Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

36
Soltan Nəcəfov.
Oxu tar (Ardı)

— Dünən axşam konsertinizi radioda dinlədim. Çox xoşuma gəldi. Ancaq belə yağışlı havada sizə qulaq asan tamaşaçıları siz alqışlamaqdansa, onlar sizi alqışlayırdı.

Səid Rüstəmov gülə-gülə cavab verdi:

— Üzeyirbəy, əslində əl çalan biz idik, parkda tamaşaçı yoxdu. Bunu mikrofonun xatirinə etmişik.

Orkestrin çoxlu pərəstişkarı ilə yanaşı, bədxahları da var idi. Bunu aşağıda qeyd edəcəyim mühüm tarixi faktla nəzərinizə çatdırmaq istəyirəm.

1933-cü ilin mart ayında Bakıda çıxan «Yeni yol» qəzeti tərəfindən «Vahid mədəni Şərq orkestri təşkil etməli» başlığı altında yeni bir təşəbbüs irəli sürülmüşdü. Bunun bir neçə səbəbi vardı. Ən mühüm səbəb isə Bakının konsert müəssisələrində ifaçılıq səviyyəsi aşağı olan və illər boyu yeknəsəq proqramla çıxış edən bə'zi musiqi kollektivləri haqqında qəzetə göndərilən çoxlu şikayət məktubları idi.

Qəzetin 16 mart tarixli nömrəsində S. K. imzası ilə məqalə yazan müəllif belə kollektivlərdən birini kəskin tənqid etdikdən sonra radioda yeni təşkil olunan notlu orkestr haqqında belə deyirdi:

«Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi orkestr təşkil olunduğu ilk gündən başlayaraq not sisteminə keçmişdir. Doğrudur, bu orkestr gəncdir və burada iştirak edənlərin sayı azdır. Lakin şübhəsiz bu orkestr gələcək üçün daha böyük ümid verir. Hacıbəyovun şəhər və rayonlarda olan çıxışları böyük müvəffəqiyyət qazanmışdır».

Martın 23-də həmin qəzetdə böyük məqalə ilə çıxış edən Səid Rüstəmov respublikada vahid mədəni Şərq orkestrinin təşkili təşəbbüsünə qoşulmaqla öz ürək sözlərini bu cür ifadə etmişdi: «Radioda notla çalan Şərq orkestrini qüvvətləndirmək və onun mədəni səviyyəsini yüksəltmək üçün konservatoriyada və musiqi texnikumlarında xalq çalğı alətləri şö'bəsinin tədris qaydalarını mədəni relslər üzərinə salaraq savadlı musiqi kadrları yetişdirməli, işçi rayonlarında olan mədəniyyət saraylarındakı və işçi klublarında musiqi dərnəklərində aparılan məşğələləri not üzrə keçməli və burada öz qabiliyyətlərini göstərən gəncləri konservatoriyaya qəbul etdirməli, notlu Şərq orkestrini toy sazəndələrindən təmizləməli, bu yeni musiqi kollektivinin hey'ətini savadlı musiqi kadrları hesabına qüvvətləndirməli».

Lakin aprelin 5-də «Şərq musiqi həvəskarı» imzası ilə dərc olunmuş məqalənin müəllifi notlu xalq çalğı alətləri orkestrinin ilk uğurlu addımlarından bircə kəlmə də qeyd etmədən, qəzetin keçən nömrəsində haqlı tənqid olunan bir musiqi kollektivini yaltaqcasına müdafiə etmişdi. Yadımdadır, məqalə müəllifinin belə məntiqsiz çıxışı o zaman çoxlarını hiddətləndirmişdi.

Bu münasibətlə qəzetin 17 aprel tarixli nömrəsində mənim də kiçik bir məqaləm çıxmışdı. Əsasən «Şərq musiqi həvəskarı»nın qərəzli çıxışını ifşa edən məqaləmə bu sözlərlə yekun vurmuşdum: «Azərbaycanda vahid mədəni Şərq orkestri yaratmaq məsələsini irəli sürən «Yeni yol» qəzeti şübhəsiz ki, bu məsələni geniş işçi kütləsi və musiqi həvəskarları arasında müzakirə etmək üçün təşəbbüs göstərəcək».

Bu məqaləmdən təxminən iki həftə sonra, 1933-cü ilin may ayında «Yeni yol» qəzetinin təşəbbüsü ilə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrında keçirilən yığıncaqda bu məsələ musiqi ictimaiyyəti tərəfindən ətraflı müzakirə olundu. Müzakirədə çıxış edən natiqlər radioda Üzeyir Hacıbəyovun rəhbərliyi ilə yeni fəaliyyətə başlayan orkestrin ilk səmərəli çıxışlarını alqışlayaraq, ona böyük yaradıcılıq işlərində müvəffəqiyyətlər arzuladılar.

