Üzeyir
Hacıbəyovun adını ilk dəfə mən
1925— 1926-cı illərdə eşitmişəm.
O zaman 11 —12 yaşım olardı; Nuxa (indiki Şəki)
nümunə-təcrübə məktəbində
oxuyurdum. Bu, bir növ internat tipli məktəb
idi.
Böyük
musiqiçi, bəstəkar Üzeyir Hacıbəyov
haqqında mənə müəllimim İbad
Rəhmətullayev danışmışdı.
İbad müəllim Üzeyir Hacıbəyovun
Bakıda yenicə təşkil etdiyi musiqi məktəbində
tar sinfində oxumuşdu. O zaman mənim musiqiyə
böyük həvəsim var idi. Üzeyir Hacıbəyovu
görmək arzusu ilə yaşayırdım;
onun obrazı daim xəyalımda əzəmətlə
ucalırdı, onun şagirdi olmağı ürəkdən
istəyirdim.
Tezliklə
bu arzuma çatdım.
1930-cu
ildə Azərbaycan Dövlət Konservatoriyası
hazırlıq şö'bəsinin (fəhlə
fakültəsinin) tələbəsi oldum. Konservatoriyaya
daxil olarkən məni Üzeyir Hacıbəyov
özü imtahan elədi (qəbul komissiyasının
sədri idi). Həmin gün böyük musiqiçi
ilə şəxsi tanışlıqdan nə
dərəcədə sevindiyimi izhar edə bilmirəm.
Yaşımın
çox olmasına baxmayaraq (16 yaş musiqi ilə
məşğul olmağa başlamaq üçün,
təbii ki, çox idi), Üzeyir Hacıbəyov
xahişimi nəzərə alaraq, məni skripka
sinfinə qəbul etdi.
Bir
qədər sonra Üzeyir Hacıbəyova mə'lum
oldu ki, mən tar da çala bilirəm. Məni
dinlədikdən sonra (dinləyişdə Qurban
Pirimov, Mansur Mansurov, doktor İonesyan da iştirak
edirdilər) mənə məsləhət gördü
ki, tar sinfindəki məşğələlərə
də gedim. Tar çalmağım Üzeyir Hacıbəyovun
elə xoşuna gəlmişdi ki, məni hətta
respublikanın rayonlarına gedən konsert briqadalarının
tərkibinə də daxil etdi.
Sonralar,
tarix-nəzəriyyə fakültəsində
oxuyarkən Üzeyir Hcıbəyovdan Azərbaycan
xalq musiqisinin əsaslarını öyrəndim.
Hacıbəyov həmişə sə'y edirdi
ki, onun məşğələləri yaradıcılıq
xarakteri daşısın. Bu məqsədlə
Azərbaycan xalq musiqisinin qanunlarını və
üslub xüsusiyyətlərini daha yaxşı
mənimsəməkdən ötrü tələbələri
məcbur edirdi ki, Azərbaycan məqamları
üstündə ciddi üslubda müxtəlif
melodiyalar bəstələsinlər.
Konservatoriyanı
bitirən zaman mənə «Koroğlu» operasına
həsr olunmuş diplom işi yazmaq şərəfi
nəsib oldu. Üzeyir Hacıbəyov vaxtının
az olmasına baxmayaraq, işimi yazmaq üçün
həmişə mənə lazımi məsləhətlər
verirdi.
1946-cı
ildə, Böyük Vətən müharibəsi
qələbəmizlə başa çatdıqdan
sonra Üzeyir Hacıbəyovun təşəbbüsü
ilə (o, Mərkəzi Ordu Qərargahının
komandiri, Sovet İttifaqı marşalı İ.
S. Konevə məktub göndərmişdi) mən
ordudan tərxis olundum və vətənə
qayıtdım.
Üzeyir
Hacıbəyov atalıq qayğısı göstərərək,
məni Azərbaycan SSR Elmlər Akademiyasında
özü rəhbərlik etdiyi incəsənət
institutuna işə qəbul etdi. Onun rəhbərliyi
ilə işləyən, hələ o zaman gənc
olan biz şagirdləri bütün qüvvəmiz
və səyimizlə Azərbaycan xalq musiqisi,
onun tarixini və nəzəriyyəsini dərindən
öyrənib tədqiq edirdik.
