Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

BƏSTƏKARIN YARADICILIĞI 1

 İste'dadlı musiqiçi, qabiliyyətli bəstəkar, pedaqoq və ictimaiyyətçi Müslüm Maqomayev Azərbaycan incəsənəti tarixində haqlı olaraq fəxri yer tutur. O, qaynar və çoxcəhətli həyatının 30 ilini doğma Azərbaycana, xalq maarifinə və xalq incəsənətinə həsr etmişdir.

Müslüm Maqomayev Qori müəllimlər seminariyasında oxumuşdur. Burada şagirdlərə əsas fənlərlə yanaşı, musiqi sahəsində də ibtidai bilik verilirdi (skripka və nəfəsli alətlərdə çalmağı öyrənmək məcburi idi). O, seminariyanı bitirdikdən sonra əvvəlcə Lənkəranın, 1911-ci ildən isə Bakının proletar Sabunçusunun xalq məktəblərində müəllim işləmişdir.

Onun Azərbaycan musiqili teatrının ilk entuziastları sırasında coşğun fəaliyyəti də elə həmin vaxtdan başlanır; bu zaman o, artıq improvizasiya olunmuş bir neçə operanın və iki operettanın müəllifi idi.

 Azərbaycan teatrının ilk xadimləri acınacaqlı və məşəqqətli bir yol keçmişlər. Azərbaycanda amansız kapitalizm zülmünün və cəhalətin hökm sürdüyü bir şəraitdə milli musiqili teatr yaratmaq ideyasının özü belə hakim sinfə cəsarətlə meydan oxumaq demək idi.

Azərbaycan operasının ilk təşəbbuskarları, o cümlədən onların arasında görkəmli yer tutan M. Maqomayev hədsiz çətinliklərə, tə'qib və təhqirlərə mə'ruz qalsalar da, öz şərəfli işlərini cəsarət və inamla davam etdirmişlər.

M. Maqomayev təkcə gözəl təşkilatçı deyil, həm də iste'dadlı dirijor və bəstəkar olduğunu göstərmişdir.

M. Maqomayev hələ seminariyada oxuyarkən iste'dadlı musiqiçi kimi tanınmışdır. O, seminaristlərin orkestrində baş musiqiçi hesab olunmuş və çox vaxt dirijoru əvəz etmişdir.

Maqomayevin ilk iri musiqi əsəri «Şah İsmayıl» operasıdır. Bəstəkar bu əsəri 1916-cı ildə yazmağa başlamışdır. Operanın gözəl musiqi materialı və süjetin dramatik ifadəliliyi əsərin böyük şöhrət qazanmasına səbəb olmuşdur.

Maqomayev ilk operasında Azərbaycan klassik musiqisindən (muğamlardan), Azarbaycan xalqının mahnı və oyun havalarından sərbəst improvizasiya şəklində geniş və bacarıqla istifadə etmişdir.

M. Maqomayev operanın musiqisi üzərində bir neçə il yenidən işləmiş, onu yeni boyalarla zənginləşdirmişdir. Sovet dövründə o, operanın partiturasını tamamilə yeni-dən yazmışdır.

«Şah İsmayıl» Azərbaycanın o dövrki musiqi həyatında improvizə olunmuş milli operanı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək sahəsində ilk təşəbbüsdür. Burada bəstəkarın operaya məxsus əsas ünsürləri—ariyaları, duetləri, çoxsəsli xorları və s. tətbiq etmək arzusu bariz surətdə özünü göstərir.

«Şah İsmayıl» operasının təqribən 400 dəfə oynanılması və indi də böyük maraqla dinlənilməsi onun yüksək bədii mə'ziyyətlərə malik olduğunu göstərir.

M. Maqomayevin yaradıcılığının əsil inkişafı Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra başlanır. Sosialist Vətənimizdə insana göstərilən qayğı bütün incəsənət işçilərinin, eləcə də Maqomayevin məhsuldar işləməsi üçün hər cür şərait yaratdı.

Sovet dövründə bəstəkar müasir musiqi mədəniyyəti səviyyəsində duran yeni «Nərgiz» operasını, çoxlu simfonik və vokal əsərlərini yaratdı. Bu, bəstəkarın yaradıcılıq inkişafında nəhəng sıçrayış idi.

«Nərgiz» operası Azərbaycan SSR-in 15 illiyinə həsr olunmuşdur. Gənc, ordenli respublika öz ildönümünə çox böyük qələbələrlə gəlmişdi. «Nərgiz» operası formaca milli, məzmunca sosialist Azərbaycan incəsənətinin tarixi qələbələrinin parlaq ifadəsi idi.

«Nərgiz»—inqilabi mövzuda yazılan, xalq kütlələrinin üsyana qalxdığını göstərən ilk Azərbaycan operasıdır. Bəstəkarın xidməti ondadır ki, o, 1920-ci ilin aprelində mənfur müsavat hakimiyyətini devirən qəhrəman Azərbaycan xalqının fikir və hisslərini musiqi dilində canlı və inandırıcı əks etdirə bilmişdir.

