Üzeyir
ilə tanışlığımız birinci
dəfə «Molla Nəsrəddin» məcmuəsi
ilə başladı. Onun özü satiraçılıqda
qüdrətli bir qələmə malik olduğu
üçün satira yazanlarla tanış olmağı
da sevirdi.
Mən hələ Ordubadda olduğum zamam rəssam
Əzim Əzimzadə ilə tanış idim
və onunla tez-tez məktublaşırdım.
Günlərin birində müştərək
yazılmış bir məktub aldım. Məktub
Əzimzadə, Üzeyirbəy, bir də o zamanın
satiraçılarından birisi tərəfindən
yazılmışdı. O məktubda Üzeyirbəy
yazırdı:
«Səid!
Təəccüb edirəm ki, nə üçün
Ordubadda qapanıb qalmısan. Sən yığışıb
Bakıya gəlsən, öz yazılarına
çox geniş səhifələr tapa bilərsən,
səninlə yaxından tanış olarıq,
sənin irəli getməyin üçün imkan
yaradarıq. Əzimzadənin dediyinə görə,
qoçulardan qorxduğun üçün Bakıya
gəlmək istəmirsən. Bu barədə
heç də qorxmağa gəlməz. Mənə
inan, qoçuların özü də satiranı
gülə-gülə oxu-yurlar. Sənin «Molla
Nəsrəddin» məcmuəsində «Pilov cəzair
müctəməsinin əhval coğrafiyası»
ünvanlı satiran çox xoşuma gəldi.
Onu daima yorğun olduğum vaxt götürüb
oxuyuram. Hətta qarınqulu mollalar belə, acıqlandıqlarına
baxmayaraq, bu yazını gülə-gülə,
dönə-dönə oxuyurlar. Mən məsləhət
görürəm ki, belə şeyləri yazanda
oxucunu yalnız güldürməyə diqqət
vermə, onları düşündürməyə
də çalış!
Sənin qaibanə dostun H. Üzeyir».
Üzeyir ilə yaxından tanışlığımız
Oktyabr inqilabından sonra başladı. Mən
iyirminci ildə Həştərxandan Bakıya
gəldim. O zaman Bakı ziyalıları və
yazıçıları ilə hələ tanış
olmamışdım, yalnız rəssam Əzimzadə
və Haqverdiyevlə görüşə bilmişdim.
Bir az sonra mərhum Cəfər Cabbarlı ilə
«Əxbar» qəzeti idarəsində tanış
oldum. Üzeyiri görə bilməmişdim.
Bir neçə gündən sonra məni «Əxbar»
qəzetində müdir müavini tə'yin etdilər.
Bu radələrdə Üzeyirlə birinci dəfə
olaraq üz-üzə gəldik və tanış
oldum. Bu görüşdə, yadımdadır,
Üzeyir əlimi sıxdı və gülümsəyərək
dedi: — Daha qorxmursan ki!..
Əlbəttə,
bir dəfə görüşməklə Üzeyir
kimi bir sənətkarı öyrənmək
mümkün ola bilməzdi. Təsadüfi görüşlər
zamanı dəxi sənət barəsində
danışmaq çətin idi. Bə'zən görüşlərdə
iştirak edən başqa adamların aralığa
atdığı cürbəcür mövzular
sənət barəindəki söhbətlərə
imkan vermirdi.
Mən Üzeyirin əsərlərinin heç
birisini görməmişdim. Birinci olaraq onun «Arşın
mal alan» musiqili komediyasının tamaşasına
getdim. Zənn edirdim ki, gecədə Üzeyirbəy
ilə görüşmək mümkün olacaqdır.
Lakin o, teatra gəlməmişdi. Bu əsərin
tamaşasından aldığım tə'sirat
çox böyuk oldu. Əvvəla, bu əsərdə
Üzeyirbəyin bir bəstəkar olmaqdan başqa,
bacarıqlı dramaturq və satira ustası olduğunu
müəyyən edə bildim və öz-özümə:
«Üzeyirbəy öz epoxasının təzə
adamıdır»— deyə şadlandım. O, bu
əsərində çürümüş aristokratiyanın
iç üzünü göstərdiyi kimi, qadınlar
barəsində olan köhnə nəzəriyyəni
də lazımi qədər baltalamışdı.
Üzeyirbəy ilə yaxından tanışlığımız
1929-cu illərdən başladı. O zaman Azərbaycan
musiqisinin inkişaf yolları geniş müzakirə
olunurdu.
Üzeyirbəy bu məsələdə hamıdan
artıq rahatsız olur və musiqimizin gələcəyi
üçün düşünürdü. Musiqımiz
üzərində başlamış dedi-qodular
gündən-günə artırdı. Bu zaman
partiya və hökumətin köməyi ilə
Üzeyirbəy Azərbaycan radio komitəsinin
təşəbbüsü nəticəsində
xalq çalğı alətlərindən notlu
orkestr düzəltməyə başladı.
