Azərbaycan türk xalq musiqisi ümumiyyətlə
Şərq musiqisinə daxildir, lakin Şərqdə
bir neçə musiqi sistemi, məsələn, çin,
hind, ərəb-fars musiqi sistemləri vardır;
bunlar təkcə müasir Avropa sistemindən deyil,
həm də bir-birindən fərqlənir. Bəs,
Azərbaycan xalq musiqisi həmin sistemlərin hansına
əsaslanmışdır? Ərəb-fars sisteminə.
Azərbaycan xalq musiqisinin ərəb sisteminə
məxsus olduğu xarici əlamətlərin: adların,
istilahların, musiqi alətlərinin, nəzəri
müddəaların və sairə cəhətlərin
ümumi olmasından görünür; bütün
bu xarici əlamətlərdən başqa, Azərbaycan
musiqisi ilə ərəb musiqisi arasında dərin
daxili əlaqə də vardır; bu əlaqə
özünü nədə göstərir? Əvvəla,
ərəb-fars sisteminə əsaslanan istər vokal,
istərsə də instrumental musiqi Azərbaycan
türkünə, məsələn, çin sisteminə
əsaslanan musiqidən daha doğma və anlaşıqlı
görünür. Digər tərəfdən, Azərbaycanda
elə bir türk xalq mahnısına və ya xalq
yaradıcılığının başqa bir formasına
təsadüf etmək olmaz ki, onun melodiya əsasını
ərəb-fars sistemi deyil, başqa bir sistem təşkil
etmiş olsun. Bəlkə ərəb-fars musiqi sistemi
ilə yanaşı xüsusi türk sistemi də
vardır? Ola bilsin, uzaq keçmişdə belə
bir sistem varmış, yaxud bəlkə də indi
çin, hind və ya ərəb-fars sistemi adlandırılan
sistemlərin əsasını bir zaman türk sistemi
təşkil etmişdir. Hazırda belə bir xüsusi
sistem yoxdur, müxtəlif ölkələrdə,
məsələn, Turkiyədə, Azərbaycanda
(İran Azərbaycanı daxil olmaqla), Türkistanda,
Krımda (Povoljye istisna edilməklə) yaşayan
bütün türk xalqlarının musiqisi ərəb-fars
sisteminə əsaslanır, həm də türklər
və krımlılar ərəblərə, Azərbaycanlı
və türkistanlılar isə farslara daha yaxındır.
Povoljye tatarlarının musiqisində (xalq mahnılarında)
yarımtonlar yoxdur, onun əsasını beşpilləli
səs düzümü təşkil edir, bu, musiqi
tarixində qədim çin qamması hesab olunur.
Əsasən məşhur alimlər tərəfindən
işlənilən ərəb-fars musiqi sistemi vaxtı
ilə coşğun inkişaf etmiş və elmi
cəhətdən əsaslandırılaraq, qədim
yunan musiqi sistemindən heç də geri qalmamışdır.
Avropanın ən yeni alimləri sübut edirlər
ki, ərəb-fars musiqi mədəniyyəti o qədər
inkişaf edibmiş ki, intervalları ölçmək
üçün mustəqil sistem «messel» varmış
və ərəb alimləri tersiyaların və
onların həllinin—sekstaların konsonans əhəmiyyətini
yunanlardan əvvəl başa düşmüşlər.
Musiqi yazıçısı Kizavetterin dediyinə
görə, bu musiqi sənətinin tərəqqi
dövrü VII əsrdə xəlifəlik dövründə,
İran istila olunduqdan sonra başlanmışdır;
o zaman qədim fars mədəniyyəti istilaçılara
keçmiş və inkişaf etmişdir. Kizavetterin
dediyinə görə, qədim musiqi yazıçısı
Xəlil (VIII əsr) olmuşdur, o, vəznlər
və tonlar haqqında kitab yazmışdır.
X əsrdə Əbu-Naf Məhəmməd-ibn
Tarxan adlı məşhur bir alim meydana gəlmişdir.
