Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

32
Ağabacı Rzayeva
Parlaq zəka

Mənə müharibə illərində Ü. Hacıbəyovun sinfində oxumaq nəsib olmuşdur. Onun öz təhsil üsulu vardı: bizə, musiqi məktəbi və konservatoriyanın tələbələrinə həyatı dinləməyi, duymağı öyrədirdi. Hər gün bizi bir növ imtahana çəkirdi. Sovet mə'lumat bürosunun xəbərlərindan nə öyrənmişik, qəzetlərdə nə oxumuşuq? Biz də bir-birimizin sözünü kəsə-kəsə nəql edərdik.

«Hə, indi düşmən üzərinə hücuma keçən döyüşçülərin marşını yazın», — deyə Üzeyirbəy təklif edirdi. Biz də ixtisas fənni, harmoniya, polifoniya üzrə öyrəndiyimiz bütün biliklərə isnad edərək, həvəslə marş bəstələməyə başlardıq. Sonra bu əsərləri sinifdə ətraflı müzakirə edərdik. Müəllimimiz özünə xas olan təmkinlə bu müzakirəni elə aparardı ki, nöqsanlardan belə danışarkən heç kəs inciməzdi.

Ü. Hacıbəyovun çox qiymətli bir xüsusiyyətini də qeyd etmək istərdim. O, bizim nəinki yaradıcılıq inkişafımıza nəzər yetirir, həmçinin həyatımızla, səhhətimizlə də maraqlanırdı. Sinfə girəndə hamını nəzərdən keçirir (axı müharibə vaxtı idi!), bir narahatlıq hiss edən kimi hökmən soruşurdu:

— Bura bax, nə isə gözümə yaxşı görünmürsən, dərsdən sonra bir yanıma gəl...

Müəllimimiz, dostumuz, gözəl insan çoxdandır ki, yoxdur. Ancaq onun xatirəsi qəlbimizdə daim yaşayır.

1965


Ələkbər Hüseynzadə
600 dəfədən çox

1913-cü ilin bir yay günü idi. Üzeyir Hacıbəyovun Peterburqdan göndərdiyi məktubu Müslüm Maqomayev bizə oxudu. O, məktubda xahiş edirdi ki, təzə yazdığı «Arşın mal alan» musiqili komediyasını tamaşaya qoyaq. Üzeyir məktubla bərabər «Arşın mal alan» əsərini də göndərmişdi. O vaxt Azərbaycan milli opera truppası indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında yerləşirdi.

Aktyorlarımız az idi. Maddi cəhətdən də çətinlik çəkirdik. Buna baxmayaraq biz həvəslə işə girişdik. Dirijorumuz Müslüm Maqomayev idi. Rejissorluğu da Hüseyn Ərəblinski edirdi. Müğənnilərdən Sarabski, Terequlov, Məmmədov əsərdə baş rolları hazırlayırdılar. Mənə də Soltan bəy rolu tapşırılmışdı. Özünüz bilirsiniz ki, o vaxt qadın rollarını ifa edən aktrisalar olmadığı üçün biz böyük çətinlik qarşısında qalırdıq. Çünki azərbaycanlı qadınlara nəinki səhnəyə çıxmaq, hətta teatr tamaşalarına gəlmək də qadağan edilmişdi. Buna görə də qadın rollarını ifa etmək üçün Azərbaycan truppasına rus aktrisaları Yeva və Aleksandra Olenskaya bacıları də'vət edilmişdilər. Bir qədər sonra Azərbaycan teatr incəsənəti tarixində ilk dəfə Gülsabah xanım truppamızda çıxış etməyə başladı. O, əvvəllər dram teatrında işləyirdi.

Bizim daimi binamız olmadığı üçün «Arşın mal alan» operettasının məşğələlərini qiraətxanalarda, məktəblərdə, Hüseyn Ərəblinskinin və Sidqi Ruhullanın mənzillərində keçirirdik. Biz əsəri öyrəndikcə daha da həvəslənirdik. Komediyanın musiqisi və mətni bizi ruhlandırırdı.

Nəhayət, «Kaspi» qəzetində bir e'lan çıxdı:

«Cümə günü, 1913-cü il oktyabr ayının 25-də Tağıyevin teatrında Üzeyir Hacıbəyovun «Arşın mal alan» adlı orijinal operettası tamaşaya qoyulacaqdır».

Afişada Müslüm Maqomayevin, Sarabskinin, Terequlovun, Ağdamskinin adları ilə yanaşı mənim də adım yazılmışdı.

Tamaşanın necə müvəffəqayyət qazandığını təsvir etmək mümkün deyil. Elə ilk tamaşadan başlayaraq xalq Üzeyir Hacıbəyovun yeni əsərini ürəkdən sevdi. Tamaşa salonu həmişə dolu olurdu. Tezliklə «Arşın mal alan» erməni və rus dillərinə, sonra da başqa dillərə tərcümə edildi. «Arşın mal alan» komediyası elə şöhrət qazanmışdı ki, nəinki böyük şəhərlərdə, hətta Azərbaycanın kəndlərində də tamaşaya qoyulurdu.

