Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

 

Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası doğma Kommunist partiyasının rəhbərliyi altında xalqımızın qazandığı müvəffəqiyyətlərin parlaq nümayişinə çevrildi.

Dekada Azərbaycan bəstəkarlarının həyatında, xüsusən mənim yaradıcılığımda dönüş yaratdı. Partiya və hökumət rəhbərləri ilə görüşümüz, opera sahəsindəki nailiyyətlərimizin qiymətləndirilməsi və «Koroğlu» operasına bir sıra əlavələr edilməsi haqqında göstərişlər məni son dərəcə həyəcanlandırdı, yaradıcılıq ilhamımı coşdurdu

Bu gün opera teatrımızın müvəffəqiyyətlərini qeyd etməklə yanaşı, demək lazımdır ki, Azərbaycan bəstəkarları hələ Vətən qarşısında, xalq qarşısında xeyli borcludur.

Xalqımızın tarixi, şifahi xalq ədəbiyyatı, Azərbaycanın musiqi folkloru bəstəkarlarımız üçün lazım olan hər cür material verir. Azərbaycan xalqının uzaq keçmişi, onun zülmkarlara qarşı əsrlər boyu apardığı qəhrəmancasına mübarizə, Sovet Azərbaycanı zəhmətkeşlərinin müasir həyatı, öz respublikasının şöhrətini artıran gözəl adamlarımız—bütün bunlar bəstəkarlarımız üçün bitməz-tükənməz ilham mənbəyidir.

Biz bu mənbədən çox az istifadə etmişik. Azərbaycan bəstəkarları qarşısında böyük vəzifə—Vətənimizə zəmanəmizin əzəmətini əks etdirən yeni gözəl sənət əsərləri vermək vəzifəsi durur.

Hazırda bəstəkarlarımız nə üzərində işləyirlər? Mən bütün yaradıcılıq gucümü «Koroğlu» operasının əgər-əskiyini düzəltməyə sərf edirəm; məlumdur ki, bu opera SSR İttifaqı Böyük Akademik Opera və Balet Teatrının repertuarına daxil edilmişdir. Mənə verilən məsləhətləri nəzərə alaraq, ayrı-ayrı musiqi nömrələri üzərində yenidən işləyir və operanı yeni pərdə ilə tamamlayıram2. Mənə elə gəlir ki, bu əlavələrdən sonra opera daha dolğun, məzmunlu və parlaq olmalıdır. Mən yeni opera yazmaq niyyətindəyəm3. Bu opera Sovet Azərbaycanının adamları, xalq düşmənlərinə qarşı mübarizədə mərdliklə kommunizmə yol açan sosializm qurucuları haqqındadır.

Azərbaycanın digər bəstəkarları da böyük musiqi əsərləri üzərində işləyirlər. Məsələn, bəstəkar Niyazi Tağızadə «Nizami» operasını yazır4. Artıq operanın ayrı-ayrı fraqmentləri hazırdır. Ümumiyyətlə, opera Nizaminin 1941-ci ildə qeyd olunacaq 800 illiyi yubileyinədək başa çatdırılmalıdır5. Əməkdar incəsənət xadimi, bəstəkar A. S. Mailyan «Safa» operasını qurtarmaq üzrədir. Həmin əsərin Aprel inqilabının XIX ildönümü münasibəti ilə tamaşaya qoyulması nəzərdə tutulur6. Həmin opera Azərbaycan və erməni xalqlarının istibdada, zülmkarlara qarşı mübarizəsindən bəhs edir.

Gənc bəstəkar, əməkdar incəsənət xadimi Səid Rüstəmov ordenli yazıçımız Məmməd Səid Ordubadinin mətni əsasında «Beş manatlıq gəlin» komediyasına7 musiqi yazır. Bəstəkar B. Əfrasiyab «Qız qalası» baletini tamamlamaq üzrədir, bu balet M. F. Axundov adına Lenin ordenli Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarına daxil edilmişdir. Bəstəkar A. Dobruşkes «Yerin işıqları» adlı yeni balet8üçün musiqi yazır.

Biz yeni musiqi əsərləri üzərində səylə işləməklə yanaşı, musiqi məktəblərində tədris məsələlərinə, gənc istedadlar nəslinin yetişməsinə böyük fikir verməliyik.

Mən möhkəm əminəm ki, opera sənəti ən yaxın illərdə Azərbaycan inçəsənətinin daha da tərəqqisi yolunda irəliyə doğru yeni mühüm addım atacaqdır.

 

 


1. Məqalə «Bakinski raboçi» qəzetinin 1939-cu il 26 fevral tarixli nömrəsində çap olunmuşdur. Burada kiçik ixtisarla verilir. Rus dilnddən tərcümədir.
2. «Koroğlu» operasının sonuncu (V) pərdəsi Moskva ongünlüyündən sonra yazılmışdır.
3. Həmin operanın librettosunun ilk variantı Respublika Əlyazmaları fondunda saxlanılır..
4. Bəstəkar Niyazi Nizami Gəncəvinin poeması mövzusunda yazdığı operanı «Xosrov və Şirin» adlandırmışdır; operanın ilk tamaşası 1942-ci il mayın 7-də olmuşdur. Bundan bir neçə il sonra bəstəkar Əfrasiyab Bədəlbəyli «Nizami» operasını yazmışdır, bu operanın ilk tamaşası 1948-ci il dekabrın 12-də olmuşdur.
5. Nizaminin yubileyi 1947-ci ildə keçirildi.
6. «Səfa» operasının ilk tamaşası 1939-cu ildə olmuşdu.
7. «Beş manatlıq gəlin» musiqili komediyası 1939-cu ildə tamaşaya hazırlanmışdır.
8.Həmin balet yazılmışdır.


 

 

 
   © Musigi Dunyasi, 2005