Üzeyir
Hacıbəyovun xatirəsi bütün sovet
xalqları üçün əziz və unudulmazdır.
Sevimli Üzeyirbəy sovet opera dramaturgiyasının
inkişafında yeni fikir söylədi. Azərbaycan
klassik musiqisinin tərəqqisi üçün
möhkəm təməl daşı qoydu. Üzeyirbəyin
elmi nəzəriyyəsi Azərbaycan sovet musiqisinin,
xüsusilə Şərq xalqları musiqisinin
inkişaf və çiçəklənməsində
böyük rol oynayır. Üzeyirbəy «Azərbaycan
musiqisinin əsasları» adlı kitabında zəngin
Azərbaycan musiqisinin elmi əsaslarını
şərh etmişdir.
Üzeyir
Hacıbəyovun musiqi mədəniyyətimiz
üçün böyük xidmətlərindən
danışarkən rus xalqının dahi kompozitoru
Qlinka yadımıza düşür. Bu iki sənətkarın
arasındakı yaxınlıq ondadır ki, Qlinka
rus operasının banisi olduğu kimi, Üzeyirbəy
də təkcə Azərbaycan deyil, bütün
Şərqdə opera sənətinin banisi olmuş
və yeni musiqi təfəkkürünü yaratmışdır.
Məni bu böyük bəstəkarla Əbdürrəhimbəy
Haqverdiyev tanış etmişdir. Xalq Maarif Komissarlığı
nəzdindəki incəsənət idarəsinin
rəisi olan Əbdürrəhimbəy Haqverdiyev
«Əsli və Kərəm» operasında Kərəm
rolunda çıxışımın ikinci günü
öz iş otağında məni Üzeyirbəylə
tanış edib dedi:
— Bu bizim Bülbülümüzdür. Dünən
Kərəm rolunda bülbül kimi cəhcəh
vurub camaata ləzzət verdi.
O
vaxt Üzeyirbəy musiqi şö'bəsinin
müdiri idi. Onun gözəl, cazibədar siması,
iki tərəfə ayrılmış, azca qıvrım
saçları, sadə və mə'nalı baxışları
məni elə heyran etdi ki, gözümü bir
an belə onun simasından ayıra bilmədim.
Üzeyirbəy
mənim bu heyranlığımı duyaraq zarafatla
dedi: «Hə, istəyirsən səni tə'rifləyim?»
Günlər keçdi ... Üzeyirbəyin əsərlərinin
qəhrəmanı oldum. İkimiz də sənətə
və elmə sarıldıq. Moskvada və Leninqradda
olduq, görkəmli sənət adamları ilə
görüşdük. Sonra mən dörd il
İtaliyaya oxumağa getdim. Oradan onunla məktublaşdıq.
Üzeyirbəy əsərlərini mənə
mütaliə üçün İtaliyaya göndərirdi.
İtaliyadan qayıtdıqdan sonra, 1932-ci ildə
artıq sovet xalqının coşqun yaradıcılıq
mərhələsi klassik musiqimizin yeni inkişafını
tələb edirdi. Yeni musiqi təfəkkürü,
yeni zehni xüsusiyyətlər bəstəkarlar
qarşısında bir çox mühüm məsələlər
qoyurdu. O zaman musiqi sənətimizdə canlanma
başlayırdı. Üzeyirbəylə yanaşı,
Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov,
Bakı və Leninqrad musiqi məktəblərinin
yetirməsi olan Asəf Zeynallı yeni əsərlər
yazırdılar. Müslüm Maqomayev «Nərgiz»,
Qliyer «Şahsənəm» operaları üzərində
işləyirdilər. Üzeyirbəy isə
«Koroğlu» operasını yazmağa hazırlaşırdı.
Bununla yanaşı, Üzeyirbəy «Komsomolçu
qız», «Mazut», «Zavod səni gözləyir» kimi
yeni həyatı tərənnüm edən kiçik
formalı əsərlər də yazırdı.
1934—1935-ci
illərdə Qliyerin «Şahsənəm» və
M. Maqomayevin «Nərgiz» operaları tamaşaya
qoyuldu.
Nəhayət,
böyük bəstəkarımız bunların
ardınca «Koroğlu» operasının klavirini
teatra təhvil verdi. Bu, bizim opera sənətimizin
bayramı oldu. «Koroğlu» operası ilk tamaşadan
sonra ürəklərə yol tapdı, bir çox
müğənnilərin ifasında qardaş
respublikaların səhnələrində, efirdə
tez-tez səslənməyə başladı.
