28
Leyla
Bədirbəyli
Mən Gülçöhrəni ürəkdən
sevdim
1938-ci
il. Moskvada keçiriləcək Azərbaycan incəsənəti
ongünlüyünə hazırlıq gedirdi.
O zaman mən Azərbaycan Dövlət Filarmoniyasının
mahnı və rəqs ansamblının solisti
idim. Üzeyir Hacıbəyov mahnı və rəqs
ansamblının təşkili işlərinə
rəhbərlik edən komissiyanın sədriydi.
O, rəqqasələr üçün tikilmiş
milli paltarların forma, naxış, biçim
və bəzəyinə çox diqqət yetirir,
hətta başımızdakı cütqabağının
silsiləsini düzəldir, necə taxmaq lazım
olduğunu da göstərir, fərəh və
qürur hissi ilə Azərbaycan milli geyimlərinin
gözəlliyindən danışır, milli
xüsusiyyətlərinin qorunmasını tələb
edirdi.
Ongünlüklə
əlaqədar məşqlərin birində xorun
rəhbəri və dirijoru Üzeyir Hacıbəyov
xalq mahnısını oxuyan solisti, mahnıya
başqa rəng verməyə çalışdığına
görə, məşqi saxlayıb «A bala, nə
eləyirsən? Mahnının atasını
yandırırsan ki...» — deyə məzəmmət
etdi. Solist çox tutuldu: «Mən mahnıya yeni
forma, dirilik vermək istədim», — deyə cavab
verdi. Üzeyir dedi: «Bu, xalq mahnısıdır.
Özünün milli şirinliyi və gözəlliyi
kifayət qədərdir. Musiqimizə inkişaf
vacibdir. Lakin ona başqa don geydirəndə dözə
bilmirəm».
Mən
elə bir adam tanımıram ki, Üzeyir Hacıbəyova
məftun olmasın. O, qeyri-adi, ülvi bir insandı.
Hər şeydə və hər kəsdə
yaxşılıq görənlər əbədilik
qazanırlar. Üzeyir belə şəxsiyyətlərdəndir.
Gözəllikdə çirkinlik, yaxşılıqda
yamanlıq, işıqda qaranlıq axtaranlara
qarşı amansız olurdu. Pak qəlbli, geniş
ürəkli, qayğıkeş, təvazökar,
səxavətli bir insan—mən onu həmişə
belə xatırlayıram.
Zahirən
çox ciddi görünən Üzeyirin incə
bir yumoru da vardı. 1944-cü il Tbilisidə keçirilən
Zaqafqaziya incəsənəti ongünlüyündə
Azərbaycan incəsənət ustalarının
müvəffəqiyyəti səs-səda salmışdı.
Hamı sevinirdi; Üzeyir Hacıbəyov hamıdan
artıq. Yekun konsertində artistlərimizi və
mədəniyyət işçilərimizi tamaşaçılar
gurultulu alqışlarla qarşıladılar.
Əlbəttə, bu alqışların çox
hissəsi Üzeyirin payına düşürdü.
Təsəvvürünüzə gətirə
bilməzsiniz ki, o necə sıxılır, utanır,
geri çəkilərək yoldaşlarını
irəli verirdi. Üzeyirə qabaq sırada əyləşməsini
təklif etdikdə o, bizi də yanına çağırtdırdı
və: «Qızlar, elə əyləşin ki,
gözümün qabağında olasınız.
Bura Gürcüstandır, birdən sizi qaçırarlar»,
— deyib gülümsədi. Sevimli müğənnimiz
Sara Qədimova ilə indi də bunu xatırlayıb
gülürük.
Daha
bir xatirə. 1945-ci il. «Arşın mal alan» musiqili
komediyasının çəkilişinə hazırlıq
gedirdi. Mən Gülçöhrə rolunda çəkiləcəkdim.
Uzun müddətdi ki, konsertmeysterlə ariyaları
öyrənirdim. Bu işə maestro Niyazi rəhbərlik
edirdi. Bir gün hörmətli müəllimim
və filmin quruluşçu rejissoru Rza Təhmasibdən
xəbərsiz Üzeyirin evinə getdim. Hələ
də bilmirəm niyə? Qapını bəstəkarın
yaxın qohumu Tamara xanım açdı. Üzeyiri
görmək istədiyimi bildirdim. Bir neçə
dəqiqədən sonra işıqlı kabinetində,
təmiz ağ köynəkdə kresloda əyləşmiş
bəstəkar məni qəbul etdi. Nədən
və necə başlamaq lazım gəldiyini
unutmuşdum. Sanki hər şey başımdan
uçub getmişdi. Birtəhər özümü
ələ alıb dedim: «Mən Gülçöhrə
roluna çəkiləcəyəm. Ona görə...»
