Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

OPERA VƏ DRAMIN TƏRBIYƏVİ ƏHƏMIYƏTİ HAQQINDA

 

 

CAVAB ƏVƏZİNƏ1

 

II

Vətəndaş Məmmədov-Əhliyev birinci məqaləsində opera və operettanın «səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsulu» adlandırmışdı.

Lakin o, sonrakı məqalələrində operanı operettadan ayırmış və hər biri haqqında ayrıca fikir söyləmişdir; opera haqqında əvvəlki fikrini ikinci məqaləsində dəyişərək, daha ciddi fikirlə əvəz etmiş—operanı «ali mədəniyyət» adlandırmışdır.

Məqalənin bir yerində müəllif fransızların belə bir fikrinə əsaslanır: müqayisə sübut deyildir; bununla belə o, operanı universitetə bənzədərək belə bir sillokizm qu-rur:

Dram—gimnaziyadır;

Opera—universitetdir;

Xalqımız—ibtidai məktəb şagirdidir.

«Universitet kursunu müvəffəqiyyətlə keçmək üçün ibtidai məktəbin «şagirdi» əsaslı surətdə gimnaziya kursu keçməlidir»; deməli, xalqımız opera tamaşalarını yaxşı başa düşmək üçün hər şeydən əvvəl çoxlu dram tamaşasına baxmalıdır.

İlk baxışda bu fikir düzgün, hətta inandırıcı görünür; əslində isə bu, müvəffəqiyyətli sofizm ən yaxşı misaldır, opponent isə əsassız olaraq məni sofizmdə günahlandırırdı. Yuxarıdakı sillogizmin birinci mühakiməsi düzgün olmadığından nəticə də yanlışdır: əgər opera universitetdirsə, gimnaziya tamaşaçıya heç bir musiqi biliyi verməyən drama deyil, daha sadə musiqisi və şən məzmunu ilə operadan fərqlənən, opera kimi mürəkkəb əsəri başa düşmək üçün hazırlıq mərhələsi adlandırıla bilən operettaya daha uyğundur.

Axı, tutaq ki, «Ömrümüzün günləri» dramın yüz dəfə tamaşa etməklə indi mən «Boris Qodunov» operasını dinləməyə hazıram demək, yaxud: «qoy xalqımız daha yüz il «Nadir şah» dramına tamaşa etsin, sonra «Leyli və Məcnun» operasına getsin» demək olmaz.

Nəhayət, «dram, opera, gimnaziya, universitet» nisbəti düzgündürsə, bu da düzgündür ki, əsaslı «dram kursu» keçən və «opera kursuna» daxil olmağa hazır olan tamaşaçının daha drama baxmasına heç bir ehtiyacı yoxdur, çünki gimnaziyanı bitirən şəxs yenidən gimnaziyaya daxil olmur...

Lazım gəldikdə səhnə sənətinin növlərini asandan çətinə, sadədən mürəkkəbə doğru inkişaf edən sıraya (şərti olsa da) düzmək olar, məsələn, vodevil, komediya, dram, faciə; yaxud operetta, musiqili dram, opera; lakin «komediya, dram, opera» şəklində sıraya düzmək qətiyyən olmaz.

Bəli, səhnə sənətinin ayrı-ayrı növləri bir növü başa düşmək üçün başqa növün hazırlıq rolu oynaması üçün deyildir.

 

* * *



Vətəndaş Əhliyev üçüncü məqaləsində mənim bu sualıma cavab vermək istəmişdir: «Otello», «Faust», «Boris Qodunov» kimi operaların tərbiyəvi əhəmiyyəti etibarilə eyni; müəlliflərin eyni adlı və eyni məzmunlu dram əsərlərin dən nəyi əksikdir? O yazır:

«...Birincisi, göstərilən müəlliflərin dramları əvvəl meydana gəlmişdir, operalar isə əslində eyni dramlardan ibarətdir, ancaq onlara musiqi şirəsi qatılmışdır (kursiv bizimdir), yəni operalar daha mürəkkəbdir»...

«İkincisi, fransızlar demişkən, müqayisə sübut deyildir».

Bu sətirləri oxuyarkən məni cavabın suala uyğun gəlməməsindən daha çox başqa şey təəccübləndirir. Sual heç də göstərilən opera və dramların yaranmasının xronoloji sırasını müəyyən etmək və ya müqayisə haqqında fransızların mötəbər fikri ilə tanış olmaq məqsədi ilə verilməmişdir. Məni təəccübləndirən odur ki, opponent hər bir, yeni məqaləsində opera haqqında təzə fikir söyləyir. Birinci məqalədə tərbiyəvi əhəmiyyətinə görə üçüncü dərəcəli hesab olunan opera ikinci məqalədə «ali mədəniyyətin» yüksək mərhələsinə qaldırılır və universitetə bərabər tutulur; üçüncü məqalədə isə opera musiqi «şirəsi» qatılmış drama çevrilir.

