Xatirimdədir:
yoldaşlarımızdan V. Vəliyev adlı
birisi not əlifbasından, ton və qammalardan
baş açmadığı üçün
bütün qammaları eyni tonda oxuyur, do-dan si-yədək
notlarda oxuduğuiu güman edərək, tədricən
səsini yüksəldirdi. O qədər cəhd
göstərirdi ki, si notunda artıq səsi xırıldamağa
başlayırdı. Müəllim ona nə qədər
izah edirdisə, başa sala bilmirdi ki, iş səsə
güç verməkdə deyil, mahnının
tonunu qaldırmaqdadır...
Oxumaq,
Avropa musiqi alətlərində çalmaq, orkestrlərdə
iştirak etmək və arabir Tiflisə gedib
opera tamaşalarına baxmaq Avropa musiqisini, onun
nəzəriyyə və praktikasını mənimsəməkdə
bizim üçün ilk təcrübə məktəbi
oldu.
Şərq musiqisi və oxumağı sahəsində
isə yoldaşlarımız arasında Üzeyir
ən bilici və gözəl ifaçı idi.
Bayram
axşamlarında, bazar günlərində tələbkar
seminariya rəhbərləri bizi bir neçə
saatlığa şəhər kənarına
gəzməyə buraxdığı zaman azərbaycanlı
dostlar və həmyerlilər Üzeyirin və
yaxşı muğamat ifaçısı olan Balabəy
Məmmədbəyovun oxumasından böyük
zövq alırdılar.
Seminariyada
təhsilimizin son illərində, məşğələlərdən
kənar saatlarda, yemək salonunda Üzeyir yaxın
yoldaşlarının iştirakı ilə «Şəbi-hicran»
havasını xorla oxumağa sə'y göstərirdi.
Pis alınmırdı və bu iş yoldaşlarının
çox xoşuna gəlirdi. Sonralar «Şəbi-hicran»dan
Üzeyir Hacıbəyov «Leyli və Məcnun»
operasının müqəddiməsində istifadə
etmişdir.
Üzeyirə,
Müslümə və yoldaşlarımızdan
bə'zilərinə qış və yaz tə'tillərində
evə getmək həmişə müyəssər
olmurdu. Belə vaxtlarda onlar pansionatda qalırdılar.
Bə'zən bir neçə günlüyə
Tiflisə mənim yanıma gəlirdilər.
Gələndə,
əlbəttə, skripkalarını da özləri
ilə gətirirdilər və biz günlərimizi
çox şən keçirirdik. Operalardan duetlər,
triolar və ayrı-ayrı parçalar bir-birini
əvəz edirdi. Operaya getmək bizim üçün
ən böyük sevinc olurdu. Tamaşa bizə
ləzzət verir, həyəcanlandırırdı.
Sonra uzun müddət opera tamaşasının
müxtəlif parçaları, ariyaların ifası,
aktyorların ustalığı müzakirə
edilirdi.
Operaya
belə gedişlərdən birində aktrisa
Qaşinskayanın Traviata rolunda çıxışı
bizə dərin tə'sir bağışladı.
Bunun üstündən xeyli illər keçəndən
sonra belə onu xatırlayıb vəcdə gəlirdik.
Çox
zaman boş vaxtlarımızda ucadan kitab oxuyur,
təhlil edir, nə vaxt isə oxuduğumuz kitablar
haqqında söhbət aparırdıq. Bu sahədə
böyük mübahisələrimiz də olurdu.
Biz rus və Qərbi Avropa klassiklərinin çox
əsərlərini oxumuşduq, özü də
həmin əsərləri növbə ilə
ucadan, ifadəli oxumaq sənətində bir-birimizi
ötməyə çalışırdıq.
Üzeyir
daha çox Qoqolla, onun yumoru ilə maraqlanırdı.
Ümumiyyətlə yumor Üzeyirə xas idi
və hələ seminariya illərində özünü
büruzə verirdi. Qori seminariyasında təhsilimizin
son illərində yazdığı yumoristik
şe'r uzun müddət gülüş və
zarafat mənbəyinə çevrilmişdi.
Şe'rin
yazılmasına aşağıdakı hadisə
səbəb olmuşdu: yuxarı sinif şagirdi
olduğumuz zaman artıq ikinci sinifdən seminariya
nəzdindəki ibtidai məktəbə təhkim
edilmişdik. Burada biz az yaşlı uşaqlarla
tərbiyəvi iş aparmalı, geri qalanlara
kömək etməli, müəllimin nəzarəti
altında ümumqrup məşğələləri
keçirməli, məktəbdə növbə
çəkməli idik və s...
