Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Ədəbiyyat


  Bəstəkarın xatirəsi...
İçindəkilər  

20
Əziz Şərif
Bir məktubun tarixi

Mirzə Fətəli Axundovdan başlamış ta müasir sovet yazıçıları və alimlərinədək Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin mənə əziz olan bir çox tarixi sənədləri—avtoqraflar, məktublar arasında Üzeyir Hacıbəyovun yeganə məktubu da qovluqda ehtiyatla qorunub saxlanır. Bu məktubun qırx ildən artıq maraqlı bir tarixi vardır.

O uzaq otuzuncu illərdə mən Tbilisidə yaşayır və Zaqafqaziya MİK-ində işləyirdim. Azərbaycan ədəbiyyatı və incəsənətinə aid məqalələrlə mətbuatda tez-tez çıxış edirdim. Bir dəfə məşhur gürcü alimi, professor Axvlediani Ukrayna ensiklopediyası üçün Azərbaycan mədəniyyəti haqqında material toplayıb hazırlamaqda ona kömək etməyi mənə təklif etdi. Axvlediani həmin nəşrin Zaqafqaziya üzrə rəsmi nümayəndəsi idi.

Bu təklif çox məs'uliyyətli olsa da, mənə maraqlı göründü. Əlifbanın birinci hərfi üçün Azərbaycan ədəbiyyatını, musiqisini, teatrını və Azərbaycan dilini əhatə edən məqalələr vermək lazım olduğundan, dərhal işə başlamalıydım. Bu bölməyə düşəcək ayrı-ayrı xadimlər — Axundov, Haqverdiyev, Ərəblinski və b. haqqında məqalələri hələ demirəm. Düzdür, məqalələrin həcmi o qədər də böyük olmayacaqdı, amma bu, materialın tərtibi sahəsindəki çətinliyi, habelə onun məzmununun dolğunluğu haqqında məs'uliyyəti heç cür azaltmır, əksinə, artırırdı.

Bə'zi məqalələri biliyim çərçivəsində özüm yazdım, başqa materiallar üçün isə Bakıdakı mö'təbər mütəxəssislərə müraciət etdim. Təbii, Azərbaycan musiqisi haqqında məqalə yazmaq üçün Üzeyir Hacıbəyova müraciət etməyi lazım bildim. Onunla çoxdan tanış idim, amma bu tanışlıq, necə deyərlər, ötəri idi. Buna baxmayaraq, məşhur bəstəkara məktub yazıb xahiş etdim ki, Azərbaycan musiqisi haqqında məqalə yazmaq zəhmətini öz öhdəsinə götürsün. Ensiklopediya redaksiyasından aldığım müəllif haqqının miqdarını göstərən müqavilənin bir nüsxəsini də məktuba əlavə etdim.

Xatirimdədir, bir dəfə Bakıya gələndə Üzeyir Hacıbəyovla görüşdüm. Bəstəkar məni çox səmimi qarşıladı və lazımi materialı yazmağa razı olduğunu söylədi. Şübhəsiz, mən başa düşürdüm ki, bəstəkar gərgin yaradıcılıq işilə məşğuldur və e'tiraf edim ki, məqaləni yazacağına o qədər də ümid bəsləmirdim. Tezliklə ondan sifarişli zərf alanda necə sevindiyimi təsəvvür edə bilməzsiniz. Zərfin içində Azərbaycan musiqisi haqqında makinədə çap olunmuş məqalə və məktub vardı. Məktubda yazılmışdı:

«Hörmətli Əziz yoldaş!

Bir qədər gec olsa da, məqaləni göndərirəm. Bilmirəm yarayacaq yoxsa yox. Əyər gecikibsə, xahiş edirəm, geri göndərin. Sizin Tiflisdən göndərdiyiniz məktubu aldım, müqaviləyə qol çəkməyi lazım bilmədim, çünki görülən iş o qədər də zəhmətli deyil, Sizə can sağlığı arzulayıram.
Üzeyir. Bakı, 14 yanvar 1932-ci il».

Bu məqalənin bir nüsxəsi məndə qalıb və oxucuları onun məzmunu ilə tanış etməyi özümə borc bilirəm, çünki vaxtilə ensiklopediya redaksiyasına təqdim edilən başqa materiallarla birlikdə bu məqalə də işıq üzü görməyib. Ensiklopediyanın birinci cildinin hazırlanması və nəşri gecikdi və Böyük Vətən müharibəsindən sonra yenidən tərtib edildi. Bu cildin nəşri yalnız 1959-cu ildə mümkün oldu. Şübhəsiz, buradakı materiallar, o cümlədən Azərbaycan musiqisi haqqında məqalə yenidən yazılmışdı.

Üzeyir Hacıbəyovun bu kiçik məqaləsinin qiyməti onda idi ki, Azərbaycan musiqisi, onun xüsusiyyətləri, quruluşu, ladları haqqında aydın təsəvvür oyadır. Həm mütəxəssislər, həm də musiqi həvəskarları üçün çox maraqlı mə'lumat verirdi. Burada xalq çalğı alətlərindən, ifaçılardan, müğənni və çalğıçılardan bəhs olunurdu. Üzeyir Hacıbəyov müasir dövrün musiqi mədəniyyətinin vəziyyəti haqqında da maraqlı mə'lumat verirdi.

«Aprel inqilabınadək Azərbaycanda musiqi yarıgizli vəziyyətdə idi və din xadimləri və onların əlaltıları tərəfindən tə'qib olunurdu.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra musiqi mədəniyyəti böyük addımlarla irəliləməyə başladı.

1921-ci ildə Bakıda məxsusən türk (azərbaycanlı— qeyd) oğlanları və qızları üçün xüsusi musiqi məktəbi açıldı, burada 500-dən artıq şagird oxuyurdu.

1926-cı ildə bu məktəb Azərbaycan Dövlət Konservatoriyası ilə birləşdi, burada ümumi musiqi incəsənəti ilə yanaşı, həm praktiki, həm nəzəri cəhətdən Azərbaycan xalq musiqisi də öyrənilir.

Öz koloritinin rəngarəngliyi ilə zəngin olan Azərbaycan xalq ladları (guşələri) kontrapunkt (polifonik) formalar üçün çox gözəl əsas ola bilər və müəyyən inkişaf dövründə ümumdünya musiqi incəsənətinə böyük yenilik gətirə bilər».

Bu kiçik məqalədən verilən mə'lumatların üslub səlisliyini, dəqiqliyini və yığcamlığını müəyyən etmək olar. Bir şeyi də qeyd etmək istərdim ki, məqalənin müəllifi öz operaları, musiqili komediyaları və digər əsərləri ilə o zamanadək çox zənginləşdirdiyi yeni Azərbaycan musiqi mədəniyyəti haqqında bir kəlmə belə yazmır. Əgər bu barədə yazmış olsaydı, bəstəkar gərək ilk növbədə özünün həlledici rolundan bəhs edəydi. Üzeyir Hacıbəyovun həm məqalədə, həm də mənə göndərdiyi qısa məktubda özünün aydın görünən xasiyyətinin bu cəhəti ilk növbədə nəzərə çarpmalıdır, çünki bu cəhət bəstəkarı nəinki görkəmli musiqi xadimi və ictimai xadim kimi, həmçinin gözəl, dağ çeşməsi kimi saf və büllur, özünü öyməkdən çox-çox uzaq olan gözəl, xeyirxah bir insan kimi xarakterizə edir.

 

1975


 
   © Musigi Dunyasi, 2005