İndi
qeyd etməyi lazım bilirəm ki, dahi bəstəkarın
elmi-tədqiqat əsəri olan «Azərbaycan xalq
musiqisinin əsasları» əsərini Azərbaycan
dilinə tərcümə etmək şərəfi
mənə nəsib olmuşdur. Bu kitab Azərbaycan
xalq musiqisinin xüsusiyyətlərini öyrənmək
üçün son dərəcə qiymətli
bir əsərdir.
Azərbaycan
xalq musiqi sahəsində Üzeyir Hacıbəyovun
elmi-tədqiqat ən'ənələrini davam
və inkişaf etdirmək ona çox-çox borclu
olan hər bir kəsin işidir.
1975
Ədilə Hüseynzadə
Qayğıkeş ata
Tarixdə
yaranan nadir şəxsiyyətlər arasında
Üzeyir Hacıbəyov da xüsusi yer tutur.
O bir ata kimi saysız-hesabsız Azərbaycan balalarının
əlindən tutub, onlara musiqi savadı verib,
xalqımızın tükənməz musiqi xəzinəsinin
incilərindən istifadə etməyi öyrədib.
Mən özümü çox xoşbəxt sayıram
ki, belə bir müəllimin tələbəsi,
«Azərbaycan xalq musiqisinin əsasları» fənnini
Üzeyirbəyin sinfində ilk dəfə dinləyənlər
sırasında olmuşam. Həftədə iki
dəfə Üzeyirbəy bu fənni mühazirə
şəklində qrupda oxuyar, aydınlaşdırardı.
Min illərlə ömrü olan bu muğamların
Üzeyirbəy tərəfindən, 20 illik axtarışı,
zəhməti nəticəsində aşkara çıxarılmış
bu qanunauyğunluğu bizi valeh edərdi. Üzeyirbəy
tələbələrin muğamları daha dərindən
mənimsəməsi üçün xalqımızın
məşhur tarzəni Mirzə Mənsuru konservatoriyaya
də'vət etdi. Mirzə Mənsur muğamları
tarda çaldıqca, biz tələsik notlara köçürür,
həm də royalda çalmağı öyrənirdik.
Beləliklə, bir muğamın nəzəriyyəsini
çalmağını öyrənəndən
sonra Üzeyirbəy tək-tək tələbələrlə
bəstəkarlıq dərsləri keçirdi.
Bu dərslər çox maraqlı olurdu. Öyrəndiyimiz
muğam üzərində əsərlər
bəstələməli idik. Əvvəllər
kiçik fortepiano pyesləri, sonralar isə sonatina,
sonata, vokal əsərləri bəstələdik.
Yadımdadır, Üzeyirbəy dərslərin
birində mənə Nigar Rəfibəylinin sual-cavab
şəklində yazılmış bir şerini
verdi və tapşırdı ki, suallar bir muğamda
bəstələnməli, cavablar isə başqa-başqa
muğamlara modulyasiya edilməlidir. Dedi ki, birinci
bəndin sual və cavabını Segahda, ikinci
bəndin cavabını Bayatı-Şırazda,
üçüncü bəndin cavabını
isə Rast muğamında bəstələyim.
Mən çox çalışdım və əsəri
qurtarıb Üzeyirbəyə göstərdim.
Üzeyirbəy elə mənim yanımdaca Bülbülə
zəng vurub, bu əsəri — «Vətən haqqında
nəğmə»ni oxumasını xahiş etdi,
beləliklə, əsər çox konsertlərdə,
ongünlükdə səsləndi.
Azərbaycan
muğamları əsasında musiqi bəstələməyi
ustad böyük məharətlə öz tələbələrinə
aşılamışdır, elə buna görə
də ondan dərs alan bəstəkarlar xalqımızın
milli musiqisindən bacarıqla istifadə edirlər.
Qayğıkeş
ata Üzeyirbəyə biz tələbələr
«Üzeyir əmi» deyə müraciət edərdik.
Üzeyir əmi böyük insanlara xas olan sadəliyi,
nəvazişkarlığı, bə'zən
hətta sərt rəftarı, fəqət prinsipiallığı
ilə gözlərim önündə durur.
1975