Mən «Arşın mal alan» musiqili komediyasının ilk tamaşasından bəri Soltan bəyin rolunu 600 dəfədən artıq ifa etmişəm. Özü də hər dəfə bu rolu oynayanda əsil mə'nada zövq almışam.

1965

Şəfiqə Axundova
Sadə, xeyirxah insan

«Üzeyir müəllim olmasa idi, mən də olmazdım».

Bu, mənim yaradıcılıq epiqrafımdır. Həqiqətən də belədir. Bugünkü varlığımla, bugünkü müvəffəqiyyətlərimlə mən müəllimimə borcluyam.

1939-cu ildə Üzeyir müəllimin yanına gələrkən məktəbli qız idim, heç bir musiqi təhsilim yox idi. Amma musiqini çox sevirdim, hətta musiqi bəstələməyə can atırdım. Böyük bacım Zümrüd məni Üzeyirbəyin yanına apardı. Öz mahnımı fortepianoda çalıb oxudum. O vaxtdan əvvəl tar şö'bəsində, sonra isə Üzeyir müəllimin konservatoriyada açdığı hazırlıq kursunda oxumağa başladım. Mən Üzeyir müəllimin sinfində kompozisiyanı və Azərbaycan xalq musiqisinin əsaslarını öyrənirdim.

Üzeyir müəllim çox mehriban, səmimi, qayğıkeş, böyük ürəkli bir insan idi.

...Müharibə illəri idi. Bir gün dərsdə müəllimim rəngimi solğun görüb soruşdu. «Bəlkə acsan?», «Yox»— deyə utanıb üzümü yana çevirdim. O özü üçün gətirdiyi yağ-çörəyi çıxarıb mənə verdi və üstəlik çay da gətizdirdi.

...1943-cü il. Maddi vəziyyətimiz ağırlaşdığından, ailəyə kömək etmək üçün mən işə girməli idim. Bu barədə Üzeyir müəllimə müraciət etdim və o məni M. F. Axundov adına opera və balet teatrına suflyorluğa işə düzəltdi.

1944-cü ildə Azərbaycan himnini yaratmaq üçün konkurs e'lan olunmuşdu. Konkursda mən də iştirak edirdim. Yazdığım himn qəhrəmani ruhda olduğuna görə «Zəfər marşı» adı ilə çap edildi.

Üzeyir müəllim mənim səsimi bəyənirdi və çox xoşlayırdı. O deyirdi ki, məndən yaxşı Gülçöhrə olar. Bu məqsədlə hörmətli müğənnimiz, SSRİ xalq artisti Şövkət Məmmədovadan uzun müddət vokal dərsi də aldım. 1944-cü ildə Üzeyir müəllimin himnini müəllifin göstərişi və təklifi ilə filarmoniyada hökumət baxışında ilk dəfə mən oxumuşam. Azərbaycan himninin ilk ifaçısı olduğum üçün özümü xoşbəxt hesab edirəm. O qədər ifaçı arasında böyük bəstəkarın mənim səsimə üstünlük verməsi qəribə idi.

Bir gün də mən dərsdə Üzeyir müəllimin stolunun üstündə çap olunmuş «Cəngi» əsərini gördüm və bildirdim ki, bu əsər çox xoşuma gəlir. Buna cavab olaraq o dedi: «İndi ki xoşuna gəlir, götür, sənə bağışlayıram» və notun üstünə «Gənc və iste'dadlı talibəm Şəfiqəyə Üzeyirdən bir xatirədir» yazıb, mənə bağışladı. İndi o notu ən qiymətli yadigar kimi saxlayıram. Müharibə illərində Üzeyir müəllim öz qonorarından mənimlə Ağabacı Rzayevaya maddi yardım kəsdirirdi. Biz uzun illər Üzeyir müəllimin sayəsində yaxşı təqaüdlə tə'min olunmuşduq.

...Yadımdadır, 1944-cü ildə Zaqafqaziya musiqi ongünlüyünə getməli idik. Bizim geyimimiz də müəllimimizi düşündürürdü. Bir gün Ağabacı ilə mən onun kabinetinə getdik. Bizi görən kimi o, göstəriş verdi ki, bizi palto ilə tə'min etsinlər. Bundan əlavə kostyum tikilmək üçün də atelyeyə göstəriş verildi və hətta tapşırıldı ki, kostyumun fasonunu Şövkət Məmmədova seçsin. Elə də oldu.

Üzeyir müəllim haqqında çox danışmaq olar... Ona, onun sənətinə, təbiətinə hamı səcdə edirdi. O, əsil insan, mərd adam idi. Biz ondan çox şey öyrəndik. Onun xatirəsi qəlbimizdən silinməzdir.

1975


 
   © Musigi Dunyasi, 2005