Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

26
Ağababa Bünyadzadə
Ölməzlik

Səliqəli, eynəyin şüşəsi arxasından baxan ciddi və xeyirxah gözləri olan, çox həssas, fikirləri və hərəkətləri büllur kimi sadə və təmiz bir insan—«Koroğlu» operasının yaradıcısını mən belə xatırlayıram. Mən Ü.Hacıbəyov kimi öz yaradıcılığına və onun fikirlərinin həyata keçməsinə kömək edən şəxslərə belə həssas münasibət bəsləyən adamlara heç zaman rast gəlməmişəm. Yaxşı xatirimdədir, operanın hər pərdəsindən sonra Üzeyirbəy səhnə arxasına gəlib, xüsusilə fərqlənmiş artistlərə təşəkkürünü bildirir, bə'zilərinə məsləhətlər verirdi. Hər bir aktyor üçün bu insanın tə'rifindən böyük hədiyyə ola bilməzdi. Bir də görürdün müğənni öz ariyasını oxuyub qurtarandan sonra salonda gurultulu alqışlar qopur, amma o, sağ tərəfdəki lojaya baxır—orada müəllif oturmuşdur, görəsən, o əl çalırmı?

Üzeyir Hacıbəyov müxtəlif xarakterli adamları belə özünə cəlb edə bilirdi. Təsadüfi deyil ki, onun yaratdığı əsərin ətrafına ən yaxşı yaradıcı qüvvələr toplanmışdı. Tamaşanın quruluşçusu gözəl rejissor İsmayıl Hidayətzadə idi. Qeyri-adi iste'dada, tükənməz yaradıcılıq fantaziyasına malik olan bu şəxs aktyorları öz ardınca apara bilmiş, obrazlardakı ən qiymətli cəhətləri axtarıb tapmaqda kömək etmişdi. Tamaşanın bədii tərtibatını çox iste'dadlı gənc rəssam Rüstəm Mustafayev M. Sagiyanla əməkdaşlıq şəraitində vermişdi. Lakin, şübhəsiz, tamaşanın müvəffəqiyyətini Bülbül tə'min etdi. Bu rol məxsusən onun üçün yazılmışdı. Əgər Üzeyir Hacıbəyov öz əsəri ilə musiqidə bütöv bir dövrdüsə, Bülbül respublikamızın vokal incəsənətində bir dövr təşkil edir.

Amma bəstəkarla rejissor əldə edilənlə kifayətlənməyərək, yeni səslər, yeni aktyor axtarışını davam etdirirdilər. Belə «tapıntılar» arasında mən də vardım. Mən lap ilk tamaşadan bu əsərdə iştirak etmişəm, əvvəlcə xorun hey'ətində, sonra carçı rolunda. Yavaş-yavaş Həsən xan rolunu hazırlayıb, bə'zi ariyaları Hidayətzadəyə nümayiş etdirməyi qərara aldım. O, məni dinlədikdən sonra dərhal xoşladı və mənimlə məşq etməyə başladı. Bir dəfə Üzeyirbəyə dedi ki, ona bir sürpriz hazırlayıb — yeni gənc Həsən xanı göstərmək istəyir. Tezliklə bu partiyanı mənə tapşırdılar, bu, mənim repertuarımda ən sevimli partiya oldu.

Musiqi xəzinəmizin görkəmli incisi — «Koroğlu» operası ilə təmasda olanlardan kimdən soruşsanız, cavab verər ki, bu əsərə əbədi məftun olub. Tamaşanın ilk ifaçıları Xanlar Haqverdiyev, Əlövsət Sadıqov, Hacıbala Hüseynov, Qulam Isgəndərov, Əli Zülalov, Böyükağa Mustafayev, Məhbubə Paşayeva və başqaları kimi aktyor nəsli bütün həyatları boyu bu əsərə məhəbbət bəsləmişlər.

Səhnədə ilk addımlarını atan müğənnilər bu əsər haqqında gəncliyə xas vəcdlə danışırlar. Müxtəlif millətlərə mənsub dinləyicilərdə də bu opera böyük ehtiram hissi doğurur. Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatının birinci ongünlüyü zamanı dünyanın ən yaxşı teatrlarından biri—SSRİ Böyük teatrının salonunda divarları titrədən gurultulu alqışları heç zaman unuda bilmirəm. Mənə elə gəlir ki, əvvəllər olduğu kimi, indi də hər tamaşada Üzeyir Hacıbəyov salondadır. Belə şəxslərin həyatı əsrlərlə davam edir.

1962


 
   © Musigi Dunyasi, 2005