Radioda diktor işlədiyim 30-cu illərdə Üzeyir Hacıbəyovun Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 10-cu ildönümünə həsr etdiyi himni, Çahargah muğamı mövzusunda birinci fantaziya, Şur mövzusunda ikinci fantaziya, «Kolxoz çöllərində», «Aşıqsayağı» instrumental əsərlərini, «Mazut», «Komsomolçu qız», «Zavod səni gözləyir», «İş başına» mahnılarını, Müslüm Maqomayevin «Radio marşı», «Şah İsmayıl» operasından uvertüra, «Azərbaycan çöllərində» rapsodiyasını, «Yaz», «Bizim kənd» mahnılarını, Səid Rüstəmovun orkestr üçün işlədiyi «Yaxan düymələ» xalq mahnısını, «Bayatı Kürd» və «Gəlmə-gəlmə», «Şadlıq rəqsi» instrumental əsərlərini, bəstəkar Həsən Revatovun «Zaremanın mahnıları», «Şur dəramədi» süitasını, Məmməd Səid Ordubadinin sözlərinə bəstələdiyi «Komsomol» və «Gənc əsgərəm» mahnılarını aparıcısı olduğum konsertlərdə dəfələrlə e'lan etmişəm. Mahnılar radionun vokal qrupunun solistlərindən Yavər xanım və Münəvvər Kələntərli, Sona Bağırova, Ruqiyyə Çobanzadə, Səltənət Quliyeva və Tamara Rzayevanın ifasında səslənərdi. Orkestrin iştirakı ilə radio studiyasında və Bakının mədəniyyət saraylarında təşkil edilən açıq konsertlərdə isə yuxarıda adları çəkilən solistlərlə birlikdə Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Zülfü Adıgözəlov, Zülfüqar Sarıyev və Xanlar Haqverdiyev də çıxış edərdilər.

Böyük bəstəkarımız Üzeyir Hacıbəyov xalq çalğı alətləri orkestrində dirijorluq fəaliyyətini 1935-ci ilədək davam etdirmişdir. Üzeyir Hacıbəyovdan sonra bəstəkar Səid Rüstəmov orkestrə dirijor və bədii rəhbər tə'yin edildi. Lakin Üzeyirbəy orkestrlə əlaqəsini tamamilə kəsməmişdi. Belə ki, o, filarmoniyada təşkil etdiyi bir xor kollektivinə rəhbərlik etməklə bərabər, öz doğma orkestrinə qayğı göstərməyə də vaxt tapırdı. O, bu orkestr üçün sonralar da iri həcmli instrumental əsərlər və yeni-yeni mahnılar bəstələyərdi. «Cəngi», «Döyüşçülər marşı», «Zəfər himni», «Şəfqət bacısı» və başqa əsərlər bu illərin məhsuludur. Üzeyirbəyin bütün əsərləri bu günədək orkestrin repertuarında qiymətli sənət inciləri kimi fəxri yer tutur.

Orkestrin hey'əti ildən-ilə böyüyür, onun sıralarına yeni-yeni gənc iste'dadlar daxil olurdu. Yeri gəlmişkən qeyd etməliyəm ki, vaxtilə bu orkestrə bəstəkar Həsən Revatov və Qılman Salahov da dirijorluq etmişlər. Fərəhləndirici haldır ki, ölkəmizdə görkəmli musiqi xadimləri kimi tanınan Fikrət Əmirov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Qənbər Hüseynli, Adil Gəray, Andrey Babayev, Ağabacı Rzayeva, Hacı Xanməmmədov bu orkestrin yaradıcı kollektivi ilə birlikdə pult arxasında oturmuşlar. İllər ötdükcə orkestrin repertuarı onun hey'ətində yetişən bəstəkarların əsərlərilə daha da zənginləşdi.

Respublikanın əməkdar kollektivi kimi fəxri ad daşıyan bu orkestr vaxtilə vətənimizin paytaxtı Moskvada və qardaş respublikalarda keçirilən ongünlüklərdə və radio festivallarında yüksək ifaçılıq məharəti nümayiş etdirmişdir.

1959-cu il mayın 22-də Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə orkestrin Moskva ictimaiyyəti tərəfindən hərarətlə qarşılanan çıxışları dediklərimə canlı misaldır. O vaxt mən ongünlüyün gedişini radio verilişlərində və mətbuatda dərc olunan xəbərlərdə diqqətlə izləyirdim.

Mayın 22-də Kreml Teatrında, 24-də isə Maksim Qorki adına parkın estrada meydançasında orkestrin verdiyi konsertlər radio ilə də translyasiya olunmuşdur. Konsertin başlanğıcında Üzeyir Hacıbəyovun «Birinci fantaziya» orkestr əsəri çalınmışdır. Konsertin proqramına muğamat, xalq mahnıları, Azərbaycan və rus bəstəkarlarının əmək, sülh və dostluq mahnıları daxil edilmişdi.

Orkestrin müşayiəti ilə Bülbül, Rəşid Behbudov, Xan Şuşinski, Şövkət Ələkbərova və Rübabə Muradovanın oxuduqları mahnılar tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanırdı. Bu konsertdə Rauf Atakişiyevin orkestrlə birlikdə ifa etdiyi «Moskva axşamları» mahnısı moskvalıları valeh etmişdi.

Orkestr təşkil olunduğu illərdən bəri onun sıralarında çoxlu iste'dadlı ifaçılar yetişmişdir. Bu əməkdar kollektivin hər nailiyyəti orkestrin banisi Üzeyir Hacıbəyovun adı ilə sıx bağlıdır. Böyük bəstəkarın bu yadigarını da göz bəbəyi kimi qoruyub saxlamaq lazımdır.

1975


 
   © Musigi Dunyasi, 2005