Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

5

Məmməd Səid Ordubadi.
Böyük sənətkar barəsindəki xatiratım. (Ardı)

Elə günlərimiz olardı ki, vaxtımız yalnız əsərin mündəricəsi üzərində gedən mübahisəyə sərf olunardı, bir misra belə yazmazdıq (hər bir səhnənin yazılışına uzun mübahisələrdən sonra başlardıq). Bizi çox məşğul edən səhnələrdən birisi də Həsən xan ilə Əhsən paşanın görüş səhnəsi oldu, çunki yalnız bu səhnənin vasitəsilə əsərin siyasi mündəricəsi tamamlana biləcəkdi.

Böyük mübahisəyə səbəb olan səhnələrdən birisi də «Çənlibel» səhnəsi oldu. Mən, Koroğlu kimi bir qəhrəmanın çox tez inanan və sadəürəkli bir adam göstərilməsinə razı ola bilmirdim. Onun keçəl Həmzəbəyi töyləçiliyə (mehtərliyə) qəbul etməsini yersiz hesab edirdim. Lakin Qıratı oğurlatdırmaq üçün də başqa bir yol yox idi. Üzeyir bir çox əsərlərdə göstərilən qəhramanların sadəürəkli olmalarından misallar gətirib dedi:

— Qəhrəmanlarda tez inanmaq və sadəürəklilik təbii bir xarakterdir, eyni zamanda bu hadisə əsərin gedişi ilə üzvi surətdə bağlı olduğundan, başqa cürə göstərməyimiz mümkün deyil.

Üzeyir çox tələsik və sür'ətlə işləməyi sevməzdi. Mən əsərin əlimizdə yubandığını ona söyləmişdim. Nəhayət o mənə belə cavab verdi.

— Əsərin tez başa gətirilməsinə tələsmək lazım deyil. Biz bu əsərin üzərində nə qədər çox işləsək, əsərdə o qədər səhnədə çox davam edə bilər.

Bəstəkarın bu nəsihəti nəticəsində «Koroğlu» operasının bə'zi parçalarını bir neçə dəfə dəyişmək məni heç də darıxdırmırdı.

Bir dəfə Üzeyirdən soruşdum:

— Nə üçün bə'zi musiqi parçalarını royal qarşısında oturmadan yazırsan?

O gülümsəyərək dedi:

— Bəstəkar musiqi alətlərinin verdiyi səsləri o qədər dərindən mənimsəməlidir ki, bə'zən royal və piano olmadan da əsər yaratmağı bacara bilsin.

Üzeyir bir çox hallarda fikrində canlandığı bir əsəri ancaq yoxlamaq məqsədilə royal qarşısında oturardı.

«Koroğlu» operasının yazılışı zamanı mən ancaq «Çənlibel» səhnəsindəki xorun musiqisini təfsilən eşidə bildim. O, ölçüləri mənə öyrətmək üçün bu xoru bir neçə dəfə royalda səsləndirdi.

Görünür ki, Üzeyir özü də bu xorun musiqisi ilə maraqlanırdı. Bə'zən bu xoru royalda çaldığı zaman həyəcanından titrədiyini hiss edirdim. O, daima deyərdi ki:

— Hələlik musiqimiz xalqımızın zövqünü çox az tə'min edə bilir, çünki onun üzərində az işlənmişdir. Onu xammal şəklindən çıxarıb mədəni bir vəziyyətə salmaq, aləmşümul etmək lazımdır. Mən «Koroğlu»da bu məqsədi tamamilə həyata keçirə bilməsəm də, onun bünövrəsini qoymaq istəyirəm. Bəstəkarlarımız bilməlidirlər ki, musiqimizi kütləyə yaxınlaşdırmaq üçün bu yol ən doğru yoldur.

Üzeyirin «Koroğlu» operasının yazılışında yürütdüyü əsas məqsədlərdən birisi də, Azərbaycan xalq musiqisini dar çərçivədən çıxarıb inkişaf etdirmək və səhnəyə çıxarmaqdan ibarət idi. Buna görə də bəstəkar «Koroğlu» operasında inkişaf etdilmiş havalara geniş yer vermiş və bu vəzifənin öhdəsindən çox müvəffəqiyyətlə gələ bilmişdir.

