Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

29
Qəzənfər Əlizadə
Üç-dörd ilin xatirəsi

Elə ki ömrün qürub çağı başlayır, bir az sakitlik axtarırsan, bir az dinclik. Elə ki yorulduğun günlərin acısını çıxmaq üçün əlini başının altında çarpazlayırsan, rahat nəfəs alırsan, yada düşür ötənlər, yada düşür itirdiyin adamlar... yaxşılı-yamanlı günlər. Arxaya çevriləndə görürsən ki, bir az özün haqqında xatirələrin var, bir az da səninlə birgə işləyən yaxşı adamlar haqqında... Bir nəfər tapıb, ürəyini boşaltmaq istəyirsən. Qorxursan ki, bu xatirələri özünlə aparasan. Elə şeylər var ki, səndən başqa heç kəs bilmir. Ancaq bunu bilsələr, daha xeyirdir. Bu xatirələr özgələri üçün daha gərəklidir.

1945-ci ildə Üzeyirbəy Azərbaycan Elmlər Akademiyasının nəzdindəki Me'marlıq və İncəsənət İnstitutunu yaratdı. O vaxtlar bu müəssisə Üzeyirbəyin adına idi. Sonralar necə oldusa, institut adsızlaşdı. Ancaq nə olsun, mən və mənim yaşıdlarım yaxşı xatırlayırıq ki, bu elm ocağına bir vaxt Hacıbəyov institutu deyirdilər. Nə isə... İnstitut təşkil edildi. Başladılar işçi axtarmağa. Üzeyirbəy məni instituta də'vət etdi. O zaman cəmi iki şö'bə vardı: musiqi və teatr, rəssamlıq və me'marlıq şö'bəsi. Musiqi və teatr şö'bəsinə Üzeyirbəy özü rəhbərlik edirdi. O biri şö'bənin rəhbəri oldum mən.

İxtisaslı cavanlar sarıdan bir az kasıb idik. Ancaq Üzeyirbəy olan yerdə darıxmağa dəyərdimi?

Bir az keçmiş institutumuza xeyli adam toplandı. Onlardan çoxunu indi bütün respublikamızda tanıyırlar: Qubad Qasımov, Əminə Eldarova, Məmmədsaleh İsmayılov, sonralar Bülbül, Qara Qarayev və onlarca başqaları institutda işləməyə çağırıldılar. İnstitutda Üzeyirbəyin vəfatınadək onunla birgə işlədim, Üzeyirbəyin müavini oldum.

...O vaxtlar haradan ağlıma gələydi ki, bir zaman xatirə danışacağam? Özü də Üzeyirbəydən! İndi ötən illəri xatırlayıram, yadıma düşür bir-bir, Üzeyirbəy boş-boşuna gəzməyi sevməzdi. Elə ki küçəyə çıxdı, bir də görürdün, adamların çoxu ayaq saxlayıb ona baxır. Akademiyaya gələndə hamı ayağa qalxar, onunla salamlaşardı. Bütün bunlar ona necə tə'sir edirdi? Kənardan baxanda görürdün ki, gülümsəyir, ancaq daxilən sıxılır.

...O illərdə bə'zən gecələr işləməli olurduq. Üzeyirbəy də evdə rahat qalmazdı. Bir də görərdik gəlib instituta. Gənc bəstəkarları və musiqiçiləri yığardı başına, başlayardı söhbətə. Gecə uzun, söhbət şirin...

Üzeyirbəy Akademiyadakı iş otağını çox xoşlayardı. Hərdən zarafatla deyirdi ki, otağımın pəncərələri düz evimizə baxır. Ona görə də evçin narahat olmuram. Bu otaqda böyük bir royal vardı. Hərdən darıxanda, işdən yorulanda çalar, yorğunluğu çıxardı.. Elmi işləri ilə də elə buradaca məşğul olardı.

Oturub-durub xalq sənətindən danışardı, danışdıqca da yorulmazdı. Sonra bizə xalq tikintiləri haqqında fikirlərini söylər, mübahisə edərdi. Niyə Bakının ətrafındakı qəsəbələrin tikililərində xalq me'marlığından istifadə olunmur, yad meyllər xalq sənətini üstələyir?

