Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

AZƏRBAYCANDA MUSİQİ TƏRƏQQİSİ 1

 

 

(Maarif komissarı yoldaş Mustafa Quliyevin məruzəsi münasibətilə)

Teatrların və musiqi məktəblərinin açılmaq və fəaliyyətə başlamaq mövsümü yetişmiş olduğu bir zamanda, maarif işləri başında duran bir yoldaşın teatr və musiqi tərəqqisi yolları haqqındakı nəzərlərini bilmək bu müəssisələrin rəhbərliyini edən və başqa əlaqədar olan şəxslər üçün nə qədər böyük bir əhəmiyyəti—haiz idi!

Buna görədir ki, yoldaş Quliyevin istər teatr, istərsə musiqi haqqındakı mə'ruzələri bir çoxlarını mə'ruzəyə cəlb edib huş və guş ilə dinləmələrinə səbəb oldu.

Əvvəla, burasını qeyd etməliyik ki, yoldaş Quliyev teatrın və musiqinin maarif və ictimai işlərdə nə qədər böyük bir amil olduğunu layiqincə dərk edərək bu iki sənətə böyük bir əhəmiyyət verir və bunların sağlam və doğru bir yol ilə tərəqqi etmələri haqqında istər elmi, istər ictimai və istərsə siyasi cəhətcə müəyyən bir nəzər və e'tiqada malik olduğunu bildirir.

Yoldaş Mustafa Quliyevin musiqiyə aid əmələ qayəsi boylədir.

Azərbaycanda sağlam və fərəhli olmaq üzrə inqilabi və ictimai yeni bir musiqi həyatı təşkil etmək. Bunun üçün bu əmələ qarşı məmaniətlər törədə bilən mühafizəkaranə hal və vəqəələrlə, yenilik qəbul etməyən qanun və qaydalarla mübarizə edib yeni həyata doğru cığırlar açmaq lazım gəlir. Mə'ruzədə edilən bəhslərin başlıcaları bunlar idi: Musiqi sistemi; Türk operaları; El mahnıları və musiqi təhsili. Musiqi sisteminə gəldikdə burasını qeyd etməliyik ki, Avropa musiqisində mövcud olan «ton»lar iki növdür: Tam ton və yarım ton. Onlarda üçdə bir və dörddə bir ton yoxdur. «Qam»ları dəxi bu növdür:

Do-Re—Arası tam ton
Re-Mi— » » »
Mi-Fa— yarım ton
Fa-Sol— » tam ton
Sol-lya— » » »
Lya-Si— » » »
Si-do— » yarım ton

Araları tam ton olan sədaların ortalarında yarımtonlu digər bir səda dəxi mövcud olduğu halda, araları yarım ton olan sədaların ortalarında başqa bir səda ola bilməz. Məsələn: «Do» ilə «Re» ortasında ki, araları bir tondur—«Do-diyez» və ya başqa bir ad ilə «Re-bemol» sədası mövcuddur. Halbuki «Mi» ilə «Fa» ortasında ki, araları yarım tondur—başqa bir səda yoxdur.

Əlhasil Avropa sİstemində yarım tondan əksik ton yoxdur. Ona görə onların bir «oktav»ı, yə'ni məsələn, «Do»dan o biri «Do»ya və «Re»dən o biri «Re»yə kimi on iki yarım ton təşkil edir.

Şərq musiqi sistemində isə boylə deyildir. Zatən qədim zamanlarda Avropanın özündə dəxi boylə deyil idi. Məsələn: qədimlərdə Avropa yarım ton iki növ imiş, birinə «böyük yarım ton» və o birinə də «kiçik yarım ton» deyərlərmiş, boylə ki, «Do» ilə «Do-diyez» sədaları kiçik yarım ton adlandığı halda, «Do» ilə «Re-bemol» böyük yarım ton hesab edilirmiş.

Sonralar, tədriclə «Temperasion» deyilən bir üsul ilə bu yarım tonlar bir əndazəyə gətirilib təsviyə edilmişdir. Odur ki, bu gün «Do-diyez» ilə «Re-bemol» ikisi də bir-birinin eyni olan bir sədadırlar.

«Temperasiyon» üsulu təqribən iki yüz il bundan əvvəl olaraq tətbiq edilmişdir.

Şərq musiqi sistemi isə «Temperasyon» edilməmiş olduğuna görə onun «Diyezləri» ilə «Bemol»ları arasında təfavüt vardır.

