Mən
1947-ci il sentyabr ayının 18-ni heç vaxt unutmayacağam.
Həmin gün Üzeyir Hacıbəyovun anadan
olmasının 60 illik yubileyində mən onun
«Sənsiz» qəzəlini oxudum. Üzeyir Hacıbəyovun
əsərlərini ifa etmək mənim üçün
böyük hadisə idi. Buna görə də
qəzəlin yaxşı səslənməsi
üçün bütün bacarığımı
sərf etdim. Mənə xəbər verdilər
ki, oxumağım, Üzeyirbəyin çox xoşuna
gəlmişdir. Bu sözləri eşidəndə
sevincim yerə-göyə sığmırdı.
Həmin hadisədən üç gün sonra
Üzeyir Hacıbəyov məni yanına çağırtdırdı.
«Zəhra xanım,— dedi,—səsiniz və ifaçılıq
bacarığınız mənim xoşuma gəldi.
Bu melodiyaya baxın, görün necə səslənir».
O, fortepianoda gözəl bir musiqi parçası
çaldı. Bu, Firuzənin gələcək
ariyasının melodiyası idi.
Üzeyirbəy
opera haqqında mənə ətraflı danışdıqdan
sonra Firuzənin musiqi partiyasını hazırlamağı
təklif etdi. Mən həvəslə işləyirdim.
Bir qədər sonra ariyanı açıq konsertdə
oxudum. Yadımdadır, ariya böyük müvəffəqiyyət
qazandı.
Üzeyir
Hacıbəyov olduqca həssas bir insan idi. O,
həmişə müğənnilərin qayğısına
qalar, musiqi cümlələrinin dürüst
oxunub-oxunmadığını soruşar, lazım
gəldikdə onları bir qədər asanlaşdırardı.
1948-ci
il noyabrın 10-da mən Üzeyirbəyin yanına
getdim. O vaxt heç ağlıma gəlməzdi
ki, bu bizim son görüşümüz olacaqdır.
Çünki onun halı yaxşı idi, ağır
xəstə olduğuna baxmayaraq, gülüb-danışır,
zarafat edirdi, deyirdi ki, tezliklə ayağa qalxıb
«Firuzə»ni başa vuracaqdır. Lakin amansız
ölüm buna mane oldu. Opera yarımçıq
qaldı. Firuzənin ariyası isə gözəl
və tə'sirli bir melodiya kimi mənim repertuarıma
zinət verir, həmişə qəlbimdə
səslənir.
1958
Qubad Qasımov
Yeni üslub axtarışları
Üzeyir
Hacıbəyov özünün çoxcəhətli
yaradıcılığı, elmi və musiqi-publisistik
fəaliyyəti dövründə çətinliklərlə
də qarşılaşmışdır. Adətən
sakit, təmkinli Üzeyir məhzun dəqiqələrdə
soyuqqanlılığını itirər, fikrə
dalar və narahat olardı. Bu zaman Hacıbəyovların
bütün ailəsi köməyə çatardı.
Çox həssas, xeyirxah olan bu ailənin hər
bir üzvü hər vasitə ilə çalışardı
ki, onu sakit etsin, xoş sözlə, maraqlı
söhbətlə fikrini dağıtsın.
Yaddaşımda
əbədi iz salmış iyirminci illəri,
xüsusən 1924, 1926, 1928-ci illərin hadisələrini
xatırlarkən respublikamızın musiqi həyatını,
publisistik çıxışlar, diskussiyalar və
mübahisələrlə, bə'zən də
çox kəskin tənqidlərlə səciyyələnən
günləri qələmə almaq istəyirəm.
Bütün bunların mərkəzində ilk
növbədə milli operamızın inkişafı
məsələləri dururdu. Qızğın
mübahisələrdə ən mütərəqqi
fikirlər və ən kobud nihilist təkliflər
bir-birinə qovuşurdu. Üzeyir Hacıbəyovu
«Türk operasını ərəb əlifbası
və çadra ilə birlikdə arxivə vermək»
şüarı yox, onun əleyhdarlarının
«Azərbaycan teatr və musiqisi tarixinin mühüm
səhifələrini silmək» cəhdi narahat
edirdi. O, incəsənətdə milli forma uğrunda
mübarizə edir, bəstəkar yaradıcılığı
üçün zəngin məqam quruluşuna
böyük əhəmiyyət verirdi.
Qızğın
mübahisələrin ən mühüm, bəlkə
də həlledici yekunu Azərbaycan musiqisinin
durğunluğuna son qoymaq, onu xalq qaynaqlarından
ayırmayıb, tarixi yüksəliş yollarına
çıxarmaq zərurətini irəli atdı.
Dahi
bəstəkarın yaradıcılıq axtarışları
dövrü xüsusilə maraqlıdır, çünki
bu axtarışlar çox zaman rəsmiyyət
xarakterindən çıxıb, «ev» söhbətləri,
fikir mübadiləsi şəklini alır, yeni
ideyaların doğmasına səbəb olurdu.
Misal üçün, otuzuncu illərdə «Leyli
və Məcnun» operasının yeni redaksiyasını
yaratmaq söhbəti var idi. Yeni redaksiya üçün
muğam improvizələrindən imtina, rus və
Qərbi Avropa bəstəkarlarının təcrübəsindən
istifadə etmək məsləhət görülürdü.