Yenə nitqim qurudu və heç bir şey əlavə
edə bilmədim. O, mənə diqqətlə
baxır, nə isə fikirləşir, adəti
üzrə bığlarını tumarlayırdı.
«Sənin çəkilməyinə e'tirazım
yoxdur, amma, bilirsənmi, bu, rəqs deyil, kinoda
obraz yaratmaqdır», — deyib susdu. Bir qədər
sonra Gülçöhrəni necə görmək
istədiyindən, Azərbaycan qızına xas
keyfiyyətlərdən danışdı. Əlbəttə,
obraz haqqında bu görüşə qədər
rejissorla söhbətimiz çox olmuşdu. Bütün
bunlara baxmayaraq, böyük bəstəkarla söhbətdən
sonra özümdə xoş bir əhval duydum
və özümə məndə daha möhkəm
bir inam oyandı .Vidalaşarkən məni dəhlizə
qədər ötürüb belə dedi: «Mən
Gülçöhrəni çox sevirəm, istəyirəm
ki, sən də onu ürəkdən sevəsən».
Həqiqətən mən Gülçöhrəni
ürəkdən sevdim.
1945
Ramazan
Xəlilov
Iki dost, iki sənətkar
Zaman keçdikcə saralan qəzet vərəqləri...Onlar
həyatın müxtəlif sahələrindəki
nə qədər maraqlı hadisələri
əks etdirmiş, nə qədər həyəcanlı
xəbərlər vermişdir! Üzeyir Hacıbəyovun
arxivini qaydaya salarkən, ona həsr olunmuş
bütöv qəzet səhifələri, məqalələr,
materiallarla qarşılaşdım. Nəzərimi
«Bakinski raboçi» qəzetinin 1945-ci il 19 sentyabr
tarixli nömrəsindəki kiçik bir xəbər
cəlb etdi.
«Dünən
M. F. Axundov adına Azərbaycan Opera və Balet
Teatrında Bakı ictimaiyyəti təntənəli
iclasla SSRİ xalq artisti, bəstəkar Üzeyir
Hacıbəyovun anadan olmasının 60 illiyini
və yaradıcılıq fəaliyyətinin
40 illiyini qeyd etmişdir. Salona toplaşanlar yubilyarı
səmimiyyətlə qarşıladılar...».
Bu
qısa sətirlər hafizəmdə Azərbaycan
mədəniyyətinin təntənəsinə
çevrilən həmin unudulmaz gecəni canlandırdı.
O zaman böyük alim, yubilyarın dostu Heydər
Hüseynov, gürcü bəstəkarlarının
elçisi Qriqori Kiladze, bəstəkar Səid
Rüstəmov, aktrisa Şövkət Məmmədova
nə qədər səmimi sözlər söylədilər!
Lakin Səməd Vurğunun çıxışı
hamıya unudulmaz tə'sir bağışladı.
Səməd sevinc, kədər dəqiqələrində
həmişə bir yerdə olduğu, həyat
yollarında çiyin-çiyinə irəlilədiyi
bir adam haqqında danışırdı...
İki dost, iki sənətkar. Bir-birini belə
yaxşı başa düşən, duyan, əməkdaşlıq
edən iki şəxs. Üzeyirbəy yeni bir
melodiya yazan kimi Səməd üçün çalmağa
tələsirdi. Səməd də ilhama gələn
kimi, yenicə yazdığı şe'ri Üzeyirə
oxumağa can atırdı.
Bir dəfə gecə yarı Hacıbəyovun
mənzilində telefon zəng çaldı:
Sonra
şair indicə yaratdığı şe'ri
bəstəkara oxumağa başladı. Şe'r
Üzeyirbəyə tə'sir etmiş olmalıdır
ki, həyəcanlandı və:
—Deyinən,
yazım, — deyə şairdən xahiş etdi.
Şübhəsiz,
bütün bunları səhərədək
tə'xirə salmaq olardı, amma dostlar belə
deyildilər: həvəsə gəldilərmi,
demək, dərhal işə başlamalı
idilər. Üzeyirbəy o dəqiqə geyindi,
royal arxasında əyləşdi, bir melodiya
çalıb zümzümə etməyə başladı.
Bir saat yarımdan sonra Səmədə zəng
vurdu:
—Bilirsən,
ölçü nə isə düz gəlmir...
Görünür,
o da yatmayıbmış, zəngi gözləyirmiş,
axı Üzeyirə yaxşı bələd
idi.