Məcazi mənada olan «şirə» sözünü opponent opera ilə fərli xörək məfhumları arasında əlaqə yaratmaq məqsədi ilə deyil, operaya «mürəkkəb əsər» kimi baxılması üçün işlətmişdir, çünki bu fikrə əsaslanıb belə bir məntiqi, didaktik fikir irəli sürmək olar:

«...mürəkkəb şeyləri yaxşı başa düşmək üçün sadə şeyləri anlamağı bacarmaq lazımdır»...

Yuxarıda dediklərimiz opponentimin bu yeni fikrini də təkzib etmək üçün kifayətdir; drama nisbətən operanın mürəkkəb olmadığına daha çox inanmaq üçün bunu deyə bilərəm ki, operanın repertuarı əsasən elə əsərlərdən ibarətdir ki, onlar orta səviyyəli tamaşaçılar tərəfindən öz sadəliyi və aydınlığı ilə fəlsəfi məzmuna və rəmzi əhəmiyyətə malik bir çox mürəkkəb dramlara nisbətən daha asan başa düşülür və daha böyük fayda verir. Deməli, operanın mürəkkəb, dramın isə sadə şey olduğunu seyləmək tamaşaçıları aldatmaq deməkdir; lakin şüurlu tamaşaçı bu və ya digər teatr tamaşasına getməklə heç vaxt səhv etmir.

Opponentimin operetta haqqında fikirləri daha sabitdir. O, bütün məqalələrində operettaya mənfi münasibət bəsləyir; lakin operettanın nə üçün «tərbiyəyə zidd» səhnə sə-nəti olduğunu isbat etmək istəmir; görünür, o, operetta haqqında yayılmış fikrə böyük əhəmiyyət verir, həmin fikrə görə, operetta tamaşaçıların bayağı hisslərini oxşayan şit musiqi əsəridir. Opponentim buna əsaslanaraq deyir:

«Xalqın tərbiyəsi üçün operettanın Moskva Bədaye Teatrına nisbətən daha xeyirli olmasına kütləni inandırmaq kimi faydasız bir rolu kim üzərinə götürər?».

Yaxud:

«Biz uşaqlarımızı operettalar vasitəsi ilə tərbiyə etsək, son məqsədimiz Sodom olmalıdır».

«Zənnimcə, heç bir qərəzsiz adam operettaların dram əsərlərinə nisbətən daha artıq tərbiyəvi əhəmiyyətə malik olduğunu sübut etməyə cəhd göstərməz».

Heç kəs xalqın tərbiyəsi işində operanın drama nisbətən daha faydalı olduğunu sübut etmək kimi xeyirsiz bir vəzifəni üzərinə götürməməlidir; bunun əksini sübut etməyi də heç kəs öhdəsinə götürməməlidir.

İdeya və əxlaqi məzmun kəsb edən və bunları bədii vasitələrlə ifadə edən hər bir səhnə əsəri,—istər bədii musiqi əsəri, istərsə də bədii nəzm əsəri olsun,—faydalıdır; bu keyfiyyətlərə cavab verməyən əsərlər isə,—istər opera olsun, istərsə də dram, operetta və ya komediya,—faydasızdır; faydalı əsərlərin empirik yolla müəyyən edilən forma və növ rəngarəngliyi xalqın əqli və mənəvi inkişafı işinə kömək edir. Operetta haqqındakı fikrə bir daha qayıdaraq demək istəyirəm ki, operetta heç də bayağı səhnə əsəri demək deyildir; sənətlə bayağılıq bir araya sığa bilməz; operetta şit hərəkətlər də demək deyildir, bu, dram əsərlərinin bir növü olan məzhəkəyə xasdır. Əgər ayrı-ayrı şəxslər bayağı əsərlər yazıb bunları operetta adlandırırlarsa, yaxud ifaçılar çox vaxt operettaya onun adına yabançı olan şit hərəkətlər daxil edirlərsə, buna operetta janrı günahkar deyildir. Operettanın tərkib hissələri olan incə melodiya, sağlam yumor, yüngül satira heç də bayağılıq və ya şitlik əlaməti deyildir...

Görkəmli, hətta dahi bəstəkarlar, məsələn, dünya şöhrəti qazanmış İosif Qaydn, Motsart kimi sənətkarlar da operetta yaratmışlar. Bəzi görkəmli bəstəkarların adını isə çəkmirəm. Çünki onların adı operettanın musiqili bədii əsər kimi yüksək əhəmiyyətə malik olduğunu sübut etməya əsas verir. Yeri gəlmişkən, musiqi tarixindən belə bir səhifəni xatırladım ki, vaxtı ilə alman milli operettası dərin kök salmış İtaliya operası və operettalarının təsirinə qarşı mübarizədə böyük rol oynamışdır.

