Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 




 «Demokratik» kapitalist məmləkətlərində bəstəkarlar musiqi əsəri yazarkən, ya özlərinin subyektiv fikirlərini, ya burjuaziya cəmiyyətinin tələblərini və yaxud ayrı-ayrı sifarişçilərin spekulyativ məqsədlərinin həyata keçirilməsini nəzərə alırlar. Faşist ölkələrində isə bəstəkarlar yalnız faşistlərin yürütdükləri çirkin şovinizm fikirlərini əks etdirən əsər yazmağa məcburdurlar. Sovet məmləkətinə gəlincə, burada sənət, xüsusilə musiqi sənəti, dahi Leninin dediyi kimi, yalnız xalqa məxsusdur.

Sovetlər ölkəsi xalq və onun avanqardı olan bolşeviklər partiyasının rəhbərliyi ilə idarə edildiyinə görə, bu ölkədə yazılan əsərlərin, xüsusilə musiqi əsərlərinin böyük dövlət əhəmiyyəti vardır.

Buna görə də, hər bir bəstəkar xırda formalardan tutmuş böyük formalı əsərlərədək öz yaradıcılıq məhsulunu meydana gətirərkən, xalqının və ölkəsinin qarşısında məs'uliyyətinin bütün dərinliklərini hiss etməlidir.

«Koroğlu» operasının yazılmasından daha 20 il qabaq xalq musiqisinin əsaslarını və köklərini öyrənmək işinə başlamışdım.2 Bu sahədə hazırladığım bir çox mə'ruzələr ətrafında musiqi həvəskarlarının mübahisə və müzakirələrini izləyirdim. Bu yol ilə el musiqisini nə qədər öyrənə bildiyimi sınayırdım, digər tərəfdən, bəstəkara məxsus sənətkarlıq texnikasındakı hiss etdiyim nöqsanların ləğvinə çalışırdım. Opera yazmaq sənətinin hər bir cəhətini ətraflı öyrənirdim. Bütün bunların yekununda 1930-cu ildə «Koroğlu» operasını yazmaq üçün özümdə hazırlıq hiss edərək, cəsarətlə işə başladım. Burada qarşımda duran əsas məqsəd: yazacağım «Koroğlu» operasının Azərbaycan xalqının, bizim kolxozçuların, fəhlələrin və əməkçi intelligensiyanın bugünkü tələblərini ödəyə biləcək və eyni zamanda bütün Sovet İttifaqı xalqları arasında da asanlıqla dərk edilə biləcək bir əsər olması idi.

Başqa operalarda olduğu kimi, «Koroğlu»da da opera elementləri olmalı idi. Məsələn, ariyalar, duetlər, triolar, reçitativlər və başqa leytmotivlər bu operada əks etdirilməli idi. Bu qaydalar formasını da Azərbaycan muğamları üzərində qurmaq lazım gəlirdi. Leytmotivlərin birincisi—xanlar tərəfindən zülm və işgəncələrə mə'ruz qalan xalqın əzablarını əks etdirir. İkinci leytmotiv Nigarı xatırladır. Üçüncüsü isə kütlənin xan və paşalara qarşı kin və ədavətini axırda üsyana çevirən revolyusion temadır. Bu operada geniş meydan Koroğlunundur.

Buna baxmayaraq, onun ətrafında yaşayanlar da özlərini hiss etdirmək imkanına malikdirlər. Opera musiqisinin inandırıcılığını göstərən və eşidənləri kifayətləndirən cəhət burasıdır ki, musiqinin istər oxunan və istərsə də çalınan cəhəti həm şəxslərin surətinə, həm də təsvir ediləcək situasiyaya uyğun gəlir.

Koroğlunun 4-cü pərdədə icazəsiz, qəflətən, tam cəsarətlə saraya daxil olması Həsən xanı və onun ətrafındakıları son dərəcədə təəccübləndirir. «Bu kimdir, nəçidir?»—deyə təəccüblü bir sual verilir. Bu sözlər bir reçitativ olmaq üzrə xanın təəccüb və qəzəbini ifadə edir. Bu olmazsa, bəstəkar bir musiqi sənətkarı olmaq e'tibarı ilə vəzifəsini bitirməmiş qalardı. Koroğlunu bir aşıq kimi oxutmaq üçün bəstəkar onun musiqisini yalnız aşıq yaradıcılığı üzərində qurmalıdır. Bu belə olmalıdır ki, səhnədə iştirak edənlərdən başqa, tamaşaçı da onun aşıq olduğunu hiss etsin. Belə olmazsa, başqa yabançı ştrixlər operaya qulaq asanların təəssüratını azdırar və onları inandırmaz.

«Koroğlu»nun musiqisinə aid bu məsələləri bütün incəliklərinə qədər nəzərə alaraq, yazdıqlarımı əvvəlcə özüm-özümü tənqid yolu ilə nəzərdən keçirirdim. Buna görə də onun yazılışı 4 il vaxt tələb etmişdir. Onun yazılışında operaya məxsus yazı metodlarına riayət etməkdən başqa eyni zamanda Azərbaycan el musiqisi üzərində qurulacaq bu böyük formalı musiqi əsərinin musiqimizin tərəqqisi yolunda nə kimi xidmət edəcəyini də nəzərdə tuturdum.

«Koroğlu» operası yazılmışdır. Xalqımız mənim əməyimə böyük qiymət verir. Bu mənim üçün xoş və fərəhlidir.

Bu operanı yazarkən partiya və hökumətimizin mənim üçün yaratdığı şərait və imkanı heç vaxt unutmayacağam. Sənətimin məhsulu olan bu əsər sosialist vətənimiz tərəfindən mənə incəsənət işçiləri arasında ən böyük mükafat—Xalq artisti olmaq3 kimi iftixar ediləcək yüksək bir ad qazandırmışdır.

Bu isə ucsuz-bucaqsız ölkəmizdə çalışan namuslu işçilər üçün bir simvoldur. Yalnız bolşeviklər partiyasının rəhbərliyi ilə artan, çiçəklənən sovetlər məmləkətində incəsənət işçilərinin, əməkçi intelligensiyanın, namuslu adamların əməyi layiqincə qiymətləndirilir.

Lenin partiyasının göstərdiyi yolla hərəkət edən bir xalqın sənətkarları, yaradıcıları belə yüksək qiymət alırlar.

Sovet incəsənətinin tərəqqisi uğrunda var qüvvə ilə çalışmaq və bu böyük atalıq qayğısını işdə doğrultmaq bizim şərəfli vəzifəmizdir.

 


1. Məqalə, 1938-ci ildə Moskvada kecirilmiş Azərbaycan incəsənəti öngünlüyü münasibətilə yazılmış və «Kommunist» qəzetinin 1938-ci il 5 aprel tarixli nömrəsində çap olunmuşdur.
2. Bəstəkar Azərbaycan xalq musiqisinin əsaslarını və köklərini öyrənməyə başlaması tarixini özünün bir sıra məqalələrində göstərir. Buradan belə nəticə cixarmaq olar ki, Üzeyir Hacıbəyov hələ inqilabdan əvvəl bu məsələ ilə maraqlanırmış.
3.Bəstəkara Azərbaycan SSR xalq artisti adı 1937-ci ildə, «Koroğlu» operasını yazıb qurtardıqdan sonra verilmişdir.

 

 

 
   © Musigi Dunyasi, 2005