Musiqili dram və xalis dram tamaşalarının
tərbiyəvi əhəmiyyəti haqqında vətəndaş
Məmmədov-Əhliyevin qaldırdığı
məsələ barəsində qəzetdə söhbət
açmağı ona təklif edərkən ümid
edirdim ki, bizim mübahisəli söhbətimiz tamamilə
obyektiv xarakter daşıyacaq, bu və ya başqa
teatr sənətinin xalqımız üçün
tərbiyəvi əhəmiyyətini aydınlaşdırmaq
kimi ağıllı bir məqsəd güdəcək
və elmi-məntiqi müddəalara əsaslanacaqdır.
Vətəndaş Məmmədov-Əhliyevin dramı
müdafiə edib, cəsarətlə opera və
operettalara qarşı çıxması məndə
belə bir fikir oyatdı ki, opponentim ümumiyyətlə
səhnə sənəti, xüsusən müsəlman
səhnəsi haqqında kifayət qədər məlumata
malikdir, həmin predmet barəsində elmi cəhətdən
əsaslandırılmış, məntiqi cəhətdən
düzgün fikirlər söyləyə bilir.
Lakin sehbətə başlamaq üçün vətəndaş
Məmmədov-Əhliyevə təklif etdiyim iki
suala onun cavabı məni bir qədər təəccübləndirdi...
Ümumiyyətlə bu cavab aşağıdakı
xüsusiyyətləri ilə fərqlənir: 1)
boş söz yığını ilə; məsələn,
«kiçik yaşlı bir uşağı birdən-birə
gimnaziyanın yuxarı sinfinə qoymağın»,
yaxud «ibtidai məktəb şagirdini universitetə
qəbul etməyin mümkun olmamasını» «sübuta»
yetirməyə və bu «sübuta» iyirmidən çox
qəzet xətti həsr etməyə ehtiyac var-mı?
2) bu cavab həmçinin xoşagəlməz münaqişə
üsulları ilə fərqlənir; opponentim mənim
demədiyim sözləri mənə aid edir və
həmin sözlərin «mənasız» olduğunu
«sübut» edir, guya mən demişəm ki, bizim musiqi
sənəti XX əsrdən başlanır (halbuki
mən belə demişəm: «...biz müsəlmanların
musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri
ancaq XX əsrdən oyanan bu təbii arzunun qarşısına
sədd çəkilir»); yaxud qəsdən yanlış
nəticələr çıxarır, üstəlik,
bunları dırnaq içərisinə alır ki,
oxucular aldanıb həmin sözlərin mənə
məxsus olduğunu güman etsin;. məsələn,
«...Vətəndaş Hacıbəyovun müddəalarından
aşağıdakı nəticə çıxarılır:
«Vətəndaş Məmmədov tövsiyə
edir «... və s; burada məqsəd məni sofizmdə
təqsirləndirməkdir; 3) oponentini gözdən
salmaq məqsədi ilə oxuculara müxtəlif
işarələr vurur; məsələn, «beləliklə,
məni musiqiyə etinasızlıq göstərməkdə
təqsirləndirmək olmaz. Görünür,
burada başqa məsələ var, bunu hər kəs
bir az fikirləşsə, asanlıqla başa düşər».
Hətta cavabda azacıq maraqlı məzmun olsa da,
lüzumsuz sözçülük, fikir dağınıqlığı,
əsəbi ton və xoşagəlməz münaqişə
üsulları (yeri gəlmişkən, bitərəf
qalan redaksiya da bunu hiss etmişdir) bu mücərrəd
cavabın əhəmiyyətini daha da azaldır.
Opponentimin cavabının məzmunu dramın tərbiyəvi
əhəmiyyətinin müdafiə olunmasından,
opera və operettaların isə belə bir əhəmiyyətinin
inkar edilməsindən ibarətdir.
Vətəndaş Məmmədov-Əhliyev tərbiyəvi
əhəmiyyətinə görə dramın üstün
olduğunu sübut etmək üçün aşağıdakı
dəlilləri gətirir:
«...Teatrın, incəsənətin inkişafı
tarixini izləsək görərik ki, istisnasız
olaraq bütün xalqlarda inkişaf bir qanuna tabedir:
əvvəlcə faciə, sonra dram meydana gəlib
inkişaf etmişdir, melodram və səhnə sənətinin
başqa növləri isə artıq həm əqli,
həm də estetik inkişafın müəyyən
mərhələsinin məhsuludur».
