Xalq incəsənəti, folklor stili səslər
və gözəllik cəhətdən tükənməz
zənginliyə malikdir. Bunlarda dil çox rəngarəngdir
Azərbaycan incəsənətinin Moskvada keçirilən
dekadası tamaşalarında geniş surətdə
göstərilmiş xalq yaradıcılığına
yüksək qiymət verilmişdir. Dekada iştirakçıları
Kremldə qəbul edildikdə, bizəsosialist incəsənəti
işçilərinə xalq ustalığının
rol və əhəmiyyəti haqqında çox qiymətli
göstərişlər verilmişdir.
İlk gözəl nəğmə və rəqs
melodiyalarının yaradıcısı xalq özüdür.
Bizə bu gün nümunə olan xalq nəğmələri
əsrlərdən bəri işlənə-işlənə
yaradılmış və yalnız bizim zəmanəmizdə
həqiqi bədii formalar almışdır. Bununla
belə xalq yalnız yaradıcı, yalnız kompozitor
deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və
musiqi əsərlərinin ən yaxşı «istehlakçısıdır»,
xalq musiqi əsərlərinə diqqətlə
yanaşır, yaxşını pisdən seçir
və hər çeşidli saxta gözəllikləri
və ideyasız dəbdəbələri amansızcasına
rədd edir.
Kultura cəhətindən olduqca yüksəlmiş
sovet tamaşaçısı incəsənət
işçilərinə və xüsusilə kompozitorlara
yüksək tələblər verməkdədir.
Bu tələbləri tə'min etmək üçün
kompozitorun nəinki ümumi musiqi kulturası sahəsində,
bəlkə xalq musiqisi sahəsində də ciddi
musiqi mə'lumatı olmalıdır. O, yaradıcılıq
işinə başlamazdan əvvəl özünün
kompozitorluq fəaliyyətinə nə qədər
hazır olduğunu ciddi və düşüncəli
surətdə yoxlamalı, sonralar məharətlə
istifadə edə bilmək üçün xalq folklorunu
öyrənməlidir.
Şəxsən öz haqqımda bunu deyə bilərəm
ki, mən xalq musiqisini əsaslı surətdə
öyrənməyincə böyük əsərlər
yazmağa tələsməmişəm.
Öz işlərim məni bu qənaətə
gətirmişdir ki, Azərbaycan xalq musiqisi bir sıra
tarixi səbəblərə görə xüsusi
bir sistemə malikdir və tamamilə formalaşmış
müstəqil bir incəsənətdir.
Xalqımız Azərbaycanda yalnız Sovet hakimiyyəti
qurulduqdan sonra sərbəst inkişaf yoluna çıxmış
və proqresə doğru sür'ətli addımlarla
getməkdədir.
Hazırda Azərbaycan incəsənəti ərəblərin
və osmanlı türklərin incəsənətindən
olduqca yüksəkdə durur. Eyni zamanda Azərbaycan
incəsənəti yavaş-yavaş hər cür
yabançı, qondarma və xüsusilə Şərq
musiqisi adı verilən tə'sirlərdən azad
olmaqdadır.
Oriyental stili məşrut götürülmüş
bir stildir, bəstəkarları heç bir işə
bağlamayan başqa bir şey deyildir.
Bu stil başlıca olaraq zəngin xromatizmlərdə,
mübaliğə məqamında, bir növ melodik
xüsusiyyətlər gözlənilən yerdə
işlənilir. Bizim Azərbaycan musiqimizdə isə
heç bir xromatizm yoxdur2,
bizim musiqimiz ciddi diatonik musiqidir.
