiyə oxuyarlar, yaxud ziyarətə
gedib hacı və məşədi olarlar...
Aşıq dəstəsi dəxi əksərən
üç nəfərdən olub, bunlardan biri həm
oxuyar, həm də «saz» çalar, iki yerdə qalanı
isə alət nəğmədən olan «balaban»
çalar; balabançının ikincisinə «zü»
tutan və yaxud «dəmkeş» deyirlər ki, bunun
vəzifəsi hava çalmaq olmayıb yalnız bir
sədanı uzatmaqdan ibarətdir; balaban çalanlar
«tütək» və «zurna» dəxi çalarlar; bu
halda bunların xanəndəsi dəf (təbil)
çalmalıdır; aşıq dəstəsi çox
vaxt muğamat və dəstgahlardan bixəbər
olub «repertuarları xalq mahnılarından və
nağıllardan əmələ gəlir; nağıl
vaxtı aşıqlar otaq içində gəzişə-gəzişə
icrayi-hünər edib yeri gələndə söz
ilə və yeri gələndə hava ilə şirin-şirin
nağıllar söyləyib oxuyarlar.
Böyük toylara həm xanəndə və
həm də aşıq dəstəsi çağırırlar
və növbətlə oxudarlar.
Azərbaycanda məşhur xanəndələr,
tarzənlər və habelə aşıqlar çox
olmuşdur.
Oxunan və çalınan şeylər şəkil
cəhətincə ümumiyyətlə iki növdür;
bəhrli havalar və bəhrsizlər; bunlardan bəhrlilərin
həm havası və həm də şəkli
müəyyən olub oxunan və çalınan zamanda
zərb vurmağa ehtiyacı vardır; yə'ni onların
çalğısında zərb alətləri dəxi
iştirak edir. Bəhrsizlər çalğısında
isə zərb aləti vurula bilməz. Belələrinə,
yə'ni bəhrsizlərə Azərbaycanda (İranda
dəxi) dəstgah deyirlər (osmanlılarda belə
şəkildə musiqiyə «təqsim» deyirlər).
Məncə, dəstgah sözünün bir mə'nası
dəxi rusca «soorujenie» deyilən bir tə'birdir ki,
musiqidə dəxi məcazən o mə'nada işlənilir,
yə'ni müxtəlif muğam parçaları bir-birinə
yaraşmaq və uyğun olmaq şərtilə
cəm edilib bir dəstgah əmələ gəlir
məsəla, rast dəstgahını təşkil
edən muğam parçaları müxtəsərən
boylədir: rast, üşşaq, hüseyni-, vilayəti,
xocəstə (şikəstəyi-fars), əraq,
pəncgah, gərayi, rast ki bunların hər parçasına
bə'zən şö'bə, bə'zən guşə
və bə'zən avaz deyilər.
Dəstgahların qəzəlləri mütləqən
əruz vəzni ilə yazılmış olmalıdır;
barmaq hesabı yazılmış şe'r və qəzəllər
dəstgahlar üçün yaraşmaz, əruzla
yazılmış qəzəlin vəzni dəstgahın
musiqisi üçün dəxi vəzn məqamını
tutur.
Dəstgah oxuyan xanəndə şe'rin qısa
hecasını necə ki var qısaca tələffüz
edib uzun hecasında avaz ilə növ-növ «zəngulə»lər,
«kalaratur»lar edib istədiyi qədər uzadıb
səsi işlədir; məsəla, «məfail» vəznindəki
sözün mə'fail kimi üç hecası olsa
da, dəstgahda «mə» hecası heç vaxt uzadılmaz,
biləks «mə» hecası olduqca qısaca surətdə
«fa» hecasına rəbt edilib «məfa» olar və bu
yerdə, yə'ni «fa»da xanəndə istədiyi
kimi səsi uzadıb lazım gələn guşələri
vura bilər: «mə» uzadılsa, bizcə, gülməli
bir şey çıxar; əlhasil «məfail» iki hecaya
bölünüb oxunar (osmanlı türkləri
şe'rdə hecaları başqa cür ayırıb
oxuyarlar).
Deməli, dəstgah musiqisi vəznə şe'rə
tabe, bəhrsiz, havası qeyri-müəyyən,
cümlələri qeyri-mütənasib bir növ
musiqidir ki, hüsn icrası xanəndə və
ya sazəndənin qabiliyyət və məharətinə
bağlıdır.
