Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

27
Boris Zeydman
Gənc bəstəkarların həssas tərbiyəçisi

Professor Üzeyir Hacıbəyovun qaynar fəaliyyəti respublikamızın musiqi həyatının bütün sahələrini əhatə edirdi.

Üzeyir Hacıbəyov böyük yaradıcılıq işi və ictimai iş aparmaqla yanaşı, bir sıra müəssisələrə— Azərbaycan SSR Elmlər Akademiyasının Azərbaycan Incəsənəti İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Azərbaycan Sovet Bəstəkarlar İttifaqına başçılıq edirdi. O, elmi işçilərin rəhbəri, Azərbaycanın gənc bəstəkarlarının və bir çox musiqiçilərinin həssas tərbiyəçisi və məsləhətçisi idi.

Üzeyir Hacıbəyov bir bəstəkar və təşkilatçı kimi uzun illər vokalistlərlə, ifaçılarla, dirijor və xormeysterlərlə işləmişdir. Azərbaycanda elə bir bəstəkar yoxdur ki, o, bu və ya digər cəhətdən Üzeyir Hacıbəyov məktəbinin yaradıcılıq prinsiplərinin xeyirxah tə'sirini hiss etməmiş olsun. Bə'ziləri bilavasitə Üzeyir sinfində oxumuş, bə'ziləri də Hacıbəyovun rəhbərliyi altında Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmişdir. Bu mühüm nəzəri fənn Azərbaycan bəstəkarlarının bütün yaradıcılıq işini istiqamətləndirirdi. Respublikamızın bütün müasir bəstəkarları Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun əsərləri ilə tərbiyələnmiş və indi də tərbiyələnir.

Bəstəkarlar İttifaqında yeni əsərlərin dinlənilməsi və müzakirəsi zamanı Ü. Hacıbəyovun çıxışlarının böyük tərbiyəvi və istiqamətləndirici əhəmiyyəti olmuşdur. Bəstəkar Hacıbəyovu tənqidçi müəllim Hacıbəyovdan ayırmaq çətindir. Onun əsərə verdiyi qiymət bə'zən çox sərt olsa da, həmişə prinsipial, metodiki cəhətdən əsaslandırılmış olurdu. Ü. Hacıbəyovun tələbi o idi ki, əsər aydın izah edilsin. Bəstəkarlar İttifaqında dinləyiş zamanı bə'zən başlanan qızğın mübahisələr Üzeyirin çıxışında öz düzgün həllini tapırdı. Necə deyərlər, onun çıxışından sonra hər şey öz yerini alırdı. Üzeyir Hacıbəyov burada da böyük və həssas müəllim kimi hərəkət edirdi.

Üzeyir Hacıbəyovun uzun illər boyu rəhbərliyi sayəsində Azərbaycan Bəstəkarlar İttifaqı artıq böyük professional təşkilata çevrilmiş, öz daxilində, ən müxtəlif janrlarda—opera, balet, musiqili komediya, simfoniya, sonata, süita, mahnı və rəqs ansamblı üçün əsərlər yaradan bəstəkarları birləşdirmişdi.

Hələ 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü, sonralar 1944-cü ildə Tbilisidə keçirllən Zaqafqaziya xalqlarının musiqi ongünlüyü zamanı Azərbaycan musiqi incəsənəti paytaxtın və bütün Sovet İttifaqının musiqi ictimaiyyətinin böyük rəğbətini qazanmışdı.

Üzeyir Hacıbəyov 1944-cü il ongünlüyü zamanı Azərbaycan musiqisinin nailiyyətlərini qiymətləndirərkən yazırdı: «Gənc bəstəkarlarımız orkestr üçün mürəkkəb əsər yazmaq texnikasını əsaslı surətdə mənimsəmişlər. Bununla onlar fəxr edə bilərlər. Simfonik formaları mənimsəməkdə də onların ciddi nailiyyətləri vardır. Bəstəkarlarımızın əsərlərində mövzuları bir-birilə əlaqələndirmək və aralarında mə'naca ziddiyyət olan hissələri təbii şəkildə birləşdirmək məharəti hiss olunur.

...Azərbaycan gənc bəstəkarlarının simfonik əsərlərinin zəngin ideya məzmunu vardır. Bu əsərlərin hamısı Vətən müharibəsi qəhrəmanlarına, şanlı Qızıl Orduya, Sovet Azərbaycanının qəhrəman döyüşçülərinə həsr olunmuşdur».

Bu yüksək qiymətdə Ü. Hacıbəyovun yetişdirib böyütdüyü gənc bəstəkarların müvəffəqiyyətlərindən duyduğu böyük sevinc hissi aydın görünür. Bununla bərabər, Hacıbəyov əsərlərin zəngin ideya məzmunu, yenilik hissi, texniki cəhətdən yetkinliyi barədə də qeydlərini bildirirdi. İste'dadlı Azərbaycan bəstəkarlarının böyük bir nəsli Üzeyir Hacıbəyovun məhsuldar fəaliyyətinə ən yaxşı sübutdur.

Yaradıcılıqlarının çiçəkləndiyi dövrdə, çox gənc ikən vəfat etmiş bəstəkarlardan Asəf Zeynallı, Hacağa Ne'mətov və Məmməd İsrafilzadə Üzeyir Hacıbəyov məktəbinin yaradıcılıq prinsiplərinə uyğun bir sıra əsərlər qoyub getmişlər. Q. Qarayev, C. Hacıyev, S. Rüstəm, Ə. Bədəlbəyli, Niyazi, S. Hacıbəyov, F. Əmirov, S. Ələsgərov, Ə. Abbasov, C. Cahangirov, A. Babayev, M. Əhmədov, Ə. Hüseynzadə, A. Rzayeva, Ş. Axundova və başqaları Azərbaycan musiqisinin tərəqqisi naminə fəal çalışırlar.

Üzeyir Hacıbəyovun yetişdirdiyi Azərbaycan incəsənət xadimləri Ə. Həsənov və K. Səfərəliyeva, əməkdar müəllimləri F. Səmədova və F. Zeynalova, nəzəriyyəçilərdən M. İsmayılov və Ə. Eldarova musiqi mədəniyyətini yüksəltmək üçün çox iş görürlər. O. Nikolskaya, G. Burşteyn, A. Karnitskaya, Z. Stelnik kimi bəstəkarlar da Ü. Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan xalq musiqisinin qanunlarını öyrənərək, bir sıra Azərbaycan xalq mahnıları və rəqslərini işləmiş və xalq mövzuları əsasında orijinal əsərlər yaratmışlar.

Böyük ustad, nəzəriyyəçi, bəstəkar-tərbiyəçi Üzeyir Hacıbəyovun yaradıcılıq prinsipləri nədən ibarətdir? Onun əsərlərinin ümumxalq məhəbbəti qazanmasının səbəbi nə idi?

Üzeyir Hacıbəyovun əsas həyat prinsipi musiqidə xəlqilik idi, o, bəstəkarlıq fəaliyyətini bunsuz təsəvvür etmirdi, hər bir sənətkar öz həyatını xalqa xidmətə həsr etməlidir, deyirdi. Ü. Hacıbəyov musiqidə xəlqiliyn xalq musiqisinin ruhuna və üslubuna dərindən və üzvi surətdə müdaxilə etməkdə, xalq musiqi dilinin qanunlarını mükəmməl başa düşməkdə və bilməkdə görürdü. O daim bəstəkarlara xalq musiqisini sevməyi, qorumağı və onlardan öyrənməyi məsləhət görürdü. Bəstəkar həm də öz tələbələrini xalq musiqisi nümunələrini kor-koranə təkrar etməkdən, yamsılamaqdan çəkindirir, bu musiqiyə səthi yanaşmaqdan onları qoruyurdu.