Digər sözlə, şərq musiqisinin sədaları arasında yarım tondan da əksik tonlar mövcuddur: məsələn: üçdə bir ton, dörddə bir ton. Qədim Ərəb-İran musiqi sistemində bir «oktav»da on yeddi ton varmış. Bunun boylə olması qəribədir. Çunki dörddə bir ton hesabı ilə «oktav»da iyirmi dörd və üçdə bir ton hesabı ilə doqquz ton olmalı idi. Bu günkü Azərbaycan tarında oktavı bir telin (simin) üzərində götürsək, on yeddi ton əmələ gələr, əgər oktavı iki tel üzərində hesab etsək, on doqquz ton mövcud olduğunu görərik. Digər tərəfdən, yenə eyni oktavı tarın başqa bir yerindən götürsək, on üç ton əmələ gələr və yenə o oktavı bir ayrı yerdən götürsək, on iki ton çıxar!

Bundan boylə görünür ki, bizim musiqimizdə müəyyən bir sistem yoxdur. Başqa sözlə, bizim musiqi sistemi «Temperasyon» edilməmişdir. Sədalarımızın münasibətləri müxtəlifdir. Boylə ki, bir yerdə «Re» ilə «Mi» arasında üç ton vardır. Digər bir yerdə «Re» ilə «Mi» arasında iki ton vardır və i. a.

Bəs buna görə də yoldaş Quliyev təklif edir ki, boylə bir qeyri-müəyyən və ibtidai sistemdən əl çəkib Avropanın «Temperasyon» edilmiş olan on iki tonluq sistemini qəbul edək.

Bu sistemi gözəlcəsinə göstərən alətdən ən başlıcası «piano»dur. Burada bir sual meydana çıxır.

Şərq havalarını pianoda çalmaq mümkündürmü? Əgər mümkün isə o halda mübahisəyə yer qalmır.

Şərq havalarını piano vasitəsilə çalarkən boylə bir şeylər müşahidə edirik: Segah və segah kökündə olan mahnıların «qərar» tonu piano ilə düz gəlməz. Məsələn: Əsas ton «Do» olarsa, segahın «qərar» tonu «mi» və «mi»dən ikincisi ilə (sağ tərəfə)—«fa»dan sonra gələn «mi» şərq havalarına öyrənmiş qulaq üçün pis tə'sir edir və qulaq tələb edir ki, bütün, yə'ni «mi» bir az bəm olsun. Pianoda «mi»dən bəm olan səs «mi-bemol»dur. Bu isə segaha qətiyyən yaraşmaz. Boylə olan surətdə segah düz çıxmaq üçün «mi» ilə «Mi-bemol» arasında bir ton dəxi olmalı idi. Halbuki pianoda oylə bir şey yoxdur.

Və habelə «Mi-minor»da Bayatı-İsfahan və bu kökdə olan mahnıları çaldıqda qərar ton olmaq üçün nə «Do» yaraşır, nə də «Do-diyez». İkisinin arasında bir ton olması dəxi tələb edilir. Pianoda isə «Do» ilə «Dodiyez» arasında başqa bir ton yoxdur.

Və yenə çahargahın əsası və üçüncü və müxalifinin də birinci tonları piano ilə müvafiq gəlmir...

Fəqət yenə də bundan boylə görünməsin ki, pianoda şərq havaları çalmaq olmaz! Əvvəla, burasına diqqət yetirilməlidir ki, şərq musiqisini Avropa musiqisindən təşxis edən əlamətlər heç də üçdə bir və ya dörddə bir tonlar deyildir. Ortada mövcud olan boylə bir nəzər başdan-başa səhvdir.

Halbuki Avropa musiqisini şərq musiqisindən təfriq edən əlamətlərin başlıcaları bunlardır:
 
Bir) kök
İki) hava
Üç) vəzn

Kökə gəldikdə avropalıların əsas kökü boylədir. Do, Re, Mi, Fa, Sol, Lya, Si. Şərq musiqisi kökü isə bu cürdür: Do, Re, Mi, Fa, Sol, Lya, Sibemol. Yə'ni avropalıların əsas kökləri iki ədəd bir-birinə müsavi olam münfəsil (ayrılı) «tetraxord»dan əmələ gəldiyi halda, bizim əsas kökümüz iki ədəd bir-birinə müsavi olan müttəil (bitişik) «tetraxord»dan əmələ gəlir.

Böylə ki, Avropadakı bu nəhv ilədir:

Bir)Do, Re, Mi, Fa.
İki)Sol, Lya, Si, Do.

Bizdəki isə boylədir:
Bir)Do, Re, Mi, Fa.
İki)Fa, Sol, Lya, Sibemol.

Deməli, bizdə birinci «tetraxord»un axırı, ikinci «tetraxord»un ibtidasıdır. Bu, bir mühüm fərq.

Ondan başqa bizim «tetraxord»larımız «xalis kvarta»lar və «xalis kvinta»lar ilə qurulduğu halda, avropalıların «tetraxord»ları «artırılmış kvarta» və «əksilmiş kvinta»lar əmələ gətirir. Boylə ki, avropalılarda: fa-si «artırılmış kvarta» və Si-fa isə «əksilmiş kvinta»dır. Bizdə isə fa-si bemol «xalis kvarta» və sibemol-fa «xalis kvinta»dır.

Bu, ikinci fərq.

Üçüncü mühüm fərq dəxi budur ki, bugünkü Avropa musiqisinin biri «major» və o biri «minor» olmaqla iki qamları olduğu halda, bizim major və minordan əlavə başqa köklərimiz dəxi vardır ki, Avropanın orta əsr musiqi «lad»larına bənzəyən «qam»lar kimidirlər.

Hava işinə gəldikdə, musiqiyə cüzi də olsa əhəmiyyət verənlərin hamısına aydındır ki, bizim havalarımız heç də Avropa havalarına bənzəməz.

Bunun da əsil səbəbi odur ki, bizim havalarımız, baxüsus dəstgah havalarımız «Tsetura» deyilən bir kiçik dairədə hərəkət etdiyi halda, avropalıların havaları, baxüsus «ariya»larında sərbəst surətdə aşağı-yuxarı atılıb gəzişir və bu nəhv ilə bizim qulağımıza qərib və anlaşılmaz gəlir.

Bizdə bir çox təsnif və el mahnıları vardır ki, onların havaları yalnız üç tonun kombinasiyonundan əmələ gəlir. Avropalılarda isə boylə hava gülüncdür.

Qərəz, bizlər hava ixtira edərkən tonlarımızı böyük bir qənaət və hətta xəsislik ilə işlətməkdə olduğumuz halda, avropalılar buna əks olaraq, tonlar işlətməkdə payansız bir israf göstərirlər.

O ki qaldı vəznə, bizim dəstgah musiqimiz kimi bəhrsiz musiqimiz mövcud olduğu surətdə, avropalılarda boylə bir musiqi yoxdur, bu fərq özü kifayətdir.

Əlhasil, şərq musiqisini qərb musiqisindən ayıran şeylər ümdəcə bunlardır. Nəinki üçdə bir və dörddə bir tonlar ki, onların nə dərəcədə vacib olmadığını pianonun şərq musiqarları arasında müvəffəqiyyət ilə istemal olunduğu isbat edir.

Bəs boylə görünür ki, yoldaş Quliyevin Avropa sistemini qəbul etmək təklifi tamamilə həyata keçsə də, bundan şərq musiqisinin əsas cəhətləri heç də rəxnədar olmaz və şərq musiqisi yenə də şərqliyində baqi qalar.

 

* * *

Türk operası—Yoldaş Quliyev mə'ruzəsində məsələni türk operasına çevirib söylədi ki: Bugünkü mövcud türk operaları məzmunca əsrə müvafiq deyildilər. Bu operalar inqilab dövründə böyüməkdə olan nəslə bədii bir qida verə bilməzlər, çünki mövcud operalarda inqilabi vəqiələrin əksi yoxdur. Məzmunları köhnə feodal həyatdan götürülmüş nağıllardır. Ondan əlavə mövcud operalarımız opera musiqisi cəhətindən dəxi zəifdir.

Quliyev yoldaş bir tərəfdən bu məsələdə haqlıdır. Mövcud operalarımızın aşiqanə, dindarana və qədimnüma məzmunu ilə bugünkü ictimai və inqilabı həyatın arasında heç bir rabitə görünmür. Fəqət, bununla belə iyirmi sənə bundan qabaq meydana gəlmiş türk opera və operettalarının şahidi olduğumuz böyük inqilabın vüquu üçün zəmin və müvafiq şərait təşkil edən vəsait arasında inqilabi, ictimai və mədəni mövqe və xidmətlərini inkar etmək olmaz.

Pəncərələri taxtalanmış evlərin qaranlıq küncündə cəhalət qurbanı olan türk qadınının «Emansipatsiyası» yolunda türk opera və operettaları azmı xidmətlər gördülər?

Dürüşt, qaba və pozqun əxlaqlı erkəklərin islahi-təhzib əxlaqlarına azmı tə'sir etdilər?

Turk operaları dini fanatizmə qarşı böyük bir mübarizə meydanı açmadımı?

İl uzunu ahu-nəvaya və ağlamağa adət etmiş olan xalqı bir az da olsa gülərüzlü və yeni həyatlı edən türk opera və operettaları deyildimi?

Nəhayət, türk opera və operettalarının mədəni bir amil olmaq üzrə ifa etməkdə olduğu vəzifələrini unutmaqmı olar?

Tək-tək götürüb baxsaq görərik ki, türk opera və operettalarının hərəsinin öz-özlüyündə inqilabi, ictimai və mədəni vəzifəsi inkar qəbul etməyən bir həqiqətdir.

«Leyli və Məcnun», «Aşıq Qərib» və «Arşın mal alan» öz balalarının gələcək ailəvi həyatlarını korlayan cahil valideynin hərəkətlərinə qarşı e'tirazdır.

«Ər və arvad» çadraya qarşı birinci mübarizədir.

«Şah İsmayıl» müstəbid hökmdarları dizin-dizin süründürən inqilabcuyanə bir məzmundur.

«Əsli və Kərəm» iki millət arasında sülh və səlamət əbqasına vasitə ola bilən bir hekayədir.

«Şah Abbas» odunçuluq ilə yaşayan bir kəndli qızının ağıl və dərrakəsinin şahlarınkından daha artıq olduğunu göstərən ibrətamiz bir əsərdir.

«O olmasın bu olsun»a gəldikdə bu operetta məzmunca bugünkü yaşadığımız inqilabi yeni həyata o qədər yaxındır ki, guya bugünkü gün üçün yazılmış təbliği bir ədəbiyyat cümləsindəndir, çünki ümummənfi tiplərin həmin hamısı bu pyesdə mövcud olub bütün bəd əməlləri gülünc bir surətdə meydana qoyur.

Digər tərəfdən, yoldaş Quliyev tərəfindən arzu olan və bugünkü yeni həyatın tələbatına tamamilə müvafiq gələn opera türk operaları içində mövcud olmayan kimi qeyri-türk operaları içində dəxi mövcud deyildir. Məsələn, gürcu, erməni, ukrayna və hətta rus operaları içində dəxi yeni inqilabi həyatımızı cüzi də olsa təsvir edə bilən heç bir opera yoxdur. Mövcud operalarda qiyməti-musiqiyyədən başqa digər bir ideya axtarmaq əbəs zəhmətdir. Həmçinin bu kimi operalar teatr səhnələrindən düşmür və düşməsini də istəyənlər yoxdur.

Əlbəttə, yoldaş Quliyevin yeni həyata müvafiq yeni operalar yazılmasını tələb etməkdə tamamilə haqlı olduğunu iqrar edib burasını qeyd edirik ki, yüzlərcə qabil və mahir bəstəkarlara malik olan rus musiqisi bu böyük və qiymətli vəzifəsini bu günə qədər ifa etməmiş olduğu halda, bir cift bir tək musiqi həvəskarı olan Azərbaycandan inqilabi musiqi yaradıcılığı tələb etmək hələ tezdir. Zatən oylə böyük bir əsər yazılmaq üzrədir və onu yazanlar inqilabla doğulmuş, inqilabla ruhlanmış, inqilabla tərbiyələnmiş və inqilabi metodlardan tə'lim almış olan cavan bəstəkarlardır ki, bu gün musiqi təhsillərinə ikmal ikən baş və qəlbləri o gələcək böyük əsər ilə məşğuldur. Bu gənc bəstəkarların Azərbaycan Darülmusiqisindən dəxi çıxacaqlarına biz əminik. Əlavə buna dəxi əminik ki, mövcud Azərbaycan bəstəkarları az olsalar da, hər gün səhər saat doqquzdan ta gecə saat on ikiyə qədər ictimai və pedaqoji musiqi vəzifələrinin ifasına məcbur olmasaydılar, onlar da bu əzim hünər meydanında öz güclərini sınamaq istərdilər!