Əvvəla, bu dəlil tarixi cəhətdən
düzgün deyildir, bu barədə aşağıda
danışacağıq; ikincisi, lap tutaq ki, əvvəlcə
faciə, dram, sonra isə opera meydana gəlmişdir,
məgər buradan belə bir məntiqi nəticə
çıxarıla bilərmi ki, dram birinci dərəcəli
tərbiyəvi əhəmiyyətə malikdir? Əksinə,
eyni cinsli predmetlərin zaman keçdikcə tədricən
müxtəlif şəkillərdə meydana gəlməsi
əsasən onların təkmilləşməsi
deməkdir; ona görə də burada əks nəticə
çıxarmaq daha düzgün olardı.
Operaya dramın təkmilləşmiş bir forması,
yaxud drama nisbətən daha «mürəkkəb»
bir şey kimi baxılması opponentimin xeyrinə
olmasa da, bu yanlış fikirdən istifadə etmək
istəmir və onun tarixi cəhətdən səhv
olduğunu bildirirəm.
İş burasındadır ki, teatr sənətinin
iki kateqoriyaya— musiqili və musiqisiz əsərlər
kateqoriyasına, hər bir kateqoriyanın isə
müxtəlif adlı müxtəlif növlərə
ayrılması çox qədim dövrə aid olan
bir prosesdir.
Uzaq keçmişdə teatr xarakteri daşıyan
hər bir tamaşa hökmən nəğmə
və musiqi ilə müşayiət olunurdu; musiqi
tarixçisi L. A. Sakkettinin dediyinə görə,
qədim yunan dramaturqları «teatr tamaşalarına
özlərinin bəstələdikləri musiqini
tətbiq etməklə, yaxud öz mətnlərini
mövcud havalara uyğunlaşdırmaqla operaya bənzər
tamaşalar düzəldirdilər». Sakketti yazır:
«Romalıların dram tamaşaları musiqisiz keçirmirdi,
ilk dəfə bu cür tamaşa milad tarixindən
əvvəl, 364-cü ildə ğöstərilimşldir.
Şair Livi rəqs və pantomimalarla dramatik səhnələri
birləşdirmişdir. 0, özü tamaşada
iştirak etmiş və oxumuşdur. Vəcdə
gələn tamaşaçılar Livini ifa etdiyi rolu
o qədər təkrar etməyə məcbur etmişlər
ki, axırda onun səsi tutulmuşdur». «Ayrı-ayrı
şəxslərin, xorun oxumasından və xalq
çalğı alətlərinin müşayiətindən
ibarət olan musiqi faciə və komediyalarda səslənmişdir».
Tarixçi və alimlərin fikrincə, bütün
xalqlarda dramın mənşəyi dinlə bağlıdır,
musiqi isə dram tamaşalarının mühüm
ünsürünü təşkil edir. Qədim
xristian-kato-liklərin liturgiya dramlarında, yaxud
misteriyalarında «operanın başlıca ünsürlərinə
təsadüf olunurdu; opera özü bunlardan törəmişdir».
Yeri gəlmişkən qeyd edək ki, bizim «Şaxsey»
misteriyamız da «Şəbih» adlanan səhnə
tamaşası şəklini alaraq vokal, bəzi yerlərdə
isə instrumental musiqi ilə müşayiət
olunur.
Beləliklə, biz teatr sənətinin inkişafı
tarixini izləsək, görərik ki, dram heç
də operadan əvvəl meydana gəlməmişdir,
səhnə sənətinin müasir növlərinin
rüşeymləri paralel inkişaf etmiş, əsrlər
keçdikcə müəyyən və müstəqil
formalara ayrılmışdır; musiqili dram ünsürü
opera, operetta, oratoriya, dram ünsürü isə
dram, faciə, kome-diya və sairə şəklini
almışdır.
Vətəndaş Məmmədov-Əhliyevin dramı
müdafiə edən cavabında daha sonra oxuyuruq:
«Beləliklə, etiraf etmək lazımdır ki,
teatr ictimai təbəqələşmənin məhsuludur,
onun vəzifəsi cəmiyyətin yaralarını
açıb göstərmək və insanlar arasındakı
ədalətsizliyi aradan qaldırmaqdır».
«Mən öz məqaləmdə səhnənin
əhəmiyyətinə bu nöqteyi-nəzərdən
yanaşmış və belə bir nəticəyə
gəlmişəm ki, bu məqsəd üçün
aşağıdakılar daha əlverişlidir:
faciələr, dramlar və ağıllı süjetə
malik yüngül komediyalar».
Zənnimcə, mən vətəndaş Məmmədov-Əhliyevin
yuxarıdakı sözlərindən belə bir
məntiqi nəticə çıxarsam, o məni
sofizmdə günahlandıra bilməz; opponentimin
fikrincə opera və operetta cəmiyyətin yaralarını
açıb göstərmək və insanlar arasındakı
ədalətsizliyi aradan qaldırmaq üçün
teatr vəzifəsi daşıyaraq səhnə sənətinin
ən əlveriş-siz növüdür; nəticə
düzgün və məntiqidir.
