Dahi musiqi sənətkarı və parlaq realist
incə zövqə malik olan Çaykovski öz geniş
yaradıcılığı ilə XIX əsr rus
həyatının bütün cəhətlərini
mükəmməl və hərtərəfli qavramışdır.
Rus xalqının bu böyük kompozitorunun musiqi
yaradıcılığının əsasını
rus xalq musiqisi təşkil edir ki, bu səbəbdən
də onun bütün əsərləri öz azad
yaradıcılıq fantaziyasının bütün
parlaqlığı ilə rus xalqı üçün
doğma və yaxındır. Çaykovskinin «İlin
fəsilləri» əsəri həqiqi rus həyatının
dərin lirik mənzərələrini parlaq bir
surətdə təsvir edən musiqi tablosudur.
Bununla bərabər Çaykovskinin yüksək
bədii yaradıcılığı sosialist vətənimizin
bütün xalqları üçün anlaşıqlıdır.
Kompozitorun musiqi yaradıcılığı yüksək
ideya ilə, məzmunla, səmimiliklə və dərin
mə'na ilə zəngindir. Onun «Altıncı (patetik)
simfoniya»sı, «Romeo və Cülyetta», «Qaratoxmaq
qadın» kimi əsərləri misli görünməmiş
ustalıq nümunələridir. Çaykovski musiqisinin
sadəliyi, aydınlığı və səmimiliyi
onu dinləyən hər kəsi məftun edir. Bu
nöqteyi-nəzərdən Çaykovskinin yaradıcılıq
irsi dərin internasional bir mahiyyət daşıyır.
Xalis milli rus kompozitoru olan Çaykovski eyni zamanda
hər cür etnoqrafizmdən və milli məhdudluqdan
tamamilə azaddır. Kompozitorun yaradıcılığının
bu xüsusiyyətləri onu yalnız rus xalqının
deyil, Sovet İttifaqının bütün xalqlarının
da misilsiz sənətkarları sırasına qoyur.
Çaykovski öz qəlbinin bütün dolğunluğu
ilə həm tarix, həm xalq yaşayışı,
həm də təbiətlə maraqlanırdı.
Lakin bəstəkarın diqqət mərkəzində
həmişə insan və onun qəlbi dururdu.
«Qaratoxmaq qadın» operasına qulaq asdıqda
tamamilə aydın və tükənməz surətdə
hiss edilir ki, müəllif bu operada öz musiqisinin
başlanğıcının birinci notundan finalın
axırıncı notuna qədər tamamilə böyük
bir yaradıcılıq yüksəlişində
olmuşdur. Bu operada hamısı dərin düşünülmüş
və hiss edilmiş halda yazılmışdır.
Çaykovski bizim üçün bir də ona görə
əzizdir ki, o, «bir ovuc seçmə adamlar» üçün
deyil, bütün yaşlardan olan geniş kütlələr
üçun yaradaraq, öz əsərlərini bu
kütlələrin inkişafı dərəcəsinə
uyğun bir surətdə yazmışdır. Bununla
bərabər, kompozitor uşaqları da unutmayaraq
onlar üçün kukla həyatı mövzularında
bir sıra yüksək bədii əsərlər
yaratmışdır.
Böyük Oktyabr sosialist revolyusiyası vətənimizin
xalqlarının formaca milli, məzmunca sosialist kulturasının
inkişafı üçün hədsiz imkanlar yaratmışdır.
Bütün xalqların və birinci növbədə
böyük rus xalqının məşhur elm, texnika
və musiqi adamlarının yaradıcılığı
SSRİ-nin bütün xalqlarının ümumi
malı olmuşdur.
Rus xalqının Qlinka, Çaykovski və Rimski-Korsakov
kimi incəsənət dahiləri musiqi yaradıcılığının
ən yaxşı ustalarının bütöv
bir nəsli üçün müəllim olmuş
və olmaqdadır. Onların teoretik göstərişləri,
operaları və başqa musiqi əsərləri
bu vaxtadək kompozitor yaradıcılığının
ən yaxşı nümunələri olmaqdadır.
Mən Çaykovskinin yaradıcılığına
coşğun pərəstiş edən adamlardan
biriyəm. Mən öz azad yaradıcılıq
fantaziyamı xalq musiqisi dilinin sarsılmaz təməli
üzərində inkişaf etdirmək prinsipini
Çaykovskidən götürmüşəm. Xalq
musiqisi mənim bütün musiqi əsərlərimdə,
xüsusən «Koroğlu» operasında qüvvətli
əks olunmuşdur. Bu prinsip partiyanın Lenin milli
siyasətinin dönmədən həyata keçirilməsindən
irəli gəlir.
Həm xırda, həm də böyük musiqi
əsərlərində musiqi fikrini məntiqi və
düşüncəli bir surətdə həyata
keçirməyi mən Çaykovskidən öyrənirəm.