Bizim Üzeyir ilə etdiyimiz mübahisələr içərisində tarın «Koroğlu» operası orkestrində iştirak etməsi məsələsi də var idi. O öz fikrini izah edərkən belə deyirdi:

— Mən tarın bu operada iştirak etməsi üçün başqa cür düşünürəm. Sən özün fikirləş: hərgah mən tarı milli bir alət olduğu üçün irəli çəkmək istəsəydim, o zaman kamançaya da müəyyən yer verərdim. Lakin, bu lazım deyildir. Şərq musiqisi əsasında yazılan əsərdə kamançanın vəzifəsini skripka daha yaxşı, bədii bir surətdə ifa edə bilər. Lakin tar belə deyil, tarın tembri orkestrdə yenilik yaradır və onun incə səsləri artıq dərəcədə xoşa gəldiyi üçün orkestrə daxil edilməsini lazım bilirəm.

Mən Üzeyirin yaradıcılıq barəsindəki fikirlərindən öz yaradıcılıq işlərimdə də istifadə edirdim.

Üzeyirbəy dedi-qodulara və birtərəfli tənqidlərə əhəmiyyət verməzdi. O deyirdi: «Bu cür dedi-qodular və yersiz tənqidlər insanın yaradıcılıq fəaliyyətini artırmalı və inadını coşdurmalıdır. Belə işlərin cavabı mükəmməl bir əsər yaratmaqdan ibarətdir!»

Üzeyirin bu sözləri indiyə qədər mənim qulaqlarımda səslənir, yaradıcılıqda belə bir yol götürməyi başqalarına da tövsiyə etməliyik.

Üzeyirbəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma «Koroğlu» operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım.

Onun həyatı adi bir insanın həyatından o qədər də fərqli deyildi, çünki o, qazandığının mühüm bir hissəsini paylayırdı, çox səxavətli və əliaçıq adam idi.

Üzeyir başladığı işi yarımçıq qoymaq və vəzifəsi başından ayrılmaq istəmədiyindən, yay zamanları belə, istirahət üçün bir tərəfə getməzdi. «Koroğlu» operasını yayın ən isti günlərində yazırdı.

Üzeyirbəy şəxsi həyatda sadəliyi sevdiyi kimi, dildə də sadəliyi sevirdi. O deyərdi: dili xalqdan, xalqı da dildən uzaqlaşdırmaq səhvdir. Bunun üçün librettonun sadəliyinə diqqət verməyi tapşırardı. Onun fikrincə, XVII əsrə məxsus bir əsəri (xüsusən musiqili əsəri) bugünkü ədəbi dilin istilahları ilə yazmaq səhvdir. Bu məqsədlə də «Koroğlu»da «müharibə» sözünü «cəng», «qoşun» kəlməsini «leşgər» və s. əsrə müvafiq kəlmələrlə əvəz etməyə çalışardı. O, hətta şe'rlərin ölçülərində də həmin fikri həyata keçirməyi lazım bilirdi.

Üzeyir çox doğru olaraq təkrar edirdi ki: «Koroğlu» operasının səhnəsində görəcəyimiz şəxsiyyətlər libas və qiyafə cəhətcə bu günün adamlarından fərqli olduqları kimi, dil və şivə e'tibarı ilə də fərqli olmalıdırlar.

«Koroğlu» operasının məzmun və mündəricəsi Üzeyirin siyasi və ictimai varlığının güzgüsüdür — demək olar.

Mən Üzeyirin yaradıcılığındakı məharəti ilə tanış olmaqla bərabər, onun şəxsiyyəti ilə dərindən tanış olmağa çalışırdım. O deyirdi ki, «hər adam ilə dost ola bilmərəm, çünki dostluq fikir və əqidə birliyindən doğan ictimai bir varlıqdır. Bu varlığı hər təsadüfi şəxsiyyətlərlə yaratmaq imkan xaricindədir». Bu səbəblə də o, dost olduğu adamlara çox böyük qiymət verərdi. Onun sevmədiyi bir məsələ varsa, o da lovğalıqdan ibarət idi. Onun fikrincə, lovğalıq yaradıcılıqdakı acizlik və tənbəlliyi gizlətmək üçün bir pərdədir. O daim: «Mən bu cür tələbəni görmək istəmərəm»—deyirdi.

1958


 

 

 
   © Musigi Dunyasi, 2005