Respublikamızın opera teatrı və filarmoniyası
Azərbaycan incəsənəti dekadasında milli
musiqi yaradıcılığı və ifaçılığının
ən yaxşı nümunələrini göstərməyə
hazırlaşır. Bizim hamımızı—bəstəkarları,
musiqişiləri, rejissorları və artistləri
ümumi bir məqsəd, vahid bir arzu—Azərbaycanın
musiqi sənətini əsil və ən parlaq formalarda
əks etdirmək arzusu ruhlandırır.
Azərbaycan musiqisinin inkişaf tarixi bizim dekada
üçün hazırladığımız repertuarda
da öz əksini tapacaqdır. Repertuarımızın
əsasını opera təşkil edir. Bu tamamilə
təbiidir. Opera sənətinin ölməkdə
olduğunu iddia edən burjua «nəzəriyyəciləri»nin
fikrinə zidd olaraq, sənətin bu növü
bizim sosialist ölkəmizdə yaşamaqda davam
edir və yeni məzmun kəsb edərək xalqımız
tərəfindən daha artıq sevilir və başa
düşülür.
Bu il Azərbaycan operasının otuz illiyi tamam
olmuşdur. Həm ilk, həm də hələlik
axırıncı Azərbaycan operasının müəllifi
olmaq şərəfi mənə nəsib olmuşdur.
Beləliklə, «Leyli və Məcnun»dan «Koroğlu»ya
qədər keçilən yol təkcə Azərbaycan
operasının otuzillik tarixi deyil, həm də
mənim şəxsi yaradıcılıq yolumdur.
«Leyli və Məcnun» necə yaranmışdır?
Mən opera üzərində 1907-ci ildən işləməyə
başlamışam; lakin məndə bu ideya xeyli
əvvəl, təxminən 1897—1898-ci illərdə,
mən on üç yaşlı uşaq ikən doğma
şəhərim Şuşada həvəskar aktyorların
ifasında «Məcnun Leylinin məzarı üstündə»
səhnəsini gördükdən sonra yaranmışdır.
Həmin səhnə məni o qədər həyəcanlandırdı
ki, bir neçə ildən sonra Bakıya gəlib
operaya bənzər bir şey yazmaq qərarına
gəldim. Mən xalq yaradıcılığının
klassik nümunələri olan muğamlardan musiqi
materialı kimi istifadə etməyi nəzərdə
tutmuşdum. Vəzifəm ancaq Fizuli poemasının
sözlərinə forma və məzmunca zəngin,
rəngarəng muğamlardan musiqi seçmək,
hadisələrin dramatik planını işləyib
hazırlamaq idi.
«Leyli və Məcnun»un partiturası yox idi. Bunu
hadisələrin və vokal nömrələrinin
ardıcıllığını göstərən
«direksion» əvəz edirdi. Nota ancaq orkestr musiqisi
və xor üçün xalq mahnılarından götürülmüş
melodiya materialı salınmışdı.
Müğənnilərin oxuduqları muğam
ladında mətndən kənara çıxmamaqla
improvizasiya ilə məşğul olmalarına tam
ixtiyar verilirdi. Hər bir muğamın olduqca çox
improvizasiya variantı vardır, ona görə də
hər bir müğənni «Leyli və Məcnun»dan
ariyaları öz bildiyi kimi oxuyurdu. Mən «Leyli
və Məcnun»un ilk tamaşası üçün
skripka çalan seminar yoldaşlarımdan—A. Terequlov,
Ağəli Qasımov, Fərhad Ağayev, Qayıbov,
İsmayılov və başqa yoldaşlarımdan
ibarət orkestr təşkil etmişdim. Tarzənlər
də də'vət olunmuşdu; yadımdadır,
hansı isə melodiyanın ifası barədə
onların arasında mübahisə yarandı, bu
mübahisə böyüyüb elə bir ciddi şəkil
aldı ki, operanın ilk tamaşasında Qurban Primovu
(Azərbaycan SSR xalq artisti) istisna etməklə,
tarçalanların heç biri gəlmədi. Mən
tamaşanın başlanmasına iki saat qalmış
bu boşluğu aradan qaldırmalı, tələsik
skripka üçün yazılmış partiyaya
əlavələr etməli oldum. Operada bütün
musiqi birsəsli idi. O zaman mən—operanın müəllifi
ancaq solfecionun əsaslarını bilirdim (bunu seminariyada
öyrənmişəm), harmoniya, kontrapunkt, musiqi
formaları, yə'ni bəstəkarın bilməli
olduğu şeylər haqqında isə heç bir
təsəvvürüm yox idi. Bununla belə, «Leyli
və Məcnun» böyük müvəffəqiyyət
qazandı. Zənnimcə, bu müvəffəqiyyət
onunla izah edilir ki, artıq Azərbaycan xalqı öz
səhnəsində Azərbaycan operasının
yaranmasını gözləyirdi, «Leyli və Məcnun»da
isə əsil xalq musiqisi ilə məşhur klassik
süjet birləşmişdir. Operanın müvəffəqiyyət
qazanmasında artistlərin, xüsusən Məcnun
rolunu ifa edən Sarabskinin böyük xidməti
olmuşdur. Ümumiyyətlə, ilk Azərbaycan
operasının tamaşaya qoyulmasında artist Sarabskinin
böyük rol oynadığı qeyd edilməlidir.