Bəhri olmamaqlıq bu musiqini «not» üzrə
yazmağı çətinləşdirir; bu xüsusda
təşəbbüslərdə bulunanlar olmuşsa
da, müvəffəqiyyət qazana bilməmişlər;
dəstgahların nə növ ilə nota salına
bilməsi məsələsi geniş bir təfsirə
möhtac olan müxtəs və «spisiyal» bir məsələ
olduğundan onun şərəfini xüsusi bir məqaləyə
buraxırıq.
Dəstgahın hava, vəzn və bəhri qeyri-müəyyən
olsa da, onun yolu, yə'ni pərdələri müsbət
surətdə müəyyəndir və muğam
və dəstgahları bir-birindən ayıran və
hər birisinə xüsusi bir hüsn verən başlıca
pərdələridir. Bu pərdələr sayəsindədir
ki, məsələn, «Segah» «Şur»a, «Şur» da
«Çahargaha» bənzəməyib hər birisinin
də tə'siri bambaşqadır.
Xanəndə üçün dəstgah oxumağın
yaxşılığı ondadır ki, müəyyən
bir hava və bir bəhr qeydi altında olmayıb,
öz «fantaziya»sına geniş bir meydan açır
və səsini «bəm», «zil», «meyxana» kimi müxtəlif
«tessitura»larla işlədir.
Şərq musiqisinin gələcək tərəqqisi
əmrində dəstgahların ən böyük
əhəmiyyəti olacaqdır. Çünki hər
bir mövcud xalq havalarının hamısı bilaistisna
dəstgahların pərdələrindən götürülmüşdür;
deməli, dəstgah pərdələri xaricində
bir dənə də olsa mahnı tapmaq olmaz.
Azərbaycan xanəndələri arasında oxunan
dəstgahların məşhurları bunlardır:
rast, şur, çahargah, segah, mahur, rəhab, hümayun,
bayatı-şiraz, bayatı-kürd (şö'bə
surətilə dəxi) və sairə ki, onların
hərəsinin müxtəlif şö'bə və
guşələri dəxi vardır.
Burasını da qeyd etməliyəm ki, bir para
dəstgah və ya şö'bələri bəhrsiz
olaraq təğənni edilirkən musiqisi biləks
bəhrli olub zərb aləti dəxi işlənir;
məsələn, heyratı, kabili, mənsuriyyə,
simayi-şəms; ovşarı (əfşarı)
kimi; dəstgah kimi müəyyən bəhr və
havaları olmayan musiqi cumləsindən biri də
Şikəstə və digəri bayatıdır.
Şikəstə və bayatıya aşıq
dəstəsinin dəstgahı demək olar, çünki
bu növ musiqi təğənnisi əsil onların
sənətidir; şikəstə və bayatını
çox vaxt çöllərdə, meşələrdə,
qərəz, ev xaricində oxuyarlar; bunlardan şikəstə
segah, bayatı da qatar dəstgahları pərdələrindəndir.
Dəstgahın əksi olaraq şikəstə
ilə bayatının sözləri (qoftəsi)
ancaq barmaq hesabı yazılan şe'rlərdən
ibarət olmalıdır.
Bu musiqinin özü də və sözləri
də zatən göy xalqına məxsus bəstə
və qoftə olub qoftəsi məzmunca müxtəlif
olduğu halda, bəstəsi yeknəsəkdir və
ənvai varsa da, o da hər mahalın öz təğənni
üslubuna aiddir; məsələn, şirvan şikəstəsi,
qarabağ şikəstəsi—o da, bu da bir-birinin
eyni olanüç «ton»dan ibarət bir musiqidir.
Şikəstə və bayatının sözləri
zahirdə məzmunca bir-birinə yaraşmayan və
fəqət qafiyəsi düz gələn misralardan
ibarət görünürsə də, şübhəsizdir
ki, batini rəbti dəxi mövcuddur; məsələn:
|
Ay
doğdu qəlbiləndi,
Doğduqca qəlbiləndi;
Gedin canana deyin
Bu qəlb o qəlbiləndi və yaxud:
Şirvanın yastı yolu
Su gəldi basdı yolu
Gedirdim yar görməyə
Düşmənlər kəsdi yolu..
|
Və sairə ki, birincidə məhtab və aydınlıq
gecənin canan xatırlatması və ikincidə
də yarın Şirvanda olması misralar arasında
bir münasibət mövcud olduğuna işarə
ola bilər.
