Neçə
ildir ki, böyük bəstəkarımız
Üzeyir Hacıbəyov aramızda yoxdur. Lakin
biz hələ də ustadımızı, müəllimimizi
özümüzlə konservatoriyada, dərs dediyi
auditoriyada hiss edirik. Elə bilirik ki, o, hələ
də bir ata kimi yaradıcılığımızı
izləyir. Diqqətli nəzərləri yenə
də üstümüzdədir.
Azərbaycan
professional musiqi sənətinin banisi, respublikamızın
adlı sanlı bəstəkarlarının müəllimi
Üzeyir Hacıbəyov həmişə, hər
an yada düşən, məhəbbətlə
xatırlanan dahi bəstəkarımızdır.
Onun sənəti, işi, əməlləri bizim
üçün əvəzsiz örnəkdir.
Anadan olmasının 90 illiyini qeyd etdiyimiz bir
vaxtda ustadımız, müəllimimiz haqqında
xatirə söyləmək, olub keçənləri
yada salmaq mənim üçün xüsusilə
xoşdur.
Belə
bir cəhət qeyd edilməlidir ki, Azərbaycan
bəstəkarlıq məktəbinin görkəmli
nümayəndələri olan və hazırda
tükənməz ilhamla yazıb yaradan bəstəkarlarımızın
əksəriyyəti Üzeyir Hacıbəyovun
şagirdləridir.
Digər
sənət dostları kimi, mən də Böyük
Vətən müharibəsinin ağır illərində
Üzeyir Hacıbəyovun sinfində Azərbaycan
xalq musiqisinin əsaslarını öyrənmişəm.
Mə'lum olduğu kimi, müharibə zamanı
biz gənc bəstəkarların üzərinə
də bir sıra vəzifələr düşürdü.
Biz sənətin sirlərinə yiyələnməklə
bərabər, igid əsgərlərimizi, arxa
cəbhədə çalışan əmək
adamlarını qələbəyə ruhlandıran
əsərlər bəstələməli idik.
Buna görə də mən müharibə dövründə
ilk vokal əsərimi, döyüşçü
şair Şirzad Əliyevin sözlərinə
«Gözlə məni» mahnısını bəstələdim.
Həmin mahnını böyük nəğməkarımız
Bülbülə vermişdim. O, mahnını
elə ilk tanışlıqdan bəyənmişdi.
Ancaq bu haqda Üzeyir müəllimə heç
nə deməmişdim.
1942-ci
ilin oktyabr ayı idi. Üzeyir Hacıbəyovun
dərsində ikən birdən qonşu otaqdan
sevimli müğənnimizin həzin səsini
eşitdik. O, «Gözlə məni» mahnısını
oxuyurdu. Üzeyir müəllim bu mahnı ilə
maraqlandı. Kimdisə Üzeyir müəllimə
bildirdi ki, bu mahnını Süleyman yazıb.
O, dərhal yerindən qalxdı, mehribanlıqla
dedi:
—
Elə isə, gəlin gedək mahnıya bir
də əməlli-başlı qulaq asaq.
Biz
muğənninin məşğul olduğu otağa
keçdik. Üzeyir miəllimin təklifi ilə
Bübül mahnını ikinci dəfə oxudu.
(Royalda onu Vladimir Kozlov müşayiət edirdi).
Mahnı sona yetəndə əvvəlcə Üzeyirbəy,
sonra da tələbə yoldaşlarım məni
təbrik etdilər. Görkəmli müğənnimizin
isə sözü bu oldu:
—
Cavan oğlan, sənin mahnına bu gündən
vətəndaşlıq hüququ verildi.
Düzü,
çox sevindim. Üzeyir müəllimimin, Bülbülün
müharibə mövzusunda yazdığım
ilk mahnıya yüksək qiymət vermələrindən
ruhlanaraq, bir qədər sonra şair Zeynal Cabbarzadənin
sözləri əsasında «Gözləyirəm»
adlı ikinci mahnımı bəstələdim.
1944-cü
ildə Tbilisidə keçirilən Zaqafqaziya xalqlarının
musiqi ongünlüyündə «Gözlə məni»
mahnısını Zəhra Rəhimova müvəffəqiyyətlə
ifa etdi. Bu mahnı böyük bəstəkarımızın
çox xoşuna gəldiyi üçün hələ
1943-cü ildə Ü. Hacıbəyovun təklifi
ilə məni bəstəkarlar ittifaqına qəbul
etmişdilər.