Biz gənclər «Leyli və Məcnun» operası
üzərində böyük ruh yüksəkliyi
ilə işləmişik. Maddi və sənətkarlıq
cəhətdən böyük çətinliklər
çəkmişik. O zaman nə ciddi ifaçılıq
mədəniyyətimiz, nə müəyyən
bir nəzəri hazırlığımız, nə
də öz səhnəmiz vardı. Bakıda neft
sənayecilərinin «Nicat» xeyriyyə cəmiyyəti
özünü kulturtregerlər və incəsənətin
himayəçiləri kimi qələmə verirdi.
Ehtiyac məni «Leyli və Məcnun» operasına müəlliflik
hüququmu cüz'i məbləğ müqabilində
həmin cəmiyyətə satmağa məcbur etdi,
halbuki o zaman operanın tamaşalarına bilet tapmaq
mümkün olmur və böyük gəlir götürülürdü.
Mən «Nicat» cəmiyyətinin həm məni,
həm də artistləri istismar etdiyini görüb
müstəqil işləməyi qərara aldım.
Lakin bu da kömək etmədi. Mən tamamilə
çıxılmaz bir vəziyyətə düşərək
1910-cu ildə yalnız borclarımı ödəmək
ilə «Rüstəm və Söhrab» adlı yeni
opera yazdım2.
Yadımdadır, teatrın kassası tamamilə
kreditorlarımın ixtiyarına verilmişdi. Operanın
müəllifi olan mən isə tamaşaları
pulsuz keçirməli idim...
«Leyli və Məcnun»un müvəfəqiyyəti
mənim yaradıcılıq yolumu qəti müəyyənləşdirdi.
1909-cu ildə ikinci bir opera—«Şeyx Sən'an» operasını
və «Ər-arvad» musiqili komediyasını yazdım.
1911-ci ildə iki musiqili dram əsəri— «Əsli
və Kərəm» və «Şah Abbas» üzərində
işlədim. Artıq bunların hər ikisi öz
musiqi fakturasına görə «Leyli və Məcnun»dan
fərqlənir. «Əsli və Kərəm» və
«Şah Abbas»da mənim öz musiqim əsas yer tutur,
ən başlıca cəhət isə bu əsərlərin
daha sanballı olması, orkestr üçün daha
savadlı işlənməsidir.
Demək lazımdır ki, Azərbaycan operasının
inkişafına rəsmi təşkilatların və
hər cür müsəlman «xeyriyyə» cəmiyyətlərinin
tamamilə laqeyd yanaşdıqları bir vaxtda bütün
varlığı ilə səhnəyə sadiq olan
yaradıcı işçilər bizə fəal
yoldaşlıq köməyi göstərmişlər.
