Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

1
Səməd Vurğun
Insan qəlbinin tərənnümçüsü

Hər xalq öz ictimai tarixinin gözəl səhifələri ilə, insan mədəniyyətinin xəzinəsinə bəxş etdiyi incilər, hədiyyələr, yetirdiyi böyük şəxsiyyətlər və dühalarla qanuni olaraq fəxr edir.

Biz, müasir azərbaycanlılar, xalqımızın, milli mədəniyyətimizin ən parlaq bir dövründə bir çox elm, fəlsəfə, ədəbiyyat və incəsənət, dövlət və siyasət adamlarımızla fəxr edirik, onların surətində sosializm mədəniyyətimizin yaradıcılarını, fədakar qəhrəmanlarını görürük. Müasir Azərbaycan mədəniyyətinin ən görkəmli və qabaqcıl bir siması olan Üzeyir Hacıbəyovun adı ilə bütün xalqımız fəxr edir.

Öz şəxsi taleyini xalqın taleyi ilə səmimi bağlayan, öz yaradıcılıq və həyat qabiliyyətlərini xalq səadəti, xalq şərəfi uğrunda sərf edən insanlar xalqın əbədi məhəbbət və hörmətinə nail olurlar. Böyük bəstəkarımız Üzeyir Hacıbəyov da nəinki Azərbaycan xalqının, bütün sovet xalqlarının hörmət və məhəbbətini qazanmış məşhur bir sənətkardı. Hələ neçə min il bundan əvvəl dünyanın böyük şe'r dühası, ölməz «İliada» və «Odisseya»nın müəllifi Homer musiqinin insan mə'nəviyyatına olan xeyirxah tə'sirindən bəhs edərək demişdir ki, «mən insanların ən mə'nalı vaxt keçirmələrini onda görürəm ki, bütün ariflər öz mənsəb və rütbələrindən asılı olmayaraq, sıra ilə əyləşib böyük bir ehtiram və diqqətlə öz müğənnilərinə, bəstəkarlarına qulaq assınlar».

Biz bu gün fəxr edirik ki, Homerin o zaman ideal halında arzu etdiyi yüksək sənət və ilhamın aşiqi olan bu cəmiyyətin övladlarıyıq. Üzeyir isə bu böyük xalq məclisinin hörmətini qazanmış qüdrətli bir bəstəkar idi.

Azərbaycan opera sənətinin banisi və atası sayılan bəstəkarımızın həyat və yaradıcılığı xalqımızın inkişaf tarixinin böyük ictimai hadisələr və ictimai inqilablar dövrünə təsadüf etdi.

1905-ci il inqilabı dövründə ölkəmizdə gedən siyasi və ictimai toqquşmalar, gərgin sinfi mübarizə tarixi, paytaxtımız Bakı şəhərinin tarixə yazdığı inqilabi qəhrəmanlıq səhifələri bütün xalqımızın ictimai şüurunda böyük bir dönüş yaratdı. O zamankı mütləqiyyətə, kapitalizm və feodalizm cəmiyyətinin amansız qanunlarına qarşı, ictimai ədalətsizlik və haqsızlığa qarşı, əməkçi xalqın qəzəb və kin dalğaları bir ümman kimi təlatümə gəldi. O vaxt Üzeyirin adi müəllim sifətində çalışdığı Bibiheybət mə'dənlərində al bayraqlı barrikadaların «azadlıq və istiqlaliyyət» şüarlarının dalğaları nəinki bütün Qafqaza və Cənubi Rusiya şəhərlərinə, eləcə də İran, Əfqanıstan, hətta uzaq Hindistanın Bombey şəhərinə kimi yayıldı. Bakının inqilab sədaları bir çox Şərq ölkələrinin ictimai və siyasi şüurunda böyük bir dönüş yaratdı. O dövrdən başlayaraq Azərbaycan xalqı içərisindən Molla Nəsrəddin, Mirzə Ələkbər Sabir, Nəcəfbəy Vəzirov, Əbdürrəhimbəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov və başqaları kimi demokratik Azərbaycan ziyalılarının qüdrətli bir axını yarandı. Bu böyük qələm sahibləri çar mütləqiyyətinin sönük varlığını, kapitalistlərin və mülkədarların zülmünü, cəhalət və nadanlığın zülmət kabusunu böyük bir nifrət ehtirası ilə qamçılamağa başladılar. 1905-ci il ərəfəsində yaranmış demokratik Azərbaycan ziyalılarının məşhur simalarından biri də Üzeyir Hacıbəyov oldu. O, ictimai həyatımızın mübarizə səhnəsinə böyük bir bəstəkar, həm də iste'dadlı bir dramaturq kimi atıldı.

XII əsrdə Nizami Gəncəvinin, XVI əsrdə isə Füzuli qələminin qüdrətilə bütün dünyada şöhrət qazanmış bir qədim ərəb əfsanəsi XX əsrdə Üzeyir Hacıbəyovun musiqi fırçası ilə bir daha şöhrətləndi, bütün Qafqaz və Şərq xalqlarının dillərində dastan oldu. Füzuli şe'rinin əzəmət və romantikası Üzeyir musiqisinin qanadlarında bir daha ucaldı, əngin üfüqlər aşdı.

