Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

 

«Şahsənəm» operası meydana çıxdıqdan sonra Azərbaycan operasının inkişafında əmələ gələn dönümü bütün kompozitorlar qeyd etmiş və Azərbaycan milli operasının inkişafı üçün gələcəkdə də davam etdiriləcək bir yol kimi qəbul etmişdir. Qlierin təşəbbüsü həqiqi xalq nəğmələrini yüksək kompozitor texnikası ilə birləşdirməkdən ibarət olaraq, xeyli müvəffəqiyyətli olmuş və həvəsləndirici bir rol oynamışdır.

Belə bir vəzifəni yerinə yetirmək üçün kompozitor ilk növbədə çox və inadla çalışmalıdır. Burada söz yalnız nəzəri hazırlıqda deyildir, xalq yaradıcılığını, musiqi folklorunu dərindən öyrənməkdə, musiqi dilini mənimsəməkdə, xalq ilə onun anladığı dildə danışmaq istedadını kompozitora verən sadəlik və aydınlığı dərk etməkdədir. Bu iki şərtdən məhrum olan kompozitor böyük dövrümüzə layiq və yüksək qiymətli əsər yaratmaqda da aciz qalacaqdır.

«Koroğlu» üzərində çalışarkən, mən dolğun Azərbaycan operası yaratmaq məqsədini izləyirdim ki, bu opera bütün sadəliyi və aydınlığı ilə bərabər, yüksək bədii keyfiyyətə malik olsun.

«Koroğlu»nun musiqiyə salınması işində mən öz qarşımda formaça dərin milli opera yaratmaq məsələsini qoymuşdum. Məzmuna gəlincə, «Koroğlu» yüksək bədii keyfiyyətli olmaqla bərabər, sadə və aydın bir tərzlə ifadə edilmiş olmalı idi.

Opera əsərinə məxsus olan bütün ünsürlər—ariya, duet, ansambl, reçitativ—«Koroğlu» operasında vardır, lakim bunların hamısı Azərbaycan musiqi folkloru qurulan muğamlar əsasında qurulmuşdur. Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm.

Koroğlunu aşıqlar tərənnüm etmiş və edir və ona görə də operada üstün gələn stil aşıq stilidir. Ən artıq bu hal III və IV aktların antraktında və bu səhnədə özünü aşıq qələmə verən Koroğlu partiyasında hiss edilir. Muğamatdan isə başlıca olaraq, xanı və onun saray adamlarını xarakterizə etmək üçün istifadə etmişəm.

Operada leytmotiv sistemi dəxi keçirilmişdir. Bunlardan biri operanın əvvəlində başlanır və sonra tez-tez təkrar edilir; bu leytmotiv kəndli kütlələrinin məzlum halını göstərir və hər dəfə xanın zülm və sitəmindən söz açıldığı zaman eşidilir.

İkinci leytmotiv xalqın gizlin, lakin hər dəqiqə partlamağa hazır olan revolyusion həyəcanını göstərir. Bu leytmotiv hər dəfə xalqın narazılığını, Koroğlunun qisasını xana xatırladır.

Üçüncü leytmotiv Koroğlunu sevən və bu sevgi uğrunda çanından belə keçməyə hər an hazır olan Nigarın gözəl obrazını verir.

Qalan musiqi materialı—reçitativ, səhnə və sairələr— operanın qəhrəmanlarını və onların hərəkətlərini təsvir edir. Operanın balet qismini XVII əsr musiqisi stilində vermişəm.

Operanın ümumi stili klassik stildir, bu stilə yabançı olan hər cür formalizm və naturalizm ünsürləri buraya qarışdırılmamışdır.

Bu kimi böyük bir işi mən yalnız partiya və hökümətimizin mənə və mənim bu işimə fövqəladə qayğılı olması nəticəsində müvəffəqiyyətlə başa çatdıra bildim. Mənə «Koroğlu»nu yüksək qiymətli sovet operası etmək, epoxamıza layiq, sosializm quruluşunun bütün cəbhələrindəki böyük qalibiyyətlərimizə layiq bir əsər yaratmaq kimi şərəfli və məsul bir işə yapışmaq imkanını verən də yalnız mənə qarşı göstərilən bu qayğı olmuşdur.

Bu şərəfli vəzifəni nə qədər müvəffəqiyyətlə yerinə yetirə bilmiş olduğumu geniş kütlə—sovet ictimaiyyəti söyləməlidir.

 

 


1. Məqalə «Koroğlu» operası yazılıb bitirilməsi münasibətilə yazılmış və 1937-ci ildə Dövlət opera teatrı tərəfindən Azərbaycan və rus dillərində nəşr edilmiş «Koroğlu» məcmuəsində, həmcinin «Bakinski raboçi» qəzetiıin 1938-ci il 18 aprel tarixli nömrəsində çap edilmişdir.


 

 

 
   © Musigi Dunyasi, 2005