Xanəndələr dəstgahda oxuduqları qəzəllərin
aralarında «ey dadi bidad» və ya «aman, aman», «ey xuda»
və sairə kimi sözlər qoşduqları
kimi, aşıqlar dəxi şikəstə və
bayatının başında «əzizim, a balam»,
hətta (məsələn, Bakıda) «a gədə»
və axırında da «ay nənəm qurban», «ay
ölürəm» ) və qeyri kimi sözlər artırırlar.
Bəhri və havası mövcud və müəyyən
olan musiqiyə gəldikdə bunlar da: təsnif,
rəng, rəqs, el mahnılarıdır.
Təsnif müəyyən bir hava olub sözləri
çox vaxt qəzəllərdən alınır
və özləri də mənsub olduqları dəstgahların
ortalarında və ya axırında oxunar: bu əsnada
xanəndə təsnif oxuya-oxuya «qaval» ilə zərb
edər. Təsniflərin bir çoxu bir hissəli
havalardan ibarət olub, vəzni 3/4 və ya 3/8 və
çox vaxt 6/8 və bəhri ağır (səngin)
olar, Azərbaycanda far-sı və türki təsniflər
çoxdur.
Rəng və ya diringə təsnif kimi bir musiqi
olub fəqət qoftəsi, yə'ni sözləri
olmaz, yalnız çalınar, əksərən yüngül
bəhrli olub rəqs havalarına bənzər. Rəng
dəxi dəstgahlar arasında xanəndənin kamal
və müvəffəqiyyətlə icra etdiyi mahiranə
təğənni mütəaqib çalınıb
sameyini məhzuz etməklə dəstəni dəxi
qızışdırır, fəqət uzun çəkməyib
təkrar dəstgahın mabədinə keçilir.
Bu axır vaxtlarda rənglərə qoftə qoşmaq
və avropalıların «kuplet»ləri müqabilində
səhnə və məclislərdə oxumaq bir
növ adət olmuşdur; Azərbaycan operettaları
içində də qoftə qoşulmuş rənglər
dəxi mövcuddur.
Rəqs musiqisi müxtəs rəqs etmək üçün
bəstələnmiş 3/4 vəznində olan havalardır
ki, bə'zilərinin bəhrləri ağır və
bə'zilərininki yüngüldür.
Rəqslərin, baxüsus bu axır zamanlarda çıxanların
musiqiləri əksər ovqat iki hissəli olmaqla
şəkilləri nisbətən «zənginləşirsə
də, havaları Avropanın biməzmun «valsları
tə'siri altına düşməklə öz
əsasından uzaqlaşır və xaric bir rəng
alır. Mahal toylarında gəlinin və oğlanın
çıxmasına məxsus rəqs havalarına
bənzər xüsusi musiqi çalınması adətdir.
El mahnıları bəzən yungül və
ağır bəhrli təsniflərə oxşar;
bu musiqinin həm havası və həm sözləri
başlıca xalqın məhsul əsəridir;
bunların bir çoxu eşq və məhəbbəti,
bir xeylisi də xalq həyatında vüquə gələn
və xalq üzərində tə'sirlər buraxan
hadisələri oxşayan qoftələrlə bəstələnib
aşıqlar vasitəsilə el ağzına düşüb
Azərbaycanın hər bir yerini gəzib dolaşar,
«Rüstəm»4,
«Nəbi»5,
«Şalon gəlir»6
mahnıları bu axır zamanlarda şöhrət
qazanan «Mustafa Kəmal» mahnısı bu qəbil musiqi
cümləsindədir; eşq və məhəbbətə
aid olanları dəxi ya bir məşhur hadisə
misalında əmələ gələn xüsusi
şəxslərin vəq'ə sövdasını,
yaxud bimə'lum «yardan şikayəti» «yar gələndə
sevinməyi», «intizar»da qalmağı və sair bu
kimi əhvalları musiqi havasilə nəql edən
mahnılardır.
El mahnıları Azərbaycan xalqının
əhval-ruhiyyəsi şərh, zövq musiqisini
bəyan, şe'r və musiqidəki yaradıcılıq
qabiliyyətinin dərəcəsini tə'yin edə
bilən böyük bir material olduğundan onun istər
musiqi, istər ədəbi, istər psixoloji, istər
etnoqrafik əhəmiyyəti çox böyükdür.
