«Arşın mal alan» 1914-cü ildə2
Peterburq konservatoriyasında oxuduğum zaman yazılmışdır.
Bu əsər, revolyusiyadan qabaq yazılan sonuncu əsərimdir.
Onun süjeti Qarabağın Şuşa şəhərinin
həyatından alınmışdır. «Arşın
mal alan» yazılıb qurtardıqdan sonra mən çar
senzurasından əsərin çap edilməsi və
oynanılması üçün icazə almağa
çox vaxt sərf etdim, çox əziyyətlər
çəkdim.
Bu əsər birinci dəfə 1915-ci ildə3
oynandığı zaman, Bakı burjuaziyasının
«Kaspi» qəzeti tərəfindən son dərəcə
hörmətsizlik və nifrətlə qarşılanmışdı.
Əsər haqqında yazılmış «tənqiddə»
avtor söyülürdü. Onlar bu əsəri
«qızlarımızı pis yola çağırmaqda»
töhmətləndirirdilər. Özlərini qızlarımızın
«havadarı» kimi qələmə verən bu ağalar
əsərdə müsəlman dini və adətlərinə
vurulan zərbəni hiss edirdilər. O zamanlar azərbaycanlı
qızlar ən elementar hüquqlardan belə məhrum
edilmişdilər. Bu komediyanı yazmaqdan da məqsəd
səhnə və musiqili əsər vasitəsilə
qadın azadlığına yardım, köhnə
adət və ən'ənələri ifşa etmək
idi.
Əsərdəki tiplər, o dövrün canlı
adamları cəmiyyətimizin içərisində
yaşayan həyati və real nümayəndələr
idilər. Cəmiyyət üzərində ağalıq
edən burjuaziya öz hərəkətlərinin
bu əsərdə ifşa edildiyini gördüyü
üçün hər cür yollarla zərbəni
öz üzərindən yayındırmaq məqsədilə
«Arşın mal alan»ın ideyasını kütləyə
əksinə izah etməyə çalışırdı.
Bə'ziləri Əsgəri idealizə edərək
onu açıq fikirli, yenilik tərəfdarı,
kultura müdafiəçisi kimi göstərirdilər.
Halbuki, bu tamamilə yanlış və saxta bir fikir
idi. Əsgər hər şeyə bir tacir kimi baxan
adamdır. O, əgər qızı görüb
almaq istəyirsə, bu onun yeni həyat tərəfdarı
olduğu üçün yox, tacir olduğu üçün
idi. O, alacağı qızla arşını 12
qəpiklik çiti eyni dərəcədə qiymətləndirir:
çitin safı, çürüyü olduğu kimi,
qızın da koru, çopuru və ona layiq olmayanı
ola bilər. Məhz bunun üçün də tacir
«malı» görüb almaq istəyir, həm də
Soltanbəy kimilərinin qızını! Yoxsa Əsgərdən
ideya gözləmək, onu açıq fikirli bir
cəmiyyət nümayəndəsi kimi göstərmək,
tamamilə yanlış fikirdir. Əsgərin yoldaşı
Süleyman da tacir oğludur. Təfavüt bunun bir
qədər daha çevik və qulaqkəsməkdə,
iş düzəltməkdə, kələk qurmaqda
daha mahir olmasındadır.
Soltan bəy adi Qarabağ bəylərindən
biridir. Onun hər bir sözü, hərəkəti
sinfi mənsubiyyətini açıq təsvir edir.
Konservativizm Soltan bəydə o dərəcəyə
çatmışdır ki, o, hətta injener, doktor
və uçitelləri belə bəyənmir.
Çünki bilik nəticəsində yüksək
cəmiyyətdə özlərinə yer tapmış
bu adamların aşağı sinifdən olmaları
da mümkündür. Soltan bəy onların məclisindən
uzaq qaçır. O, gününü əttar Mirzəhüseynin
dükanında keçirir. Onu xoşlandıran ticarət
kapitalı nümayəndələri, tacir hacımürsəllərdir.
Gülçöhrə və Asya çadra altında
və dörd divar arasında, savadsız, biliksiz,
sevmək və sevilməkdən məhrum edilmiş
bir şəraitdə yaşayan azərbaycanlı
qızlarıdır. Nəhayət, zövqlərini
(oxumağı, kulturanı, ictimai vəzifə və
sairəni) bütün varlığı ilə
dərk etməkdən məhrum edilmiş bu gənc
nəsil nümayəndələrini ən çox
maraqlandıran məsələ-evlənmək, ərə
getmək məsələsidir.
Gələcəkdə həyat yoldaşı
kim olacaqdır?...
Keçmişdə Azərbaycanlı qızların
həyatını qara günlərə çevirən
«ərlər» onları həmişə bu məsələ
üzərində düşündürürdü.
İqtisadi cəhətdən ailənin yiyəsi
olan ər-lərin yaxşılığı xoşbəxtlik,
pisliyi bədbəxtlik sayılırdı. Buna görə
də Gülçöhrə qədər bir az düşüncəli
qızlarımız, heç olmazsa, bu gələcək
həyat yoldaşını görməyi arzu edirdilər.
