Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

 

ŞƏRQ MUSİQİSİ VƏ QƏRB MUSİQİ ALƏTİ1



Şərq musiqisini Qərb musiqi aləti vasitəsilə icra etmək mümkündürmü? Hal-hazırda bu sual bir qədər qəribə görünə bilər, çünki Şərq musiqisinin Qərb aləti-musiqiyyəsi vasitəsilə çalındığını çox eşidirdik. Məsələn, operalarda və başqa münasib yerlərdə. Fəqət bununla belə bu məsələ musiqi maraqlıları arasında mübahisə törədən mühüm bir məsələdir. Bəziləri deyirlər ki, Şərq musiqisi Qərb musiqi alətində düz çıxmaz və çalınarsa da düz çalınmır, bəzidəri isə bunun əksini iddia edirlər.

Hər halda, çalınanlar düzmü çalınır və çalanlar düz çala bilirlərmi? Bunun ilə bizim bəhsimiz yoxdur. Əsil mübahisə bunun üstündədir ki, düz çalmaq və çalınmaq mümkündürmü?

Bu sualın bəhsinə girişməzdən qabaq əvvəlcə bir əsas sualın cavabı verilməlidir ki, o da budur: Şərq musiqi aləti mövcud olduğu halda Şərq havalarını Qərb aləti-musiqiyyəsi ilə çalmaq meylinə ehtiyac varmıdır?

Buna cavab olaraq öz tərəfimizdən deyirik ki, bəli, ehtiyac vardır.

Çünki Şərq musiqi alətimizin səda xüsusiyyəti ki ona «tembr» deyirlər, bizcə nə qədər məlih və munis olsa da, ənvainin azlığı və baxüsus özlərinin ibtidai və nakamil bir halda olmaları müxtəlif növlü və kamil «konstruk-siyalı» olan Qərb musiqi aləti istemalına məcburiyyət doğurur.

Bundan əlavə, madam ki, biz Qərb musiqi alətinin çalğı təlimini musiqi məktəblərimizin proqramına daxil edirik ki,—bu da doğru bir ömrdir—bu aləti musiqiyyədən öz musiqimizin tərəqqisi üçün mümkün olduqca böyük faydalar əxz etməliyik.

Bu xüsusda hələlik bu qeydlərlə iktifa edib də başdakı mövzuya müraciət edirik. Şərq musiqisini Qərb musiqi aləti ilə icra etmək mümkündürmü?—deyə irad edilən mühum sualın cavabı aşağıdakı iki sualın cavablarından asılıdır.

1) Qərb aləti-musiqiyyəsini «tembr»i Şərq musiqisinə yaraşırmı?

2) Şərq musiqisində mövcud olan sədalar (tonlar) Qərb musiqi alətində tamamilə mövcuddurmu və pərdələri bir-birinə müvafiqdirmi?

Birinci suala gəldikdə, Qərb musiqiçiləri özləri nəfəs ilə çalınan alətdən «qaboy» və «ingilis nəfiri» deyilənlərini «tembr»cə Şərq musiqisinə daha uyğun hesab edib, «şərq»i üslubdakı bəstələrinin çalınmasını bu alətə həvalə edirlər. Həqiqət, bu iki alətin səsləri, baxüsus «bəm»dəkiləri bir dərəcəyə qədər bizim «zurna» və «yastı balaban» dediyimiz alətimizin sədalarına yaxındır. Onlardan da, bunlardan da bir növ «tin-tin» səs çıxır ki, «melanxolik» təsiri vardır. Fəqət bunlardan əlavə sair Qərb aləti dəxi «tembr»cə Şərq musiqisini gözəlcə ifadə edə bilir. Məsələn, «vialon». Bizim kamançanın yoldaşı olan və qərb orkestrında birincilik dərəcəsində bulunan bu «instrument»də Şərq musiqisinə məxsus hər bir hava çalmaq olar və zənnimcə, bunun telləri üzərində «Segah» dəstgahı başqa dəstgahlara nisbətən daha müvəffəq bir surətdə çalına bilir. Telləri üzərində barmaq sürüşməsilə hasil olunan və musiqidə «helisando» deyilən vıyıltılardan istifadə ilə «Segah»ı gözəlcəsinə ifadə etmək olar. Dörd telindən hərəsinin xüsusi bir təsiri vardır.

Vialondan bir az böyük olan «alt» öz tutqun və kədərli «tembr»i ilə baxüsus «Çahargah» çalmağa yaraşap gözəl bir sazdır. Bunun telləri açıq və təhvərdən tutmuş hüzn, iştiyaq və sövdaya qədər müxtəlif hisslər oyatmağa qadirdir.

Altdan çox böyük olub, çanağı iki ayaq arasında tutulub çalınan «violonçel»in füsunkar sədası Şərq dəstgahlarından, zənnimcə, «Şüştər», «Bayatı-Şiraz» və «Hümayun»u böyük bir müvəffəqiyyətlə ifadə edə bilər.

Bədə nəfəs ilə çalınanlardan böyük «fleyt» ki bəmdə çalınanda «ney» sədasına bənzəyir. «Bayatı-İsfahan», yəni «Bayatı-Şiraz» üçün çox yaraşandır. Məşhur «klarnetin» «bəm» sədası «Çahargah» və miyanxanəsi isə «Hicaz», «Bayatı-kürd» və bunlara bənzəyən dəstgahlar üçün çox yaraşar.

Yoğun səsli «fahut»da «Şur» eyyi olur.

Nəhayət, nəfəslə çalınanlardan gurultulu sədaləri olan trumba və trombon «Rast», yumşaq səsli «korni»lər isə «Şur» dəstgahını lazımınca ifadə edə bilər.

