Xatirələrimə
başlıq seçdiyim «Oxu tar» kəlməsinin
mühüm tarixi əhəmiyyəti var. Bir
zamanlar özlərini «yenilikçi» adlandıran
bə'zi bədxahlar bir çox yığıncaqlarda
və mətbuat səhifələrində çıxış
edərək, klassik muğamlarımızı
və milli çalğı alətlərimizdən
tar və kamançanı guya keçmişin lüzumsuz
qalıqları və «köhnəlik rəmzi»
kimi qələmə verir, onları ləğv
etməyə cəhd göstərirdilər.
Lakin
respublikamızın ictimaiyyəti, xüsusən
qabaqcıl musiqi xadimlərimiz xalqın qiymətli
musiqi sərvətinə xor baxanları kəskin
tənqid atəşinə tutdu. Sevimli şairimiz
Mikayıl Müşfiq də «Oxu tar» şe'rini
məhz belə bir vaxtda yazmışdır.
Azərbaycanın
görkəmli bəstəkarları Üzeyir
Hacıbəyov və Müslüm Maqomayev hələ
30-cu illərdə xalq musiqisinin inkişafı
üçün səmərəli fəaliyyət
göstərmişlər. Radioda ilk notlu xalq çalğı
alətləri orkestrinin yaranması işində
Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin
təşkilatçılıq və yaradıcılıq
işlərindən yadımda qalan bə'zi xatirələrimi
nəql etmək istəyirəm.
1931-ci
ildə radioda böyük və kiçik hey'ətli
simfonik orkestr, bir neçə ansambl və triolar,
eləcə də rus və Qərbi Avropa bəstəkarlarının
mahnılarını ifa edən ayrı-ayrı
vokal qrupları vardı.
Radionun
bədii rəhbəri Müslüm Maqomayev bu
musiqi kollektivlərindən əlavə notlu xalq
çalğı alətləri orkestri yaratmaq
təklifini də irəli sürdü. O, bu barədə
yaxın sənət dostları, o cümlədən
bəstəkar Üzeyir Hacıbəyovla məsləhətləşdi.
Gözəl təklif idi. Radioda belə bir kollektivin
təşkil olunması nəticəsində
musiqi məktəblərini bitirən gənc
kadrların aldıqları ixtisas üzrə
işləməyə əlverişli şərait
yaranacaqdı. Belə bir təklifi tezliklə
həyata keçirmək lazımdı. Bu söhbət
1931-ci ilin oktyabr ayında olmuşdu. Elə həmin
aydan da orkestrin təşkili işi Üzeyir
Hacıbəyova həvalə edildi.
O
zaman konservatoriyada not üzrə tar dərsləri
müəllimi olan Səid Rüstəmov əvvəlcə
orkestrə konsertmeyster qəbul olundu, 1932-ci il
yanvarın 1-dən isə Ü. Hacıbəyovun
təklifilə dirijor müavini vəzifəsini
ifa etməyə başladı. Orkestrin ilk hey'əti
24 nəfərdən ibarət idi...İlk vaxtlarda
bunların içərisində not bilməyənlər
də vardı. Orkestrin ilk solistlərindən
Qılman Salahov, Əmir Məmmədbəyli,
Bəhram Mansurov, Xosrov Məlikov, Ağası
Məşədibəyov, Əlağa Quliyev,
Hökümə Nəcəfova, Qönçə
İsmayılova, Tərlan Əliyeva, Hafiz Mirzəliyev,
Karo Çarçoqlyan, Aşot Ayrapetov və dəfçi
Xalıq Babayevin adlarını yaxşı xatırlayıram.
Notlu orkestrin ilk pianoçusu Gülnar Axundova idi.