Bu üzdən onların və (mümkün olduqca
ən qədim) zamandan bəri yadda qalanlarını
və indi mövcud olanlarını, hər il yenidən
çıxanlarını harada da olsa yığıb
nota salmaq və nə münasibətlə meydana
çıxdığını dəxi öyrənib
təfsilatilə yazmaq ən vacib işlərdən
biridir.
El mahnılarının vəzni əksər ovqat
6/8-lıq olub özləri də bir hissədən
və bə'zən hətta bir qısa cümlədan
ibarət olub üç, dörd və ya beş-altı
«ton»dan əmələ gələn bir musiqi olsa
da, bir çox mə'nasız musiqi əsərlərinə
nisbətən olduqca pürməzmundur.
Musiqinin ehtiyacat dünyəviyyədən əlavə
dini mərasimlərdə də iste'malı Azərbaycan
türkləri arasında adətdir.
Əlbəttə, bu mövqelərdə çalğı
yaramaz, çünki şəriətcə haram hesab
edilən əslən çalğı musiqisidir.
Məscidlərdə və dini mərasim icra edilən
yerlərdə ancaq avaz ilə təğənni
etmək mümkündür. O da bu şərt ilə
ki, oxuyan şəxs «qina» etməsin, çunki «qina»
dəxi haramdır.
«Qina»nın nədən ibarət olduğu haqqında
müxtəlif şərhlər verilir. Məşhuru
budur ki, «qina» səsin boğazda qaynadılıb
«zəngulə»lər əmələ gətirilməsindən
ibarətdir. Hər halda «qina» haramdır—deməkdən
məqsəd budur ki, oxuyan şəxs öz təğənnisinə
dünyəvi təğənniyə məxsus rəng
verməyib dini bir üslub ilə oxusun.
Əlbəttə, dünyəvi musiqisi ilə
dini musiqinin hər birinə məxsus, xüsusi üslubu
olmalıdır. Musiqilərini böyük tərəqqiyə
çatdırmış olan millətlərin dünyəvi
və dini musiqiləri arasında üslubca böyük
təfavüt vardır. Fəqət Azərbaycanda
dini ruhda bir musiqi varsa da, o da Quranın avaz ilə
oxunduğu musiqidir ki, dünyəvi musiqiyə məxsus
olan muğam və dəstgahlara heç bir munasibəti
olmayıb xüsusi uslubu vardır. Azərbaycanın
bə'zi yerlərində oxunan mərsiyə və
nohələrin isə haman heç bir dini üslubü
olmayıb, toylarda icra edilən dəstgah və təsniflərdən
heç bir fərqi yoxdur; hətta bir çox təsniflərin
sözlərini qoşub oxumaqla zövqi-səlim
icabatına muğayir hərəkətlər edirlər.
Odur ki, bir çox nohələrin havaları insana
fərəh və tərab ilqa etdiyi halda, sözləri
hüzn və kədər təsirini tələb
edir... Bir para yerlərdə məhərrəm ayında
«Aşura günü» qətl mərasimi əsnasında
dəf və zurna dəxi çalınır ki, buna
«tərs toy» deyirlər. Əlavə, eyni gündə
«şəbeh» çıxarmaq məşhur bir vaqiədir.
«Şəbeh» qərb əhlinin «oratoriya» dedikləri
bir növ dini tamaşadır ki, Kərbəla vəqəəsindən
götürülmüş hadisə (epizod)lərin
təşbeh və təsvirlərini göstərir.
Burada iştirak edən şəxslər öz rollarını
oratoriyada dəxi olduğu kimi, avazilə təğənni
edib münasib muğam hərəkətləri göstərirlər.
1907-ci sənədən bəri Azərbaycan
türkləri arasında milli opera əmələ
gəlməsinin birinci amillərindən birisinin
«şəbeh» olduğu şübhəsizdir.
Filhəqiqə, Azərbaycan türk operalarının
forması (şəkli) Avropa operalarından əxz
edilmişsə, iştirak edənlərinin üsuli-təğənnisi
şəbehlərdən götürülmüşdür.
Təfavüt bir bundadır ki, operalar şəbehdən
daha artıq və daha geniş bir surətdə
mövcud dəstgahlarımızdan istifadə edib
səhnə tərtibatı və «orkestr» iste'malı
ilə zahirdə Avropa operasına yavuq bir şəkil
alır.
