Mən Azərbaycanda ilk operam olan «Leyli və Məcnun»u
1908-ci ildə yazarkən qüvvətli orkestrovka
verə bilmədim. Ona görə də, o primitiv
oldu və muğamat üsulunda yazıldı. Bundan
sonra yazdığım «Əsli və Kərəm»,
«O olmasın bu olsun» da belə bir mühüm nöqsana
tutuldu. Bu nədən irəli gəlirdi? Çünki
mən Avropa musiqi texnikası ilə silahlanmamışdım.
Axır necə də silahlanaydım? Axır buna
imkan, şərait və vəsait lazım idi. Mən
isə bunlara malik deyildim.
1911 — 1913-cü illərdə öz qüvvəmə
əsaslanaraq əvvəlcə Moskvaya və sonra
Leninqrada getdim.
Burada mən «Arşın mal alan» operettasını
yazdım. Bu ikinci addımımda savadlı bir musiqiçi
əli göründü. Buna baxmayaraq mən maddi
çətinlik içərisində sıxılaraq,
Leninqradda təhsili buraxmağa məcbur oldum.
Mən ancaq Azərbaycan sovetləşdikdən sonra
illər boyu arzu etdiyim imkan və şəraitə
malik oldum.
1920-ci ildən başlayaraq mədəni və ictimai
cəhətlərdə yorulmaz bir əsgər kimi
iştirak edirəm. Musiqi texnikumu və dövlət
konservatoriyası vasitəsi ilə onlarca gənc,
bacarıqlı musiqiçi tərbiyə etmiş
və yetişdirmişəm. Mərhum Asəf Zeynallı,
B. Əfrasiyab, Əşrəf Həsənov, H.
Rəfatov, Niyazi, Səid Rüstəmov və b.
bu sıradandır.
Hazırda əfsanəvi qəhrəman Koroğlu
haqqında operanı qurtarmaq üçün çalışıram.
«Koroğlu» operasının yaradılması üzərində
üç ildən artıqdır ki, işləyirəm.
Əfsanəvi Koroğlu istər ədəbiyyatımız,
istərsə musiqimizin diqqətindən kənarda
qala bilməzdi. Mən Koroğlu haqqında bir sıra
sənədlərlə, xalq mahnıları ilə
müfəssəl tanış olduqdan sonra belə
qərara gəlmişəm ki, Koroğlu narazı
qalan və qiyam edən kəndlilərin başında
duran diqqətəşayan fiqurlardan biridir. Onun şöhrəti
yalnız Azərbaycanda deyil, qonşu qardaş Gürcüstan
və Ermənistan respublikalarında da yayılmışdır.
O, bütün Zaqafqaziyada şöhrət qazanmışdır.
Buna görə də mən onun mübarizəsini
göstərmək qərarına gəldim.
Yeni operanı yaradırkən mən musiqi yazmaqda
Avropa texnikasından mümkün qədər geniş
istifadə etməyi, həm də primitivliyi kənara
ataraq yeni havalar yaratmağı, onların içərisində
Azərbaycan mahnıları və havalarının
ölçüsü və ahəngini daha aydın
göstərməyi öz qarşımda bir məqsəd
olaraq qoymuşam. Hazırda mən operanın orkestrovkası
ilə məşğulam.
Son vaxtlarda mən Azərbaycan radio mərkəzinin
notlu şərq orkestrini yenidən tərtib edərək,
38 nəfərə çatdırmışam. İndi
mən Azərbaycan musiqisini öyrənən kabinədə2
işləyirəm, dövlət konservatoriyasında
dərs verir və bundan əlavə sovet kompozitorları
ittifaqının sədr müavini olmaq etibarilə
ittifaqı möhkəmlətmək və gənc
kompozitorların yaradıcılığını
yüksəltmək uğrunda işləyirəm.
Bu müddətdə yuxarıda göstərilənlərdən
başqa mən Qızıl Ordu mahnıları da
yazmışam. Bunların biri süvari, diğəri
piyadə hissələr üçündür. Bu
mahnılar yaxın gündərdə Qızıl
Ordu və Donanma evində nümayiş etdiriləcəkdir.
1. Məqalə «Kommunist» qəzetinin 1935-ci il 24
noyabr tarixli 270-ci nömrəsində çap olunmuşdur.
2. Bu kabinə 1932-ci ildə təşkil olunmuş
və ona 12 il ərzində görkəmli müğənni
Bülbül Məmmədov rəhbərlik etmişdir.