Asya, Telli və xalalar isə tamamilə baxtabaxt,
təvəkkül və elçilərin yardımı
ilə yaşayırdılar. Oktyabr revolyusiyası
«Arşın mal alan»dakı həyatı tarixin arxivinə
vermişdir. İndiki azərbaycanlı gənclər
bu həyata yalnız tarixi bir hadisə kimi baxırlar.
İndi həyatımızda arşınmalçılar
olmadığı halda, belə bir əsər tamaşaçını
maraqlandırır. Məncə, bunun səbəbi
əsərin reallığı və məzmununun
maraqlı olmasıdır.
Onu bugünkü repertuarımıza daxil etməkdən
məqsəd: gənc nəsli köhnə həyatla
tanış etmək və revolyusiyadan əvvəl
yazılmış əsərlərimizin az-çox
yaxşılarını mühafizə etməkdir.
«Arşın mal alan» birinci tamaşaya qoyulduğu
günlərdən bir neçə ay sonra rus, gürcü,
erməni, yunan, fars, ingilis, fransız, son vaxtlarda
isə özbək və tacik dillərinə tərcümə
edilərək oynanılmışdır. Revolyusiyadan
qabaqkı teatrlarda azərbaycanca əsərlərə
əhəmiyyət verilmədiyindən onlar özlərinə
məxsus quruluşda verilməzdi. Teatrın anbarında
olan sınıx-sökük uyğunsuz dekorasiyalardan
istifadə edilərdi.
Böyük teatrda əməkdar artist rejissor Hidayətzadə
yoldaşın verdiyi quruluş «Arşın mal alan»ın
keçmiş quruluşlarının hamısından
üstündür. Rejissor əsərin məzmun
və ideyasını düzgün mənimsədiyi
üçün, onun traktovkası da doğru çıxmışdır.
Hidayətzadə yoldaş artistlərlə böyük
iş aparmışdır. O, opera artistlərinə
dramatik əsərlərin texnikasını mənimsədə
bilmişdir.
Burada obrazlar real şəklə salınmış,
yersiz şarjlara yol verilməmişdir.
Yeni quruluşun bədii tərtibatında gənc
rəssam Ədhəm Sultanov yoldaş az əmək
sərf etməmişdir. Rəssamın quruluşdakı
bütün işləri gözəl tə'sir buraxır.
Xüsusilə perspektivada verdiyi Şuşa şəhərinin
mənzərəsi həm bədii, həm gözəl,
həm də düzgündür.
Artistlərimizin oynamasına gəldikdə, demək
lazımdır ki, əməkdar artist Bülbülün
Əsgər rolunu oynaması amplua cəhətcə
bir az qəribə görünsə də, o, bu
vəzifənin öhdəsindən gələ bilir.
Bülbül ustalıqla böyük formalı opera
səhnəsindən musiqili komediya roluna keçə
bilmişdir.
Kələkbaz Süleyman rolunu əməkdar
artistimiz H. Hacıbababəyov gözəl ifa edir.
Hacıbababəyovun gözəl və məlahətli
səsinə görə Süleymanın roluna bir
neçə musiqi nömrələri əlavə
etmək lazımdır. Gülçöhrə rolunda
Sona Mustafayeva və Səltənət Quliyeva, Asya
rolunda Aliya Terequlova və Elmira Axundova öz rollarını
yaxşı oynayırlar. Bu gənc artistkaları
bir-birindən üstün tutmaq çətindir. Bunların
dördü də eyni qiymətə layiqdir.
20 ildən çox Soltan bəy rolunu oynayan Ələkbər
Hüseynzadə qoca artist olmasına baxmayaraq bu rolu
oynamaqda şöhrət qazanmış və əvvəlki
məharətini olduğu kimi saxlaya bilmişdir.
Bu sözləri Vəli rolunda çıxan Anatollu
haqqında da demək lazımdır, çünki
o, Vəli rolunda keçmişdə göstərdiyi
bacarıq və temperamentini indi də göstərir.
Həqiqət Rzayevanın yaratdığı Telli
keçmiş qulluqçuların həqiqi tipidir.
Bunların öz rollarını yaxşı oynamalarından
bəhs etmək artıqdır.
Köhnə əsərlərimin dəyərlilərinin
oynanması üçün partiya və dövlətimizə
təşəkkürlər edirəm. Bu mənə
formaca milli, məzmunca sosialist yeni əsərlər
yaratmaq üçün ruh və enerji verir.
1.Məqalə «Arşın mal alan» operettasının
Moskvada kecirilmiş (1938-ci il) Azərbaycan inçəsənəti
ongünlüyünün repertuarına daxil edilib
tamaşaya hazırlanması münasibətilə
yazılmış və «Kommunist» qəzetiniı
1938-ci il 11 aprel tarixli nömrəsində çap
olunmuşdur.
2. Burada səhvdir. Komediya 1913-cü ilin yay aylarında
yazılıb qurtarmışdır.
3. Burada səhv getmişdir. Əsərin birinci tamaşası
1913-cü il oktyabrın 25-də göstərilmişdir.