Şəxsən mənə və Azərbaycan operasına
Slavinskiy və Şatkovskinin simfonik ansamblının
və yəhudi xor qrupunun böyük köməyi
dəymişdir. Bu təşkilatların hər
ikisinin öz dövrünə görə böyük
bədii təcrübəsi vardı. O zaman yeganə
Azərbaycan bəstəkarı olan, özü də
yazmağa təzə başlayan mən isə belə
bir təcrübəyə malik deyildim. Mən məhz
onların köməyi sayəsində orkestra yeni
alətlər daxil etmiş, xorun səs ahəngini
zənginləşdirmiş və sairəyə
nail olmuşam. Ümumiyyətlə, mən Azərbaycan
operasının yaradılmasına son dərəcə
qayğı ilə yanaşan erməni, gürcü,
rus və başqa yaradıcı işçilərlə
əlaqədar işləmişəm. Bu fakt Zaqafqaziya
xalqları arasında beynəlmiləl dostluq olduğunu
bir daha sübut edir; halbuki çar hökuməti
hər vasitə ilə zülm altında əzilən
millətləri bir-birinə qanlı düşmən
etməyə çalışırdı.
İndi, xalqların qardaşcasına dostluğu
şəraitində, bizim formaca milli və məzmunca
sosialist mədəniyyətimiz elə bir tərəqqiyə
çatmışdır ki, bu, heç bir başqa
ölkədə mümkün deyildir. Sosializmin paytaxtı
Mokvada keçirilən milli incəsənətimizin
dekadası bu tərəqqinin parlaq nümayişidir.
İnqilabdan əvvəlki dövrdə yaradılmış
operaların mövzusu əsasən tarixi mövzulardır.
Lakin mən müasir hadisələrə həsr
etdiyim «Ər arvad», «O olmasın, bu olsun», «Arşın
mal alan» musiqili komediyalarında o zamankı Azərbaycan
ziyalılarının qabaqcıl hissəsini düşündürən
ideyaları əks etdirməyə çalışmışam.
«O olmasın, bu olsun» musiqili komediyasında satirik
osmanlı, millətçi, qoçu, ağzıboş
ziyalı surətləri və başqa surətlər
yaradılmışdır. Azərbaycanlı qadının
əsarətdən xilas edilməsi, şəriətə
və mürtəce ən'ənələrə
qarşı mübarizə ideyaları hər üç
musiqili komediyada, əlbəttə, üstüörtülü
şəkildə ifadə olunmuşdur.
İnqilabdan əvvəlki illərdə yazılmış
Azərbaycan musiqili dram əsərlərinin (1916-cı
ilə qədər, yə'ni Müslüm Maqomayevin
ilk «Şah İsmayıl»3
operası meydana çıxanadək məndən
və qardaşımdan3
başqa heç kəs opera yazmamışdır)
əsas nöqsanları musiqi fakturunun texniki cəhətdən
zəif işlənməsi, birsəslilik və melodiyaların
xalq yaradıcılığından seçilməsi
idi. Bizim operalarda hər bir opera üçün zəruri
olan reçitativlər, oxuyanlar üçün ayrıca
bitkin partiyalar, ansambl, antraktlar yox idi. Qeyd etdiyim kimi,
zaman keçdikcə bu nöqsanlar tədricən
aradan qaldırılmışdır, lakin bu, Azərbaycan
operasını müasir formaya yaxınlaşdıra
biləcək dərəcədə deyildi.
Azərbaycanda bu sahədə ilk qəti addımlar
ancaq Böyük Oktyabr sosialist inqilabının
qələbəsindən sonra atılmışdır.
1924-cü ildə «Şahsənəm» operasını
(xalq arasında geniş yayılmış «Aşıq
Qərib» dastanı əsasında) yaratmış
bəstəkar R. M. Qlierin təcrübəsi Azərbaycan
musiqisinə simfoniya üslubu gətirmək, Azərbaycan
musiqi mövzuları əsasında mürəkkəb
formalar yaratmaq sahəsində çox böyük
rol oynamışdır. İndi ifşa olunmuş
burjua millətçiləri R. M. Qlieri Azərbaycanın
musiqi ictimaiyyətindən, o cümlədən biz
bəstəkarlardan ayrı salmağa çalışırdılar.