Üzeyirin «Leyli və Məcnun» operasının yaranması heç də təsadüfi deyildi. «Azad şəxsiyyət və azad məhəbbət» problemi min illərdən bəri davam edən sinifli cəmiyyət tarixində ən böyük sənət dühalarını düşündürən bir mövzu, həm də ümumbəşəri bir mövzu olmuşdur. «Leyli və Məcnun» operası azad fikir, azad eşq uğrunda faciələr keçirən, fəlakətlərə düçar olan insanlığın, o cümlədən Azərbaycan xalqının o zamankı mə'nəvi məhkumluğunu rübabi bir musiqi dili ilə tərənnüm etdi, humanizmi təhqir edən sinifli cəmiyyət ən'ənələrini qamçıladı. Üzeyir bu dastanın yüksək əməllərinə və arzularına Azərbaycan xalq musiqisinin əzəmət və cəlalı ilə yeni bir təravət gətirdi, onu XX əsr insanlarının zövqünə uyğun, mə'nəvi tələb və həyəcanlarına müvafiq bir ahənglə yenidən yaratdı. İstər Məcnunun, istərsə də Leylinin ürək yaxıcı ariyalarını dinlədiyimiz zaman, biz, onların əynində gördüyümüz ərəb qiyafələrini unutduğumuz kimi, hadisənin də ən qədim ərəb mənşəyini unuduruq, çünki onların ağzından eşitdiyimiz doğma səslər, doğma avazlar,heyratılar, şikəstələr və bayatılar, Leylini və Məcnunu bizə Azərbaycan oğlu və Azərbaycan qızı kimi təqdim edir. Odur ki, «Leyli və Məcnun» dastanının istər bədii söz mətni, istərsə də musiqisi tam mə'nasilə Azərbaycan xalqının orijinal mə'nəvi məhsuludur, onun milli şe'r və musiqi mədəniyyətinin gözəl bir incisidir, artıq sadə bir ərəb əfsanəsi deyil, Füzuli şe'rinin və Üzeyir musiqi lisanının yaratdığı, tam mə'nasilə orijinal, Azərbaycan xalqının fikir və ürək məhsuludur.

Biz müəllifin «O olmasın, bu olsun», yaxud «Arşın mal alan» operettalarına baxdığımız zaman, onun nəinki mahir bir bəstəkar, həm də çox mə'nalı, həyat və insanların ruhunu təşrih edən iste'dadlı bir dramaturq olduğunu da görürük. Molyer və M. F. Axundovun komediya qüdrətilə səslənən «Məşədi İbad» operettası o zamankı ədəbiyyatımızın hakim üslubu olan tənqidi realizm ruhunda yazılmış bir əsərdir. Orada, təbiəti xəsis, xalq və vətən mənafeyindən məhrum, mənəvi yoxsulluğun bariz nümayəndəsi olan məşədi ibadlar, pulun və cibin hakim olduğu çirkin bir cəmiyyət məharətlə ifşa edilir, onların gülünc siması-musiqili komediya vasitəsilə ifadə olunur. Həmin əsərdə qəzetçi Rza, «intelligent» Həsən simasında, osmanlı dili və başqa xarici dillər tə'sirilə öz ana dilindən uzaqlaşmış, öz xalqının həyat və tarixinə təhqirlə baxan satqın və şərəfsiz burjua ziyalıları məharətlə ifşa edilir.

Bu ideya Molla Nəsrəddinin məşhur «Anamın kitabı» əsərində inkişaf etdirilir, daha yüksək bir dramaturji formaya salınır.

Üzeyirin inqilaba qədər yazmış olduğu bu əsərlər xalqımızın ictimai şüur oyanışında, köhnə dünyava köhnə əxlaqın sarsıldılması uğrunda nəinki Azərbaycan şəraitində, bəlkə bütün Yaxın Şərq aləmində inqilabi və mütərəqqi bir rol oynamaqla, musiqili komediya janrı yeni janr olaraq, həm də kütləvi bir musiqi janrı olaraq birinci dəfə Azərbaycanda, Üzeyir qələminin qüdrətilə yaradıldı.

Bu əsərlərin istər yaradılışında, istərsə də tamaşaya qoyulması uğrunda müəllif bir çox məşəqqətlərə, iztirablara sinə gərdi. Çar mütləqiyyətinin ağır illərində nə dövlət, nə də milli burjuaziya tərəfindən heç bir maddi və mə'nəvi kömək görməyən bəstəkarın milli opera yaratmaq təşəbbüsləri hər yerdə tə'qib olunur, mürtəce və qaragüruhların hücumlarına rast gəlirdi.

Bu kütbaşların, yoxsul təbiətlərin hakim olduğu bir dövr, üfüqlərini qara zülmət sarmış bir dünya sənətkarın böyük iradəsini qıra bilmədi, onun yaratmaq eşqini söndürə bilmədi, çünki Üzeyir öz xalqının günəşli, gündüzlü sabahına, onun böyük istiqbalına inanırdı, xalqın azadlıq və qurtuluş gününü səbirsizliklə gözləyirdi.


 

 

 
   © Musigi Dunyasi, 2005