Dekada simfonik musiqi sahəsində hər üç
qardaş respublikanın böyük müvəffəqiyyətlərə
nail olduğunu nümayiş etdirdi. Lakin Gürcüstan,
Ermənistan və Azərbaycan bəstəkarlarının
heç də hamısı əsil milli əsərlər
yarada bilməmişlər. Simfoniyaların bir çoxunda
xalq intonasiyasına e'tinasızlıq nəzərə
çarpır, bu isə labüd olaraq mücərrədliyə,
bədii dilin kifayət qədər ifadəli səslənməsinə
gətirib çıxarır.
Xalq musiqisinin nümunələrini tədqiq edən
musiqişünasların əsərləri adətən
cansız kapital olaraq alimlərin kabinetlərində
yatıb qalır. Bəstəkarlar bu qiymətli
əsərləri nə konservatoriyada, nə də
buranı bitirdikdən sonra öyrənirlər.
Lakin simfonik əsərlərdə xalq musiqisi
dilindən istifadə olunması bu əsərlərə
milli məhdudiyyət xarakteri verməməlidir.
Milli incəsənət əsərləri bütün
xalqlara aydın, ümumbəşəri olmalıdır.
Bu mürəkkəb problemin həllinə dair hər
hansı bir resept vermək olmaz. Hər şey bəstəkarın
iste'dadından, həvəsindən və sənətkarlığından
asılıdır.
Dekadadan sonra bəstəkarlarımızın simfonik
əsərlər yaratmaq həvəsi artmışdır.
Mən hazırda simfonik orkestr üçün bir
neçə əsər—süita, rapsodiya, simfoniya
yazmaq qərarına gəlmişəm.
Azərbaycanda sovet hakimiyyəti qurulmasının
25 illiyinə həsr olunmuş «Azərbaycan» simfonik
poeması üzərində işləyirəm.
Bu pastoral əsərin başlıca mövzusu Azərbaycan
təbiətinin özünə məxsus gözəlliklərinin
tərənnümündən ibarətdir. Poema forma
etibarilə adi kanonlardan fərqlənəcəkdir.
Burada Azərbaycan ladlarının intonasiya zənginliyindən
istifadə edirəm. Eyni zamanda yeni opera süjeti
üzərində işləyirəm, həmin operada
bu günün əzəmətini, mütərəqqi
qüvvələrin — demokratiyanın qara quvvələr—
faşizm üzərində qələbəsini
əks etdirmək istəyirəm.
Simfonik musiqinin ən yaxşı nümunələrini
təbliq etmək işində filarmoniyamız böyük
rol oynamalıdır. Bakıda yaradılmış
Dövlət simfonik orkestri bazar ertəsi günləri
işləmir (həmin gün M. F. Axundov adına
teatrın istirahət günüdür). Ona görə
də bazar ertəsi günləri filarmoniya simfonik
musiqidən ibarət konsertlər təşkil edə
bilər. Mən belə bir qayda qoyulmasını
təklif edirəm: hər ay dörd simfonik konsert
verilsin. Həmin konsertlərdən biri Avropa klassiklərinin,
ikincisi, rus bəstəkarlarının, üçüncüsü,
sovet bəstəkarlarının əsərlərindən,
dördüncüsü isə milli musiqidən ibarət
olsun.
Musiqi mədəniyyətimizin ümumi səviyyəsini
yüksəltmək uçün Azərbaycan Bəstəkarları
İttifaqı da çox iş görməlidir. İttifaq
gənc istedadları birləşdirməli, onların
inkişafına kömək etməli, işlərinə
istiqamət verməli və nəzarət etməlidir.
Təəssüf ki, ittifaqın işində hələ
olduqca çox nöqsan vardır. Başlıca nöqsan
ondan ibarətdir ki, ittifaq qardaş Zaqafqaziya respublikaları
və Moskva ilə əlaqə saxlamır. Gürcustan
və Ermənistanın musiqi sənəti Moskvada
tez-tez nümayiş etdirildiyi halda, Azərbaycan bəstəkarlarının
əsərləri paytaxtda ancaq dekadadan dekadaya ifa
olunur. Yaxşı olar ki, dekadada ifa edilən ən
yaxşı simfonik əsərlərin partituraları
Moskvaya göndərilsin. Bəstəkarlar ittifaqı
vaxtaşırı olaraq musiqi sənətinin aktual
məsələlərinə həsr edilmiş yaradıcılıq
konfransları da keçirməlidir. Bəstəkarların
işində həvəs və maraq oyadan ən
yaxşı amil onun əsərlərinin ifa edilməsidir.
Elə etmək lazımdır ki, ittifaqın tənqidçilər
bölməsində bəyənilmiş bütün
əsərlər geniş ictimaiyyətin malı
olsun, operanın, simfonik orkestrin, radio komitəsinin
repertuarına daxil edilsin.
Bizim bəstəkarlarımız özbaşına
işləyirlər. Bir çox əsərlər
ittifaqın tənqidçilər bölməsindən
keçmir. Müəlliflər sifarişləri müstəqil
qəbul edib yerinə yetirir. Bu isə repertuarımızın
keyfiyyətinə tə'sir göstərir, çox
vaxt repertuara bədii cəhətdən zəif əsərlər
daxil edilir. Bunun qarşısını almaq üçün
hər həftə yeni əsərlərin dinlənilməsini
təşkil etmək, həmin əsərlərin
yatıb qalmasına yol verməmək lazımdır.
Bu zaman əsərlər müvafiq şəraitdə
və onların formasının tələb etdiyi
vasitələrlə ifa olunmalıdır. Bizim təkcə
simfonik orkestrimiz deyil, həm də kvartetimiz, triomuz,
vokalçı solistlərimiz, xalq xoru və orkestrimiz,
müxtəlif kiçik ansambllarımız olmalıdır.
Göstərilənlərin hamısı təşkil
olunmuşdur, lakin bunları möhkəmlətmək
lazımdır, onları hər bir dekadadan sonra edildiyi
kimi, başlı-başına buraxmaq yaramaz. Azərbaycan
SSR XKS-nin İncəsənət İşləri
İdarəsi yanında butün musiqi kollektivlərinin
gündəlik işinə nəzarət edən,
onların bədii inkişafı uğrunda mübarizə
aparan bədii şura yaradılmalıdır.
Azərbaycan musiqi sənətinin parlaq inkişaf
perspektivləri vardır. Lakin cəsarətli olmaq,
yaxşı oxumaq və məhsuldar işləmək
lazımdır. Sovet xalqının yüksək
mənəviyyatını duymaq, onun ümid və
arzularının ifadəçisi olmaq, nikbinliyini,
əhvali-ruhiyyəsini musiqi vasitəsilə əks
etdirmək lazımdır.
1.Məqalə «Bakinski raboçi» qəzetinin 1945-ci
il 7 yanvar tarixli nömrəsində, habelə «Muzıka
Sovetskoqo Azerbaycana v dni Oteçestvennoy voynı» məcmuəsində
dərc olunmuşdur, Rus dilindən tərcümədir.