Onu anadan olduğu yerin adı ilə Əl Farabi
adlandırmışlar. Əl Farabi, yaxud sadəcə
olaraq Farabi yunan musiqi sisteminə dərindən bələd
idi və həmin sistemi müsəlman Şərqində
tətbiq etməyə çalışırdı;
türk ensiklopediyaçısı Şəmsəddin
Sami Bəyin dediyinə görə, Farabi Ərəstunun
bütün nəzəri musiqi əsərlərini
ərəb dilinə tərcümə etmişdir.
Digər musəlman alimlərinin haqlı müqavimətinə
baxmayaraq, Farabinin sə'yi nəticəsiz qalmamışdır:
ərəb-fars sistemi nəzəri cəhətdən
qismən yunan musiqi mədəniyyətinin tə'siri
altına düşmüşdür.
Sonrakı alimlər musiqini yunan dilində
olduğu kimi «musiqi» adlandırmış və məşhur
yunan alimləri Fitaqorisi (Pifaqor) və Ərəstunu
(Aristoteli) musiqi elminin baniləri hesab etmişlər.
Musiqi sənətinin coşqun inkişafı
Tamerlan dövründə, Tamerlan İranı fəth
etdikdən sonra (XIV əsr) davam etmişdir.
O dövrün musiqi alimləri içərisində
Səfiəddin Əbdül-mömin ibn Faxir-ül-Urməvi-ül-Bağdadi
böyük şöhrət qazanmışdır.
Avropa alimləri onu ən görkəmli ərəb-fars
musiqi nəzəriyyəçisi adlandırır
və Şərqin müdrik alimi hesab edirdilər.
Səfiəddin «Şərəfiyyə» adlı
nəzəri musiqi əsəri yazmışdır,
bu əsər sonrakı alimlər arasında böyük
şöhrət qazanmışdır. Fars ensiklopediyaçısı
Mahmud Şirazi də (1315-ci ildə vəfat etmişdir)
musiqi sahəsində məşhur olmuşdur. Şirazi
«Dürrətit tace» adlı musiqi əsərində
qədim ərəb-fars messel nəzəriyyəsini
müfəssəl izah etmişdir. XIV əsrin görkəmli
alimi, «Melodiyalar məcmuəsi» və sairə musiqi
əsərlərinin müəllifi Əbdülqədir
ibn İsa öz dövründə böyük şöhrət
qazanmışdır.
 Yuxarıda göstərilən yazıçı
və alimlərin sistemi ondan ibarətdir ki, onlar
Kizavetterin dediyinə görə, oktavanı 17 hissəyə
bölmüş və bu səslərdən 12 əsas
kök və ya məqam almışlar; Avropa alimlərinin
təfsirinə görə 17 hissəyə bölünmüş
oktava aşağıdakı şəkildə imiş:
cxx dxxe fxx gxxs bxxc
Şərq təfsirçiləri 17 pilləli oktava
haqqında bir kəlmə də olsun danışmamışlar,
ümumiyyətlə onlar «pərdə», «sövt»,
«nəğmə» və sairə istilahları yerində
işlətmədikləri üçün onların
izahı dumanlı və anlaşılmazdır.
Əl Farabiyə aid edilən ton sxemi doqquz
konsentrik çevrədən ibarətdir, çevrələrdən
birincisi 6, ikincisi 12, üçüncüsü 24
hissəyə və i. a. bölünür; bu cədvəl—diaqram
o qədər anlaşılmazdır ki, onu Vəzirinin
sözləri ilə desək, «müasir mədəniyyət
başa düşmək iqtidarında deyildir». Birinci
altı bölgü «şeş-danq» adlanır.
Şərq təfsircilərinin izahına
görə, əsas səslər dörddür,
bunlar öz aralıq səsləri ilə birlikdə
yeddi pillə əmələ gətirir. 4 səs
3 aralıq səsinə vurulduqda 12 məqam alınır;
hər məqamın 2 şö'bəsi və 4
guşəsi vardır, deməli, cəmi 24 şö'bə
və 48 guşə vardır, bütün bunlardan
başqa 15 avaz vardır. 12 məqam özünün
24 şö'bəsi və 48 guşəsi ilə
birlikdə 84 lad əmələ gətirir.