 

* * *



Mənim opponentim digər ixtisas sahibi olduğundan, onun opera və operettaların tərbiyəvi əhəmiyyəti haqqında səhv fikirlər və yanlış mühakimələr irəli sürməsini bağışlamaq olarsa, müsəlman publisisti olmaq etibarı ilə teatr sənətimizin inkişafı tarixini bilməməsini və bizim teatrın inkişafa opera və operettalardan başladı-ğını deməsini bağışlamaq olmaz. Axı, xalqı hər şeydən əvvəl dram vasitəsi ilə tərbiyə etmək haqqında vətəndaş Əhliyevin tələbi bizdə çoxdan həyata keçirilmişdir; artıq 70 ildən2çoxdur ki, xalqımız ancaq dramlardan istifadə edir (bir neçə il bundan əvvəl Bakıda ilk dramaturqumuz, səhv etmirəmsə, vətəndaş Əhliyevin həmyerlisi Mirzə Fətəli Axundovun 100 illik yubileyini3 qeyd etmişik). Özü də biz təkcə öz dramlarımızdan deyil, həm də bir çox tərcümələrdən istifadə edirik; vətəndaş Əhliyevin 10 il bundan əvvəl rus dilində gördüyü «Otello»ya mən 20 il qabaq Şuşa şəhər teatrında tatar dilində tamaşa etmişəm. Axundovun «Xan Sarabski», «Məstəli şah», «Hacı Qara», məşhur dramaturqumuz Ə. Haqverdiyevin «Dağılan tifaq» (bunu cəsarətlə dram ədəbiyyatımızın şedevri adlandıra bilərəm) dramları mənim inkişafımda böyük rol oynamışdır.

Hörmətli sənətkarlarımız N .B. Vəzirov və N. Nərimanovun komediya və dramları, Haqverdiyev, H. B. Vəzirov və başqalarının digər əsərləri, rus dilindən, əcnəbi dillərdən tərcümə olunmuş, türk dilindən iqtibas edilmiş bir çox əsərlər opera və operettaların meydana çıxmasından xeyli əvvəl həyatımızın mənəvi-bədii tələbatını ödəmiş, indinin özündə—opera və operettalar yarandıqdan sonra da ödəməkdədir. Əgər dramın geri qaldığı hiss olunursa, bunun başlıca səbəbi hər şeydan əvvəl müsəlman teatrının olmaması ilə izah edilir. Ciddi dram göstərildikdə teatrda tamaşaçıların sayının aktyorların sayından az olduğunu, operetta göstərildikdə isə tamaşa salonunun ağzınadək adamla dolu olduğunu söyləmək mübaliğədən başqa bir şey deyildir; bizim hesabatlarımız sübut edir ki, aşağı səviyyəli bir komediya və ya mənasız dram oynanılarkən teatra az adam gəlirsə, tamaşaçıların bədii-estetik tələblərinə cavab verməyən opera və operettalara bundan qatqat az tamaşaçı gəlir.

Bizim opera və operettalarımız nədən ibarətdir? Bu suala cavab verməzdən əvvəl vətəndaş Əhliyevin irəli sürdüyü «xalis musiqi» məsələsinə toxunmaq faydalı olar. Lakin bu məsələ haqqında gələn məqalədə danışarıq4.

 


1. Məqalə «Kaspi» qəzetinin 1917-ci il 260-cı nömrəsində, Məmmədov Əhliyevlə mübahisə təriqi ilə dərc olunmuşdur. Rus dilindən tərcümədir.
2. Burada aşkar səhv getmişdir, cünki müəllif yəqin ki, 1873-ci ildə Azərbaycanda M. F. Axundovun komediyaları əsasında müasi teatr sənətinin yaranmasını nəzərdə tutur. Lakin məlumdur ki, həl 1848-ci ildə Şuşada həvəskar dram teatrı olmuşdur. Burada Üzeyi Hacıbəyovun həmin dövrun Şuşa tamaşalarını nəzərdə tutması şübə doğurur.
3.1912-ci ildə Bakıda Azərbaycan ictimaiyyəti dramaturq M. F. Axundovun anadai olmasının yüz illiyini qeyd etmişdir.
4. «Kaspi» qəzetinin sonrakı nömrələrində belə bir məqaləyə təsa düf olunmamışdır; görünür redaksiya mübahisəni kəsmişdir.

 

 

 
   © Musigi Dunyasi, 2005