Bəstəkar Qlierə tapşırılmış olan «Şah Sənəm» operasına gəldikdə, onun məzmununun dəxi bu günkü yeni həyatımıza müvafiq olmadığını yoldaş Quliyev öz mə'ruzəsində qeyd etdi. Qiyməti-musiqiyyəsi haqqında—madam ki, bu opera hələ tamamilə mövqeyi-tamaşaya qoyulmamışdır—indidən danışmaq yersizdir. Şübhəsiz, günlərin birində bu operanı səhnədə görmək mümkün olacaqdır. Bu xüsusdakı mubahisə də o zamana qalmalıdır.

Mövcud türk operalarının qiymət və ləyaqəti-musiqiyyələrinə gəlincə iqrar etməliyik ki, bu operalar karlı bir islaha möhtacdırlar. Əvvəla, bu, operaları «şəbehlik» halından çıxarıb Avropa operası tipinə yaxınlaşdırmalıdır. Buna görə oxunan dəstgah parçalarına «ariya» forması verməlidir və saniyən, tarı tamamilə baş vəzifədən götürüb bu vəzifəni orkestra verməlidir. Tar isə orkestr içində lazım olan yerdə xalq musiqi aləti sənətilə tə'sirli «efer»lər verə bilər.  

Bu sayaqla bizim operalarımız zahiri surətini dəyişib «şəbeh»likdən çıxar və Avropa operası formasına girər. Əslində isə məzmun və musiqicə Azərbaycan türk və şərq operası sənətində baqi qalar.

Hər halda yoldaş Quliyevin operalarımızı tənqid etməsində bizi məmnun edəcək bir hal var ki, o da türk operalarının mədəni əhəmiyyətini iqrar ilə tərəqqisini tələb və arzu etməkdir. Bu tənqid ilə inqilabdan əvvəl eşitdiyimiz tənqidlər arasında göy və yer qədər təfavüt vardır. O vaxt türkcə danışmağı özləri üçün «ayıb» bilən, türk qəzetlərini ələ almağı «ar» hesab edən bir para «abrazovannı» adamlarımız türk operalarını dəxi bir «biabırçılıq» deyə tənqid edib ləğv edilməsini istəyirdilər. Avropa musiqisindən cüz'i də olsa bir şey anlamayan bu şəxslər öz «intelligent» olmaqlarını göstərmək üçün rus opera teatrının ən qiymətli lojalarında oturub əsnəməyi özləri üçün ar hesab etməyib, türk operasına «bezobraziya» deyə əksik göz ilə baxardılar.

Türk operalarının zühuru Azərbaycan xalqı arasında mədəni bir hadisə, tərəqqiyə tərəf dərin bir meyl əlaməti olduğunu başa düşə bilməyən bu çürük fikirlilər əlbəttə başqa cür «tənqid» yolu bilməzdilər.

Bu gün eşitdiyimiz tənqid isə Azərbaycan xalq maarifinə vasitə ola bilən hər bir mədəni təşəbbüsə rəvac və tərəqqi vermək və bu təşəbbüsləri inqilabi yollara salıb sağlam bir ruh ilə yürümək arzusunda olan bir yoldaşın mülahizələri idi ki, türk və qeyri-türk musiqi xadimləri tərəfindən dərin bir diqqət və e'tina ilə dinlənilib hər kəsdə böyük bir tə'sir buraxdı.

El mahnıları. Quliyev yoldaşın el mahnılarının əhəmiyyət və qiyməti haqqındakı görüşü Azərbaycanda musiqi tərəqqisi tərəfdarı olanları son dərəcə sevindirəcək bir görüşdür. Quliyev yoldaş Azərbaycan musiqi xadimlərini, əz cümlə ali musiqi məktəbini Azərbaycan el mahnıları xüsusunda heç bir təşəbbüsdə bulunmamaları cəhətcə haqlı olaraq məzəmmət etdi.

İş bundadır, bu gün bizim musiqi və musiqi ədəbiyyatı naminə hər nəyimiz varsa, o da bizim el mahnılarımızdır. Bunlardan başqa həmin heç bir şeyimiz yoxdur. El mahnılarımız bizim musiqi sərvətimiz və musiqi mənbəyimizdir. Fəqət biz hələ bu sərvət və mənbədən layiqincə istifadə edə bilməmişik.

