Musiqi
mədəniyyətimizin inkişafı tarixində
Üzeyir Hacıbəyovun xüsusi və müstəsna
mövqeyi vardır. Üzeyir Hacıbəyovu
həmişəlik yaşadacaq cəhət hər
şeydən əvvəl, onun xalqa bağlı
olması, xalqla yaşayıb-yaratması idi.
O, hətta öz elmi-tədqiqat əsərlərini
də xalq musiqisinə həsr edirdi. Üzeyir
Hacıbəyov əsərlərində xalqın
arzu və əməllərini tərənnüm
etməyə çalışır, öz sənətinə
olduqca böyük tələb və ehtirasla
yanaşırdı.
Üzeyir
Hacıbəyovun musiqi sənətinin ölməzliyi-xalq
yaradıcılığına isnad etməsindədir.
Bu böyük sənətkar yaxşı bilirdi
ki, xalq yaradıcılığı illər,
əsrlər, hətta min illər boyu inkişaf
edib gələn, həmişə saflaşan,
billurlaşan ilham mənbəyidir. Buna görə
də Üzeyir xalqın ruhundan qopan, onun daxili
aləmini, mə'nəviyyatını ifadə
edən musiqi əsərləri yaradırdı.
İstər onun ilk qələm təcrübəsi
olan «Leyli və Məcnun» operası, istər
öz dərinlik və əzəmətilə
insanı heyran edən, musiqi sənətimizin
incisi «Koroğlu» operası, istərsə də
«Sənsiz», «Sevgili canan» kimi musiqi əsərləri
dinlənildikcə daha da sevilən və min dəfələrlə
dinlənilməsi arzu edilən gözəl sənət
əsərləridir.
Üzeyir
Hacıbəyovun musiqi sənəti xalqa bu qədər
yaxın olmaqla bərabər, milli məhdudluqdan
da çox uzaqdır. Həqiqətən, əsil
milli sənət nümunələri həmişə
beynəlmiləl əhəmiyyət kəsb edir.
Üzeyir yaradıcılığının
belə bir mahiyyətdə olmasının səbəbi
ondadır ki, o, xalq musiqisinin ancaq mütərəqqi,
həyata məğbul olan cəhətlərini
seçib ayırmağı və bu cəhətləri
yeni inkişaf mərhələsinə qaldırmağı
bacarmışdır. Üzeyir Hacıbəyovun
musiqisi xalq musiqisinin möhkəm, dərin bünövrəsi
üzərində yüksələn möhtəşəm
binadır.
Unudulmaz
bəstəkarımızın yaratdığı
ölməz əsərlər tək bir Azərbaycan
xalqının deyil, bütün sovet xalqlarının
malı olmuşdur. Onun ahəngdar musiqisi azərbaycanlıya
və rusa, türkmənə və erməniyə
öz məftunedici qüvvəsini göstərir.
Realizm və demokratizm, aydınlıq və sadəlik,
optimizm və canlılıqla dolu olan bu musiqi
bütün ürəklərə yol açmışdır
. . .
Üzeyir
Hacıbəyovun əsərlərinin sadəliyi
dahiyanə bir sadəlikdir. Böyük bəstəkarın
yaradıcılığının xalqımızın
keçmiş mədəni irsi ilə sıx əlaqəsinə
qüvvət və təravət verən, onu
ölməz sənətkar edən, Kommunist Partiyasının
böyük ideya işləri ilə möhkəm
bağlı olmasıdır. O özü yazır:
«Sosializmin böyük ideyaları, xalqların
dostluğu və qardaşlığı ideyaları,
yüksək vətənpərvərliyə,
həqiqi ilhama əsaslanan yaradıcılığı
doğuran ruh yüksəkliyinin mənbəyini
təşkil edir».
Üzeyir
Hacıbəyov öz yaradıcılığı
sahəsində xalq musiqisinin zahirən sezilə
bilməyən cəhətlərini, onun ən
incə xüsusiyyətlərini dərk edən,
bu əsasları öz yaradıcılığının
bünövrəsinə qoyan iste'dadlı bir
sənətkar idi.
Azərbaycan
və bütün Şərq musiqi mədəniyyəti
sahəsində Üzeyir Hacıbəyovun əsərləri
diqqətəşayandır. Bütün Şərqdə
ilk opera yaradıcısı Üzeyir Hacıbəyovdur.
