Moskvada keçirilən Azərbaycan incəsənəti
dekadası ordenli respublikamızda incəsənəti
inkişaf etdirmək sahəsində son illər
nə qədər böyük iş görüldüyünü
sübut etdi.
Sovet paytaxtında Azərbaycan artistlərinin
ünvanına deyilən təriflər, müvəffəqiyyətlərimizə
görə partiya və hökumətin bizi fəxri
mükafatlara layiq görməsi Azərbaycan incəsənətini
daha da inkişaf etdirmək və təkmilləşdirmək
üçün bütün qüvvəmizi səfərbərliyə
almağı öhdəmizə qoyur.
Nöqsanlarımızdan biri Bakıda
rus operasının yarıtmaz vəziyyətdə
olmasıdır. Biz həmişə rus yoldaşlarımızdan
öyrənmiş, iste'dadlı rus dirijorları
və aktyorlarının bizə göstərdikləri
yüksək opera sənəti nümunələrindən
nəticə çıxarmağa çalışmışıq.
Lakin son zamanlar Azərbaycan operası xeyli irəliləyib
müvəffəqiyyət qazandığı halda,
Bakıda rus operasının bədii səviyyəsi,
gözlənilmədən dözülməz dərəcədə
aşağı etmişdir.
Bu, opera teatrımızın rus truppasında
kollektivin bir sənətkar kimi e'timad göstərə
biləcəyi hörmətli bir rejissorun, teatrın
səhnəsində oynanılan opera tamaşalarını
düzgün interpretasiya etməyi bacara biləcək
rejissorun olmaması ilə izah edilir. Rus truppasında
elə bir nüfuzlu dirijor da yoxdur.
Təbiidir ki, ixtisaslı musiqi rəhbərlərinin
olmaması tamaşaların keyfiyyətinə çox
pis tə'sir göstərir və nəticədə
Bakı tamaşaçıları, o cümlədən
rus tamaşaçıları rus truppasının
opera tamaşalarına getmir, salondakı yerlərin
yarısı daim boş olur. Bakı mətbuatı,
xüsusən «Bakinski raboçi» qəzeti bu opera
tamaşalarını vaxtında tənqid etməmiş,
belə bir qəribə fikrə gəlmişdir
ki, həmin tamaşalar çox pis olduğundan onların
barəsində yazmağa dəyməz.
Azərbaycan Dövlət Filarmoniyasının
işində də xeyli nöqsan vardır. Vaxtı
ilə mənə filarmoniyanın xorunu yaratmaq vəzifəsi
tapşırılmışdı. Hazırda xor
təşkil olunmuş və müvəffəqiyyətlə
fəaliyyət göstərir. Lakin, zənnimcə,
xorun düzgün səslənməsi üzərində
ciddi işləməliyik. Xor ansamblının ümumi
mədəniyyətini yüksəltmək də
son dərəcə zəruridir. Bu sonuncu tələb
Azərbaycan Filarmoniyasının digər kollektivinə—rəqs
ansamblına da aid edilməlidir. Ansambl qarşısında
rəqsin Azərbaycan milli ünsürlərinə
geniş yer vermək, Azərbaycan rəqslərinin
plastiklik xüsusiyyətlərini daha bariz nəzərə
çatdırmaq, balet trafaretlərindən əl
çəkmək kimi çox ciddi vəzifələr
durur. Mərhum İoannesyanın yaratdığı
və bir çox illər boyu rəhbərlik etdiyi
xalq çalğı alətləri orkestri də
filarmoniya sisteminə daxildir.
Biz bu il ilk dəfə olaraq Azərbaycan
simfonik orkestri təşkil etmişik, onun tərkibində
70-ə qədər musiqiçi vardır. Bacarıqlı
rəhbər, ixtisaslı və daimi dirijor həmin
orkestri, şübhəsiz ki, yaxşı bir ansambla
çevirə bilər. Təəssüf ki, burada
da lazımi kadrların olmaması sarıdan korluq
çəkirik: yay konsertlərində simfonik orkestr
ancaq qastrola gəlmiş dirijorların rəhbərliyi
altında çıxış etməyə məcbur
olmuşdur.
Biz Azərbaycanın şəhər
və kəndlərində yaşayan musiqiçilərə
xüsusi fikir verməliyik. Respublikamızın şəhər
və kəndlərində gözəl iste'dada malik
minlərlə musiqiçi vardır; kütlənin
bu qiymətli bədii özfəaliyyətinə
qayğı göstərməli və rəhbərlik
etməliyik.
İxtisaslı incəsənət kadrlarının
qüsurundan danışarkən belə bir acınacaqlı
vəziyyəti qeyd etməmək olmaz: Bakı konservatoriyası,
zənnimcə, bu sahədə hələ də
öz vəzifəsinin öhdəsindən gələ
bilmir. Bakı konservatoriyasının mə'zunlarından
Azərbaycanın musiqi mədəniyyətinin kadra
olan ehtiyacını ödəmək üçün
istifadə edilmir.
Bütün bu hallara Ümumittifaq İncəsənət
İşləri Komitəsi ciddi fikir verməlidir.
Komitə Azərbaycanın musiqi incəsənətinə
təcili surətdə kömək etməli, bizə
təcrübəli, yüksək ixisaslı işçilər
göndərməlidir.
1.Məqalə «Sovetskoye iskusstvo» qəzetinin 1938-ci
il 4 seityabr tarixli nömrəsində dərc edilmişdir.
Rus dilindən tərcümədir.