Üzeyir
Hacıbəyov o zaman yenicə yazmağa başlayan
gənc bəstəkarların hər cəhətdən
tanınması, formalaşması üçün
əlindən gələni edirdi. Böyük
fəxrlə və fərəh hissi ilə deməliyəm
ki, Sovet İttifaqı Kommunist Partiyası sıralarına
qəbul olunmağım üçün də
ilk zəmanəti mənə Üzeyir müəllim
vermişdir.
1945-ci
ilin may ayında müharibə qələbə
ilə qurtarandan sonra Filarmoniyada təşkil
olunmuş konsertdə Azərbaycanda Sovet hakimiyyəti
qurulmasının 25 illiyi münasibətilə
bəstələdiyim «Bayram miqəddiməsi»
əsərim simfonik orkestrin ifasında ilk dəfə
səsləndi. İmkan məhdudluğuna baxmayaraq,
bir qayğıkeş müəllim, həssas
qəlbli insan kimi Üzeyir müəllim gəlib
əsərimi dinlədi, məni təbrik etdi
və mənə öz qiymətli məsləhətlərini
verdi. Həmin unudulmaz səhnəni musiqi sənəti
sahəsində çalışan dostlarım,
yaşıdlarım indi də xatırlayırlar.
Dahi bəstəkarla onun operettalarına dirijorluq
edərkən daha yaxın yaradıcılıq
əlaqəsində olmuşam. 1944-cü ildən
1948-ci ilədək «Arşın mal alan», «O olmasın,
bu olsun», «Ər və arvad» operettalarına indiki
kukla teatrının binasında dirijorluq etdiyim
zaman Üzeyir müəllim də tez-tez teatra
gəlir, tamaşaların necə keçdiyini
müşahidə edir, öz məsləhətlərini
əsirgəmirdi.
Yaxşı
yadımdadır: bir dəfə teatrda mənim
dirijorluğum ilə «Arşın mal alan» operettasının
tamaşası yeni quruluşda göstərilirdi.
Tamaşa qurtarandan sonra Üzeyirbəy mənə
yaxınlaşdı. Aktyorların, musiqiçilərin
ifasından razı qaldığını bildirdi.
Ancaq mənə məsləhət gördü
ki, üçüncü pərdədə Gülçöhrənin
ariyasının ifasında fermatoya xüsusi fikir
verim. Daha sonra böyük bəstəkarımız
əlavə etdi ki, bu, ayrı-ayrı ifaçıların
məharətini göstərmək üçün
çox vacibdir.
Heç
yadımdan çıxmaz: Üzeyir müəllim
«O olmasın, bu olsun» operettasının yeni quruluşda
ilk tamaşasından sonra səhnə arxasına
gəlib bütün aktyorlara, orkestr hey'ətinə
təşəkkür etdi və dirijorluqdan razı
qaldığını bildirdi. Cavan bir sənətkar
üçün bundan da böyük mükafat
olarmı?
Mən
bəstəkarın sağlığında onun
bir kantatasını, Ağabacı Rzayeva ilə
isə bəstəkarın «Sənsiz» və «Sevgili
canan» romanslarını Radio komitəsinin xalq
çalğı alətləri orkestri üçün
tərtib etmişdim. Baxış zamanı Üzeyir
müəllim məsləhətlərini verib,
dönə-dönə öz razılığını
bildirdi.
1948-ci
ildə mən Azərbaycan Dövlət Konservatoriyasını
bitirərkən, o ağır xəstə olduğundan,
Moskvada Kreml xəstəxanasında müalicə
olunurdu. Belə bir ağır vaxtında da o
məni yadından çıxarmamış, teleqram
göndərərək, konservatoriyanı müvəffəqiyyətlə
bitirməyim münasibətilə məni təbrik
etmişdi. Onu da deyim ki, həmin teleqramı qiymətli
bir xatirə kimi saxlayıram. Böyük bəstəkarımızla
əbədi ayrılıqdan bəri mən onun
nəfəsini hər an hiss edirəm. Yaradıcılıq
fəaliyyətimdə onun ən'ənələrinə
sadiq qalmağa çalışıram.
Mən
əziz müəllimimə onun vəfatından
sonra iki əsər həsr etmişəm. Bunlardan
biri «Düşüncə» pyesi, o birisi isə
sevimli xalq şairimiz Səməd Vurğunun sözlərinə
yazdığım «Eşq olsun sənətkara»
balladasıdır.
Bəli, illər, əsrlər keçdikcə
Üzeyir musiqisi ürəkləri fəth edəcək,
sözü-söhbəti dilləri dolaşacaq,
ona olan xalq məhəbbəti daha da artacaqdır.
1975