Onun əsərləri, xüsusən «Arşın
mal alan»ı bir çox dillərə tərcümə
edilmiş və uzun illərdən bəri ardı-arası
kəsilmədən səhnədə qoyulmaqdadır.
İnsan zövqünü oxşayan, ruha qida
verən sənət əsərləri əbədi
yaşayır. Üzeyir Hacıbəyovun əksər
əsərləri bu qəbildəndir.Onun
sadə, lakin dərin məzmunlu əsərləri
dinləyicini istər-istəməz öz tə'sirinə
alır.
Onun
əsərləri mə'na ilə dolu musiqi əsərləridir.
Təsadüfi deyildir ki, Üzeyir Hacıbəyovun
yaradıcılığında şe'rimizin böyük
ustadı, mütəfəkkir şair Füzuli
sənəti əsas və görkəmli mövqe
tutur. İstər ilk əsəri «Leyli və
Məcnun»da, istərsə də sonrakı əsərlərində
Füzuli yaradıcılığı həmişə
təkrarlanır və Füzulinin ölməz
şe'rləri, qəzəlləri Hacıbəyov
tərəfindən böyük həvəslə
bəstələnirdi. Üzeyirbəy bəstələdiyi
şe'rin mə'na dərinliyini əsas tuturdu.
O, çox gözəl bilirdi ki, sənət dərin
mə'na tələb edir. Buna görə də
dərin məzmunu olmayan mənzumələr
Hacıbəyovu maraqlandırmırdı. O, Füzuli
şe'rinin insanı heyran edən gözəllik,
dərinlik və incəliyinə uyğun olan
musiqi əsərləri yaratmağa can atır,
bu yolda da həmişə yeni şəkillər,
yeni üsullar axtarıb tapırdı.
Dahi
Nizaminin şe'r dühası Üzeyir Hacıbəyov
üçün yeni bir ilham mənbəyi olmuşdu.
O, Nizami şerinə layiq musiqi əsərləri
yaratdı. «Sənsiz», «Sevgili canan» kimi şe'r
incilərinə layiq musiqi əsərləri
yaradan böyük sənətkarımız,
iftixarımız Üzeyir Hacıbəyov olmuşdur.
Nizami dühasına Üzeyir musiqisinin əlavə
olunması nə qədər gözəl, nə
qədər mə'nalıdır!
Ü.
Hacıbəyovun əsərləri dinlənildikcə
öz təravətini, bakirəliyini itirmir. Dillərdə
dastan olan «Koroğlu»nu ürək çırpıntısız
dinləmək mümkün deyil. Bu böyük
əsər əzəmətli ilham məhsuludur.
Burada bəstəkarı yüksəklərə
qaldıran, onu zəngin fəzalarda uçduran,
ona qanad verən xalq yaradıcılığının
möhtəşəm qüdrəti idi. «Koroğlu»
operası musiqi sənətinin ən parlaq incilərindən
biridir.
«Koroğlu»
dərin qəhrəmanlıq operası olmaqla
bərabər, həm də insan ruhunu oxşayan,
lirizmlə dolu bir əsərdir. «Koroğlu»da
Üzeyir Hacıbəyov xalqın məğlubedilməz
qüdrətindən ilham alaraq böyük bir
musiqi dastanı yaratmışdır. Xalqın
yaradıcılıq sənəti ölmədiyi
kimi, bu sənətə hörmət və məhəbbətlə
yanaşan sənətkarlar da ölməzdir.
Əsas
yaradıcılığı musiqidən ibarət
olan Üzeyir Hacıbəyov, insan biliyinin müxtəlif
sahələri ilə də maraqlanırdı.
O, bizim qarşımızda bir müəllim,
yazıçı, alim və ictimai xadim kimi yüksəlir.
Azərbaycan xalqına bir müəllim sifətilə
xidmət etməyə başlayan Üzeyir Hacıbəyov,
öz fəaliyyətinin ilk addımlarından
ətrafındakı ictimai və mədəni
hadisələrə ən yaxın əlaqə
bəsləyir. Bəstəkarın yaradıcılıq
fəaliyyətinə başlaması 1904—1905-ci
illərdəki inqilabi hərəkatın Azərbaycanda
doğurduğu geniş demokratik meyllərlə
ayrılmaz surətdə baqlıdır.