Notlu
xalq çalğı alətləri orkestrinin radioda
ilk konserti 1932-ci il yanvarın 5-də Üzeyir
Hacıbəyovun «Kolxoz çöllərində»
əsərilə başladı. Bu konsertdə
Bikə Səmədzadə bəstəkarın
«Zavod səni gözləyir» mahnısını
oxudu. Sonra Yavər Kələntərli Səid
Rüstəmovun orkestr üçün işlədiyi
«Yadıma düşdü» xalq mahnısını
böyük məharətlə ifa etdi. Həmin
konsertdə Aleksandr Spendiarovun «Qaytarma» və «Hicaz»
musiqi lövhələri, Şubertin «Hərbi
marş»ı çalındı. Konsertdən sonra
Müslüm Maqomayev, Məmməd Səid Ordubadi,
bəstəkar Xeyfets, vokal qrupunun o zamankı
rəhbəri Əşrəf Həsənov,
xormeyster Tiqran Nalbandyan və redaksiya işçiləri
studiyaya gələrək, orkestrin bədii rəhbəri
və baş dirijoru Üzeyirbəyi və konsertin
bütün iştirakçılarını təbrik
etdilər. Sevincdən Üzeyirbəyin gözləri
yaşarmışdı.
İlk
illərdə orkestrin repertuarında Üzeyir
Hacıbəyov, Müslüm Maqomayev, Aleksandr
Spendiarov, Həsən Revatov və Səid Rüstəmovun
əsərlərilə yanaşı klassik rus
və Qərbi Avropa bəstəkarlarının
populyar melodiyaları da əsas yer tutardı.
Radio konsertlərində Çaykovski, Şubert,
Bize, Qriq və Motsartın melodiyalarının
notlu orkestrin ifasında əzəmətlə
səslənməsi vaxtilə milli musiqi alətlərimizi
müasir mədəniyyətə yabançı
sayanlara kəsərli cavab idi. Adlarını
çəkdiyim bəstəkarların əsərlərini
notlu orkestr üçün işləyib hazırlayan
bəstəkar Xeyfetsin xeyirxah xidmətini xüsusilə
qeyd etmək lazımdır. Mən bu orkestrin
konsertlərini aparmaqdan xoşlandığım
üçün çox vaxt diktor yoldaşlarım
öz növbələrini mənə güzəşt
edərdilər.
Yeni
repertuarla çıxışından sonra orkestrin
dinləyicilər arasında şöhrəti
artmağa başladı.
Üzeyir
Hacıbəyov yeni kollektivlə birlikdə Bayıl,
Sabunçu, Suraxanı və Zabratdakı mədəniyyət
saraylarında, «Rote-Fane» parkında, Mərdəkandakı
istirahət evlərində, Əzizbəyov adına
klubda verilən açıq konsertlərin çoxunda
iştirak edərdi. Bu konsertlərin əksəriyyəti
radio ilə translyasiya olunardı. Konsert salonları
və estrada meydançaları tamaşaçılarla
dolu olardı. Bunu da qeyd edim ki, biz bir dəfə
parkda tamaşaçılar olmadan da konsert vermişik.
Bu barədə sizə məzəli bir əhvalat
danışım.
1933-cü
ilin sentyabrında «Rote-Fane» parkına açıq
konsert verməyə getmişdik. Konsertdə Yavər
xanım və Münəvvər Kələntərli,
Əlövsət Sadıqov da iştirak edirdi.
Dirijor Səid Rüstəmov idi. Konsert radio ilə
translyasiya olunacaqdı. Hava bərk soyuq və
küləkli olduğuna görə estrada meydançasında
6—7 nəfər tamaşaçı oturmuşdu.
Bir azdan güclü yağış yağmağa
başladı, onlar da yağışdan qaçıb
getdilər. Translyasiyanın pozulmaması xatirinə
Səid Rüstəmov konsertin başlanması
üçün sərəncam verdi. Orkestrin çıxış
edəcəyi estrada səhnəsi örtülü
olduğuna görə oranı yağış
tutmurdu. Mən səhnəyə qalxıb mikrofon
qarşısında konsertin ilk nömrəsini
e'lan etdiyim zaman alqış səslərindən
diksindim. Çevrilib gördüm ki, əl çalanlar
orkestrin üzvləri və muğənnilərdir.
Ertəsi günü studiyada məşq zamanı
Üzeyirbəy Səid Rüstəmova dedi: