Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

TÜRK OPERALARI HAQQINDA 1

 Vətəndaş Samit möhtərəm «Kommunist» qəzetinin 203-cü nömrəsində türk opera və operettalarına dair yazdığı tənqidin səbəbini bildirmək üçün—bizim opera və operettalarımız bədii və musiqi gözəlliyindən aridir,—deyir. Hərgah məzkur vətəndaş bunu deyib buradaca sükut etsəyidi, məsələnin üstünü bir az örtülü qoyub özü üçün mənfəət yetirmiş olurdu. Fəqət vətəndaş Samit «çılpaq sözlü» olmaq istəməyib «dəlil» götürmək dəxi istəyir və bunun üçün:

Şərq musiqisindən mühüm bir məqam alisi olan və avropalıların major və minorundan bilkülliyyə xaric olmaq oranın musiqişünaslarını orijinal gözəlliyilə heyran edən, bir tərəfdən ərəb, İran, digər tərəfdən yəhudi sənət musiqisində o tərəf və bu tərəfcə fəxr eylənilmək dərəcəsində əziz olan və nəhayət, Şərq musiqisi estetik nöqteyi-nəzərindən insanın əhval-ruhiyyəsində qeyri-təhurə təlaş kimi bir həyəcan—bədii oyadan və qədim musiqişünasların rə'yincə göy guruldamasından əxz edilmiş olan «Çahargah» kimi böyük və məzmunlu dəstgahı layiq istehza bilib təməsxanə bir surətdə «İran çahargahı» deyə bədii bir zövq almaq istəyənlərə bunu rəva görmür.

Bə'də «xalq ruhinə uyğun el mahnılarını havi əsərlər vücudə gətirmək icab edər»,—deyib də xalis el mahnılarının ən gözəllərindən tərtib edilmiş olan türk opera və operettalarının səhnədən qaldırılmalarını tələb edir. Azərbaycan xalq ruhinə «Lakme»lərlə ləzzət veriləcəyinə umid edir. Əlavə olaraq bu el mahnılarının «ehyasını» da bu mahnıların əsil və əsasına əsla bələd olmayan və bu mahnıların musiqisinin ruhinə bilkülliyyə biganə bulunan Avropa musiqişünaslarının təqəzay zövqünə həvalə edir.

İştə, «Çahargah» kimi ruhnəvaz bir musiqidən bədii bir zövq alacaq türk opera və operettalarının məxsus el mahnılarından tərtib edildiyinə fərq verəcək və Avropa musiqisi ilə şərq musiqisi arasında mövcud olan estetik təəssüratı bir-birindən ayırd edəcək qədər tə'lim və tərbiyə musiqisi olmayan vətəndaş Samit türk opera və ope-rettalarının səhnədən qaldırılmalarını olduqca qərib görünən bir inad və cəsarət ilə tələb edir!

Türk opera və operettalarının bir «güngahı» da bu imiş ki, «gənc səhnə xadimləri lotu Cabbar oyunu göstərmək və intihasız şarja düşməklə və camaat dəxi «çırtma» çalmağa müğayir «ədəb» işlər əmələ gəlirmiş, məntiqə müğayir olan bu nəzər digər tərəfdən dəxi yanlışdır; operalarda camaatın çırtıq çaldığı heç bir diqqət müşahidə edilməmişdir. O ki, qaldı operettalara, yüngül musiqisi və duzluca (məzhəkə) ilə xalqın özünə öz eybini güldürmək qəsdilə yazıldığından oyun vaxtı tamaşaçıların—hər kəsin öz tərbiyəsinə görə ənva surətlə izhar həyat etməsi heç də qərib deyildir. Bu hal avropalıların teatrlarında dəxi görünən adi bir haldır. İndi keçəlim türk opera və operettalarına.

1907-ci ildən bəri Azərbaycan səhnəsində və o səhnə vasitəsilə Azərbaycan turklərinin tərəqqi və tərbiyəsi işində az rollar oynamayan turk opera və operettalarını bu gün vətəndaş Samitin istədiyi kimi səhnədən qaldırmaq Azərbaycan teatr və musiqi tarixinin mühüm səhifələrini cırıb atmaq deməkdir.

Halbuki bu səhifələr göstərir ki, Türk opera və operettalarına qədər həvəskarlar vasitəsilə hərdən bir əsər— həyat göstərən türk səhnəsi opera və operettalardan sonra təzə həyata girib qanuni bir hala gəldi. Bunun sayəsində idi ki, həvəskarlıq aradan götürülüb, onun əvəzinə professional artistlik meydana çıxıb, bir tərəfdən dram və digər tərəfdən isə opera artistləri ittifaqı yaradılmış oldu.

Opera və operettalar türklər arasında gizli qalmış olan bir çox talantları, gözəl səs sahiblərini meydana çıxarıb, türk sənaye-nəfisiyəsi yolunda böyük addımlar atıldı, dram və opera yazıçıları arasına bədii bir rəqabət salıb, bir çox ciddi dram əsərlərinin meydana çıxmasına səbəb oldu.

Yalnız toyxanalara və lehviləbə münhəsir qalmış olan şərq musiqisi teatr səhnəsinə köçürülməklə bu zərif və incə sənəti alçaq və zəlil bir mövqedən qaldırıb ali bir məqamə vəz' etdi. Bu surətlə musiqi sənətinin qiymətini artırıb xalq nəzərində böyük bir rəğbət qazandı.

Bir çox el mahnılarını nalayiq göftələrdən azad edib, səhnəyə köçürməklə guşəyi-nisyana atılmaq təhlükəsindən qurtardı.

Opera və operettalardan sonra idi ki, şərq musiqisinin gələcək tərəqqi məsələsi meydana çıxıb, bu yolda əlləşib çalışmağa məcburiyyət hiss edildi. Bu gün:

1) şərq musiqisinin Avropa aləti-musiqiyyəsi və bilümum «orkestr» vasitəsilə icrası;
2) şərq musiqisinə, Avropada olduğu kimi, ahəng (harmoniya) qoşmaq.
3) şərq musiqisini kəsirüləsvat (poloqoniya) etmək,
4) şərq musiqisinin üsul, vəzn və bəhrini müsbət surətdə tə'yin etmək.
5) dəstgahları eynilə nota sala bilmək kimi mühüm suallara cavab aramaq və bu yolda kamal ciddiyyətlə çalışmaq arzusu ancaq opera və operettalar zühuri ilə əlaqədar olub bu yolda kamal kərəmi ilə işlədilməkdədir.

Opera və operettaların musiqini «həram» ikən «həlal» etməsini hər bir insaf əhli təsdiq etməlidir. Əvvəla, Bakı şəhəri sanki daimi bir yas içində idi: heç kəs öz evində, azad surətdə çalğı çalmaq və ya hava oxumaqla məşğul ola bilməzdi; çünki qonşusundakı hacı, molla və ya axund filankəs eşidər—deyə çəkinirdi. Opera və operettalardan sonra havalar camaatın ağzına düşüb, hər bir yerə yayılmağa və hətta mollaların evlərinin içinə qədər icrayi-hökm etməyə başlladı. Bu gün bu musiqiyə olan rəğbət nəticəsidir ki, hökumət tərəfindən açılmış olan Azərbaycan türk musiqi texnikumuna elə şəxslər uşaqlarını qeyd etdirirlər ki, əvvəllərdə musiqi səsi eşidəndə qulaqlarını yumardılar.

Opera və operettalar tamaşası—musiqi ilə şe'rin bahəm tə'siri camaatın əxlaq və təbiətində də əsərsiz qalmadı. Qanı qəlblərin boşalmasına; qaba və urişt adətlərin tərk edilməsinə dəxi xidmətlər göstərmiş olduğunu bitərəf şəxslər təsdiq edirlər.