 Opera tamaşaya qoyularkən bəstəkar yazmışdı: «Mən süjet seçərkən əfsanəvi, xəyali süjetdən tamamilə imtina etmiş və canlı şahidi olduğum bizim günlərin həqiqəti üzərində dayanmışam».

Mövzu yeniliyi, kəndli kütlələrinin istismarçılara qarşı mübarizəsinin musiqidə bacarıqla əks etdirilməsi müəllifin böyük xidməti hesab olunmalıdır. Dünya musiqi mədəniyyətinin dahi sənətkarlarından öyrənən, böyük rus xalqının klassik opera irsini mənimsəyən M. Maqomayev «Nərgiz» əsəri ilə müasir qabaqcıl musiqi texnikasının nailiyyətləri əsasında əsil sovet operası yaratmaq yoluna möhkəm qədəm qoymuşdur: Eyni zamanda xəlqilik onun üçün incəsənətin əsas me'yarı olaraq qalmışdır.

Müəllif yazmışdı: «Opera musiqi cəhətindən tamamilə Azərbaycan xalq musiqisi əsasında qurulmuşdur».

«Havaları sadəcə olaraq xalq musiqisi xəzinəsindən götürmək deyil, xalqın qiymətli mahnı yaradıcılığı materialı əsasında orijinal havalar yaratmaq», — bəstəkar son operası olan «Nərgiz» əsərini yazarkən qarşısına belə vəzifə qoymuşdu.

Ədalətlə demək lazımdır ki, M. Maqomayev bu vəzifəni şərəflə yerinə yetirdi. Keçmiş Azərbaycan operalarında görkəmli yer tutan improvizasiyaya burada qətiyyən təsadüf olunmur. O, ariyalar, triolar, reçitativlər, ansambl və xor üzərində böyük ustalıqla işləmişdir.

Azərbaycan həyatından götürülmüş xalq rəqsləri və oyunlarının musiqi tərtibatı xüsusilə müvəffəqiyyətlidir.

Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası günlərində «Nərgiz» operası tamaşaçılara böyük tə'sir bağışlamışdır.

İste'dadlı bəstəkar Sovet Azərbaycanının musiqi mədəniyyətini yüksəltmək üçün var qüvvəsi ilə çalışırdı. O, Azərbaycan incəsənətinin inkişaf və tərəqqisini dayandırmağa cəhd edən burjua millətçiləri cəbhəsinə mənsub başabəla nəzəriyyəçilərə qarşı bolşevik prinsipiallığı ilə mübarizə aparmışdır.

M. Maqomayev xalq yaradıcılığının tükənməz gücünə dərin inam bəsləyirdi. Azərbaycan muğamlarına və onların lad xüsusiyyətlərinə yaxından bələd olan bəstəkar xalq yaradıcılığı ilə üzvi surətdə bağlı, xalqımıza yaxın və anlaşıqlı əsərlər yaratmışdır. Bu cəhətdən onun simfonik və vokal əsərləri (bunların sayı 30-dan artıqdır) olduqca səciyyəvidir. Realist üslub, təravət, sadəlik və mə'nalılıq bəstəkarın əsərlərini fərqləndirən xüsusiyyətlərdir. «Azərbaycan çöllərində» rapsodiyası, «Ceyranı», «Turacı» oyun havaları, XVII partiya qurultayına həsr edilmiş marş, «Bahar», «Bizim kənd», «Mazut ordusu» və b. mahnılar buna misal ola bilər.

M. Maqomayev bir sıra dram əsərlərinə və kinofilmlərə gözəl musiqi yazmışdır. O, 300-dən çox xalq melodiyasını nota salmışdır, bunların bir hissəsi 1927-ci ildə nəşr olunmuşdur.

Sovet Azərbaycanının musiqi mədəniyyətinin inkişafında Maqomayevin xidməti böyükdür. Partiya və hökumət bəstəkarın görkəmli xidmətlərini nəzərə alaraq ona Əməkdar incəsənət xadimi adı vermişdir.

Artıq yatağa düşmüş M. Maqomayev yazırdı: «Nərgiz» operasının mükafata layiq görülməsi məni çox həyəcanlandırdı və ruhlandırdı. Mən partiya və hökuməti əmin etmək istəyirəm ki, ordenli respublikamıza layiq formaca milli, məzmunca sosialist, aydın məqsədli musiqi əsərləri yaratmaq üçün daha böyük sə'y və inadla çalışacağam».

 Amansız ölüm bəstəkarın bu planları həyata keçirməsinə mane oldu. 0, yaradıcılıq qüvvəsi və imkanının çiçəkləndiyi bir vaxtda vəfat etdi. Lakin bəstəkarın qoyub getdiyi musiqi irsi Azərbaycan incəsənətində özünə layiq yer tutdu.

 


1.Məqalə «Müslüm Maqomayev» (vəfatının üç illiyi münasibəti ilə) kitabçasında (Azərbaycan Sovet Bəstəkarları İttifaqının və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəşri. Bakı, 1940-ci il), habelə «Bakinski raboci» qəzetinin 1940-ci il 30 iyul tarixli nömrəsində (kişik ixtisarla) dərc olunmuşdur. Burada da kiçik ixtisarla verilir. Rus dilindən tərcümədir.

 

 

 
   © Musigi Dunyasi, 2005