Keçən ilin yayında Moskvada özbək
incəsənəti dekadası iştirakçılarının
çıxışlarına baxıb heyran oldum.
Mən özbəklərin gözəl, günəş
qədər hərarətli, xalq kəlamları
və vokal-musiqi folkloru ilə zəngin tamaşalarında
iştirak etməklə, 1917-ci il Oktyabr inqilabı
kimi böyük bir inqilabi çevrilişin Orta Asiya
xalqlarının, eləcə də keçmiş
Rusiya imperiyasının digər ucqar millətlərinin
həyatında necə bir dönuş yaratdığını
daha dərindən duyub hiss etdim.
Biz SSRİ xalqlarının incəsənəti
ilə tanış olarkən sanki onların gözəl,
yaradıcı əməklə dolu həyat nəbzinin
döyüntüsünü eşidir, Lenin milli
siyasətinin həyata keçirildiyini və nəticələrini
görürük. Moskvada Azərbaycan incəsənəti
dekadasının tamaşaları partiyanın rəhbərliyi
altında Azərbaycan xalqının sosialist iqtisadiyyatı
və mədəniyyətinin bütün sahələrində
əldə etdiyi böyük qələbələri
paytaxt zəhmətkeşləri qarşısında
bir güzgü kimi əks etdirdi.
Sovet hakimiyyətinin 18 ili ərzində Azərbaycan
incəsənətinin tərəqqisi bu qələbələrdən
ancaq biridir. Mən respublikamızın elə bir
nəslinə mənsubam ki, həmin nəsil keçmişi
öz şəxsi təəssüratına görə
indiki dövrlə müqayisə edir. İnqilabdan
əvvəl milli opera yaratmağa təşəbbüs
göstərərkən nə qədər acınacaqlı
vəziyyətdə olduğumuz heç vaxt yadımdan
çıxmaz. 1905-ci il inqilabının dalğaları
hələ sakitləşməmişdi. Bakıda
Azərbaycan mətbuatı, xalq operası və
s. şəkildə milli mədəniyyətinin
ilk əlamətləri yaranmağa başlayırdı.
1907—1914-cü illərdə mən xalq dastanları
süjetindən və xalq mahnıları melodiyalarından
istifadə edərək bir neçə musiqili dram
yazdım. Bunların ifaçısı həvəskar
artistlər idi. Qadın rollarında da kişilər
çıxış edirdi, çünki Azərbaycanlı
qadın nəinki tamaşaçılar qarşısına
çıxmağa, hətta xəlvət küçələrdə
çadrasını açmağa belə cəsarət
etmirdi. Hər bir tamaşa üçün bina, antreprenyor
tapmaq, bunun üçün çoxlu pul vermək lazım
gəlirdi. Əgər səhnədə tropik meşəni
göstərmək lazım idisə, biz bunu rus tozağacı
və şam ağacı meşəsi ilə əvəz
etməyə məcbur olurduq—xüsusi dekorasiya düzəltməyə
pulumuz çatışmırdı.
Bütün Azərbaycanda nə bir milli teatr,
nə də ali musiqi məktəbi vardı. İndi
Bakıda daimi dram teatrları: Azərbaycan, rus və
s. dram teatrları vardır. Azərbaycan opera teatrı
da daimidir. Azərbaycan filarmoniyasında 100 nəfərlik
dövlət xoru, ilk azərbaycanlı balerina Qəmər
Almaszadənin rəhbərlik etdiyi 42 nəfərlik
xalq rəqsləri ansamblı, İoannesyanın
rəhbərlik etdiyi xalq çalğı alətləri
ansamblı, Zəhrə Rəhimova kimi görkəmli
müğənnilər, xalq artisti Qurban Pirimov kimi
musiqiçilər vardır.
Bakıda peşəkar teatrlardan başqa teatr
özfəaliyyəti də geniş inkişaf etmişdir.
Bu teatrların Sabunçuda (Lenin adına), Suraxanıda
(Orjonikidze adına), Bayılda gözəl mədəniyyət
sarayları vardır. Həmin rayonların hamısı
neft rayonlarıdır. Peşəkar teatrlar Azərbaycanın
digər şəhərlərində də vardır.
Teatr özfəaliyyəti Azərbaycanın
kolxozlarında da inkişaf etmişdir, bu təsərrüfatların
pambıqdan götürdükləri böyük
gəlir kənd rayonlarında yaxşı avadanlığı
olan gözəl klublar yaratmağa imkan verir. Özfəaliyyət
məhz bu klublarda inkişaf edir.
Sovet hakimiyyəti illərində Bakıda
konservatorıya və 2 böyük musiqi məktəbi
yaradılmışdır. Kirovabadda və Şuşada
musiqi texnikumları açılmışdır.
Bu məkqəblərdə 5—6 min azərbaycanlı
oğlan və qız oxuyur. Bundan əlavə, bir
çoxları Moskvada təhsil alır. Azərbaycanlılar
içərisindən peşəkar bəstəkarlar,
dirijorlar, musiqiçilər, müğənnilər
hazırlanır. Təəssüf ki, bu vaxtadək
orta məktəblərdə musiqi tərbiyəsi
işi pis qurulmuşdur. Azərbaycan Xalq Maarif Komissarlığının
və konservatoriyanın keçmiş rəhbərləri
orta məktəblər üçün musiqi müəllimləri
hazırlanması qayğısına qalmamışlar.