Mən teatrımızın səhnəsində
xalq qəhrəmanı Koroğlu rolunda 400 dəfədən
çox çıxış etmişəm. Hər
dəfə bu rolu ifa edərkən Üzeyirbəyin
sənətinə valeh oluram. Bu operanın uvertürasına
mən dəfələrlə qulaq asmışam.
Uvertüra başlananda insanı cuşa gətirir.
Elə bir musiqi həvəskarı tapılarmı
ki, bu musiqi parçaları onu həyəcana gətirməsin?!
Bu uvertüra operanın qəhrəmanı kimi
səslənir, bütün hadisələrin
tərcümanı kimi qəbul olunur.
Üzeyir
sənətinin qüdrəti orasındadır
ki, bəstəkarımız Azərbaycan xalq
musiqisinin, muğamlarımızın bütün
incəliklərini bilir, onun məlahətini duyur,
öyrənir və xalqın sevəcəyi yeni
əsərlər yaratmaq üçün geniş
axtarışlar aparırdı. Bu fikrimi sizə
izah etmək üçün bir-iki misal gətirim.
«Koroğlu»
operasının birinci pərdəsində Nigarın
ariyası və Nizaminin sözlərinə bəstələnmiş
«Sənsiz» romansı heç kəsin xatirindən
silinməz. Bu əsərlərnn ikisi də eyni
pərdə, şikəsteyi-fars üstündə
yazılmışdır. Nigarın ariyası
şikəsteyi-fars ilə başlayır, orta
hissəsi əraq-pəncigahdır, digər yolu
ilə yenə şikəsteyi-farsa qayıdır
və segah nəfəsilə ayaq verib qurtarır.
«Sənsiz» qəzəli də şikəsteyi-fars
ilə başlayır. Orta hissəsi manəndi-müxalifidir.
Üzzal nəfəsi vurub yenə şikəstəyə
enir və segah nəfəsilə eyni pərdədə
ayaq verib qurtarır. Halbuki bu iki əsər bir-birinə
oxşamır. Nigarın ariyasında onun zalımlara
nifrəti, Rövşənə olan pak məhəbbəti,
həqiqi sevgini var-dövlətdən üstün
tutması, Rövşəni axıradək sevəcəyi,
məhəbbətində axıradək sadiq
qalacağı tərənnüm edilir.
«Sənsiz»
qəzəli isə bir tənhalığın,
sənsizliyin ürək çırpıntısıdır.
Görün bunlar nə qədər ayrı-ayrı
mövzulardır! Başqa-başqa əsərlərdir.
Halbuki bunların ikisi də eyni pərdədə
yazılmışdır. Üzeyir sənətinin
ölməzliyi də məhz bundadır! «Sevgili
canan» qəzəli və Firuzənin ariyası
«Bayatı Şiraz» muğamı üzərində
qurulmuşdur, Firuzənin ariyasını Zəhra
Rəhimovanın ifasında eşidərkən,
mənə elə gəlir ki, bütün operaya
qulaq asmışam. Eyni muğam üzrə qadın
səsi (soprano) üçün yazılmış
bu ariya mürəkkəb və geniş bir fikri
ifadə edirsə, «Sevgili canan» qəzəli bir
gözəlin tə'rifini verir.
Üzeyirbəylə
mənim dostluğumun səbəbi onun əsərlərini
oxumağım və operalarında baş qəhrəman
rolunu oynamağım deyildir. Bizim dostluğumuzun
əsası ideya birliyidir, sosialist Vətənimizə,
xalqımıza olan məhəbbətimizin əks-sədasıdır.
Aylar
bir-birini qovur, illər ötüb keçir, fəsillər
bir-birini əvəz edir. Bu fəsillərin ən
gözəli, ürək açanı, fərəhlisi
bahardır. Üzeyir yaradıcılığı,
Üzeyir sənəti də baharın bənövşəsi,
yasəməni, ətirli çiçəkləridir.
Üzeyirin musiqisi həmişə bu çiçəklər
kimi ürəkaçan olacaq, insanların ruhunu
oxşayacaq, insanlarda yaşamağa, sevməyə,
sevilməyə coşqun həvəs oyadacaqdır.
1948
.