Temperasiya məsələsi haqqında da bir neçə
kəlmə demək lazımdır. Azərbaycan
bəstəkarları artıq simfonik orkestrlər,
teatr və başqa sahələr üçün
böyük formalı musiqi əsərləri yazmağa
alışmışlar. Simfonik orkestrdə temperasiya
məsələsi qoyulmur. Biz bu məsələyə
musiqişünaslıq nöqteyi-nəzərindən
yanaşıb ifaçılardan ümumi musiqi dilində
qətiyyən olmayan intonasiyalar vermələrini
tələb edə bilmərik. Buna görə də
mən şəxsən dünya musiqi əlifbasının
Azərbaycan musiqi xüsusiyyətlərini verə
bilmədiyini isbat etməyə çalışan
bə'zi musiqişünasların əsassız qeydlərini
e'tinasız buraxıram.
Bu fikir tamamilə yanlışdır. Əvvəla,
ona görə ki, xromatik qamma bizi tamamilə tə'min
edir; ikincisi də budur ki, əgər Azərbaycan
musiqisinin bu və ya digər xüsusiyyətlərini
qeyd etmək lazımdırsa bunun üçün
lazımi musiqi ədəbiyyatı vardır. Not
işarələrindən başqa biz lazım olduqca
ədəbi izahatın sayını artıra bilərik.
Hər halda yeni əlavə not işarələri
uydurmaqdansa, ədəbiyyatı artırmaq daha asandır.
Mən Azərbaycan xalq musiqisində yarımtondan
az interval olduğunu eşitməmişəm. Bizim
yarımton hətta ümumi musiqi dilində qəbul
edilmiş yarımtondan bir qədər də genişdir.
Bizim böyük tersiyamız ilə temprire quruluşunda
qəbul edilmiş tersiya sırasındakı uyğunsuzluq
da buradan doğur.
Tersiyalar kvarta çevrilən qədər qulağımız
bir neçə tersiyanı alır .Bu məsələdə
harmoniyanın tətbiq edilməsi, fortepianonun və
simfonik orkestrin yayılması görkəmli rol
oynayır.
Azərbaycan musiqisini öyrəndikdə, ondan
istifadə etdikdə muğam sisteminə, Azərbaycan
musiqisində olan və çox böyük rol oynayan
canlı muğamlara xüsusi diqqət verilməlidir.
Çalışmaq lazımdır ki, bu muğamlar
öz sərbəst əhəmiyyətlərini
itirməsinlər.
Mən şəxsən inanmışam ki, biz Azərbaycan
muğamlı musiqini intensiv şəkildə işləməklə
muğam incəsənətini ən yüksək
səviyyəyə qaldıra bilərik. Şübhəsiz
ki, bu işdə sovet ictimaiyyətinin geniş köməyi
olmalıdır.
Azərbaycan xalqı bu muğamlarda major yaxud minor
köklərini axtarmaq ehtiyacı duymur, hər bir
muğamın bizdə xüsusi əhəmiyyəti,
özünə məxsus xüsusi koloriti vardır.
Azərbaycan musiqisində həştada qədər
muğam olduğunu iddia edənlərin fikrinə
zidd olaraq, mən bizim musiqimizdə öz xüsusi
quruluşu olan sərbəst muğamların sayının
səkkizdən artıq olmadığı fikrindəyəm3,
bundan başqa əlavə muğamlar vardırsa
da bunlar əsas muğamlardan ayrılmır.
Hər bir muğamın müstəqil əhəmiyyətindən
danışarkən mən xalq anlayışını
nəzərdə tuturam. Məsələn, «Segah»
muğamı lirik-aşiqanə əhəmiyyətə
malikdir. Bütün incə aşiqanə xalq nəğmələri
bu muğam əsasında qurulmuşdur.
Buna görə də mən aşiqanə səhnələri
öz operalarımda verdikdə bu muğamdan istifadə
edirəm.
Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini
yaxud istismarçı siniflərin qəddarlığını
ifadə etmək lazım olduqda mən «Çahargah»
muğamını işlədirəm. Bundan başqa
mərdlik, sevinc, mübarizə xarakterinə malik
olan «Rast» muğamı da vardır.
