Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

33
Xalıq Cəfərov
Yarım əsr bundan əvvəl

Bə'zən həyatda elə hadisələr olur ki, adam onu heç vaxt yaddan çıxara bilmir.

İndi sizə danışacağım əhvalat yarım əsr bundan əvvəl baş vermişdir, amma mənə elə gəlir ki, bu lap dünən olmuşdur. On yeddi-on səkkiz yaşlarında idim. Teatra, ədəbiyyata xüsusi həvəsim vardı, hətta Nəcəfbəy Vəzirovun «Yağışdan çıxdıq, yağmura düşdük» və Əbdürrəhimbəy Haqverdiyevin «Dağılan tifaq» əsərlərində qadın rollarında çıxış etmişəm. Bunları deməkdən məqsədim odur ki, mənim böyük sənət aşiqi Üzeyir Hacıbəyovla necə tanış olmağımı biləsiniz. N. Vəzirov və Ə. Haqverdiyev kimi tərəqqipərvər və dövrün qabaqcıl adamları ilə tanışlığım məni Üzeyir Hacıbəyovla yaxınlaşdırdı, «Leyli və Məcnun» operasının yaranması tarixinin şahidi etdi. O zaman Üzeyir Hacıbəyov Bakıda «İslamiyyə» mehmanxanasında yaşayırdı. Əlbəttə, operanın məşqini orada, Üzeyirin yaşadığı kiçik otaqda aparmaq olmazdı. Odur ki, həvəskar artist İmran Qasımovun geniş mənzili bu işdə dadımıza çatdı. İmran Qasımovun böyük zalı var idi. Həftədə iki-üç dəfə orada məşq keçirirdik. Məşq zamanı Üzeyir Hacıbəyov, Əhməd Ağdamski, Mirmahmud Kazımovski, Mehdibəy Hacinski, Mirzə Muxtar Məmmədov və başqaları orada olardı.

Əbdürrəhimbəy Haqverdiyev də gələrdi. Bir dəfə Üzeyir Hacıbəyov xor təşkil etdi. Xor üçün adam tapmağı Üzeyirbəy mənə tapşırdı. Onun bütün tapşırıqlarını mən canla-başla yerinə yetirərdim.

Mən də, başqaları kimi, ilk operanın tamaşaya qoyulması gününü səbirsizliklə gözləyirdim. Nəhayət bu unudulmaz gün gəlib çatdı. 1908-ci il yanvarın 25-də «Leyli və Məcnun» operası tamaşaya qoyuldu. O günü təsvir etməkdə acizəm. İndiki dram teatrının salonu adamla dolu idi.

İlk operaya baxmaq üçün təkcə Bakı və onun kəndlərindən deyil, hətta Şuşadan, Ağdamdan, Bərdədən, Gəncədən, Şamaxıdan, Lənkərandan da o qədər adam gəlmişdi ki, çoxu küçədə qalmışdı. «Şəbi-hicran» xoru oxunan kimi alqış səsləri uzun müddət davam etdi.

O gündən Üzeyir Hacıbəyovun adı məşhur oldu. O, küçədə gedəndə də hamı ayaq saxlayıb deyirdi:

— «Leyli və Məcnun»u yazan bu oğlandır.

Çox təəssüf ki, Üzeyir Hacıbəyovla uzun müddət dostluq edə bilmədim, çünki bir neçə ildən sonra təhsil almaq üçün Peterburqa yola düşdüm. 1915-ci ildə Peterburq gimnaziyasını bitirib, Saratov universitetinin tibb fakültəsinə daxil oldum. 1919-cu ildə universiteti bitirdim. Lakin bu müddət içərisində Üzeyir Hacıbəyovla həmişə sıx əlaqə saxlayır, onun yaradıcılığı ilə maraqlanırdım. Hər yeni əsərinin tamaşaya qoyulması xəbərini eşidəndə uşaq kimi sevinirdim. Bakıya gələndə «Əsli və Kərəm», «Arşın mal alan», «O olmasın, bu olsun» və başqa əsərlərə dəfələrlə tamaşa etmişdim.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan on il sonra tibb elmləri doktoru alimlik dərəcəsi aldım. Bu münasibətlə Üzeyir Hacıbəyov məni təbrik edərək dedi:

— Hayıf ki, sənətimiz ayrı düşdü.

Mən isə cavabında dedim:

— Üzeyirbəy, heç fərqi yoxdur, beynim tibb aləmində olsa da, ürəyim musiqinin yanındadır.

O güldü. Sonralar tez-tez yığıncaqlarda, teatrda görüşər, söhbət edər, ilk tamaşamızdan söz açardıq.

1946-cı il idi. Mənə dedilər ki, Üzeyir Hacıbəyovun əllərinə sada xəstəliyi düşüb. Tarzən Mirzə Mənsur Mənsurovla onlara getdim. Biz içəri girəndə o, pianonun arxasında oturub nəsə çalırdı. Barmaqları tənziflə sarıqlı idi. Qələmi əlində çətinliklə tutmasına baxmayaraq, not vərəqlərinə çoxlu işarələr etmişdi. Biz içəri girəndə o, ayağa qalxdı.

— Professor, xoş gəlmisiniz,—dedi.

— Ömrümdə ilk dəfə sizdən inciyirəm,—dedim.— Mənə professor deməyin. Mən sizin artistləri çağırmağa göndərdiyiniz Xalıqam.

Gülüşdük.

Üzeyirbəy məni qucaqladı.

Əyləşib xeyli söhbət etdik, O, «Firuzə» adlı yeni opera üzərində işlədiyindən danışdı. Həmin gündən sonra bir neçə həftə onlara gedib-gəldim. Əlləri hələ sağalmadığı üçün ona bir neçə gün piano arxasında oturmamağı tapşırdım.

O, gülüb dedi:

— Yox, Xalıq, mənə qaşıq tutmamağı tapşır, amma onu tapşırma, əməl edə bilməyəcəyəm. Mən bir gün barmaqlarımı pianonun dillərinə toxundurmasam, rahat yata bilmərəm.

Üzeyir Hacıbəyov belə sənətkar idi. Onun ən böyük arzusu yazıb-yaratmaq, xalq üçün qiymətli yadigar qoyub getmək idi. Bu böyük sənətkarın nəcib işini gənc bəstəkarlarımız gərək onun kimi davam etdirsinlər, xalq musiqisinin zəngin xəzinəsini gərək onun kimi sevsinlər. Bu, Üzeyir Hacıbəyova ən böyük və əziz xatirə olar.

1958


 
   © Musigi Dunyasi, 2005