Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

 

Ədəbiyyatda tərcümənin mövcud olduğu hər kəsə məlumdur. Hər millətin milli orijinal ədəbiyyatı olduğu kimi, sair millətlərin ədəbiyyatından tərcümə edilmiş əsərlər də az-çox vardır.

Fəqət musiqi ədəbiyyatının tərcüməsi indiyə qədər görülməmiş bir şeydir. Bununla da başlıca səbəbi budur ki, Avropa millətlərinin musiqiləri sistem cəhətindən müştərək əsas üzərinə müstəniddir. Məsələn, alman millətinin musiqisi milli koloritcə italyan musiqisindən nə qədər təfriq edilirsə də, ikisinin də əsası major və minor qammalardır. Burada musiqi ədəbiyyatında tərcümə əvəzinə mövcud olan şeylər bunlardır.

1. Təbdil—yəni bir kəsin yazmış olduğu musiqi əsərinin mövzusunu iqtibas edib o mövzu üzərində başqa bir formada musiqi əsəri yazmaq.

2. Transkripsiya—yəni bir bəstəkarın musiqi əsərini götürüb üzərinə bir çox şeylər artırmaq, müxtəlif variasiyalara salmaq və sairə.

3. Transparsiya—yəni bir musiqi əsərini bir qammadan digər bir qamma keçirmək; məsələn: «do» major namində yazılmış bir əsəri «sol» majora keçirmək və sairə.

4. Təsirini dəyişmək—yəni major qammalar üzərində yazılmış bir əsəri eyni ilə bir adlı minor qammaya keçirmək.

Fəqət bunların heç biri tərcümə deyildir. Tərcümə hasil olmaq üçün əsaslar başqa olmalıdır.

Qərb musiqi əsasından qeyri-olanlardan ən ümdəsi Şərq musiqisi əsasıdır. Boylə olduğu surətdə Qərb musiqisi əsası üzərində yazılmış olan bir musiqi əsərini, formasını və ideyasını da saxlamaq şərtilə Şərq musiqisi əsasına çevirsək, zənnimcə, əsil tərcümədən anlaşılan məqsəd hasil olar.

Ədəbiyyatda tərcüməçinin birinci məqsədi başqa bir dildə yazılmış əsəri öz dilinə çevirməklə eyni əsəri öz dilində danışanların anlayaçağı bir hala salmaqdır.

Musiqi tərcüməsi də boylə olmalıdır. Yəni anlaşılmayan Qərb musiqi parçasını Şərq musiqisinə tərcümə ilə şərqlilərin anlayacağı bir hala salmaq2.

Ədəbiyyatda tərcümənin əvvəla, ədəbi, saniyən, əslinin ideyasını tamamilə şərh edəcək dərəcədə mükəmməl olmağı ümdə şərtlərdən sayılan kimi musiqi tərcüməsində də bu şərtlərə riayət olunmalıdır.

İştə bu tərcümə ideyası əsasən qəbul edilib və yolları da ətraflı öyrənildikdən sonra qövldən felə keçirilərsə, Şərq musiqisinin gözlənilməyən bir surətdə sürətlə tərəqqi etməsinə səbəb olar.

Qərb musiqisinin min il ərzində tərəqqilər görüb bu günkü dərəcəyə çatmış olan formaları içində məstur olan ideyası ilə bərabər Şərq musiqisinə keçirilməklə, qədimdən bəri tərəqqisiz qalmış olan Şərq musiqisi həyatında geniş bir tərəqqi inqilabı əmələ gətirə bilər və Şərq musiqisinin gələcəkdə ümumaləm musiqi sənəti sahəsində böyük bir rol oynayaçağına səbəb olar.

Digər tərəfdən, şərqlilər Qərb musiqisi ədəbiyyatında mövcud olan müxtəlif ideyaların ənvai-təəssürat və hissiyyatını anlamağa öyrənişər.

İnsan anlamadığı bir dili eşidərkən bir növ sıxıntı çəkdiyi kimi, məçazi bir lisan hökmündə olan musiqini dəxi anlamadıqda əsəbi bir hala düşür.

Qərb musiqisinin ən dərin mənalı parçalarını şərq əhli başa düşmədiyindən o gözəl sənət nümunəsinə qarşı nifrət izhar edir və bu hiss hər bir sinifdə müşahidə olunur. İstər elm sahibi olsunlar, istər olmasınlar Şərq əhli öz musiqilərinə o qədər alışmışlar ki, onu anlamaq və hiss etmək üçün nəzəri və əməli cəhətlərini öyrənməyə heç də ehtiyac yoxdur. Halbuki Qərb musiqisini anlamaq üçün sənələrcə onu dinləməkdən əlavə nəzəri cəhətlərini dəxi öyrənmək lazımdır.

Avropa bəstəkarlarından məşhur Delibin «Lakme» adındakı operası mevzusunun şərq həyatından götürülmüş olmasına və sözlərinin də bizim dilimizə tərcümə edilməsinə baxmayaraq camaatımız tərəfindən anlaşılmadı3. Çünki ikinci planda olan və zatən operada bir ( qədər əhəmiyyəti olmayan qoftəsi tərçümə edilmiş olduğu halda, birinci dərəcədə əhəmiyyəti olan bəstəsi, yəni mu siqi cəhəti tərcümə edilməmişdi.

Musiqi tərcüməsinin yollarını təyin, yəni neçə tərcümə edilmək qaydalarını təsbit və zəbt etmək həm Qərb və həm də Şərq musiqisinin qəvaidinə kamalınça vaqif olanların işi olmaqdan əlavə, boylə bir məşğuliyyəti musiqi dərsləri qismində olaraq musiqi məktəblərinə dəxi keçirib şagirdləri bu yolda öyrətməlidir.

Bu növ məşğələ yuxarıda zikr edilən faydalardan əlavə Şərq və Qərb musiqisi üslubunu müəyyən surətdə şagirdlərə aşkar etməklə, Şərq musiqisini Qərb musiqini bir çox biməzmun valsları, maçiçləri4 və sair danslarının sui-təsirindən uzaq saxlar.

 


1. Məqalə «Maarif və mədəniyyət» jurnalının 1926-cı il 5—6-cı nömrəsində çap olunmuşdur.
2. Bu yolda axtarışlar aparan bəstəkar o zaman bir sıra dərsliklər yaratmışdır ki, bunlardan biri «Qanon tipli texniki məşğələlər», digəri isə «Dulovun repertuarı»ndan kötürülmüş və tar üçün yenidən işlənilmiş on məşğələdir.
3.Azərbaycan dilinə tərcümə edilmiş Leo Delibin (1836—1891) «Lakme» operası 1924-cü ildə rus aktyorlarının iştirakı ilə Bakıda tamaşaya qoyulmuşdu. Tamaşa bir sıra səbəblərə görə müvəffəqiyyət qazanmamışdı. Bu səbəblərdən biri də ifaçiların Lakme rolunda cixış etmiş Şövkət xanım Məmmədovadan başqa Azərbaycan dilini bilməməsi olmuşdur.
4.Yəni marşlari



 

 

 
   © Musigi Dunyasi, 2005