—
Müslüm iste'dadlı adamdır, çox yaxşı
da dirijordur. O, dram tamaşalarına da musiqi yaza
bilər,— dedi.
Ü.
Hacıbəyov teatrda işləməsinə
razılıq verdi və teatrın ən yaxın
köməkçisi oldu. O, aktyor və müğənnilərin
təhsili məsələsində bizə yaxından
kömək etdi. 1923-cü ildə teatr texnikumu
açıldı. Moskvada təhsil almaq üçün
cavan aktyorlar göndərdik. Ü. Hacıbəyov
opera müğənnilərindən Məmmədtağı
Bağırov və Hüseyn ağa Hacıbababəyovun
öz ifaçılığını təkmilləşdirməsinə
köməklik göstərdi.
Dahi
bəstəkarın dirijorluğunda məşq
zamanı bir qəriblik hiss etmişdik: orkestr
qızğın caldığı yerdə, birdən
sağ əlində dirijor çubuğu donar,
orkestr susardı, adəti üzrə sol əli
ilə bığını sığallayaraq
nə isə fikirləşər və birdən
dirijor çubuğunu hərəkətə gətirir,
orkestr çalmağında davam edərdi. Bunun
səbəbi bizə gələn dəfə
aydın olardı: sən demə, bəstəkar
əsərin həmin yerinə yeni bir musiqi parçası
və ya musiqi ibarəsi artırırmış.
Bu da gözəl səslənməsilə, adətən,
əvvəlki variantdan fərqlənərdi.
Ü.
Hacıbəyov təkcə operalarda deyil, həm
də bütün dram tamaşalarının
ictimai baxış və müzakirələrində
iştirak edərdi. Çox yığcam danışar,
olduqca mə'nalı təklif və iradlar verərdi.
Ü. Hacıbəyov teatr sənətinin hətta
rejissorluq sirlərinə də çox gözəl
bələd idi. Bununla əlaqədar bir hadisəni
xatırlayıram: Mirzə İbrahimovun «Madrid»
pyesinin ictimai baxışı olmalıydı.
Vaxt çox dar idi. Dekorasiyanın bir hissəsi
hələ hazırlanıb qurtarmamışdı.
Gözləmək olmazdı. Mən həmin
səhnədə başqa bir tamaşanın
dekorasiyasından istifadə etməyə məcbur
oldum. İlk tamaşanın geniş müzakirəsi
oldu. Qəribədir, Ü. Hacıbəyovdan
başqa heç kim — nə tamaşaçılar,
nə iştirakçılar, nə də rəssam
bu «əlavə»ni ayırd edə bilməmişdi.
Bəstəkar üzünü mənə tutub
özünəməxsus incə bir yumorla həmin
«əlavə»yə eyham vurdu:
—
O dekorasiya da çox gözəl idi...
Mənim
Üzeyir Hacıbəyovla sıx yaradıcılıq
əlaqəm bir də «Arşın mal alan» musiqili
komediyasının ekranlaşdırılması
ilə bağlıdır. Klassik dramaturgiyanın
realist ən'ənələrinə əsaslanan
bu operetta tekcə e'cazkar musiqisi ilə deyil, həm
də aktual mövzusu, kəskin konfliktləri,
dolğun obrazlar silsiləsi, bədiiliyi, kamilliyi
və koloritli məzmunu ilə yaradıcı
hey'ətin diqqətini cəlb etmişdi. Odur
ki, 1943-cü ildən e'tibarən operettanın
ssenarisi üzərində gərgin işləməyə
başladı. Düzdür, operetta ilə ssenari
arasında müəyyən fərqlər vardır.
Kinonun imkanlarından istifadə ilə biz, operettanın
yüksək ideyasını —görmək, bəyənmək,
sevmək, ömür gün yoldaşı seçmək,
bir sözlə, azad sevgi ideyasını qabarıq
şəkildə göstərmək üçün
dəyişikliklər, əlavələr etmişik.
Lakin bunların hamısında müəllif
fikrinə əsaslanmışıq, sadiq qalmışıq.
Çalışmışıq ki, «Arşın
mal alan»ın gözəl musiqisini, onun klassik
dramaturgiyasını, aydın və mə'nalı
süjetini, milli koloritini olduğu kimi saxlayaq.
