Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

2

Səməd Vurğun.
Insan qəlbinin tərənnümçüsü. (Ardı)

1920-ci ilin 28 aprel günü Azərbaycan xalqının əbədi qurtuluş və azadlıq günü oldu. Bu qədim odlar ölkəsində sosializm inqilabının, Lenin Partiyasıiın al bayrağı dalğalandı. Xalqımızın yeni, tarixdə misli görünməmiş bir intibah dövrü başlandı. Xalqımız öz maddi və mə'nəvi mədəniyyətinin sahibi oldu.

Azərbaycan ziyalıları qarşısında, şüur və idrakımızın inkişafı üçün, həyat və yaradıcılığımız üçün geniş yollar açıldı, tarixi imkanlar yaradıldı. Üzeyirin də boyük və fitri iste'dadının çiçəklənməsi üçün geniş bir meydan açıldı, çunki böyük qabiliyyətin qol-qanad açması üçün, onun uçduğu fəza geniş, insan təfəkkürü qədər sonsuz və hüdudsuz olmalıdır. Belə bir mə'nəvi azadlığı, idrak və şüurun hakim olduğu bir dünyanı— azad zəhmət, azad məhəbbət dünyasını, həqiqi ilham və sənət dünyasını, qəhrəmanlıq və yaradıcılıq dünyasını bizə bəxş edən böyük Sovet dövləti, Lenin partiyasının günəşli, gündüzlü bayrağı oldu.

Son 25 il müddətində Üzeyirin Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi böyük xidmətlər hamıya mə'lumdur. Mən isə bu zəngin xəzinənin bir çox daha böyük inciləri haqqında danışacağam, 1937-ci il 30 aprel günü «Koroğlu»nun ilk tamaşası, bütün mədəniyyətimizin tarixi bir bayram günü oldu. Bəstəkarımızın uzun illərdən bəri topladığı yaradıcılıq təcrübələri, onun yüksək musiqi mədəniyyəti yeni bir qüdrətlə səsləndi. «Koroğlu» operası dünya musiqi mədəniyyətinin yüksək nailiyyətlərini özündə təcəssüm etdirən, bütün mədəni ölkələrin mə'nəvi tələbinə cavab verən Azərbaycan musiqi mədəniyyətinin yüksək bir zirvəsi oldu.

Operanın mürəkkəb və zəngin simfonik quruluşu, milli musiqi alətlərimizlə Avropa musiqi alətlərinin həmahəng bir dildə danışması, vokal musiqi sənətinin inkişafı üçün yazılmış klassik ariyalar, kütləvi və qəhrəmanlıq səhnələrini ifadə edən mürəkkəb və həyəcanlı musiqi nömrələri, xor sənətinin gözəl nümunələri və bütün bunların vahid bir ahəngi Üzeyir sənətinin yüksək mədəniyyətini nümayiş etdirdi.

«Koroğlu» operası bütün Şərq xalqları arasında qədimdən şöhrət tapmış Azərbaycanın milli qəhrəmanlıq dastanına yeni bir təravət və cəlal gətirdi. Üzeyir tarixi hadisələrə və tarixi şəxsiyyətlərə müraciət etdiyi zaman öz yaşadığı əsrə, bu dövrün mə'nəvi tələblərinə sadiq qalan, bizi keçmişə deyil, sabaha, yalnız gələcəyə çağıran bir sənətkardı. Odur ki, biz «Koroğlu» operasında 400 il bundan qabaqkı hadisələrə və insanlara baxdığımız zaman öz əsrimizin də nəbzini duyuruq, öz müasir insanlarımızın da yüksək əməllərini, coşqun vətənpərvərlik hisslərini, məhəbbət və qəhrəmanlıq sifətlərini gözəl və şairanə bir musiqi lisanı ilə dərk edirik, ürəyimizdəki həyat və insan qudrətinə olan eşq və humanizm bir daha qol-qanad açır.

«Koroğlu» operası musiqi və opera sənətimizin mükəmməl bir abidəsidir ki, nəsillər boyu yaşayacaqdır.

Üzeyir yaradıcılığında insan qəlbini mehriban bir ana nəvazişilə oxşayan lirik nəğmələr olmaqla, insanı mübarizəyə çağıran, ona həyat və mübarizə iradəsi aşılayan yüksək ehtiraslar da az deyildir. Bizim qəhrəmanlıq eposlarımızın xalq musiqisi əsasında Üzeyirin yaratmış olduğu «Cəngi» adlı bir janr da diqqətəşayan hadisədir. Üzeyir bu janrı yaratmaqla, yaşadığımız qəhrəmanlıq əsrinin ruhunu verir, sosializm musiqi mədəniyyətində qəhrəmanlıq ruhunu bir daha qeyd edir.