Şəxsən bu fikirdəyəm ki, muğam
sistemi ümumi musiqi kulturasına bir çox yeniliklər
və təravət gətirəcəkdir. Bu saat
mən «Azərbaycan muğamlarını öyrənmək
üçün rəhbər»4
adlı elmi əsərimi nəşr etdirməyə
hazırlayıram. Zənnimcə, bu kitab Azərbaycan
incəsənəti sahəsində çalışmaq
istəyən kompozitorlara lazımi kömək edəcəkdir.
Mən «Koroğlu» operasını yazdıqda köhnə
xalq yazısı çərçivələrindən
bir qədər kənara çıxmışam,
yə'ni əsərimi bir qədər sərbəst
stildə yazmışam. Praktika göstərdi ki,
opera bütünlükdə geniş tamaşaçı
kütlələrinə çata bilmişdir və
bunun səbəbi də operanı yazarkən onun
musiqi tekstində və həmçinin yaradıcılıq
fantaziyamda muğam sistemini əsas götürməyim
olmuşdur.
Çoxsəslilik haqqında da bir neçə söz
demək lazımdır. Bu da böyük və mürəkkəb
bir məsələdir, çünki yenə də
bir sıra tarixi səbəblər nəticəsində
son illərə qədər Azərbaycan musiqisində
çoxsəslilik olmamışdır. İndi biz
musiqimizə çoxsəslilik daxil edirik. Çoxsəslilik
kulturasını inkişaf etdirmək üçün
kontrapunktun tətbiq edilməsi Azərbaycan musiqisində
harmoniyadan daha artıq böyük rol oynayır,
çünki kontrapunkt ifaçını majora, yaxud
minora məcbur edir.
Xalq musiqisinin çox böyük əhəmiyyəti
vardır və bu məsələ konservatoriyanın
əsas dissiplinalarından biri olmalıdır.
Lakin Azərbaycan Dövlət konservatoriyasında
bu dissiplinadan nədənsə dərs keçilmir;
bu da bir sıra cavan kompozitorların işində
öz tə'sirini göstərir, onların musiqi
əsərləri çox zaman abstrakt və ya subyektiv
xarakter daşıyır.
Son zamanlarda bizim gənc kompozitorlarımız musiqidə
xəlqiliyin böyük əhəmiyyəti olduğunu
anlamağa başlamışlar, onların bir çoxu
çox zəngin olan folklor sahəsini öyrənir;
bu işlər bizi tamamilə və möhkəm
surətdə inandırır ki, yaxın illərdə
Azərbaycan musiqisi daha da parlaq bir çiçəklənmə
mərhələsinə girəcək, bizim böyük
sosialist vətənimizin fəxri olacaq bir səviyyəyə
yüksələcəkdir.
1. Məqalə «Revolyusiya və kultura» jurıalının
1939-cu il 5-ci nömrəsində çap olunmuşdur.
Bu məqalə kicik dəyişikliklərə rusca
«Narodnoye tvorçestvo» jurnalında da (1939, ¹ 4) çap
edilmişdir. Bu məqalə də azaciq qısaldılmışdır.
2. Müəllif özünün «Azərbaycan xalq
musiqisinin əsasları» kitabında yazır: «Xalq
üslubundakı musiqi çox məhdud ölcüdə
Rast, Şur və Segah kimi ladlarda xromatik hərəkətə
imkan verir» (səh. 104).
3. Bəstəkar özünun «Azərbaycan xalq musiqisinin
əsasları» kitabında yazır: «Rast, Şur,
Segah, Şüştər, Çahargah, Bayatı-Şiraz»
və «Hümayun» Azərbaycan musiqisiiin yeddi əsas
ladıdır» (səh. 13).
4.İlk zamanlarda müəllif öz elmi əsərini
belə adlandırırdı. Sonralar, 1945-ci ildə,
əsər «Azərbaycan xalq musiqisinin əsasları»
adı ilə ilk dəfə rus dilində çap
olunmuşdur.