Azərbaycan xalqı həmin sənə bir iki el mahnısı yaradıb meydana atır. Bu mahnılar ağızdan ağıza düşüb şəhərləri, kəndləri gəzib dolaşır, sonra «köhnəlib» «moddan çıxır» və nəhayət, tamamilə unudulub itir və məhv olur. Bu nəhvilə yüzlərcə qiymətli el mahnılarımız itib batmışdır. Bununla belə hal-hazırda mövcud olan və yadlarda qalan el mahnılarımızı yığıb cəmləsək, yenə də yüzlərcə havalarımızı unudulmaq təhlükəsindən xilas edə bilərik. Əlavə hər sənə yeni çıxan mahnıları səbt və zəbt etmək adətini qəbul etsək, musiqi sərvətimiz ildən-ilə çoxalıb artar.

Bu sərvətdən nə tövr istifadə edə bilərik?

Əvvəla, bu mahnıların etnoqrafik əhəmiyyətini kənara qoyub da yalnız musiqi cəhətincə nə kimi tərəqqilərə və inkişafa çata bilməmizi müxtəsər də olsa söyləyək:  

1) Azərbaycan şərq musiqisinin əsaslarını bu mahnıların təhlili yolu ilə tə'yin edib musiqimiz haqqında elmi nəzəriyyələr və qanunlar qurmaq və avropalıların musiqi nəzəriyyəsi dedikləri elmi kitablar meydana gətirib gələcək bəstəkarlarımızı bunun ilə indidən öyrətmək. Burası unudulmasın ki, Avropanın dəxi bu gün mövcud olan o zəngin musiqi kitabları əsil el mahnılarının təhlili yolu ilə əmələyə başlayıb, sonra get-gedə tərəqqi etmişdir və minlərcə ustad «kompozitor»ları musiqi elminə öyrətmişdir.

2) Bu mahnılardan münasiblərini seçib musiqi məktəblərimiz üçün çalğı «repertuarı» hazırlamaq. Burasını bilməliyik ki, musiqi məktəbi müdavimləri olan türk balaları çalğı dərslərini yalnız Avropa musiqisi «repertuarı» ilə öyrənir. Əlbəttə, şagirddən çalğı texnikasını artıran və tərəqqi etdirən Avropa «etüd» və «eksersis» məşqlərinə sözümüz yoxdur. Fəqət «pyes» məsələsinə gəldikdə deməliyik ki, əsil musiqi bunların çalğısından hasil olur, nə qədər o pyesi şagird özü başa düşüb anlarsa, bir o qədər onun xoşuna gələr və xoşuna gəldiyi üçun çalğısını şövq və həvəslə öyrənər. Halbuki şagird anlamadığı havalardan və hiss edə bilmədiyi musiqidən çox vaxt bezib öyrənmək belə istəmir. Bu isə dərsin gedişini pozub təhsilə mane olur. Ona görə Avropa pyeslərinə bir neçə dənə öz mahnılarımızdan düzəlmiş olan şərq «pyes»ləri dəxi qatsaq, şagirdlərimizi həvəsləndirib təhsil işini yüngülləşdirərik .

3) Yenə də el mahnılarımızın münasiblərini seçib «xor» havaları düzəltməklə musiqinin ümumi xalq arasında intişarına və ünsiyyətinə ciddi vasitə olan xorlar təşkili üçün material hazırlamış olarıq. Bu günkü klublarda və başqa mədəni evlərdə rus xorlarından başqa ayrı xorlar eşitmirik, səbəbi də odur ki, xor havalarımız yoxdur ki, öyrədənlər ondan istifadə edə bilsinlər. Hələ ümummaarif məktəblərimizdə dəxi xor namına layiq heç bir musiqimiz yoxdur. Yoldaş Quliyev öz mə'ruzəsində xorun əhəmiyyətini qeyd etməyi unutmayıb musiqarların diqqətini bu cəhətə cəlb etdi. Xor kollektiv bir musiqi olduğundan ictimai əhəmiyyəti böyükdür.

