Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


«QIZ QALASI»1

 

 

İLK AZƏRBAYCAN BALETİNİN PREMYERASI

 Sovet Azərbaycanının 20 illiyi qarşısında musiqi mədəniyyətimiz daha bir gözəl əsərlə zənginləşmişdir. M. F. Axundov adına Dövlət Opera və Balet Teatrı yeni əsər—gənc Azərbaycan bəstəkarı Ə. Bədəlbəylinin «Qız qalası» baletini tamaşaya qoymuşdur.

Neft Bakısında dəniz kənarında, qədim qalanın divarları arxasında yüksələn Qız qalası haqqında dastan xalq arasında geniş yayılmışdır. Zəhimli Cahangir xan haqqında qədim rəvayət nəsildən-nəslə keçir. O, öz qızı Gülyanağa vurulur və onun tələbi ilə qala tikdirir, Gülyanaq toy günü özünü qalanın damından dənizə atır. Bəstəkar bu əfsanənin süjetini öz musiqi əsərinə əsas götürərək milli incəsənətimizin inkişafı tarixində yeni səhifə açan ilk Azərbaycan baletini yaratmışdır.

Yerli konservatoriyanın yetişdirməsi olan Bədəlbəyli gənc bəstəkarların elə bir dəstəsinə daxildir ki, həmin dəstə nəinki musiqi yazısı texnikasına yiyələnməyə can atır, həm də xalq yaradıcılığını dərindən öyrənir, xalqdan səmərəli surətdə öyrənir. Bədəlbəyli öz baletində gözəl orkestrovka vermiş, bəstəkar fikrini sərbəst inkişaf etdirmiş, habelə xalq melodiyalarının gözəlliyindən həvəs və diqqətlə istifadə etmişdir. «Şoloxo», «Ay bəri bax», «Kikican» kimi xalq havaları orkestrin ifasında xüsusilə təravətli, rəvan və dolğun səslənir, bu havaların əsasında emosional rəqslər yaradılmışdır. Bədəlbəylinin musiqisi bədii yüksəkliyinə görə fərqlənməklə yanaşı, həm də son dərəcə aydın və anlaşıqlıdır.

 Klassik balet musiqisinin əsil xalq rəqsləri ilə məharətlə əlaqələndirilməsi bütövlükdə tamaşanın məzmun və üslubunu müəyyən etmişdir. İştirak edən şəxslərin musiqi xarakteristikasının relyefliyi və bir çox səhnələrin dərin lirik xüsusiyyətə malik olması da bu əsərin böyük mə'ziyyəti hesab olunmalıdır.

Balet kollektivi öz qarşısına xalq rəqslərində saxta şablonçuluqdan qaçmaq, xalq əfsanəsini bədii realist vasitələrlə göstərmək vəzifəsini qoymuş və buna nail ola bilmişdir. Baletin müvəffəqiyyət qazanmasında baş balerina Qəmər Almaszadə, quruluşçu rejissor Hidayətzadə, baletmeyster Kevorkov və Vronski, artistlərdən Sara Mirəliyeva, Əbilova, Boyman, Cəfərova, Bataşov, Urvantsev və başqaları böyük rol oynamışlar.

Rəssam Qusak tamaşaya gözəl üslub tərtibatı vermişdir.

İste'dadlı balerina Almaszadəni xüsusilə qeyd etmək lazımdır. O, öz oyununda müasir xoreoqrafiya sənəti texnikasını xalq rəqs yaradıcılığı ilə müvəffəqiyyətlə birləşdirmişdir. Onun yaratdığı Gülyanaq obrazı inandırıcı və dolğundur; uzaq, fərəhsiz keçmişi xatırladan Azərbaycan qadınının faciəsi adamı həyəcanlandırır.

«Qız qalası» baleti Sovet Azərbaycanı incəsənətinə qiymətli bir hədiyyədir.

 


 

1. Məqalə «Pravda» qəzetinin 1940-cı il 25 aprel tarixli nömrəsində dərc edilmişdir. Rus dilindən tərcümədir.

 

 

 
   © Musigi Dunyasi, 2005