Bir
dəfə bizim tatar şö'bəsinin çox
xəsis olan inspektoru şagirdlərin başını
qırxdırmaq haqqına qənaət etmək
məqsədilə (biz şəhər bərbərxanasında
məktəbin hesabına başımızı
qırxdırırdıq) evini axtarıb, paslanmış
bir dəllək maşını tapdı. Onu
mənə verib dedi ki, bununla uşaqların
saçını qırxım. O vaxtadək heç
zaman baş qırxmaqla məşğul olmamışdım.
Buna baxmayaraq, intizamlı bir şagird kimi ciddi
vəziyyət alıb, mənə verilən
tapşırığı yerinə yetirməyə
başladım. Uşaqların öz iştirakı
ilə sadə «dəlləkxana» düzəldib,
işə girişdim.
Paslanmış
maşın işləmək istəmirdi. Tükləri
tutub saxlayır, qırxmır və geri də
buraxmırdı. Çox sə'y göstərməyimə
baxmayaraq, bir uşağın belə başı
nı qırxa bilmədim. Lənətə gəlmiş
maşın cırıldayır, tükləri
əzib dartır, zavallı uşaq isə ağrıdan
inildəyirdi. Maşını uşağın
tükündən birtəhər qoparan kimi, uşaq
əlimdən çıxıb, qışqıra-qışqıra
həyətə qaçırdı.
Xülasə,
bu qayda ilə bir neçə uşağın
başını korlayıb, mənim işimi
maraqla izləyən yoldaşlarımın gülüşü
altında inspektorun yanına gedib dedim ki, uşaqlardan
bir neçəsinin başını korlamışam
və onların arasında hörmətdən
düşmüşəm. İnspektor uşaqların
saçlarını düzəltmək üçün
onları şəhər bərbərxanasına
göndərməli oldu.
Çoxlu
gülüşə və zarafata səbəb
olan bu hadisə Üzeyirin yumoristik şe'ri üçün
mövzuya çevrildi. Şe'r yoldaşlarımız
arasında böyük rəğbət qazandı.
Azərbaycanca yazılmış bu şe'r yadımda,
təəssüf ki, bütövlüklə
qalmayıb. İlk sətirlərini xatırlayıram:
Ülgücü
verdi Məmməd Əliyə ol kafir,
Dedi:
— Get uşaqları bir-bir çağır:
Qırxginən başlarını, ol bizə
parikmaxir,
Yaz adını o kəsin, gör desə aman
olmaz.
Seminariyada
təhsil illəri sona çatırdı. Bizim
sinfin şagirdləri əvvəldən axıradək
yaxşı oxumuşdular. Qabaqcıl şagirdlərin
ön sırasında Üzeyir və Zülfüqar
Hacıbəyovlar, Müslüm Maqomayev, Azad Əmirov
gedirdilər. Mən də onlardan geri qalmırdım.
Sinif jurnallarında adımız əvvəldə
yazılırdı (seminariyada qəbul edilmiş
qaydaya görə şagirdlərin familiyası
jurnalda əlifbaya görə yox, ə'laçı
olduqlarına görə yazılırdı).
Buraxılış
mərasimində seminariya direktoru bizim sinif haqqında
tə'rifli sözlər deyib bildirdi ki, müəllim
seminariyalarında işlədiyi uzun illər
ərzində ilk dəfədir belə qüvvətli,
həm nəzəri, həm də praktiki cəhətdən
yaxşı hazırlıqlı gənc müəllimlər
dəstəsi buraxır.
1904-cü
il iyunun əvvəllərində biz Zaqafqaziya
müəllimlər seminariyası ilə vidalaşıb
evlərimizə qayıtdıq və tə'yinat
aldığımız xalq məktəblərinə
işləməyə getdik.
1906-cı
ildə Bakıda Üzeyirlə yenidən görüşdüm
və uzun illər boyu davam edən dostluğumuz
başladı. Xüsusilə 1907—1908-ci illərdə,
Üzeyir «Leyli və Məcnun» operasını
yazmağa başlayanda daha tez-tez görüşürdük.