Bəstəkar bir müddət bu təklif üzərində
ciddi fikrə getdi: o, bığlarını oynada-oynada
arabir bizə tanış olmayan melodiyaları
zümzümə edir, yaxud da fortepiano arxasına
əyləşərək çalır, harmoniya
axtarırdı.
Tezliklə
vəziyyət bir qədər aydınlaşdı:
«Leyli və Məcnun»un yeni redaksiyası üçün
ilk addım atıldı: bu, Əbül-Qeysin
(Məcnunun atasının) ariyası oldu. «Çahargah»
üstündə qurulmuş bu ariya görkəmli
müğənni Bülbülün ifasında
böyük tə'sir bağışladı.
İllər boyu Azərbaycan xalq musiqisinin lad
əsaslarını öyrənən bəstəkar
muğamın melodik inkişafı prinsipinə
yeni həyat verdi. Bu prinsip bəstəkara yeni
harmonik və polifonik formalar tapmaq üçün
geniş imkanlar açdı. Bunun sayəsində
o, böyük Füzuli poeziyasının dəqiq
ritminə həmahəng olan səmimi və zəngin
melodiyanın gözəl, bədii səslənməsinə
nail oldu.
Ey
bülbüli-busitani-bidad!
Hali dilini mənə bəyan et,
Əsrari-nəhanini əyan et.
Kim aldı əlindən ixtiyarın?
Kim eylədi tirə ruzigarın?
Nə seyrdəsən, sənə tələb
nə?
Bu naleyi-zarinə səbəb nə?..
Bu ariyada bəstəkar melodiya və Füzuli
əruzunun dürüst ölçüsünə,
onların vəhdətinə ustalıqla nail
olmuşdur. Bu, uğurlu yaradıcılıq,
yeni bir eksperiment idi.
Otuzuncu
illərin əvvəllərində Üzeyirin
«Leyli və Məcnun»u yeni redaksiyada «yaratmaq həvəsi
söndü». «Aşıqsayağı», «Çahargah»,
«Şur» mövzularında fantaziyalar, «Komsomolçu
qız» və s. əsərlər yaradan bəstəkar,
artıq «Koroğlu» operası istiqamətində
iri addımlarla irəliləyirdi. Məhz bu illərdə
bəstəkar qət etdi ki, «Leyli və Məcnun»
milli opera sənətimizin ilkidir. Onun tarixi əhəmiyyəti
də bundadır, odur ki, onu ilkin yarandığı
şəkildə də saxlamaq lazımdır.
Azərbaycan musiqisinin sür'ətlə yüksəlişi
isə yeni yaradıcılıq üslubu ilə
yazılmış yeni əsərdə —«Koroğlu»
operasında özünü nümayiş etdirdi.
1975
Sadıq Vəkilov
Xatirə
Üzeyir
Hacıbəyovun adını mən hələ
kiçik yaşlarımdan eşitmişdim. Üzeyir
haqqında mənə əmim oğlu Vəkil
Vəkilov danışmışdı.
Mən
də Qori seminariyasında oxuyurdum. O zaman bayram
günlərində müəllimlər və
seminariya şagirdləri Zaqafqaziyanın müxtəlif
yerlərindən gəlmiş təbrik teleqramlarını
sevinclə oxuyardılar, bu teleqramlar arasında
seminariyanın yetişdirməsi olan, geniş
şöhrət qazanmış bəstəkar,
ədəbiyyatçı və xalq maarifi xadimi
Üzeyir Hacıbəyovun da təbriki olardı.
1914-cü
ildə Üzeyir özü Qoriyə gəldi.
Onun bizimlə, seminariya şagirdləri ilə
necə görüşdüyü yaxşı
xatırımdadır. O, incəsənətin
xalq üçün əhəmiyyətindən,
xalqın estetik zövqünün tərbiyəsində
xalq müəlliminin oynadığı böyük
roldan ilhamla danışırdı. Hacıbəyov
öz yaradıcılıq planlarından da danışdı.
Biz isə onun şərəfinə konsert verdik:
çoxumuz seminariyada skripka çalmağı öyrənmişdik,
məktəbdə şagirdlərdən təşkil
olunmuş nəfəsli alətlər orkestrimiz
də vardı. Orkestrə ikinci musiqi müəllimi
S. F. Fidelman rəhbərlik edirdi. Birinci musiqi
müəllimimiz isə Bekker idi. Qori müəllimlər
seminariyasının yetişdirməsi olan Müslüm
Maqomayev vaxtilə bu müəllimə göndərdiyi
məktubda belə yazırdı: «Tale məni
uzaq bir aula atmışdır, yeganə sevincim
və təsəllim, Sizin mənə verdiyiniz
bu taxta parçasıdır,..» Bekker öz sevimli
şagirdinə skripka bağışlamışdı.
Bunu seminariyada tez-tez xatırlayırdılar.
Sitat gətirdiyim məktub isə indiyədək
keçmiş seminariyanım arxivində qorunub
saxlanılır.
Böyük
bəstəkar Üzeyir Hacıbəyov öz
doğma məktəbinin musiqi həyatını
daim izləyirdi. O, şagirdlərin qüvvəsilə
göstərilən «Arşın mal alan» musiqili
komediyasının tamaşası haqqında xoş
rə'y söylədi. Bu, yarım əsr bundan
əvvəl olsa da, bizim seminariyanın həyatındakı
həmin hadisənin xatirəsi Hacıbəyovun
gözəl musiqisi kimi həmişə təzədir.
1965