—İndi
gəlirəm...
Şair
qaranlığa qərq olmuş şəhərin
küçələri ilə addımlayır,
yolda onu saxlayan patrulu dilə tutur, Üzeyirin
evinə tələsirdi. Ona yolda mane olmadılar.
Səməd gəldi. Açılan səhəri
məsləkdaşlar yeni mahnı ilə, «Vətən
ordusu» mahnısı ilə qarşıladılar.
Vurğunun
gözəl misraları ehtiraslı və qızğın
melodiya ilə həm ahəngsəsləndi. Dostlar
döyüşçülərlə görüşlərdə
də birlikdə iştirak edər, hərbi hissələrdə
və qospitallarda bir çıxış edərdilər.
Bu görüşlərin nəticəsi olaraq
«Şəfqət bacısı» kimi mahnı meydana
çıxdı.
Geniş
yayılmış və çox sevilən bu mahnılar
sovet adamlarında vətənpərvərlik
hissi, döyüş şərəfi, hərbi
vəzifəyə sədaqət hissi tərbiyə
edir, onları qəhrəmanlığa çağırırdı.
Mahnılar döyüşən ordu hissələrində
səslənirdi. Təsadüfi deyil ki, ordu generalı
Yeremenko müharibədən az sonra Üzeyir
Hacıbəyova yazırdı: «Sovet incəsənətinin
görkəmli xadimi, ölkəmizin böyük
bəstəkarı, bir çox mübariz əsərlərin
müəllifinə öz atəşin minnətdarlığımı
bildirirəm...».
İki
nəhəngin—poeziya və musiqi nəhənginin
yaradıcılıq əməkdaşlığının
son zirvəsi «Zəfər himni» oldu. Bu əsər
patetikası, əzəməti, xalqın gələcək
taleyi haqqındakı parlaq düşüncələrlə
diqqəti cəlb edirdi. Yubiley gecəsində
Vurğunu dinləyərkən bütün bu
hadisələr bir kinolenti kimi gözlərim
qarşısından keçdi. Xüsusilə
rəyasət stolu arxasında oturarkən stenoqrafiya
sür'ətilə yazıb, çıxışından
sonra oxuduğu şe'r. Çox şadam ki, Səməd
Vurğunun bu şe'rini qoruyub saxlaya bilmişəm.
Məsələ ondadır ki, həmin şe'r
yazılmış vərəqi mənə bağışlamasını
şairdən xahiş etdikdə, Səməd
dedi:
—Bu,
ekspromt, tələsik yazılıb. Düzəldib
təzəsini verərəm.
Dönə-dönə
tə'kid etdim ki, şe'r xoşuma gəlir, onu
mənə versin.
—Yaxşı,
onda götür, — deyə kağızı ovcuma
basdı. Mən uzun müddət onu arxivdə
saxlamışam...Güman edirəm ki, poeziya
və musiqi həvəskarlarının onunla
tanışlığı maraqlı olar:
BÖYÜK
BƏSTƏKAR
Qartal
kimi qanadlanıb fəzaları aşarsan,
Bir ülviyyət aləminin qucağında yaşarsan.
O aləmin zinətidir ayın, günün camalı,
Rübabında qanad açır insanlığın
kamalı.
Zaman görmüş, dünya görmüş
müqəddəs bir Vətənin
Övladısan!.. Şərəfindir, şöhrətindir
bu sənin.
Hər dil açıb danışdıqca yaratdığın
nəğmələr.
Gunəş kimi bayraq çəkir xəyalıma
min səhər...
Min səhər ki, onun hüsnü şeir qədər
gözəldir...
Yaratdığın o gunəşlər, o çəmənlər
gözəldir.
Gözəlliyin heykəlidir sənətində
canlanan.
Vətən mülkü alqış deyir bu sənətə
hər zaman!
Dil açdıqca rübabının o mə'nalı
telləri.
Ürəyində min ney tutur Azərbaycan elləri...
Nəğmən gəzir çəmənləri
gözəllərin dilində,
Sevdasına qanad verir bülbülün də,
gülün də...
Nə zaman ki ümman olub dalğalanır ürəyin,
Mən duyuram mə'nasını min müqəddəs
diləyin,
Sən ki həyat aşiqisən...qoy bu eşqin
var olsun...
Nəsillərdən-nəsillərə adın
yadigar olsun!
Qartal kimi qanadlanıb fəzaları aşarsan,
Bir ülviyyət aləminin qucağında yaşarsan.
O aləmin zinətidir ayın, günün camalı,
Rübabında qanad açır insanlığın
kamalı!
1965
|