Azərbaycan türk operalarının zühuru
xalqın musiqiyə olan rəğbətini daha da
artırıb, əlavə camaatı və baxüsus
qadınları teatr tamaşasına öyrətməklə
qadın azadlığına da kömək yetirdi.
Azərbaycan türkləri mövcud operalarını
çox sevər və bir dəfə tamaşaya qoyulduqda
gedib təkrar-təkrar tamaşa edərlər. Bu
xüsusda Azərbaycan türklərini italyan xalqına
təşbeh tutarlar ki, onlar da öz operalarına
təkrar-təkrar qulaq asmaqdan həmişə böyük
həzz alırlar.
Azərbaycan xalqının milli musiqi aləti üç
qismdir: simlilər, nəfəs verənlər və
zərb edilənlər.
Simli və ya telli alət dəxi iki növdür:
qısasəsli və uzunsəslilər. Qısasəsli
telli alətin ən məşhuru tardır ki, Azərbaycandan
əlavə İranda dəxi məşhurdur (Anadolu
türkləri arasında yoxdur).
Bunun qısasəsli olmasına səbəb odur
ki «mizrab» deyilən kiçicik bir gəmik vasitəsilə
tellərinə toxunulur ki, təbii «dan» kimi qısa
bir səs əmələ gəlir.
Tarın üzərində çalınan sim və
ya telləri əslən iki ciftdir. Bu iki cift tellərin
kökü daimidir. Yə'ni heç dəyişməz.
Bu kök «xalis kvarta» məsafəsinə müsavidir,
yə'ni birinci cift telin səsinə görə
ikinci çiftin səsi iki ton yarım ondan alçaqdır.
Bu iki cift tellərdən əlavə bir də
bir tək tel mövcuddur ki, onun kökü dəstgaha
görə dəyişir. Məsələn şur
qurulurkən tək teli ikinci cift telə görə
bir ton, segahda ton yarım, rast, bayatı-şiraz
və şüştərdə iki ton yarım və
çahargahda isəüç ton yarım məsafədə
qururlar. Bu ölçülərin düzgünlüyü
tarçalanın qulağının adətkərdəliyinə
bağlıdır ki, əsil musiqi mizanı budur
ki vardır.
Bir para muğamlarda tək tel üzərində
çalınır. Yerdə qalan tellər isə
çalınmayıb, çalınan tellərin səslərinə
qüvvət vermək (rezonans) üçün qoşulur.
Tarda mövcud olan tonların ədədi (diapazon),
çahargah qurulmaq şərti ilə, qırxa qədərdir
ki, bunlardan otuz ikisi Qərb musiqisində iste'mal edildiyi
halda, yerdə qalanları yalnız Şərq musiqisinə
aid tonlardır.
Tarın «bəm» səsləri çox həzin
və tə'sirlidir. Miyanxana səsləri gur və
mərdanə, zil səsləri isə bir qədər
qışqırıqlıdır.
Tar ən ziyadə iste'mal edilən alətin birincisidir9.
Tar növündən olan alətdən biri də
«saz»dır ki, tardan çox kiçik və qeyri-kamil
bir şey olduğundan səsinin də oylə bir
tə'siri yoxdur. Sazı aşıqlar çalarlar.
Uzunsəsli, telli aləti-musiqiyyəmizin yeganə
nümayəndəsi də «kamança»dır. Kamançanın
telləri üzərində ucları uzun bir çubuğa
rəbt edilmiş tük dəstəsilə çalındığından
hasil edilən səsləri istədikcə uzatmaq
olar.
Buna görədir ki, kamançada çalınan
musiqi tarda çalınandan səscə daha mükəmməl
və insanın səsinə daha yaxın olar. Əlavə,
kamança səsinin baxüsus «bəm»də tardan
daha tə'sirli olduğunu nəzərə alsaq və
tellər üzərində barmaq qoyub «vibrasion» deyilən
titrək səslər hasil edilməsini dəxi əlavə
etsək, kamançanın tardan daha kamil və daha
faiq bir aləti-musiqiyyə olduğu meydana çıxar.
Zatən, tar «akompaniman» üçün yarar bir alət
olduğu halda, kamança «melodik» alətlərdən
ən gözəlidir.
Təəssüf olsun ki, bizim türk çalğıçılarımız
hənuz kamançanın qədrini layiqincə bilmirlər.