Əvvəla, teatrın vəzifəsinə birtərəfli
yanaşılmışdır, bu barədə aşağıda
danışacağam. İkincisi, əgər teatr
tamaşalarına ancaq ictimai-əxlaq nöqteyi-nəzərindən
yanaşsaq, bu tendensiya istər faciə olsun, istərsə
də opera, komediya və ya operetta teatr sənətinin
bütün növlərinin məzmununda öz əksini
tapır. Eyni müəllifin eyni əsərinin Həm
faciə, həm də opera şəklində mövcud
olması yuxarıdakı fikrə parlaq sübutdur;
halbuki bu fikir o qədər düzgün və aydındır
ki, sübuta ehtiyacı yoxdur; öz süjetinin mənəvi
cəhətini aydın ifadə etmək üçün
hansı əsər daha çox əlverişlidir,
musiqili, yoxsa musiqisiz? Vətəndaş Məmmədov-Əhliyev
belə bir nəticəyə gəlmişdir ki,
musiqisiz əsər; o, yazır:
«Səhnədə dram göstərilirsə, həm
də tamaşaçının bütün diqqəti
aktyorlara və orkestrə deyil, ancaq aktyorların
hərəkətlərinə cəlb edilirsə,
səhnədə baş verən bütün hadisələr
adamın hafizəsinə, psixikasına o qədər
güclü təsir edir ki, dramı duymamaq və
ibrət götürməmək üçün
gərək ürəyin daşdan ola».
Mən isə deyərdim:
Səhnədə dram göstərilirsə, həm
də tamaşaçı onun musiqili hissəsini gözü
ilə deyil, qulağı ilə eşidirsə,
bütün səhnə emosiyası, iştirak edən
aktyorların lirik əhval-ruhiyyəsi, onların
daxili aləmin musiqinin ecazkar dili ilə ifadə
olunursa, bütün bunlar tamaşaçının
əqlinə və qəlbinə o qədər nüfuz
edir ki, belə bir tamaşadan ibrət götürməmək
üçün gərək gözlərin kor və
qulaqların kar olsun!
Mən danışıq dilinə nisbətən
musiqi dilinin xüsusən lirik anlarda daha böyük
təsir qüvvəsinə malik olduğunu etiraf
etməklə yanaşı, musiqisiz əsərlərin
öz məzmununun əxlaqi cəhətlərini
parlaq ifadə etməyə yararlı olduğunu
da inkar etmirəm.
Ümumiyyətlə, mən heç də təkcə
musiqili səhnə əsərlərinin tərəfdarı
deyiləm. İctimaiyyətin tərbiyəsi üçün
faciə də, dram da, komediya da, opera da, operetta da
lazımdır; operetta haqqında belə bir fikir
yayılmışdır ki, guya, bu, şit və
bayağı formadır; doğrudur, bizdə bayağı
və məzmunsuz operettalar çoxdur, lakin duzsuz və
mənasız dramlar, faciələr, komediyalar da
az deyil. Bu barədə yeri gələndə danışarıq.
Teatrın əhəmiyyətinə vətəndaş
Məmmədov-Əhliyev kimi birtərəfli baxılarsa
və teatrın vəzifəsi yalnız əxlaqi
nöqteyi-nəzərdən müəyyən edilərsə,
qarşıya belə bir sual çıxar: onda opera
nəyə gərəkdir, dram nəyə gərəkdir?
İş burasındadır ki, teatr ictimai həyatın
güzgüsü, sənət məbədi olduğundan
teatrda tamaşaya qoyulan əsərlər həyatımızın
təkcə əxlaqi cəhətlərini tərbiyə
etməməli, həm də insan təbiətinə
xas olan estetik hisslər aşılamalıdır;
deməli, hər bir səhnə əsərində
əxlaqi ünsürdən başqa, bədii ünsür
də olmalıdır; musiqi əsərlərində
bədiilik ünsürü musiqi ilə ifadə
olunur, dram əsərlərində isə poeziya
və nəsrlə; səhnə sənətinin
hər iki sahəsinin kütlə üçün
zəruri olduğu buradan irəli gəlir.
Sonra. Vətəndaş Məmmədov-Əhliyevin
cavabında dramın əhəmiyyəti haqqında
demək olar ki, danışılmır, qalan cümlələr
opera, operetta, habelə musiqi haqqında müəllifin
xeyli orijinal baxışlarına və mühakimələrinə
aiddir. Bu barədə gələn dəfə danışarıq.
1. «Cavab əvəzinə» məqaləsi Üzeyir
Hacıbəyovun Əsəd Məmmədov Əhliyevə
cavab təriqi ilə dərc etdirdiyi ikinci məqaləsidir.
Məqalə «Kaspi» qəzetinin 1917-ci il 256-cı
nömrəsində dərc olunmuşdur. Rus dilindən
tərcümədir.