O, bizdən çox şey tələb edirdi, dediklərini görmək istəyirdi. Neyləyək ki, təzə-təzə ayaq açırdıq, qolumuzu yenicə çırmalamışdıq.

Biz Üzeyirbəyi sevirdik. Ona olan sevgimizə heç nə qarışmamışdı. Nə vəzifə qorxusu, nə təmənna, nə ad-san heyranlığı. Onun əsərlərini tə'rifləyirdik. Bu tə'rifdə nəsə ummaq istəyən yox idi. Onun acığı da təmiz idi, qəzəbi də. Üzeyirbəy özündən çox bizim qayğımıza qalırdı. Bilmirdik atadır, qardaşdır, qohumdur, tanışdır, dostdur, yoxsa idarə müdiri, rəhbər.

Üzeyirbəy institutun direktoru olsa da, musiqi şö'bəsinə özü göz olurdu. Xalq havalarını öyrənmək üçün nələr etmədi! Oymaq-oymaq, oba-oba gəzib el havalarını necə vardısa, eləcə də lentə almaq istəyirdi. Ona görə, xüsusi laboratoriya yaratmaq üçün iki otaq ayrıldı. Lakin səs yazılışı işini Üzeyirbəy özü görə bilmədi...

Üzeyirbəy xəstə idi. Hamımızın qorxduğu gün ağır-ağır yaxınlaşırdı. Bu ayrılığı biz gözləyirdikmi? Gözləyirdik. Ancaq yenə də yanıb-yaxılırdıq. Əlacımız nə idi? Əlimizdən nə gələrdi? Həkimlər evdən bayıra bir addım atmağa ona icazə vermirdilər. Həmişə işçilərlə qaynayıb-qarışan Üzeyirbəy indi tək qalmışdı. Hər gün iş yerinə zəng vurar, hal-əhval tutardı. Xəstə yatanda mən tez-tez onun yanına gedərdim. Söhbət edərdik. Müavini olduğum üçün institutun işləri haqqında mə'lumat verərdim. Qonşuyduq. Ara sakitləşən tək başlardıq söhbətə. Həkimlərdən yaman gileylənərdi. Zarafatla deyərdi:

— Yoldaş Qəzənfər, bu həkimlər məndən nə istəyirlər? Vallah, billah, işçilər arasında keyfim daha duru olur, nəinki evdə.

Deyirlər, ölüm qabağı xəstənin əhvalı yaxşılaşır. Gəlib-gedənlərlə gülüb-danışır. Başqaları hiss edir ki, onun halı bu gün-sabahlıqdır. Ancaq xəstə əhvalının yaxşılaşdığını görüb bir az rahatlanır, təsəllisi, yaşamaq ümidi artır... Ölümündən bir ay qabaq Üzeyirbəyin də əhvalı bir qədər yaxşılaşdı. Hətta bizimlə zarafata başladı.

— Hə, bilirsənmi, ay Qəzənfər, keyfim durudur!

Elə şirin söhbət edirdi ki, gecənin nə vaxt keçdiyini bilmədik. Mən Üzeyirbəyin keyfinin durulduğundan istifadə edib soruşdum:

— Üzeyirbəy, sizcə şah əsəriniz hansıdır?

O, bığına əl çəkdi... Hamı bu maraqlı sualın cavabını eşitmək istəyirdi. Üzeyirbəysə, deyəsən, yaman ilişmişdi. Mən onun dadına çatdım.

— «Məşədi İbad»ı şah əsəriniz hesab etmək olarmı?

Üzeyirbəy razılıqla başını tərpətdi. Mən bu cavabdan razı qalsam da, nigaran oldum; bəlkə Üzeyirbəy mənim xətrimə fikrimi təsdiq etdi? Mən elə indi də «Məşədi İbad»ı Üzeyirbəyin şah asəri hesab edirəm. Araya söz qatmaq üçün yenə də Üzeyirbəydən soruşdum: «Harun və Leyla» operasına yazdığınız musiqi nə üçün ifa olunmur? Bu əsərin taleyi necə oldu? Üzeyirbəy dedi ki, həmin əsərin musiqisini tikə-tikə o biri opera və operettalarımda istifadə etdim.

1970


 
   © Musigi Dunyasi, 2005