Başladığı
işin düzgün olduğuna inam Azərbaycan
musiqili teatrının inkişafı uğrunda
çarpışan yorulmaz mübariz Hacıbəyova
həmişə qüvvə verirdi. O, yaxşı
və işıqlı gələcəyə
həmişə inanırdı. Hacıbəyov
Peterburqdan Sarabskiyə yazdığı məktubunda
deyirdi: «Mənim də bu qədər əlləşdiyim
odur ki, gələcəkdə teatr işini elə
bir hala salaq ki, nəinki tək bir Bakı və
ya Qafqaz, bəlkə hər bir yerdə və
hər bir şəhərdə teatr verməyə
imkanımız olsun. Ancaq bir qədər vaxt
gözləmək və zəhmət çəkmək
lazımdır. Mən Bakıda olarkən öz
əsərlərimin qədrini bilmirəmmiş,
amma burada bilirəm ki, mənim əsərlərim
gələcəkdə də böyük bir
iş görəcəkdir».
Üzeyir
Hacıbəyovun bu inamı yalnız onu deyil,
Azərbaycan musiqili teatrının inkişafı
uğrunda mübarizə aparan bütün həvəskarları
və gənc musiqiçiləri də ruhlandırırdı.
Yeni incəsənət—musiqili teatr yaratmaq uğrunda
bu fədakar mübarizə sayəsində həmin
teatr getdikcə möhkəmlənir, repertuarına
yeni musiqili əsərlər daxil olur və bu
teatrın tərəfdarları getdikcə artırdı.
Üzeyir
Hacıbəyov demokratik ideyalar uğrunda ardıcıl
mübarizə aparmışdır. O, inqilabdan
əvvəlki ziyalılar içərisində
demokratik ideyalar yaymaq uğrunda xalqımızın
böyük mütəfəkkirlərinin, sənətkarlarının
ən'ənələrini həvəslə təbliğ
etmişdir. Bu yolda o, heç bir şeydən çəkinməmiş
və öz qüvvəsini əsirgəməmişdir.
1909-cu ildə «Tərəqqi» qəzetinin 195-ci
nömrəsində Üzeyir Hacıbəyov
mürtəce ziyalı və jurnalistlərə
qarşı açıq bir məktub çap etdirmişdi.
Bu məktubda Üzeyir Hacıbəyov yazırdı:
«Millət balalarının tə'lim və tərbiyəsində
cəhd edib də valideyin tərəfindən
təşəkkürlər almaq, qəzetlərdə
yazmaqla əhaliyə xidmət etmək və
yaddan çıxmış, ləhvü-ləəb
adəti olmuş musiqimizi diriltmək və hər
kəsin rəğbətinə məzhər
etməyə çalışmaq və bunların
əvəzinə ev tikdirmək, banklarda pul saxlamaq
deyil, bəlkə öz ailəsini bəsləyəcək
qədər də olmayan bir mükafata razı
olmaq, zənburçular nəzərində pis
şeydirsə, qoy mən pis olum. Madam ki, qara
qəlbli və kəskin ürəkli zənburçuların
xoşuna gəlmirəm, qoy gəlməyim, qoy
onlar bacarsınlar da məni dəf'ə çalışsınlar».
Üzeyir
Hacıbəyov mürtəce ziyalılara qarşı
amansız mübarizə etmişdir. Bu cəhətdən
onun bir sıra felyetonları xüsusilə qeyd
edilməlidir.
Bunlar
Hacıbəyovun bacarıqlı yumorist və
satirik olduğunu göstərmiş və ona
şöhrət qazandırmışdır.
Üzeyir Hacıbəyov bu kəskin və tutarlı
felyetonlarını «Oradan-buradan» sərlövhəsi
altında «Flankəs» təxəllüsü
ilə çap etdirirdi. Onun felyetonları öz
məzmununun maraqlı olmasına görə
oxucuları xüsusilə cəlb edirdi.
Azərbaycanın
ən yaxşı adamları kimi, Hacıbəyov
da ədəbiyyat, musiqi və mətbuat vasitəsilə
yeni fikirləri xalq arasında yaymağa çalışırdı.
O, zəngin xalq dili və xalq yaradıcılığından,
habelə Azərbaycan ədəbiyyatı klassiklərinin
əsərlərindən istifadə edib, xalq
məişətinin nöqsanlarını, hökm
sürməkdə olan çürük əxlaqı,
nadanlığı, ədalətsizliyi və
sairəni kəskin felyeton silahı ilə tənqid
edirdi.