4) Nəhayət, el mahnılarımız gələcəkdə operalar yazanlarımız üçün musiqicə ən gözəl mövzular təşkil edə bilər. Ustad bəstəkarlarımız bu mahnılarımızdan istifadə edib bədii zövqə müvafiq, elmi əsaslara müstənid gözəl operalar yarada bilərlər. Rusların məşhur bəstəkarlarından Qlinka, Rimski-Korsakov və Çaykovskinin operaları hamısı el mahnıları üzərində yazılmışdır ki, bu da daim rus xalqının zövqünə qida verir.

Azərbaycan mahnılarının əhəmiyyəti zənn edirəm ki, yalnız musiqi elminə aid istifadələrə münhəsir qalmayıb başqa elmi əsərlər üçün dəxi mövzu ola bilər; məsələn, etnoqrafik, tarixi, psixoloji və sairə bu kimi elmlərə aid bəhs və müzakirələr üçün də zəmin təşkil edə bilər.

Azərbaycan el mahnılarını cəm etmək işinə gəldikdə bu xüsusda bizdə indiyə kimi çox az iş görülübdür və görülən işlər də bundan ibarətdir ki, bir neçə sənə bundan qabaq musiqi professorlarından biri el mahnılarını yığmaq üçün maarif komissarlığı tərəfindən Qarabağa göndərilmişdi. Bu əzimət nəticəsi olaraq, bir neçə ədəd el mahnısı çap edildi ki, məzkur professor tərəfindən yazılıb «harmonizə» edilmişdi. Mahnılar meydana çıxdıqdan sonra əvvəla, əbəs yerə Qarabağa gedildiyi və saniyən, boylə ümumi işin nahaq yerə bir nəfərə həvalə edildiyi aşkar oldu.

Əlavə, yenə iki sənə bundan qabaq baş siyasi maarif idarəsinin təşəbbüsilə Hacıbəyovlar tərəfindən iyirmi ədəd el mahnıları yığılıb «harmonizə» edilmiş və xüsusi komisyon tərəfindən də baxılıb qəbul olunmuşdu; fəqət bu mahnılar indiyə qədər çap edilməyib baş siyasi maarif idarəsində əlyazması olaraq qalmışdır.

Zənnimcə, bu mühüm işi mürəttəb və mükəmməl bir surətdə aparmaq üçün ali musiqi məktəbi nəzdində xüsusi bir komisyon təşkil edilməlidir. Bu komisyonun işi bir tərəfdən, el mahnılarını yığmaq və digər tərəfdən, yığılan mahnılar üzərində laboratoriya əməliyyatı icra etməkdən ibarət olmalıdır. Məncə, arzu edilən bu təriq ilə hasil edilə bilər.

Musiqi təhsili—Eşitdiyimiz mə'ruzədən boylə anlaşıldı ki, yoldaş Quliyev yalnız Avropa musiqisi təhsilinin tərəfdarıdır. Şərq musiqisi təhsili lüzumuna aid mə'ruzədə bir şey yoxdu. Yalnız bunu bildik ki, Quliyev yoldaş şəxsən tar təhsilinin tərəfdarı deyildir və hətta tarın xalq musiqisi aləti cümləsindən olduğuna da inanmır.

Zənn edirəm ki, yoldaş Quliyev tarın xalq musiqisi alətindən biri olduğunu iqrar etsə idi, yenə tar təhsilini şəxsən lüzumsuz edəcək idi. İş bundadır ki, başqa millətlərin, məsələn, rus, alman, firəng və sairələrinin dəxi bir xeyli xalq musiqi alətləri vardır. Bununla belə bu alət və sazların çalğısı musiqi məktəblərində təhsil olunmur. Çalğıları öyrənilən alət yalnız piano və əlavə orkestrdə mövcud olan instrumentlərdir. Məsələn, vialon, violonçel, klarnet, fleyta, trumba və sairə; daha gitara, mondalina, qusli, dombra və bu kimi xalq musiqi alətləri musiqi məktəbləri daxilində təhsil edilməz. Boylə olan surətdə bizə nə düşübdür ki, tar, saz, zurna və balabanlarımızı konservatoriya proqramına daxil edib tədrisini tələb edək.

Əlbəttə, əgər bir musiqi təhsilindən ibarət yalnız Avropa musiqisini hesab etsə idik, biz də yoldaş Quliyev ilə bərabər tar təhsilinin lüzumsuz bir şey olduğunu iqrar edib ləğv tərəfdarı olardıq.