Ü. Hacıbəyov uzun illər boyu öz yaradıcılıq fəaliyyəti nəticəsində əmin olmuşdu ki, xalq musiqisinin əsaslarına—ladlarına, onun tükənməz intonasiya zənginliyinə yiyələnmədən, xalqla onun başa düşəcəyi musiqi dilində danışmaq mümkün deyil...

«Azərbaycan xalq musiqisinin əsasları» əsərinin müqəddiməsində Ü. Hacıbəyov bu məsələdən bəhs edərək yazırdı: «Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq, mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən «Koroğlu» operasını yazdım.

Azərbaycan xalq musiqi incəsənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar (mən öz operamı yazarkən bunlara riayət etmişəm) nəinki mənim yaradıcılıq arzumu boğdu, əksinə, bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb, mənə daha artıq cəsarət verdi. Sərbəst qurulmasına və musiqi fakturasının mürəkkəb olmasına baxmayaraq, «Koroğlu» operası Azərbaycan dinləyicilərinə Azərbaycan xalq mahnı və melodiyalarını eynilə təkrar edən bə'zi əsərlərdən daha yaxşı çatır, çünki «Koroğlu» operası xalqın doğma musiqi dilində yazılmışdır...».

Daha sonra o qeyd edirdi ki,«...xalq üçün aydın bir musiqi dilində əsər yazmaq istəyən bəstəkar xalq ladlarında musiqi bəstələmək qanunlarını əsaslı surətdə bilmədən çox çətin ki, dinləyicilərin yüksək bədii tələbini ödəyə bilsin».

Üzeyir Hacıbəyovun öz həyatı xalqa əsil xidmət nümunəsi idi. Öz əsərlərində o, xalqla onun öz dilində danışırdı və xalq da öz sevimli bəstəkarını yüksək qiymətləndirirdi. Azərbaycanda elə bir guşə yoxdur ki, orada Üzeyirin gözəl melodiyaları oxunmasın. Bu melodiyalar çox orijinal olub, sanki xalqın özü tərəfindən bəstələnmişdir.

Azərbaycan musiqi üslubunun təmizliyi uğrunda, xalq musiqi dilinin ruhunu və mahiyyətini saxlamaq uğrunda mübarizə aparan Üzeyir Hacıbəyov milli məhdudiyyətə qarşı çıxış edir, Azərbaycan musiqisinin inkişafını təcrid edilmiş halda deyil, rus xalqının musiqi mədəniyyəti ilə sıx əlaqədə görürdü.

Qərbi Avropa klassiklərinin ən yaxşı nümunələri də Üzeyir Hacıbəyovun diqqətini cəlb edirdi. Üzeyir Hacıbəyov məntiqli, proqramlı simfonik və kamera musiqisinə də böyük əhəmiyyət verirdi. O, belə hesab edirdi ki, müəyyən proqramı olmayan, təcrid edilmiş musiqi əsəri yazmaq xalqın tələbinə cavab vermir. Ü. Hacıbəyovun öz əsərləri, şübhəsiz, sözün əsil mə'nasında proqramlıdır.

Bir bəstəkar, tərbiyəçi müəllim kimi Ü. Hacıbəyov həmişə yüksək ideyalı, texniki cəhətdən yetkin, öz hiss və fikirləri ilə xalqa yaxın əsərlər yaratmaq mövqeyində dururdu.

Üzeyir Hacıbəyov bəstəkarlarımızdan öz dünyagörüşlərində və mühakimələrində prinsipial olmağı, doğma zəmin üzərində möhkəm dayanmağı, Azərbaycan musiqisini hərtərəfli inkişaf etdirməyi, böyük dövrümüzə layiq yüksək ideyalı əsərlər yaratmağı tələb edirdi.

1945


 
   © Musigi Dunyasi, 2005