Hər bir musiqi əsərinin varlığı onun insanlara göstərdiyi emosional tə'sir ilə ölçülür. Musiqi insanların şüurundan çox qəlblərinə, duyğularına tə'sir bağışladığından, musiqi lisanından, hər şeydən əvvəl, təbiilik və ürək çırpıntıları tələb olunur. Üzeyir sənəti soyuq bir şüurun, formal bir texnikanın məhsulu deyil, hadisələri yaşamış, insan taleyini duyub-düşünmüş, sevinclər və iztirablar keçirmiş böyük bir ürəyin məhsuludur. Biz onu dinlədiyimiz zaman real həyat və mübarizə simfoniyalarını dinləyirik. Bu həyat boyasız, sadə və təbiidir. İnsan həyatı öz daxili ziddiyyətləri, mürəkkəbliyi və incəliyi ilə ifadə olunur. Səadətin fəlakətlə qarşılaşmasını, xeyrin şər ilə mübarizəsinin dəhşətli və gərgin səhnələrini, nəhayət, humanizmin zəfərini, idrak və insanlığın qabiliyyətini görürük. Üzeyir sənəti həyat və insanı təsdiq edir. Üzeyirin realizmi, hadisələri və insanları natura halında deyil, yüksək romantik bir üslubda ifadə edir: cəmiyyətin bugünkü halını təsvir etdiyi zaman biz sabaha, gələcəyə doğru gedirik, daim yüksəlirik və kamilləşirik.

Hər sənət əsərinin çarpan ürəyi saf və səmimi ilhamdır. İlhamsız yazılan bir əsər məhəbbətsiz ailə kimi sönükdür. Ən böyük və xoşbəxt sənətkarlar öz ilhamını xalq mə'nəviyyatından, onun yüksək əməl və arzularından alır. Üzeyir də belə bir sənətkardır.

...Azərbaycan xalq musiqisinin zəngin xəzinəsi daim Üzeyir yaradıcılığı üçün ilham mənbəyi olmuşdur.

Üzeyir musiqisini dinlədiyimiz zaman, biz bəzən qaşlarımızı çatıb Loğman kimi düşünürük, bə'zən həyat və insan eşqinə odlardan, alovlardan keçən qəhrəmanlar oluruq, bə'zən ürəyimiz ümman kimi təlatümə gəlir, bə'zən də sakit və nurlu bir yaz səhəri kimi açılırıq, özümüzdə dağlarda külüng çalan Fərhadlar qüdrəti hiss edirik, xəyalımız göylərə uçduqca yaşadığımız ana torpağı, onun yaratdığı insan adlı böyük ne'məti daha çox sevirik, öz varlığımız və tariximiz ilə fəxr edirik.

Üzeyir sənətinin dili bütün xalqlar üçün aydındır. Avropa musiqi mədəniyyətindən, xüsusən böyük və xeyirxah rus xalqının zəngin musiqi mədəniyyətindən məharətlə istifadə edən bu sənətkar, bütün sovet xalqları üçün əziz və doğmadır.

Heç də təsadüfi deyil ki, Üzeyirin «Arşın mal alan», «Koroğlu», «Əsli və Kərəm», «Şah Abbas və Xurşidbanu» kimi əsərləri dünyanın əsas dillərinə tərcümə edilmişdir. Bu əsərlər rus, erməni, gürcü, fars, fransız, alman, ingilis, tatar, tacik, uyğur, kürd, ləzgi, belorus, yəhudi, qazax, Ukrayna, qırğız və başqa dillərə tərcümə edilmişdir.

Üzeyir sənəti kamala yetmiş bir sənətdir. Lakin insan kamalının hüdudu olmadığı kimi, sənət və yaradıcılığın da hüdudu yoxdur.

Öz sənəti və hünəri ilə bütün xalqın məhəbbətini qazanmaq, Lenin partiyasının, Sovet dövlətinin e'tibarını qazanmaq sənətkar üçün böyük bir səadətdir.

Biz Üzeyiri, onun unudulmaz əsərlərinə görə, xalqımızın ən müqəddəs arzu və əməllərini ifadə edən sənətinə görə sonsuz bir məhəbbətlə sevirik. Bir də ona görə sevirik ki, o özü bizi, bütün sovet xalqını saf və təmiz bir ürəklə sevirdi, o yalnız bizim üçün yaşayıb yaradırdı.

Məşhur rus şairi Nekrasov demişdir ki, şair olmaya da bilərsən, lakin vətəndaş olmağa məcbursan.

Üzeyir ona görə böyük sənətkar oldu ki, o böyük bir vətəndaş, həm də sovet vətəndaşı idi!

1948


 

 

 
   © Musigi Dunyasi, 2005