Azərbaycan
bəstəkarlıq məktəbinin yaradıcısı,
məşhur sovet bəstəkarı Üzeyir
Hacıbəyovun musiqisi xalqımızın ürəyində
yaşayır, onun mə'nəvi həyatını
zinətləndirir. Zaman bu böyük iste'dadın
qurduğu əzəmətli binanı sarsıtmaqdan
nəinki acizdir, əksinə, onun getdikcə daha
da möhkəmləndiyinə şahid olur. Onun
musiqisinin parlaq rəngləri daha da əlvanlaşır
və biz onun yaradıcılığında yeni
gözəlliklər və incəliklər kəşf
edirik.
Azərbaycan
opera sənətinin inkişafı, öz qüdrətli
iste'dadını xalqa sərf etmiş Üzeyir
Hacıbəyovun adı ilə qırılmaz tellərlə
bağlıdır. Hacıbəyov bütün
Yaxın Şərq aləmində ilk opera olan
«Leyli və Məcnun», eləcə də ən
yaxşı sovet operalarından biri olan, Azərbaycan
mədəniyyətinin gözəl incilərindən
sayılan «Koroğlu»nun müəllifidir.
Gözəl
bəstəkarımızın yaradıcılıq
yolu heç bir zaman dinclik bilməyən, daim musiqi
yaradıcılığının yüksəkliklərinə
can atan, öz sənətkarlığını
yorulmadan cilalandırmağa çalışan böyük
bir iste'dadın inkişafını əks etdirən
parlaq nümunədir. Musiqişünaslarımız
Üzeyir Hacıbəyov irsinin öyrənilməsi
sahəsində xeyli iş görmüşlərsə
də, onun təxminən 50 il əvvəl yazılmış
ilk əsərlərilə həyatının
son dövründə yazdığı əsərlərin,
xüsusən «Koroğlu» operası, o cümlədən
xalq musiqisinin təbiətinə nüfuz etmək
nümunəsi olan, öz gözəlliyi ilə
hamını heyran edən «Firuzə» operası
arasındakı məsafəni hələ də
lazımınca, aydın tədqiq etməmişlər.
Bu mə'nalı yaradıcılıq yolunu hərtərəfli
öyrənmək lazımdır.
Üzeyir
Hacıbəyovun ilk yaradıcılıq addımları
müvəffəqiyyətlə qarşılanmış
və xalq tərəfindən bəyənilmişdir.
«Leyli və Məcnun» operası dərhal ürəklərə
yol açmış və o zaman hələ çox
gənc olan bəstəkara şöhrət qazandırmışdır.
Lakin bu müvəffəqiyyətlər müəllifi
aludə etməmişdir. Bütün həqiqi
yaradıcılar kimi, o da yeni, daha mükəmməl
bədii vasitələr axtarmış, öz iste'dadını
inkişaf etdirmək üçün yeni yollar tapmağa
çalışmış, öz qarşısında
yeni-yeni çətin və mürəkkəb yaradıcılıq
vəzifələri qoyaraq, rus və Qərbi Avropa
musiqisinin opera nümunələrini diqqətlə
öyrənmiş, hər cür ağır zəhmətə
qatlaşmışdır.
Unutmaq
olarmı ki, dünya şöhrəti qazanmış
«Arşın mal alan» musiqili komediyasının
müəllifi Üzeyir Hacıbəyov, tələbə
həyatının çətinliklərinə
baxmayaraq, öz təhsilini davam etdirir, sənətkarlığını
təkmilləşdirir, musiqi dilinin saflığına
və aydınlığına nail olmağa çalışırdı.
Yaradıcılıqda rahatlıq bilməyən,
milli sənətin inkişafı üçün
daim yeni yollar axtaran, öz iste'dadına həmişə
son dərəcə tələbkar olan Üzeyir
Hacıbəyov bizim bəstəkarlarımız
üçün unudulmaz bir nümunə olmalıdır.
Üzeyir
Hacıbəyov həyatının son günlərinədək
xalqdan ayrılmamış, yaradıcılıqda
özünə dost bildiyi xalq musiqi ustalarına
heç bir zaman yuxarıdan baxmamışdır.
Öz musiqi dilini zənginləşdirmək, yeni
bədii ifadə vasitələri tapmaq məqsədini
izləyən bəstəkar, xalq sənətinin
həyat bulağından daim su içmişdir.
Eyni zamanda, öz əsərlərində heç
bir zaman xalq nəğmə və muğamlarını
eynən təkrar etməmiş, xalq musiqisinin mahiyyətini
ifadə etmək üçün özünün
orijinal yaradıcılıq üslubunu yaratmağa
sə'y göstərmişdir. O, xalqın musiqisindən
istifadə edərkən, onu yeni bir keyfiyyətlə,
zənginləşdirilmiş bir şəkildə
xalqa qaytarmaq məqsədini izləmişdir. Müqayisəli
dillə desək, o, tonlarla musiqi dəmir külçəsini
işləyərək, xalq musiqi dühasının
qramlarla qızılını əldə etməyə
çalışmışdır.
Hacıbəyovun böyük yaradıcılıq
qəhrəmanlığı özünün
ən mükəmməl ifadəsini onun ölməz
«Koroğlu» operasında tapmışdır. Bu
operanın saysız-hesabsız gözəlliklərindən
bu gün biz onun hər çür sün'i bər-bəzəkdən,
zahiri, dekorativ yaraşıqdan uzaq olub, öz müdrik
aydınlığı və sadəliyi, incəlik
və saflığı ilə fərqlənən
musiqi realizmini və inandırıcılığını,
parlaq sənətkarlıqla birləşən
xalq ruhunu xüsusilə qeyd etməyi lazım bilirik.
Moskvada
keçiriləcək Azərbaycan incəsənəti
və ədəbiyyatı ongünlüyü ərəfəsində,
istər-istəməz 1938-ci ildə keçirilən
birinci ongünlük gözümüzün qabağında
canlanır. Üzeyir Hacıbəyovun həm musiqisi,
həm də onun ongünlüyə hazırlıq
prosesində göstərdiyi qayğıkeşlik
və məs'uliyyət bu ongünlüyün,
demək olar ki, canı, ürəyi idi. O günlərdə
Üzeyir Hacıbəyov hər bir xırda işə
böyük qayğı ilə yanaşır,
cavan aktyorlara, çalanlara, oxuyanlara, bəstəkarlara
vaxt sərf edib, onlara yol göstərirdi. Onun öz
musiqisi ongünlük proqramında çox böyük
yer tuturdusa da, o, həmişə böyük təvazökarlıq
göstərir və qeyd edirdi ki, ongünlük
Azərbaycan xalqının ongünlüyüdür,
onun əsərləri isə Kommunist Partiyasının
və Sovet hökumətinin qayğısı sayəsində
Azərbaycan xalqının qazandığı
böyük mədəni nailiyyətlərin cüz'i
bir hissəsidir.
Görkəmli
musiqi ustasının, gözəl insanın, qayğıkeş
müəllim və dostun surəti bizim xatirimizdə
məhz bu cür, müdrik və sadə, böyuk
və təvazökar bir surət kimi yaşayır.
1958