Azərbaycan
operası yaratmaq və onu səhnəyə qoymaq
ideyası o zaman o qədər də çox olmayan
Azərbaycan ziyalıları, xüsusən gənclər
arasında (şübhəsiz ki, Üzeyirin keçmiş
məktəb yoldaşları olan dostları arasında)
görünməmiş böyük marağa
səbəb oldu. Hər kəs ona bacardığı
köməyi etməyə hazır idi. Mən
skripkada pis çalmırdım, operanın artıq
hazır hissələrini yoxlamaqda, həmçinin
xor nömrələrinin öyrənilməsində
ona kömək edirdim.
İlk
Azərbaycan operasını tamaşaya qoymaq üçün
o zaman nə artist, nə də professional musiqiçilər
var idi. Musiqiçi tapılanda da vəsait, pul
olmurdu.
Beləliklə,
operanı yenicə fəaliyyətə başlayan
gənc həvəskar artistlər Hüseyn Ərəblinski,
Hüseynqulu Sarabski, Hənəfi Terequlov və
o zamanadək heç vaxt səhnədə çıxış
etməmiş gənclərin iştirakı ilə
tamaşa qoymalıydıq.
Orkestrin
hey'əti əsasən birtəhər skripkada
çalmağı bacaran keçmiş seminaristlərdən
və Qurban Pirimovun başçılığı
ilə Şərq alətlərində çalan
musiqiçilərdən ibarət idi. Mənə
birinci skripka çalmaq şərəfi nəsib
olmuşdu.
Operanın
tamaşasına hazırlıq işləri (rolların
öyrənilməsi, xorun və orkestrin məşqləri)
əvvəl ayrı-ayrı parçalarla, sonra
isə bütöv pərdələrlə «İslamiyyə»
mehmanxanası nömrələrinin birində
keçirildi. Çox vaxt günortadan sonra xor oxuyanlar,
musiqiçilər və solo nömrələrinin
ifaçıları buraya toplaşırdılar.
Bə'zən
toplaşanların hamısı bir otağa yerləşmirdi.
Onda mehmanxana sahibindən ikinci nömrəni də
xahiş etməli olurduq.
İş
çox, özü də çətin idi, əsəb
tələb edirdi, xüsusən Üzeyir üçün.
Lakin o, həmişə olduğu kimi, həyəcanlanmadan,
tələsmədən, ona xas təmkinlə
işi yoluna qoyurdu, tamaşanın iştirakçıları
da öz rollarını gündən-günə
təkmilləşdirirdilər.
Tədricən
hər kəsin yeri müəyyənləşirdi—kim
hansı işi görməlidir. Rejissorluq Hüseyn
Ərəblinskiyə, dirijorluq isə yazıçı-dramaturq
Əbdürrəhimbəy Haqverdiyevə həvalə
edilmişdi. Səhnədə və orkestrdə
ümumi rəhbərliyi Üzeyir öz öhdəsinə
götürmüşdü.
Azərbaycan
dilində yeni operanın tamaşaya hazırlandığından
xəbər tutan bakılılar böyük
maraq və səbirsizliklə ilk tamaşanı
gözləyirdilər. Biz isə bu böyük
hadisəyə həyəcanla hazırlaşır
və operanın camaat tərəfindən necə
qarşılanacağını öyrənməyə
tələsirdik.
Nəhayət
çoxdan gözlədiyimiz gün gəlib çatdı.
1908-ci il yanvarın 12-də «Leyli və Məcnun»
operasının tamaşasını bildirən
afişalar Bakıda göründü.
Tağıyev
teatrının kassası önünə çoxlu
adam toplanmışdı. Biletlər dərhal
alındı.
Axşam
ağzınadək dolu olan salonda tamaşa başlandı.
Tamaşanın həvəskar iştirakçılarının
böyük qorxu və həyəcanla öz
rollarını ifa etməsinə, musiqiçilərin
isə vəziyyətdən birtəhər çıxmasına
baxmayaraq, tamamilə yeni musiqi əsəri olan
bu opera tamaşaçılar tərəfindən
hərarətlə qarşılandı. Gurultulu
alqışların, müəllifin və baş
rolları oynayan artistlərin dönə-dönə
səhnəyə çağırılmasının,
çiçəklər təqdim edilməsinin
sonu yox idi.
Azərbaycan
xalqı Sovet hakimiyyəti illərində görünməmiş
dərəcədə inkişaf edib çiçəklənmiş
Azərbaycan musiqi incəsənətinin gələcək
inkişafının təməlini qoymuş
ilk böyük milli musiqi əsərinin yaranmasını
bayram edirdi.
1945