Həmin
bu zamanlarda mən Azərbaycan radio komitəsinin
ədəbiyyat şöbəsini təşkil
və idarə edirdim. Üzeyirbəylə tez-tez
görüşürdüm. Bə'zən onun
çalanlarla keçdiyi məşqlərlə
maraqlanırdım. Buradan aldığım qənaət
notlu orkestr barəsində aralıqda gedən
dedi-qoduların və bədbinliklərin yersiz
olduğunu göstərirdi və mən Üzeyirin
müvəffəqiyyət qazanacağına qəti
inanmağa başladım.
Bu
zamanlar Üzeyir məni nəğmələr
üçün şe'r yazmağa maraqlandırdı.
Bir neçə şe'rimə musiqi yazdı. Nəhayət,
günlərin birində o, radio idarəsində
(tənəffüs zamanı) yanımda oturub
ədəbi verilişlərimizin vəziyyəti
barəsində danışdı.
Sonra bir papiros yandırıb dedi ki: «Xırda
işlərdən fayda yoxdur. Hələlik orkestr
ilə məşğulam, bir neçə gündən
sonra sənə bir söz deyəcəyəm,
elə bilirəm ki, sən onu bacararsan, ancaq nigaran
qalma, dediyim söz incəsənətə aiddir».
O
gedəndən sonra mən çox düşündüm...
nəhayət, onun təzə bir opera yazmaq fikrində
olduğunu müəyyən etdim.
Bu
söhbətdən bir ay sonra məni opera teatrına
çağırdılar və «Dəmirçi
Gavə» pyesi əsasında bir opera librettosu yazmaq
üçün müqavilə bağladılar.
Mən bu barədə Üzeyirbəylə tez-tez
görüşürdüm. Biz əsərin
xorları, ariyaları barəsində məsləhətləşirdik.
Bə'zən
o mənə ölçülər verdiyindən
mə'lum olurdu ki, o, əsərin ariya və xorlarından
bir çoxunu yazmışdır.
Bu
əsər üçün görüşlərimiz
bir ilə qədər davam etdi. Bu müddətdə
librettonu yazıb bitirdim. Onu oxuyub təsdiq etdilər.
Artıq oturub işə başlamalıydıq.
Üzeyirlə bir neçə gün oturduq, lakin
heç bir iş görmədik, nədənsə
Üzeyir çox tərəddüdlü görünürdü.
Nəhayət, o öz qəlbini açıb dedi:
—
«Dəmirçi Gavə»nin librettosu üzərində
çox zəhmət çəkdin, mən də
az zəhmət çəkməmişəm. Ancaq
mən fikrimi dəyişmişəm. Bə'zəi
yaxşı bir iş üçün böyük
zəhmətləri qurban etməyin də eybi
yoxdur. Biz «Dəmirçi Gavə» operasının
əvəzinə elə bir əsər yaratmalıyıq
ki, onunla xalqımızın varlığına
qəhrəmanlıq ruhu aşılamaq mümkün
olsun.
Biz
sükuta daldıq. Bu sükut bir çay içmək
və bir papiros çəkmək qədər
davam etdi. Nəhayət, mən ona sual verdim:
—
Nə etmək istəyirsən?
— Koroğlu dastanı əsasında bir opera yazmaq
xəyalındayam. Sən bilirsən ki, Koroğlunun
qəhrəmanlıq siması müxtəlif
variantlar içərisində itib getmişdir.
Koroğlu kimi səbatlı bir üsyançını
orta əsrlərə məxsus bir çapğın
və eşqbaz qələmə verirlər. Buna
görə də biz Koroğlu epoxasının
siyasi və ictimai mündəricəsini yazdığımız
operada aydınlaşdırmalıyıq. Xalqımız
Koroğlunun möhkəm bir qəhrəman olduğunu,
öz əsrinin məşhur üsyan təşkilatçısı
kimi feodallara qarşı mubarizə apardığını
səhnədə görməlidir.
Üzeyir
bu sözlərdən sonra mənə bir daha
müraciət etdi:
—
Demək ki, biz bunu qərara alırıq! — dedikdə,
mən də əlimdəki çay stəkanını
yerə qoyub:
—
Bəli, qərarlaşdıq, — deyə cavab verdim.
Bir
neçə gündən sonra opera teatrının
müdiriyyəti məni çağırıb
«Koroğlu» operasının librettosunu yazmaq üçün
müqavilənamə bağladı.
Biz
əvvəlcə bir neçə gün oturub
librettonun planını hazırladıq. Ariyaların,
xorların və reçitativlərin yeri və
ölçüləri müəyyən edildi.
Bu iş bir qədər asanlıq yaratdı.
Əsər parça-parça yazıldı. Beləliklə,
libretto yazılıb qurtardığı zaman,
demək olar ki, musiqi də yazılıb qurtardı.
Saat
birdən dördə qədər oturub işləməyi
qərara almışdıq. Ancaq bə'zən
vaxtları dəyişdirmək lazım gəlirdi.
İşin gedişində onun bir xasiyyəti
nəzərimi cəlb edirdi: hər gün işə
başlamazdan əvvəl mənim işə
həvəsim olub-olmadığımı yoxlayırdı.
Hərgah məndə bir kədər hiss edirdisə,
mütləq əhval-ruhiyyəmi düzəltməyə
və lətifələr vasitəsilə kədərlərimi
unutdurmağa çalışırdı. Sonra
da işə başlayırdıq.