Bizim gənc musiqiçi kadrlarımız da bu böyük
kompozitoru sevir və onun ustadlığına valeh
olurlar. Azərbaycanın gənc kompozitorlarında
Çaykovski kimi səmimi yazmaq, öz fikrini Çaykovski
kimi aydın və emosional dillə ifadə etmək
üçün olduqca böyük sə'y nəzərə
çarpır. Çaykovskinin yaradıcılıq
irsinə olan məhəbbəti xüsusilə ondan
görmək olar ki, onun bir sıra operaları («Yevgeni
Onegin», «Qaratoxmaq qadın») M. F. Axundov adına Lenin
ordenli Azərbaycan Dövlət Opera və Balet Teatrının
repertuarında möhkəm yer tutur. Gənc, ordenli
bəstəkar-dirijor Niyazi Çaykovskinin 5-ci simfoniyasının
və «Romeo və Cülyetta» əsərinin ifa olunmasını
əzbərdən idarə edir. O, 3-cü və
6-cı simfoniyaların fortepiano və skripka konsertlərinin,
həmçinin «Yevgeni Onegin» operasının ifa olunmasına
böyük müvəffəqiyyətlə dirijorluq
edir. Başqa gənc dirijorlarımız da Çaykovskinin
simfoniyalarına az müvəffəqiyyətlə
dirijorluq etmirlər. Məsələn, ordenli dirijor
Əşrəf Həsənov 4-cü simfoniyanı,
«Yevgeni Onegin» operasını, kompozitor-dirijor Əfrasiyab
Bədəlbəyli isə 6-cı simfoniyanı
gözəl idarə edirlər. Musiqi parçalarını
orkestrə salmaqda Çaykovski kimi hərəkət
etmək sə'yləri Ə. Bədəlbəyli
tərəfindən Azərbaycan SSR-in XX il dönümünə
yazılmış «Qız Qalası» baletində
də duyulur.
Hələ 1930-cu ildə Çaykovskinin «Yevgeni
Onegin» operasını Azərbaycan dilinə çevirib
Azərbaycan artistlərinin qüvvəsilə tamaşaya
qoymaq təşəbbüsü olmuşdur. Nümunə
olmaq üzrə operadan duet səhnəsini teatrda
olduğu kimi lazımi tərtibatla göstərdilər.
Onegin partiyasını xalq artisti ordenli M. T. Bağırov
və Lenski partiyasını xalq artisti ordenli H. A.
Hacıbababəyov müvəffəqiyyətlə
ifa etdilər. Tamaşaçılar bu təşəbbüsü
böyük bir məmnuniyyətlə alqışladılar.
 Artistlərimizdən SSRİ xalq artisti ordenli
Bülbül Çaykovskinin operalarını və
romanslarını öyrənib bədii bir surətdə
ifa etmək yolunda ciddi surətdə çalışmaqdadır.
Çaykovskinin bə'zi əsərləri, o cümlədən
«İlin fəsilləri» konservatoriya tələbəsi
Stelnik tərəfindən xalq alətləri orkestri
üçün aranje edilmiş və bu günlərdə
müvəffəqiyyətlə orkestr tərəfindən
ifa olunmaqdadır. Bu əsərlərdən bir qismi
çap edilmişdir.
Şübhəsiz ki, böyük rus bəstəkarının
anadan olmasının 100 illiyinin geniş bayram edilməsi
Çaykovski ustalığının əhəmiyyətini
musiqiçi gənclərimizin daha dərindən
anlamasına, onun musiqi irsini daha böyük sə'ylə
öyrənməsinə yeni təkan olacaqdır.
Partiyamız və hökumətimiz Çaykovski yaradıcılığının
SSRİ xalqlarına tanıtdırılmasına
çox böyük əhəmiyyət verirlər.
Bunun nəticəsində Çaykovskinin böyüklüyünə
və ustadlığına yalnız Azərbaycan
intelligensiyası deyil, Azərbaycan fəhlələri
və kolxozçuları da bələd olacaqlar. Çaykovskinin
operalarını Azərbaycan dilinə tərcümə
etmək üçün bir neçə il bundan əvvəl
göstərilən təşəbbüs həyata
keçirilməmişdisə, indi bu təşəbbusü
həyata keçirmək üçün lazım
olan bütün şərait yaradılmışdır.
Sovet Azərbaycanı böyük rus kompozitorunun
yubileyini geniş surətdə bayram edir, Sovet Azərbaycanının
bütün musiqi ictimaiyyəti, bütün teatrları,
muzeyləri və musiqi məktəbləri bu işə
qoşulmuşlar.
Azərbaycan xalqını kompozitorun əsərləri
ilə geniş surətdə tanış etmək
üçün bu əsərlərin Azərbaycan
dilinə tərcümə edilməsi işi genişləndirilmişdir.
«Yevgeni Onegin» operasından duel və Tatyananın
məktub yazması səhnələri, «Serenada»,
«Dəhşətli dəqiqə», «Gurultulu bal içərisində»,
«Don Juanın serenadası», «Qaraçı qız»,
«Kanarey» və başqa romanslar Azərbaycan dilinə
tərcümə edilmiş və Azərbaycan Dövlət
Konservatoriyası tələbələri tərəfindən
ifa olunmaqdadır.
Çaykovskinin yaradıcılığı gənc
milli kadrların — kompozitorların, musiqiçilərin
və artistlərin yetişdirilməsi üçün
ən qiymətli materialdır. Böyük rus xalqına
minnətdar olan Azərbaycan xalqı onun mədəniyyətini
həmişə öyrənəcək, sevəcək
və bu kultura əsasında özünün formaca
milli və məzmunca sosialist kulturasını irəlilədəcəkdir.
1. P. Çaykovskinin anadan olmasının 100
illiyi münasibətilə yazılmış məqalə
«Revolyusiya və kultura» jurnalının 1940-ci il
5— 6-ci nömrəsində, həmcinin həmin yubileyə
həsr edilmiş «P. İ. Çaykovski» adlı kitabçada
çap olunmuşdur.