Odur ki, çalğıda kamançanı tamamilə
tara tabe edib, tarda vurulan barmaqları kamançada yamsılayırlar…
Bu aləti-musiqiyyənin qədrini erməni çalğıçıları
bizimkilərdən daha gözəl anladıqlarından
içlərində mahir kamançaçılar vardır.
Avropa aləti-musiqiyyələrindən kamança
cinsinə mənsub olan «vialon» (skripka) orkestrdə
birinciliyi qazandığı kimi, gələcəkdə
bizdə də kamança öz ali mövqeyini layiqilə
işğal edəcəkdir.
Nəfəs vasitəsilə çalınan alətdən
ən başlıcası zurna, balaban, ney və tütəkdir.
Bunlardan zurnanın səsi o qədər qüvvətli
və qışqırıqlıdır ki, onu otaq
içində çalmayıb bayırda çalırlar.
Səsinin «tembri» bir az tutqun və bəm səsləri
də acıqlıdır.
Şərq orkestrında xüsusi «efəsi» ola
bilər. Zurnanın əksinə olaraq, balaban və
yaxud yastı balabanın səsləri qayət həzin
və kədərlidir. Heyf ki, şəhər aşıqları
çox vaxt bu gözəl aləti tərk edib əvəzində
məzmunsuz və yaraşıqsız olan tütəyi
çalmaqla qədrşünassızlıq edirlər.
Səscə ən pürməlahət və eşqnigar
bir alət varsa, o da «ney»dir ki, mütəəssifən
çox az iste'mal olunur. Azərbaycandan artıq İranda
daha müstəməldir. Səsi qayət zərif
olduğundan yalnız otaq içinə məxsus bir
aləti-musiqiyyədir.
Bu gözəl alətin Azərbaycanda rəvac
və tərəqqisi son dərəcə arzu olunur.
Zərb edilən alətdən ən zərifi qaval
(dairə)dır ki, balıq dərisi çəkilmiş
sağanaqdan ibarətdir. Rütubət yerdə pərdəsi
boşaldığından bir dəfə qızdırmaq
lazım gəlir, yerdə qalan dəf, təbil və
dünbəklərin dəxi özlərinə məxsus
səsləri vardır. Tar və kamança yanında
zərb üçün qaval yarar, yerdə qalanları
zurna və tütək səsləri ilə uyğun
gəlir. Avropalıların «timpani»sinə bənzəyən,
fəqət ondan çox kiçik olan bir növ və
qoşa zərb aləti dəxi vardır ki, adına
qoşa nağara deyirlər, üzərində çubuxlar
ilə zərblər vururlar və «tremol» deyilən
müsəlsəs səslər hasil olar.
Azərbaycan türklərinin lisanı ümumi
Zaqafqaziyada haman beynəlmiləl bir dil olduğu
kimi, ruhani dilləni olan musiqilər dəxi yenə
eyni vəziyyətdədir. Bizim öz musiqimizdən
hasil etdiyimiz tə'sirata erməni və gürcü
qonşularımız dəxi şərikdirlər.
Əlavə, içlərində bizim musiqini özlərinə
sənət edən mahir ustadları dəxi çoxdur.
Ermənilərdə gözəl tar və kamança
çalanlar çox olduğu kimi, gürcülərdə
də zurna və balaban çalanları məşhurdur.
Bunlarda ancaq xanəndələr az bulunur, buna da
səbəb odur ki, erməni və ya gürcü
xanəndəsi bizim əruz vəznilə yazılmış
şe'rlərimizi müvafiq vəzn oxumaq və bir
para səslərimizi dürüst tələffüz
etməkdə çətinlik çəkir. Sazəndə
dəstələrində tar və kamança çalanlar
erməni ustadlarından olduğu halda, xanəndəsi
əksərən türklərdən olur. Erməni
tar və kamança çalanları, baxüsus cavanları
texnik cəhətincə əksəriyən bizim
türk çalanlarımızdan daha irəlidədirlər.
