Kremldə qəbul olunmağımız məni o qədər sevindirmişdir ki, qəlbimdəki hissləri ifadə etməyə söz tapa bilmirəm.
Aprelin 17-si ömrümün ən parlaq, ən əlamətdar bir günüdür.
Bizi—dekadanın iştirakçılarını—son dərəcə həyəcanlandıran ilk mükafat tamaşa zamanı lojada olan hökumət üzvlərinin alqışları oldu.
Biz Moskvada özümüzü qonaq kimi hiss etmirdik. Bura yad şəhər deyildir. Moskva, bir hissəsində Azərbaycan respublikasının yerləşdiyi Sovetlər İttifaqının paytaxtı, bizim öz paytaxtımızdır. Biz son illər ölkəmizin ən müxtəlif milli mədəniyyət nümayəndələrinin çıxış etdiyi səhnədə—Ümumittifaq teatrının səhnəsində çıxış edirdik.
Biz Moskva ictimaiyyətinin qonaqpərvərliyindən çox mütəəssir olduq.
Tamaşalara sovet teatrının, musiqi aləminin, ədəbiyyat və incəsənətin ən görkəmli nümayəndələri baxmışdır. Aprelin 17-də Kremldə qəbulun iştirakçıları qarşısın-da Moskva ustalarının verdiyi konsert bizə çox böyük təsir bağışladı. Biz bütün ifaçıların yüksək sənətkarlığına heyran olduq. SSRİ xalq artisti V. V. Barsova heyrə-tamiz nəfəsi və son dərəcə gözəl ahəngdar səsi ilə müğənnilərimizi valeh etdi. Barsova bizi bir daha əmin etdi ki, ən kamil və gözəl musiqi aləti insanın öz səsidir...
Qırmızıbayraqlı mahnı və rəqs ansamblının çıxışı bizi qardaş rus xalqının xor mədəniyyətinin gözəl nümunələri ilə tanış etdi, bu kollektivin mütəşəkkilliyi, vokal hazırlığı, nömrələri göstərmə üsulu, eləcə də ümumiyyətlə dekada zamanı Moskvanın dram və opera teatrlarında gördüyümüz bütün tamaşalar bizim üçün son dərəcə faydalı oldu. Bakıya qayıdıb gündəlik işə başladıqda Moskva təəssüratımızın bizə böyük köməyi olacaqdır.
1. Məqalə «Bakinski raboçi» qəzetinin 1938-ci
il 20 aprel tarixli VI nömrəsində dərc edilmişdir.
Rus dilindən tərcümədir.