Avropa alimləri avazların sayının
6 olduğunu söyləyirlər, onlar 84 ladın
əmələ gəlməsini belə izah edirlər;
ərəblərdə və farslarda oktava tetraxorda
və pentaxorda bölünmüşdür; tetraxordun
1-ci və 4-cü tonları, pentaxordların 1-ci,
4-cü və 5-ci tonları dəyişməz qalmışdır,
hər ikisinin 2-ci və 3-cü tonları dəyişmişdir,
bunun nəticəsində ikinci dərəcəli
qammalar alınmışdır. Tetraxordun 2-ci və
3-cü tonlarınıı yeddi cür, pentaxordun
2-ci və 3-cü tonlarının isə 12 cür
dəyişməsi mümkündür; deməli,
tetraxordun bütün dəyişikliklərini bir-bir
götürüb, hər birində pentaxordun bütün
12 dəyişikliyini aparsaq 7x12 =84 alınar, buraya
12 məqam da daxildir (A. S. Razmadze. «Musiqi tarixinə
dair oçerklər»).
Avropa alimlərinin (Kizavetterin) fikrincə,
12 məqam aşağıdakı səsdüzülüşündən
ibarət olmuşdur:
1. Üşşaq—c d e f g a b c
2. Nəva—c d es f g as b c
3. Busəlik—c des es f g as b c
4. Rast—c d e f g a b c
5. Əraq—c d e f g dis a h c
6. İsfahan—c d e f g as b c
7. Zirəfkənd—c d es f fis gis a b c
8. Büzürg—c d e f fis g a hc
9. Zəngulə—c de f fis a b c
10. Rəhavi—c des e f g es as b c
11. Hüseyni—c des es f ges as b c
12. Hicaz—c des es ges as b c
Zaman keçdikcə istər baş məqamlar,
istərsə də onların şö'bə, guşə
və avazları böyük dəyişikliklərə
uğramışdır: bə'zi məqamlar öz
müstəqil əhəmiyyətini itirərək
şö'-bəyə və ya guşəyə
çevrilmişdir, bə'zi şö'bə və
guşələr isə müstəqil məqama
çevrilmişdir; sonra Bayatı-şiraz, Şur
kimi yeni adlar meydana gəlmişdir.
Beləliklə, mövcud qayda tamam dəyişmiş
və 12 məqamdan ancaq Rast bugünədək həm
öz quruluşunu, həm də adını saxlamışdır.
Son vaxtlar fars nəzəriyyəçiləri «dəstgah»
adlı yeni musiqi istilahı işlətməyə
başlamışlar, bu söz istər İranda,
istərsə də bizim Azərbaycanda «məqam»
sözünü demək olar ki, sıxışdırmışdır:
«Dəstgah» (mə'nası «bina» deməkdir) demək
olar ki, bütün şö'bə və guşələri
ilə birlikdə məqamın eynidir.
Dəstgahın əsasını təşkil
edən məqamın adı dəstgahla yanaşı
işlənir, məsələn, «Rast dastgahı»,
«Şahnaz dəstgahı» və s.
Şərq musiqi yazıçılarının
dediyinə görə, tonları və onların
hərəkətini işarə etmək üçün
ərəbcə «xtuti teme-vuci» adlanan xüsusi dalğalı
xətlər var imiş.
Avropa tədqiqatçıları göstərirlər
ki, səs düzülüşünün pillələri
«əbcəd» əlifbasından götürülmüş
hərflərlə, məsələn, Əlif, Bey,
Cim, Dal, Hey, Vav, Zay yaxud birinci yeddi rəqəmin
fars adları ilə (Yek, Do, Se, Çahar, Pənc,
Şeş, Həft) adlandırılmışdır.
Şərq təfsircilərinin izahına
görə, ritmik şəkillər hecaları ayıran
səsləri ifadə etmişdir, məsələn,
tan, tan-tan, tantatan, tanin. «Tan» simə bir zərbə,
«tantan» dalbadal iki zərbə, «tantatan» isə bir
zərbə və bunun ardınca iki zərbə
vurmaq deməkdir.