Şübhəsizdir ki, bu alətin hər biri ilə ümum dəstgahları dəxi gözəlcəsinə çalmaq olar. Burada hər bir alətə bir dəstgah verməmiz dəstgah ilə alətin məzacında bir müvafiqət mövcud olduğunu zənn və ya hiss etdiyimizdəndir. Ola bilər ki, başqaları bu xüsusda bizim zənnimizə şərik olmayalar, fəqət ümumiyyətlə Qərb musiqi alətinin «tembr»cə Şərq musiqisinə çox gözəlcəsinə yaraşdığını heç bir musiqiçi inkar etməz və edə də bilməz.

İkinci suala gəldikdə, burasını bilməlidir ki, Qərb musiqisinin əsası olan pərdələr (tonlar) iki növdür: bütöv pərdə və yarım pərdə; hər bir bütöv pərdə iki yarım pərdə təşkil edir, yarım pərdədən əksik ton yoxdur. Halbuki Qərb musiqi alimləri özləri yazırlar ki, Şərq musiqisində yarımdan əlavə bir də çərək pərdə mövcuddur.

Bu fikrin nə qədər doğru olub-olmadığı öz-özlüyündə mübahisəli bir keyfiyyətdir ki, şərhi xüsusi bir məqaləyə möhtacdır. Ona görə burada bu məsələyə əl vurmayıb, ancaq onu deməliyik ki, Şərq musiqisində hər nə tövr tonlar olur olsun, vialon, alt və violonçel ilə çalmaq olar. Çünki bu alətin telləri çəkilişi olan qolları üzərində pərdə işarətləri yoxdur (kamança kimi). Ona görə çalanın barmağı bu alətdən nə tövr səda istəsə çıxarmağa qadirdir.

Binaən əleyh, vialon, alt və violonçelin telin həm «tembr»cə və həm də pərdələr müvafiqliyi cəhətincə Şərq musiqisinə yarar olduqları aşkara çıxır.

Nəfəslə çalınan alətdən dəxi sədalarını çalanın ustadlığı sayəsində cüzi olaraq aşağı və yuxarı etməklə mətlub edilən tonları hasil etmək mümkündür.

Burada tonlarına heç bir vəchlə təğyir verilməyən bir saz varsa, o da yalnız piano və bunun əmsalıdır. Bu qisim alətin hər bir sədasına məxsus öz teli vardır və o tellər yalnız ton və yarımton ölçüsü ilə qurulmuş olduqlarından, təğyir edilmələri heç bir növlə qabil deyildir.

Bununla belə Şərq havalarını piano üzərində dəxi çalırkən müvafiq gəlməməsi qulaq üçün naxoş gələn tonlar bir «segah» və bir də «çahargah»da hiss edilir və bunlardan da çahargahdakı bir o qədər naxoş olmayıb ən pisi segahdadır, ki, o da segahın ən axırıncı sədasıdır. Bu uyğunsuzluq «Bayatı-Şiraz»ın dəxi axırıncı pərdəsində oos müşahidə edilir ki, bunun hamısına «xaric barmaq», yəni namüvafiq tonlar deyirlər.

Məsələn, «Do» kögündə segah çalmaq istədikdə segahın baş tonu ya «Mi» olmalıdır və ya «Mi be mol!» halbuki nə o və nə də bu mətlub səda deyildir. Və habelə yenə «Do» kökündə çahargah çalarkən üçüncü sədanın nə «Mi» və nə də «Mi be mol» olduğu hiss edilir. Və yenə məsələn, «Sol» kögündə Bayatı-Şiraz çalınarkən «ayaq» yerinə «Mi» də yaraşır, «Mi be mol» da.

Bununla belə bu üç ittifaqda «Mi» və ya «Mi be mol» seçilmək istənildikdə qulaq hər halda «Mi» sədasına tərcih verir ki, nəzəri cəhətincə dəxi doğrusu «Mi»dir. Yalnız bir piano məsəlli sazlarda bir neçə sədanın cüzi olaraq müvafiq gəlməməyi Qərb musiqi alətinin musiqimizin tərəqqisi yolunda verə biləcək böyük mənfəətlərin qabağını kəsməməlidir. Burada böyük rol oynayan zatən bir o qədər səda uyğunluğu olmayıb bəlkə həqiqi Şərq üslubuna riayət edilmək fərzdir. Bu üsluba riayət edilmədiyi halda, Şərq musiqisi öz aləti-musiqimizdə dəxi düz çıxmaz.

Binaən əleyh birinci şərt üslubdur. Bu üslubu batil edən hər bir musiqi hansı alət ilə çalınır-çalınsın Şərq musiqisini düz yolundan azdırıb xaric yollara sala bilir. Halbuki üsluba riayət edildiyi halda deyil. Bir vialon, alt, vialonçel və sairə, bəlkə piano vasitəsilə dəxi Şərq musiqisini kəmali-müvəffəqiyyətlə ifadə etmək mümkündür2.

Odur ki, məzkur şərt daxilində olaraq, Qərbin bir o qədər zəngin və kamil olan aləti-musiqiyyəsindən Şərq musiqisinin tərəqqisi yolunda olduqca istifadə etmək lazımdır.

 


1. Məqalə «Maarif və mədəniyyət» jurnalının 1926-cı il 4-cü nömrəsində çap olunmuşdur.
2. Hələ o zaman bu yolda axtarışlar aparan bəstəkar sonralar təcrübə məqsədilə fortepianoda çalmaq ücün şərq mövzusunda dörd xırda pyes yazmışdır.

 

 

 
   © Musigi Dunyasi, 2005