Arvadlarımızın və qızlarımızın teatrlara daha sərbəst gəlməsi və gördükləri opera və operetta tamaşalarından aldıqları dərsi-ibarət kor-korana evlənmək və mal kimi satılmaq və nəhayət, evlənərkən sevmək və sevilmək kimi təbii ehtiyacat qəlbiyyədən məhrum qalmaq bollu məzmun adətlərin kökündən sarsılmasına səbəblər törətməyə başladı.

Dini fanatizm və əsarət-nisvan kimi müstəbidanə adətlərə qarşı mübarizə edən opera və operettaların inqilabi əhəmiyyətini də nəzərə almaq lazımdır. Bu gün vətəndaş Samitin bir o qədər xoşuna gəlməyən «0 olmasın bu olsun» operettası, məncə, inqilabi bir əsərdir.

Cavan qız almaq fikrinə düşüb və ayağı altında əzdiyi hambalın abbasısını belə vermək istəməyən sərvət sahibi Məşədi İbad, qızını pula satmaq istəyən Rüstəmbəy, millətpərəst Həsən, Əliqulubəy Müdaraçı, sosialist Həsənbəy, Qoçu Əsgər və s.—bunlar hamısı cümhuriyyətimizin mənfi tiplərindəndir ki, ən gülünc və bədnam bir surətdə meydana qoşulub xalqı özlərinə güldürməklə rüsvayi-cahan edilirlər. Bu əsər hələ 1910-cu ildə yazıldığından ən birya və biqərəz bir əsərdir.

Opera və operettaların tamaşasından hasil olan müdaxildən bir çox tələbələrin və məktəblilərin bəhrəmənd olduğunu dəxi yada salmaq, burasını dəxi qeyd etməyə məcburam ki, türk opera və operettalarııdan «Arşın mal alan» hər yerdə rəğbət qazanıb, dildən-dilə tərcümə edilib Gürcüstan, Ermənistanda yuzlərcə dəfə oynanıldıqdan sonra Rusiyayi, Türkiyəyi, İranı, Fransayi, Amerikayı, İspaniya, İtalya və Misri müvəffəqiyyət ilə dolaşıb, Azərbaycan teatr və musiqisini hər bir yerdə nümayiş etdirdiyi bir zamanda vətəndaş Samitin bu əsərin səhnədən qaldırılmasını və qadağan edilməsini tələb etməsinə heç bir məna verməyirik.

Mən bu sözlərimlə türk opera və operettalarının ancaq tarixi xidmətlərinə o əszrlərin hələ ibtidai və nöqsanlar ilə dolu bir halda olduğunu danmaq istəmirəm; opera və operettalarımız təkmil edilməyincəyə qədər də danmaq fikrində deyiləm, bu xüsusda daha bir çox yazılar yazmaq lazımdır. Bunu da e'tiraf etmək lazımdır ki, keçən il opera və operetta oyunları—bilmirəm qəsdən və ya səhvənmi—elə bərbad bir halda oynanılırdı ki, həqiqətən hər bir zövqi-səlim sahibinin ruhunu incidib ikrah dərəcəsinə gətirməklə hökumət teatrının adını da bədnam edirdi. Əgər bu ildə elə bir «xaltura»lar vaqe olacaq, onda həqiqətən türk opera və operettalarını tamamilə səhnədən qaldırmaq lazım gələcəkdir.

O ki, qaldı türk musiqi teatrının tərəqqisinin gələcəkdə kimlərdən ümid edilməsi məsələsinə... bizə qalırsa, bu ümid bu gün Azərbaycan hökumət türk musiqi məktəbində kamal ciddiyyət və müvəffəqiyyətlə təhsil edən cavanlarımızdan gözlənilə bilir və gözləyirik.  

 


 1.Məqalə «Kommunist» qəzetnnin 1924-cü il 3 oktyabr tarixli 220 (1220)-ci nömrəsinin 6-cı səhifəsində «Üzeyir Hacibəyli» imzası ila çap edilmişdir.

 

 
   © Musigi Dunyasi, 2005