Qədim metafizik alimlər musiqini təbiətlə
və təbiət hadisələri ilə müqayisə
edirdilər. Belə ki, dörd əsas səs dörd
təbiət qüvvəsinə: oda, suya, torpağa
və havaya uyğundur,. Pifaqorun təsvir etdiyi yeddi
dil yeddi bürcə müvafiqdir. Sonra, Rast bahar nəsiminin
əsməsindən, Rəhavi yağışdamcılarının
səsindən, Çahargah göy gurultusundan, Dügah
fəvvarə vuran bulağın şırıltısından,
Mahur üzgü zamanı suyun şappıltısından,
Məğlub leysan səsindən götürülmüşdur...
Qədim alimlər musiqiyə tibbi əhəmiyyət
verərək deyirdilər ki, xəstəliklər
insan orqanizmində hərarətin ya qalxmasına,
ya da enməsinə səbəb olur. Hərarəti
yüksək olan xəstənin kədər və
qüssə oyadan musiqiyə qulaq asması faydalıdır;
hərarəti aşağı olan xəstə isəşən
və oynaq musiqini dinləməlidir…
Alimlər musiqiyə dini əhəmiyyət
də vermişlər. Bu müəyyən dərəcədə
onunla izah edilir ki, alimlər musiqini «şeytan əməli»
hesab edən fanatik mollaların və onların tərəfdarlarının
tə'qibindən qorumağa çalışırdılar.
Əməli musiqi fəaliyyəti müsəlmanlar
arasında bugünədək günah iş sayılır,
buna ancaq nəzəri laraq yol verilir.
Nüfuzlu mollaların və onların ardıcıllarının
musiqiyə bu cür münasibəti alimlərin
sə'yinə baxmayaraq, musiqi sənətinin inkişafına
o qədər zərərli tə'sir göstərmişdir
ki, musiqi sənəti 6—7 yüz il ərzində
zərrə qədər də olsun irəliləməmişdir.
Ərəb-fars sistemini qəbul edən xalqlar
zaman keçdikcə həmin sistemdə yerli şəraitdən
irəli gələn dəyişikliklər etmişlər;
hər bir xalq ərəb-fars sistemi əsasında
öz xususi musiqi binasını ucaltmağa başlamış
və onu öz estetik tələbatına uyğun
bir tərtibata salmışdır.
Bu əsas üzərində ərəb, fars,
türk, Azərbaycan, Türkistan üslubları
meydana gəlmişdir.
Hazırda Azərbaycan musiqisi çoxlu şö'bə
və guşələri ilə birlikdə aşağıdakı
müstəqil köklərə malikdir: Rast, Segah,
Şur, Çahargah, Şüştər, Zabil, Şahnaz,
Bayatı-Şiraz və Hümayun. Bütün Azərbaycan
türk xalq musiqisi ancaq yuxarıda göstərilən
köklərə əsaslanır. Bu barədə
gələn dəfə danışarıq.2
1. Məqalə Ü. Hacıbəyovun Azərbaycan
xalq musiqisinin nəzəri əsaslarını böyük
səylə öyrəndiyi illərdə yazılmış
və «Na rubeje Vostoka» jurnalının 1929-cu il 3-cü
nömrəsində dərc olunmuşdur. Məlumdur
ki, bəstəkarın uzun illər boyu apardığı
tədqiqat nəticəsində 1945-ci ildə onun
«Azərbaycan xalq musiqisinin əsasları» adlı
çox mühüm əsəri meydana gəlmişdir.
Ü. Hacıbəyov bu məqalədə əks
etdirilən fikir və müşahidələrini
məhz həmin əsərində elmi cəhətdən
dolğun və səlis bir şəkildə ifadə
etmişdir. Bu məqalədə bəstəkar 1926-cı
ildə «Şərq musiqisi haqqında qərb alimlərinin
təfsiri» məqaləsində söylədiyi fikirləri
inkişaf etdirmişdir. Rus dilindən tərcümədir.
2. Nəzərdə tutulan məqalə bizə məlum
olmayan səbəblərə görə nəşr
edilməmişdir.