Üzeyir
Hacıbəyov öz felyetonlarında böyük
rus təmsilçisi Krılovun əsərlərinə
tez-tez müraciət edir və ondan tez-tez misallar
gətirir.
Üzeyir
Hacıbəyov öz felyetonlarında xudbinləri,
öz mənfəətini güdənləri
və paxılları, öz mənfəəti
xatirinə bacarıqlı adamları aradan qaldırmağa
və bu adamları varlılar qarşısında
diz çökdürməyə çalışanları
kəskin tənqid edir, eyni zamanda iste'dadlı
adamları mübarizəyə çağırırdı.
«Hər halda bu məsəl ki, «ağac bar verdikdə
başını aşağı tutar», hamının
xoşuna gəlir. Amma burasını unutmaq olmaz
ki, barı çox olan ağacın öz başını
bir o qədər də aşağı tutması
ağacın özü üçün zərərdir,
çünki sınar. O səbəbdəndir ki,
ağacın qədir və qiymətini bilən
bağban bu cür ağaclara bir dayaq qayırar
ki, bu «başı aşağılıqda» olana
bir zərər və sədəmə yetişməsin,
halbuki bizdə tək-tük tapılan barlı
«ağaclar» bar verir, başı aşağı
olduqları halda, onun barından mənfəət
aparanlar daha da başımdan aşağı
basırlar ki, binəva puç olsun».
Üzeyir
Hacıbəyov o zamankı həyatın eybəcər
hadisələrini cəsarətlə tənqid
edib ələ salırdı. Bu hadisələr
isə cəhalətpərəstlik, gerilik və
nadanlıq nəticələri idi. «Tərəqqi»
qəzetinnn 1909-cu ildə 212-ci nömrəsində
dərc edilən felyeton bu cəhətdən
çox maraqlıdır. Burada məişətdəki
eybəcər halları tənqid edərkən,
nə kimi yolla getmək lazım gəldiyini də
göstərir.
Üzeyir
Hacıbəyovun felyeton kimi bir vasitədən
istifadə etməsi heç də təsadüfi
deyildi. O, bu yolla öz xalqının tərəqqi
və inkişafına kömək etmək istəyirdi.
Eyni zamanda o, dövrün inqilabi hərəkatı,
kütlələrin ayılmağa başlaması
və sinfi mübarizənin kəskinləşməsinin
də ən münasib formalarından istifadə
etməyi vacib sayırdı.
Azərbaycanda
xalq maarifi tarixi, mətbuat tarixi və ən nəhayət,
dramaturgiya tarixi öyrənildikdə Üzeyir
Hacıbəyovun adı hörmətlə yad
edilməlidir. Onun bu sahələrdəki olduqca
əhəmiyyətli fəaliyyətini unutmaq
olmaz. Musiqi aləmində bu dərəcədə
şöhrətə və əzəmətə
malik bəstəkarın ictimai fəaliyyətinin
hərtrəfli olduğunu göstərmək
onun yaradıcılığının öz
xalqının ictimai həyatı ilə sıx
bağlı olmasını, xalqa bu qədər
yaxın olmasını başa düşmək
üçün lazımdır.
Üzeyir
yaradıcılığının qol-qanad açmasına,
inkişafına zəkalı rus xalqının
böyük mədəniyyətinin nəcib tə'siri
olmuşdur. İnqilabdan əvvəlki mütərəqqi
ziyalılar içərisində Üzeyir Hacıbəyovun
adı xüsusi bir yer tuturdu. Hacıbəyov
bir xalq müəllimi olaraq cəhalətlə
mübarizədə, elm və maarifin yayılmasında
diqqətəlayiq işlər görmüşdür.
Hacıbəyovun fəaliyyətini və xalqa
etdiyi xidmətini ancaq Sovet hakimiyyəti qiymətləndirdi.
Hacıbəyovu Sovet hakimiyyəti sayəsində
xalq öz Ali Sovetinə deputat seçdi, təltif
etdi. O, SSRİ xalq artisti adını aldı,
Dövlət mükafatı laureatı kimi yüksək
bir ada layiq oldu.
