Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

TEATR TƏƏSSÜRATI 1

 Keçən türk opera teatrlarının birində səhnəyə statist «olmaq üzrə bir nəfər aktris buraxılmışdı. Bu aktrisin səhnə hərəkəti kəndisinin teatrda artistlik sənətinə lazımınca vaqif olduğunu bildirirdi. Fəqət onun eyni hərəkəti məzkurənin şərq əhli olmadığını dəxi ümum tamaşaçılara bildirdi. Çünki aktrisin hər bir hərəkəti, yə'ni səhnə gəzişi və teatr lisanında «mimika», «jestikulyasiya» deyilən ümum tərpənişi yalnız qərb əhlinə məxsus hərəkətlər idi. Bir sözlə—aktris oyuna yaraşmadı.

İştə, bu «yaraşmamaq» fəqərəsi teatr sənətindən başqa, musiqi və rəssamlıq kimi incəsənətlərdə dəxi hiss edilir, yə'ni Şərq əhli Avropa bəstəkarlarının «Şərq musiqisi» dedikləri əsərlərini eşidər və rəssamlarının da «Şərq stili» lövhələrini görərkən nə onun və nə də o birinin Şərqə heç də yaraşmadığını hiss edib boylə əsərlərdən zövq almamaqdan başqa hələ bir də «cinlənmək» dərəcəsinə gəlir.

Bu nədən əmələ gəlir?

Yə'ni nədəndir ki, Qərb incəsənət sahiblərinin Şərqə aid yaratdıqları əsərlər Şərq əhlinə zövq vermir? Əsərlərin zəifliyindənmi? Və ya Avropa sənətkarlarının iqtidarsızlığındanmı bu hal əmələ gəlir? Nə ondan, nə də o birindən!

Çünki məktəb görmüş, elm almış və qulluq etdiyi sənətin nəzəriyyat və əməliyyatı üstündə sənələrcə çalışıb ixtisas kəsb etmiş olan Avropa sənətkarlarının nə özlərini iqtidarsızlıqda və nə də əsərlərini zəiflikdə ittiham etmək olmaz.

Burada məsələ yalnız bir şey üstündədir. O budur ki, Avropa sənətkarları Avropa üslubundan bir az qeyri olan bir növ «üslub və ya stil» çıxarıb adına «Şərq stili» deyirlər. O cümlədən, məsələn: «Musiqidə artırılmış sekunda» iste'malı, şe'rdə «gül və bülbül» fəqərəsi, rəsmdə «Butələrə bənzər güllər», teatrda rəngarəng əlbisə geyib salama oxşayan hərəkətlər göstərmək və sairə.

İştə, şərqlilərin zövqünü korlayıb hətta ruhlarını belə incidən bir şey varsa, o da bu saxta «Şərq stili»dir...

Avropa sənətkarları əgər Şərq sənətini törətmək istərlərsə, kəndi sənətlərinin müxtəlif qəvaidini sənələrcə zəhmət çəkib öyrəndikləri kimi, saxta «Şərq stili»ndən əl çəkib, əsil Şərq incəsənətinin bütün xüsusiyyətlərini kamali-sə'y və ehtimam ilə sənələrcə öyrənməli və bu sənətə ruhən mərbut olmalıdırlar ki, yaratdıqları Şərq sənəti də Şərq əhlinə zövq verib ənis və munis görünə!

Yenə eyni teatrda türk artistlərindən birisi ağzını açıb öz partiyasını (şur) oxuyan kimi, kəndinin avropayı qina (xanəndəlik) dərsi oxuduğunu bildirdi.

Bu isə təhsin və təsvibə layiq bir işdir, çünki Avropa səliqəsilə keçilən qina dərsləri, oxuyanın avazını qüvvətləndirir, səsini artırır və gözəlləşdirir. Türk artistləri və əlavə ümumtürk musiqi sənətkarları Avropa musiqisinin nəzəri və əməli cəhətlərini nə qədər dürüst öyrənərlərsə, bir o qədər mənfəət olar. Çünki musiqi sənəti Avropada böyük bir elm dərəcəsinə çatıb; kamil təhsil üçün on, onbeş və daha çox sənələr vaxt sərf etmək lazım gəlir. Burası kifayətdir ki, Avropa musiqi notlarını, yə'ni musiqi əlifbasını bilməyən şəxs, nə qədər qail musiqar olsa da, bir nəğməni kağız üzərində yazıb oxumağa və ya çalmağa müqtədir ola bilməz. Avropa musiqi elmini öyrənmək savadlı bir musiqar olmaq deməkdir. Fəqət Avropa musiqisini öyrənərkən bir şeyi yaddan çıxarmaq lazım deyildir ki, o da Avropa musiqisi ilə Şərq musiqisini qatışdırmamaq. Məsələn: «Şur» oxuyarkən içinə Avropa qina stili salıb «romansa» döndərməmək, «Bayatı-Şiraz» çalarkən Qərb musiqisinin «Arpecio»sına bənzər yaraşıqsız barmaqlar vurmamaq, bir şərq havasını «harmonizə» edərkən xaric səsli «akkord»lar istemalı ilə havanı korlamamaq; əlqərəz Avropa musiqisini öyrənmək şərq musiqisini xərablamaq üçün deyil, bəlkə savad, elm və bilik kəsbi üçündür ki, bu bilik sayəsində öz şərq musiqimizin qəvaidini daha tez, xüsusiyyətlərini daha aydın dərk etmək və binai əliyyə tərəqqisinə də daha artıq kömək etmək olar.

 


1. Məqalə «Maarif və mədəniyyət» jurnalının 1925-ci il 3-ci nömrəsində çap olunmuşdur.

 

 

 

 

 
   © Musigi Dunyasi, 2005