Aktyor
hey'ətini də yaxşı müəyyənləşdirmişdik:
Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər
Kələntərli, Fatma Mehrəliyeva, Ələkbər
Hüseynzadə, Lütfəli Abdullayev, İsmayıl
Əfəndiyev... hər biri çox yapışıqlı
səsi, püxtələşmiş aktyor iste'dadı,
təbii, inandırıcı oyunu ilə bizi
məftun etmişdi. Mən qərara almışdım
ki, Soltan bəy rolunda görkəmli aktyor Kazım
Ziyanı çəkim. Sınaq çəkilişindən
də çox gözəl çıxmışdı.
Ü. Hacıbəyov sifariş göndərmişdi
ki, əgər mümkündürsə, Ələkbər
Hüseynzadəni də yoxlayım. Ə. Hüseynzadə
sınaqdan çox gözəl, hətta mübaliğəsiz
deyərdim ki, bütün aktyorlardan qüvvətli
çıxdı. Mən Üzeyirin iste'dadı
tanımaq məharətinə qibtə elədim.
O
zaman tamaşaçıya olduqca eybəcər,
idbar, yaşlı adamlar kimi təqdim olunan Vəli
və Telli obrazlarının traktovkası ilə
razı deyildim. Bu rollarda çıxış
edənlər Vəlini sırtıq gədə,
Tellini isə «çoxbilmiş» arvad kimi oynayırdılar.
Mən varlıların nökərlərə
və kənizlərə bu cür təhqir gözü
ilə baxmasını istəmirdim. Çünki
onların da bir insan kimi öz qəlbi, öz
sevgi aləmi vardır... Bəstəkara bildirdim
ki, Vəli və Tellini gözəl, göyçək,
cavan görmək istərdim, təxminən Əsgər
və Gülçöhrə yaşında. Ü.
Hacıbəyov mənim bu fikrimlə razılaşdı.
Mən bununla onun böyük bir insani keyfiyyətini
— özündən kiçiklərin faydalı
məsləhətinə qulaq asmaq xüsusiyyəti
olduğunu da yəqin etdim.
Çəkilişini
1945-ci ildə başa çatdırdığımız
«Arşın mal alan» bədii filmi 1946-cı ildə
ekranlara vəsiqə aldı. Film müvəffəqiyyətli
çıxdı və SSRİ Dövlət mükafatına
layiq görüldü. Bu müvəffəqiyyət,
hər şeydən əvvəl, musiqinin xəlqiliyində,
Üzeyir dramaturgiyasının kamilliyində
bu aktyor ansamblının düzgün seçilməsində
idi.
Azad
sevgi Üzeyir Hacıbəyovun xüsusilə
səhnə əsərlərinin leytmotivi, əsas
qayəsidir. Qadın azadlığı bu böyük
sənətkarı daim düşündürmüşdür.
Hələ ilk operasının mövzusu kimi
bu leytmotiv və qayə ilə səsləşən
Füzuli «Leyli və Məcnun»una müraciət
etməsi də əbəs deyilmiş. Ü.
Hacıbəyov «Arşın mal alan» bədii
filminə ilk dəfə baxanda mən bunun bir
daha şahidi oldum: o, filmə tamaşaçılarla
birgə baxırdı. Salonda şən əhval
ruhiyyə hakim idi. Film qurtardı, tamaşaçılar
salonu tərk etdilər. Təkcə Ü. Hacıbəyov
başını əllərinin arasına alıb
fikrə getmişdi. Mən intizarda idim.
Film
barədə onun fikrini bilmək istəyirdim.
Ancaq yaxınlaşmağa cəsarət etmirdim.
Özümü toplayıb ələ aldım,
sakit addımlarla bəstəkara yaxınlaşdım
və həyəcanla soruşdum:
—
Nə fikirləşirsiniz, olmaya, film xoşunuza
gəlməyib?
O,
fikrindən ayrılıb, cavab verdi:
—
Siz nə danışırsınız, lap yaxşıdır
(bu sözü eşitmək nə qədər
xoş idi, ürəyim elə bil yerinə gəldi),
mən o barədə fikirləşmirəm.
Onu fikirləşirəm ki, Şərq qadınını
azad etmək üçün, onları tam xoşbəxt
görmək üçün daha nə etmək
mümkündür?!
Üzeyir
Hacıbəyovun özünün iştirakı
və məsləhətilə hazırlanmış
həmin lenti indi də arabir nümayiş etdirmək
yerinə düşərdi. Çünki bu, bəstəkarın
çoxcəhətli yaradıcılığını
xüsusən gənc sənətsevərlərin
daha ətraflı öyrənməsinə kömək
edərdi.
1975