İndi bu sahəyə daha çox fikir verilir. Bakı
pionerlər evində musiqi tədrisi yaxşı
təşkil olunmuşdur, buna bizim Dövlət
xorunun ən yaxşı solistləriıdən
biri olan Sima Məmmədbəyova rəhbərlik
edir. Xorun digər solistləri—Xurşud Babayeva, Əmiraslanova,
Ayrapetova Radio Verilişləri Komitəsində işləyir.
Azərbaycan nəinki musiqiçi və artist
kadrları hazırlayır, respublikada artıq indinin
özündə də onun müğənnilərdən,
musiqiçilərdən və dram artistlərindən
ibarət iri kollektivləri vardır. Biz iftixarla
qeyd edirik ki, sovet hakimiyyəti Şövkət Məmmədovaya,
Bülbulə və başqa artistlərimizə
İtaliyada vokal təhsili almaq imkanı vermişdir.
Biz Mustafayev, Bünyatzadə (bas), Hacıbababəyov,
Yaqub Rzayev (tenor), Bədirov, Ağalarov (bariton), Gülara,
E. Axundova, Quliyeva, (soprano) kimi müğənnilərimiz,
H. Rzayeva, M. Paşayeva kimi xanəndələrimizlə
haqlı olaraq fəxr edirik.
Azərbaycan incəsənəti xalq incəsənəti
əsasında tərəqqi edir. Yerli millətçi-şovinistlər,
xalqın düşmənləri xalq incəsənətinin
inkişafını ləngitməyə çalışır,
onun Avropa və xüsusən rus incəsənəti
hesabına zənginləşməsinə mane olurdular.
Azərbaycan Kommunist partiyası mühafizəkarlarla,
xalq düşmənləri ilə mübarizədə
formaca milli, məzmunca sosialist incəsənətə
geniş yol açdı. Azərbaycan tarixində
ilk dəfə olaraq xalq mahnıları və operalarının
melodiyaları nota salındı. İndi bizdə
birsəsli oxuma əvəzinə Avropada olduğu
kimi çoxsəsli oxuma (polifoniya) tətbiq edilir.
Artistlərimiz daha improvizasiya etmirlər, onarın
hər birinin notaya salınmış öz partiyası
vardır.
Keçmişdə musiqidə incə estetik
mədəniyyətin nümayəndələri,
milli burjuaziya üçün «incə» melodiya yaradanlar
tərəfindən sıxışdırılan
xalq müğənniləri-—aşıqlar indi həm
şəhərlərdə, həm də kəndlərdə
xalq mahnılarının gözəl ifaçıları
kimi hörmət qazanmışlar.
Moskvada incəsənətimizin dekadası
keçirilərkən tamaşaçılar Azərbaycan
musiqi sənətinin bütün janrları ilə
tanış olmuşlar. Biz keçən il vəfat
etmiş əməkdar incəsənət xadimi,
bəstəkar M. Maqomayevin «Nərgiz», respublikanın
xalq artisti Qlierin «Şahsənəm» və Hacıbəyovun
«Koroğlu» operalarını göstərmişik.
Sonuncu operada mülkədarlara, xanlara və paşalara
qarşı üsyan qaldırmış məşhur
Azərbaycan qəhrəmanı təsvir edilir. Bundan
əlavə, Hacıbəyovun «Arşın mal alan»
musiqili komediyası da nümayiş etdirilmişdir.
Moskvada xalq müğənniləri—aşıqlar
da öz ustalıqlarını göstərmişlər,
bunların içərisində Əsəd, Mirzə,
Məmməd yoldaşlar daha ustad sənətkarlardır.
Aşıqlar «saz» simli alətini çala-çala
Lenin haqqında, kolxoz haqqında, sovet təyyarəçilərinin
igidliyi haqqında öz mahnılarını oxumuşlar.
Dövlət xoru, xalq çalğı alətləri
ansamblı və xalq rəqsləri ansamblı da
çıxış etmişdir.
Dekadanın bütün iştirakçıları
incəsənətimizin böyük rus xalqı,
SSRİ-nin digər xalqlarının nümayəndələri
qarşısında ilk dəfə olaraq ən geniş
şəkildə nümayiş etdirilməsinə
böyük ruh yüksəkliyi ilə hazırlaşmışlar.
Biz xoşbəxtik ki, partiya və hökumət
rəhbərləri incəsənətimizlə
tanış olmuşdur. Dekada zamanı Azərbaycan
sosialist incəsənətinə verilmiş yüksək
qiymət şübhəsiz ki, onun daha da çiçəklənməsinə
kömək edəcəkdir.
1.Məqalə «Literaturnıy Azerbaydjan» jurnalının
1938-ci il 4-cü nömrəsində dərc edilmişdir.
Rus dilindən tərcümədir.