Xalqa
xidmət edən elm xadimlərinin, sənətkarların
qədrini bilən, onların yaradıcılığına
hər cür şərait yaradan, ilham verən
yalnız Sovet hakimiyyəti və Lenin partiyası
olmuşdur.
Üzeyir
Hacıbəyov yaradıcılığının
şah əsərlərindən sayılan «Koroğlu»
operası Sovet hakimiyyəti dövründə
yaradılmışdır. Bir həqiqətdir
ki, Üzeyir Hacıbəyovun yaradıcılığının
ən məhsuldar dövrü sovet hakimiyyəti
illəridir. Azad və bəxtiyar sovet zəmanəsi
Üzeyir Hacıbəyova yeni qüvvə və
qüdrət verdi.
Üzeyir
Hacıbəyovun musiqi sahəsində bir nəzəriyyəçi
və bir alim kimi çox səmərəli fəaliyyəti
tamamilə sovet dövrünə aiddir. 1925-ci
ildən Azərbaycan xalq musiqisinin əsasları
üzərində tədqiqata başlayaraq, 1945-ci
ildə «Azərbaycan xalq musiqisinin əsasları»
əsərini nəşr etdirdi. Bu əsərin
həqiqi qiymətini başa düşmək
üçün təkcə onu nəzərə
almaq lazımdır ki, müəllifin bu tədqiqatda
əsaslanacağı və istifadə edəcəyi
bir mənbə olmamışdır. Ancaq yüksək
vətənpərvərlik duyğusu insanı
belə bir əməyi başa çatdırmağa
ruhlandıra bilərdi.
Üzeyir
Hacıbəyov bu işi görməklə Azərbaycan
xalq musiqisi nəzəriyyəsinin də banisi
oldu. Çox səciyyəvidir ki, bəstəkar
alim, özünün yazdığı kimi, bu
tədqiqatını nəşr etməmişdən
qabaq sınaqdan çıxarmışdı.
«Öz
uzun müddət sürən işimin gedişində,
çıxardığım nəticələrin
düzgünlüyünü yoxlamaq məqsədilə
zaman-zaman musiqiçilərin və Azərbaycan
musiqisi biliciləri arasında elmi müzakirə
səciyyəsi daşıyan mə'ruzələr
edirdim. Məqsədim, çıxardığım
nəticələrin əsassız olduğunu
mənə isbat edəcək və Azərbaycan
musiqisinin bu və ya digər əsas nöqtələrinə
aid dəlillərimi puç edə biləcək
opponentlərin çıxışına nail
olmaq idi».
Azərbaycan
xalqının ən görkəmli oğullarından
biri olan Üzeyir Hacıbəyovun öz xalqı
qarşısındakı böyük xidmətlərindən
danışarkən Azərbaycan musiqi kadrlarının
yetişdirilməsində, musiqi təhsilinin təşkili
sahəsindəki həqiqətən nəhəng
işini qeyd etməmək olmaz.
Öz
yetişdirmələrinə yaradıcılığının
gözəl prinsiplərini aşılayan bəstəkarımız,
yaradıcılıq üslubunun, Üzeyir Hacıbəyovun
adını daşıyacaq musiqi məktəbinin
irəlidə də bəhrələr verməsini
tə'min etmişdir. Son illər ərzində
Azərbaycan SSR Elmlər Akademiyasının Azərbaycan
İncəsənət İnstitutu təşkil
edildikdən sonra Üzeyir Hacıbəyov musiqi
sahəsində elmi işçilər yetişdirmək
işinin də təməlini qoydu. Təəssüf
ki, amansız ölüm ona bu sahədə başladığı
işin bəhrəsini görməyə imkan
vermədi.
Üzeyir
Hacıbəyov Sovet hakimiyyətinə, xalqımıza
ömrünün axırınadək böyük
vətənpərvər kimi sədaqətlə
xidmət etdi. O, alman-faşist işğalçılarına
qarşı apardığımız Böyük
Vətən müharibəsi günlərində
yaratdığı əsərləri ilə
cəbhə əsgərlərimizi, arxada isə
əmək qəhrəmanlarımızı yeni
qələbələr üçün ruhlandırırdı.
Üzeyir
Hacıbəyovun adı təkcə Azərbaycan
xalqının deyil, Sovet İttifaqının
bütün qardaş xalqlarının ürəyində
həmişəlik olaraq qalacaqdır.
1948