«Nərgiz» operası öz tematikası etibarilə birinci sovet operasıdır. Onun müəllifinin əsas və başlıca ləyaqəti də bundadır. Kompozitor Maqomayev orkestra rəvan və ahəngli səs verə bilmiş, solo və xor oxumalarını yaxşı ayırmışdır. Ayrı-ayrı tiplərin musiqi xarakteristikası müvəffəqiyyətlidir. Avropa musiqi yazısı texnikasının kompozitor tərəfindən ehtiyatla tətbiq olunduğunu da təqdir etmək lazımdır; çünki bəzi hallarda belə yazı öz yeniliyi və mürəkkəbliyi nəticəsində dinləyicilərimizə çata bilməz (məsələn, Qlierin «Şah Sənəm» operasındakı Kvinto kimi).
«Nərgiz» operasının sovet opera sənətində milli forma problemini həll edib-etmədiyi məsələsi mübahislli sayılmalıdır. Güman etmək olar ki, kompozitor Maqomayevin (həmçinin Qlierin) zənnincə, xalq melodiyalarının alınması və onların əsil şəkildə operanın musiqi tərtibinə salınması operanın milli formada görünməsinə kömək edir. Bu məsələdə mən başqa fikirdəyəm: sovet həyatımızda, sosializm quruluşu həqiqətən böyük qələbələr çaldığı bir zamanda, məncə, incəsənətdə milli forma ancaq Lenin milli siyasətinin çıxış nöqtəsi olaraq, kompozitorun sərbəst yaradıcılıq fantaziyası ilə ifadə olunmalıdır. Avropa musiqi yazısının məlum üsullarını tətbiq etmək yolu ilə kompozitorun fantaziyası əsil xalq musiqi yaradıcılığının bədii əsaslarını genişləndirməli və dərinləşdirməlidir.
Belə olan surətdə formaca milli və məzmunca sosialist olan kompozitor yaradıcılığı anlaşıqlı və internasional əhəmiyyətə malik əsər olmaq etibarilə milli məhdudiyyətdən sərbəst olar.
Bütün bunlarla bərabər, «Nərgiz» operasının meydana çıxması opera sənətimizdə dönüşün başlanğıcıdır ki bunu cəsarətlə başlayan Maqomayev yoldaşı ürəkdən alqışlayıram.
1. Məqalə «Nərgiz» operasının ilk tamaşası
münasibətilə yazılmış və «Kommunist»
qəzetinin 1936-cı il 11 yanvar tarixli nömrəsində
çap olunmuşdur.