Qeyd
etmək lazımdır ki, mütərəqqi
Azərbaycan ziyalılarının inqilabdan əvvəlki
fəaliyyəti tədqiq edilərsə, Üzeyir
Hacıbəyov bu mütərəqqi ziyalıların
irəlidə gedənlərindən biri olaraq
nəzərimizdə canlanır. Üzeyir xalqını
göz bəbəyi kimi sevir və xalqa olan bu
məhəbbət onun musiqi əsərlərində,
ictimai, elmi və yaradıcılıq sahəsindəki
fəaliyyətində də əsas yer tuturdu.
O, hər vasitə ilə zəhmətkeş
xalqa xidmət etməyə çalışırdı.
Üzeyir Hacıbəyovun istər «Arşın
mal alan», «Məşədi İbad» operettaları,
istərsə də onun dərin ictimai-siyasi məzmunla
dolu olan felyeton və məqalələri diqqətəlayiqdir.
Məsələn, 1917-ci ildə «Kaspi» qəzetində
bir cənab, tamaşaçıların opera əsərlərinə
rəğbətindən danışarkən
yazmışdı: «Nə qədər xoşa
gəlməsə də, qeyd etmək lazımdır
ki, indi opera dramanı və komediyanı tamamilə
sıxışdırmışdır. Halbuki
müsəlmanlar məhz bu cür teatr növlərinə
böyük ehtiyac hiss edirlər».
Bu
cür məqalə yazanlar dram teatrını
möhkəmlətmək bəhanəsilə
Üzeyir Hacıbəyova hücumlar edir, onların
zənnincə, guya hələ yetişməmiş
olan azərbaycanlı tamaşaçıların
operanı dərk edə bilməyəcəklərini
irəli sürürdülər. Azərbaycanlı
tamaşaçıları çox aşağı
inkişaf səviyyəsində hesab edən bu
ağalar xalqın tərəqqisi məsələsinə
uşağın tərbiyə və təhsili
məsələsi kimi yanaşırdılar.
Bu cızmaqaraçılardan biri, yeni incəsənət
uğrunda çarpışan Üzeyir Hacıbəyovla
mübahisə zamanı yazmışdı: «Xırdaca
uşağı birdən-birə gimnaziyanın
yuxarı sinfinə qoymaq, habelə ibtidai məktəb
şagirdini darülfünuna vermək olmaz». Belə
bir gülünc misal çəkdikdən sonra
məqalənin sahibi deyirdi ki, Azərbaycan xalqı
üçün opera, operetta yazmaq vaxtı da guya
hələ gəlib çatmamışdır.
Eyni
zamanda məqalə sahibi e'tiraf etməyə məcbur
olmuşdur ki, Üzeyir Hacıbəyovun əsərləri
camaat arasında böyük şöhrət
qazanmışdır.
Xalqı
tərəqqiyə doğru deyil, tənəzzülə
doğru aparan bu cür muhərrirlər sübut
etməyə çalışırdılar ki,
guya musiqi tamaşaçının tərbiyəsinə
pis tə'sir edir.
Bu
adamlar incəsənətin bütöv bir sahəsi
olan musiqini danmaq dərəcəsinə çatmışdılar.
Onlar sübut etmək istəyirdilər ki, xalqın
həqiqi tərəqqisi üçün guya əvvəlcə
dram və komediya inkişaf etdirilməlidir.
Üzeyir
Hacıbəyov məs'uliyyətsiz fikirləri
cavabsız buraxa bilməzdi. O, «Səhnənin
tərbiyə əhəmiyyəti» və «Opera
və dramanın tərbiyə əhəmiyyəti»
haqqında bir sıra maqalələrində operanı
inkar edən mühərrirlərə qəti
cavab verərək, Azərbaycan dram və operasının
düzgün inkişaf yolunu göstərirdi.
1917-ci ildə «Kaspi» qəzetində dərc etdirdiyi
bir məqaləsində Ü. Hacıbəyov
yazmışdı: «Opera, operetta və başqaları
kimi musiqili dram əsərlərinin tərbiyə
əhəmiyyətini əsassız olaraq bu qədər
tə'kidlə danmaq, bir tərəfdən, ümumiyyətlə
teatr və teatr sənəti haqqında camaatın
şüurunda birtərəfli təsəvvür
oyadır və musiqi incəsənətinə
mənfi münasibət bəslənməsinə
səbəb olur, digər tərəfdən isə,
musiqi incəsənəti ilə məşğul
olmaq məqsədini qarşısına qoyan müsəlmanları
həvəsdən salır. Beləliklə, indi
musiqinin inkişafına mane olmaq musiqi təhsilinə
də mane olmaq deməkdir».