Onların içində parlaq texnik sahibləri, yə'ni
əl barmaqları iti olanları çoxdur. Fəqət
təəssüf burasıdır ki, bunlar daha tez
Avropa musiqisi tə'siri altına düşüb
Şərq musiqisi əsaslarından uzaqlaşır
və avropalıların şirin «minor»larına
uyub şərq üslubunu xələldar edən
barmaqlar vururlar və tonlar alırlar. Türk çalanları
dəxi bunları yamsılamağa meyl edib onlar da
üslub korlayan çalğıları öyrənməyə
həvəs edirlər. Avropa havalarını tar
və ya kamançada çalmağa əlbəttə
sözümüz yoxdur, fəqət bayatı-şiraz,
şüştəri, müxalifi və şuru qatışdırıb
hamısına minor nəzərilə baxmaq olmaz.
Major və minor avropalıların özlərinin
zəhləsini tökdüyü bir zamanda və
musiqidə bir yenilik aramaq üçün Şərq
musiqisinə ərzi-təvəccöh edildiyi bir
vaxtda bizimkilərin major və minora həvəs
etməkləri məktəbsizlikdən irəli
gələn müəssif bir haldır.
Şərq musiqisinin yollarını müsbət
bir surətdə tə'yin etmək və o yollar
üzərində musiqimizin tərəqqisinə
rəvac vermək üçün çoxdan bəri
bir musiqi məktəbinə ehtiyac var idi. Şükürlər
olsun ki, Azərbaycanda Şura hökuməti bərpa
olduqdan sonra Azərbaycan türkləri boylə bir
əsaslı musiqi məktəbi küşadına
nail oldular. 0 məktəb, maarif komissarlığı
tərəfindən açılmış olan «Azərbaycan
hökumət Türk Musiqi Texnikumu»dur ki, bu il beşinci
sənədir kəmali-müvəffəqiyyətlə
vəzifəsinə davam edib dörd yüzdən
artıq mütəəllim və mütəəllimə
oxutmaqdadır. Texnikumda həm Qərb və həm
də Şərq musiqisi əməli və nəzəri
olaraq tədris edildiyindən təbiidir ki, buradan
mə'zun tarzənlər hər iki musiqinin yollarına
və üslubuna alim olduğundan cahilanə əməllərə
yol verməyəcək və Şərq musiqisinin
kəndi əsası və binası üzərində
tərəqqi və təkamül etməsinə
çalışmaqla öz böyük vəzifələrini
təhsil etmiş olduqları elm sayəsində
layiqilə ifa edəcəkdirlər.
1. Məqalə «Maarif və mədəniyyət»
jurnalının 1925-ci il 1-ci və 2—3-cü nömrələrində
mübahisə təriqilə çap olunmuşdur.
Arxiv materiallarına (QAOR, Azerb. SSR, f. 410, op. 1, d.
12, l. 7) və Müslum Maqomayevin məqaləsinə
(«Kommunist», qəzeti, 2 avqust 1920-ci il) əsasən
məlum olur ki, Üzeyir Hacıbəyov hələ
1920-ci ilin iyul ayında «26 Bakı komissarları»
adına teatr binasında (Dəniz kənarı bulvarın
mərkəzində yerləşən bina) «Şərq
musiqisi» mövzusunda Azərbaycan və rus dillərində
məruzə etmişdir.
2. Müəllif «İslam aləmi» dedikdə, islam
dinini qəbul etmiş və əasasən Yaxın
Şərq ölkələrində yaşayan xalqları
nəzərdə tutur.
3.Kəffareyi-günah — günahı yumaq.
4. «Göy xalqı» — burada kənd əhalisi deməkdir.
5. Qarabağ mahalında düşmənləri
tərəfindən öldürülmüş
Rüstəm adlı bir çavan oğlana həsr
edilmiş el mahnısıdır ki, oğlanın
bacisı adından oxunardı.
6. Qaçaq Nəbiyə həsr edilmiş el mahnısıdır.
7.Əslində «Eşalon gəlir» — vaxtilə populyar
mahnı idi.
8. Türkiyə respublikasının birinci prezidenti
Mustafa Kamal Paşaya həsr edilmiş mahnıdır.
9. O zamanlar Üzeyir Hacıbəyov tarın quruluşu
ilə çox maraqlanırdı. Sonralar o «tar pərdələrini
yenidən qurmaq layihəsi» mövzusunda məruzələr
etmiş və öz fikrini elmi surətdə sübut
etməyə çalışmışdır. Bu
elmi tədqiqatlar nəticəsində bəstəkar
tar ücün metso-soprano açarının daha
əlverişli olduğunu sübut və işdə
tətbiq etmiş-dir ki, bu hal indi də davam etməkdədir.
|
|
|