Fəqət bu xüsusda bizim fikrimiz boylədir ki, Avropa musiqisindən əlavə bir də Şərq musiqisi vardır və biz Azərbaycanlılar özümüz Şərq əhlindən olduğumuza görə musiqi təhsili işində Şərq musiqisinə qarşı laqeyd qalarsaq, öz mədəni vəzifəmizi kamalınca ifa etməmiş olarıq. Tar isə Şərq musiqisi təhsilini genişləıdirə bilən alətdən ən qiymətlisi, ən mühümüdür. Yoldaş Quliyev zənn etməsin ki tar təhsilini konservatoriya proqramına daxil etməklə gələcək üçün sazandalar hazırlanması nəzərdə tutulur. Musiqi məktəbi tara yalnız elmi cəhətdən yanaşır və onu şərq musiqisinin əsası olan muğamatın kəşf və şərhi üçün elmi bir alət sifəti ilə öz proqramına daxil edir. Tarda musiqi məktəbi daxilində «ənzəli» kimi küçə diringələri çalğısı təhsil edilmir, bəlkə müəyyən proqram üzrə muğamat tədris edilməklə Avropa musiqi əsasından qeyri olan Şərq musiqi əsasları şagirdlər üçün şərh və bəyan olunur. Əz cümlə tarı not üzrə çalmaq mümkün olduğundan tarçı şagird tam bir musiqi təhsili görmüş olur.

Hər halda yoldaş Quliyev tar haqqında öz şəxsi fikrini söyləyib, mübahisəli olan bu məsələnin qəti həllini musiqarlara həvalə etməyə mail olduğunu bildirdi ki, ən gözəli də budur. Bununla belə yoldaş Quliyevin tar haqqındakı rə'yi boylə bir xeyr işə müncər oldu ki, şərqi qina (xanəndəlik) kimi heç bir elmi, fənni və bədii mə'nası olmayan dərslər musiqi məktəbi proqramından silinsin.

Yuxarıda bəhs edilən məsələlərdən əlavə yoldaş Quliyev öz mə'ruzəsində Türk musiqi texnikumu ilə Azərbaycan konservatoriyasının birləşməsi və Şərq orkestri məsə-ləsi haqqında da öz fikir və nəzərini söylədi. Bu mühüm məsələlərin şərhi xüsusi məqalələrə möhtac olduğundan onları və musiqi təhsili məsələsinin təfsilatını gələn nömrələrə saxlayırıq.

Ümumiyyətlə, burasını qeyd etmək lazımdır ki, yoldaş Mustafa Quliyevin mə'ruzəsi Bakı musiqi xadimlərinə böyük bir tə'sir buraxdı. Müxtəlif və bərəks yollara dağılmış olan fikirlər üçün müəyyən və məqsədə yaxınlaşdıran bir vahid yol göstərilməklə fikirlər bir çox mühüm məsələlər üzərində birləşdirildi. Pozulmuş orkestrə müəyyən bir «ton» verilib sazlaşdırıldı. Ümid edirik ki, bundan sonra musiqi xadimlərinin Azərbaycanda musiqi tərəqqisinə aid olan xidmətləri bir-birinə saz və müvafiq gəlib məruzədə göstərilən bir yol üzrə davam etdiriləcəkdir.  

 


1.Məqalə «Maarif və mədəniyyət» jurnalının 1926-cı il 8 və 9-cu nömrələrində çap olunmuşdur.
2. Bəstəkarın fikrini düzgün anlamaq üçün onun 1945-ci ildə nəşr etdirdiyi «Azərbaycan xalq musiqisinin əsasları» kitabına müraciət etmək lazımdır. Həmin kitabın «ilk söz»ündə müəllif yazır: «Azərbaycan xalq musiqi incəsənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar (mən öz operamı yazarkən bunlara rəayət etmişəm) nəinki mənim yaradıcilıq arzumu boğdu, əksinə bu qanun qaydalar bir binövrə olaraq azad yaradıcilıq fantaziyasınıi geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi».
3. Müəllifin göstərdiyi materiallar «Azərbaycan türk el mahnıları» məcmuəsi adı altında 1927-ci ildə çap edilmişdir. Həmin məcmuəyə Üzeyir və Zülfüqar Hacıbəyovların və Müslüm Maqomayevin topladıqları 33 mahnı daxil edilmişdir.

 

 

 
   © Musigi Dunyasi, 2005