R. M. Qlier Azərbaycan mövzusunda opera yaradarkən
folklorumuzun bütün melodiya zənginliyindən
istifadə edə bilməmiş, Azərbaycan musiqisinin
lad, vəzn və nüanslarının bütün
xarakterik xüsusiyyətlərini öyrənə
bilməmişdir. Bununla belə, bəstəkarın
böyük ustalıqla yaratdığı «Şahsənəm»
operası Azərbaycanda yeni opera mədəniyyətinin
möhkəm təməlini qoydu.
Bugün biz Azərbaycan operasının otuz illiyini
opera qarşısında qoyulmuş müasir tələblərə
cavab verən yeni əsərlərlə qarşılayırıq.
Şübhəsiz, hazırkı üç operanın—
istər «Şahsənəm», istər «Koroğlu»
və istərsə də «Nərgiz» operalarının
ciddi nöqsanları vardır. Lakin bütün
bunlarla yanaşı, mən bir bəstəkar kimi,
«Leyli və Məcnun»dan «Koroğlu»ya qədər
ciddi bir yaradıcılıq yolu keçdiyimi, partiya
və hökumətimizin biz bəstəkarlar üçün
yaratdığı gözəl şərait sayəsində
öz ustalığımı yeni müxtəlif
texniki vasitələrlə nə qədər zənginləşdirdiyimi
hiss edirəm. Mən hələ operalarımızın
istər süjet, istərsə də musiqi cəhətdən
tamamilə yeni məzmun kəsb etdiyini demirəm.
Bu operalar tamamilə xalqa məxsus olan, onun qəhrəman
keçmişindən, çəkdiyi əzab-əziyyətdən,
arzu və qələbələrindən bəhs
edən sovet əsərləridir.
Təsadüfi deyildir ki, Azərbaycanda yeni sovet
operasının yaranması ilə bir zamanda dördsəsli
xor, notlu orkestr, nota yazılmış muğamlar
meydana gəlmişdir. Bütün bunlar Sovet Azərbaycanının
artmaqda və inkişaf etməkdə olan musiqi mədəniyyətinin
nailiyyətləridir. Azərbaycan bəstəkarlarının
simfonik əsərlər yaratması da fərəhli
hadisələrdən biridir.
İndi Azərbaycanın öz opera teatrına
malik olduğunu düşündükdə adamın
qəlbi partiyamıza sonsuz təşəkkür
hissi ilə dolur. Biz «Leyli və Məcnun»u ilk dəfə
tamaşaya qoyarkən bir zaman öz orkestrimizin, dirijorlarımızın,
müğənnilərimizin, xorumuzun, rəssamlarımızın
və opera teatrımızın olacağını
ağlımıza belə gətirmirdik. İndi
bizdə bunların hamısı vardır. Azərbaycan
incəsənətinin inkişafına partiya və
hökumətimizin göstərdiyi qayğının
konkret ifadəsi olan bütün bunlar biz bəstəkarları
yeni-yeni əsərlər yaratmağa ruhlandırır.
Belə bir əsrdə yaratmamaq olarmı? Gözəl
incəsənəti yüz illər boyu istifadəsiz
qalan bir xalq qarşısında özümüzü
borclu hesab etməyə bilərikmi?
1.Məqalə «Bakinski raboçi» qəzetinin 1938-ci
il 16 mart tarixli nömrəsində, habelə «İskusstvo
azerbaidjanskoqo naroda» məcmuəsində (M.—L., 1938-ci
dal) dərc olunmuşdur. Rus dilindən tərcümədir.
2. Bəstəkarın opera üçün tərtib
etdiyi libretto bu cildə əlavə şəklində
daxil edilmişdir.
3. Müslüm Maqomayev «Şah İsmayıl» operasını
hələ 1916-ci ildə tamaşaya qoymağa çalışmışdır;
bunu o zaman buraxılmış afişalar göstərir;
lakin Tağıyev teatrının binasında baş
vermiş yanğın nəticəsində ilk tamaşa
təxirə salınmış və ancaq 1919-cu
il martın 7-də göstərilmişdir.
4.Bəstəkar «Aşıq Qərib» operasının,
«Evli ikən subay», «Əlli yaşında çavan»
musiqili komediyalarının və b. əsərlərin
müəllifi, öz qardaşı Zülfüqar
Hacıbəyovu nəzərdə tutur.