Mən
Azərbaycanın dahi bəstəkarı Üzeyir
Hacıbəyovla 1907-ci ildə «İrşad»
qəzeti idarəsində tanış oldum. O
zamandan e'tibarən mənimlə cavan müəllim
Üzeyir Hacıbəyov arasında səmimi
və yaradıcılıq dostluğu başlandı.
Bir gün Üzeyir mənə «Leyli və Məcnun»
operası üzərində çalışdığını
bildirdi. Məşğələlərə 1907-ci
il dekabrın əvvəllərindən başladıq
və hər gün axşam «Nicat» maarif cəmiyyəti
binasında aparırdıq.
Nəhayət,
Üzeyir Hacıbəyovun ilk yazdığı
«Leyli və Məcnun» operası 1908-ci il yanvarın
12-də şənbə günü keçmiş
Tağıyev teatrında tamaşaya qoyuldu. Bu
tamaşada İbn Salamın toy məclisindəki
rəqs Üzeyirin göstərişi ilə
mənə tapşırılmışdı.
Beləliklə,
bu ildən başlayaraq unudulmaz bəstəkarımız
Üzeyir Hacıbəyov, çar zülmünun
ən ağır vaxtlarında Azərbaycan incəsənətində
milli operanın və musiqili komediyanın ilk
səhifəsini açmış oldu. O zamanlar
belə işi görmək böyük qəhrəmanlıq
və cəsarət tələb edirdi. Bunu da
deməliyik ki, o zaman teatr qapısını görməyən
və tanımayan Azərbaycan qadınları,
Üzeyir Hacıbəyovun opera və operettalarına
gəlməyə başladılar.
Üzeyir
Hacıbəyovun ikinci yazdığı «Ər
və arvad» operettası idi. 1908-ci ilin noyabrında
Üzeyir məni evinə də'vət edib, yeni
yazmış olduğu «Ər və arvad» operettasını
oxudu. Bir qədər söhbətdən sonra
səsimi yoxlayıb, Kəblə Qubad rolunu mənə
tapşırdı. Birinci dəfə olaraq mən
həmin musiqili komediyada çıxış etdim.
Üzeyir
Hacıbəyovun ikinci musiqili komediyası «O olmasın,
bu olsun» oldu. Bu komediyanın da baş rolu olan
Məşədi İbad rolunu mən oynadım.
1912-ci
il aprelin 3-də Üzeyir Hacıbəyov mənimlə
bərabər artistlərimizdən bir neçəsini
evinə də'vət edib, Italiyanın Milan konservatoriyasında
təhsil alan azərbaycanlı qızı Şövkət
xanım Məmmədovanın Bakıya gəldiyini
bildirdi və Şövkət xanımın İtaliyaya
qayıdıb təhsilini davam etdirməsi üçün
ona kömək etməyimizi xahiş elədi.
Üzeyir
Hacıbəyovun təklifini hamılıqla qəbul
edib, Şövkət xanım Məmmədovanın
nəf'inə «Ər və arvad» musiqili komediyasını
oynamağı qət etdik. Aprelin 13-də axşam
Tağıyev teatrında «Ər və arvad» musiqili
komediyasının tamaşası qurtardıqdan
sonra «konsert» şö'bəsi başlandı.
Şövkət xanım Məmmədova səhnəyə
çıxıb bir neçə hava oxudu. Bu bir
çoxlarının xoşuna gəlmədi. Xüsusilə
«millət-millət» deyib bar-bar bağıran
ağalar ayağa qalxıb teatrı tərk etməyə
başladılar..
Mən
bu halı gördükdə tez səhnə arxasındanÜzeyirin
yanına gəlib xəbər verdim və nə
etməli olduğumuzu ondan soruşdum. Üzeyir
Hacıbəyov inadlı bir tərzdə: «Qoy
gedən getsin, bizə qalanlar lazımdır»
— dedi.
Mən
qırx ildən bəri Üzeyiri ölkəmizdə
musiqi və opera incəsənətinin tərəqqi
və inkişafı uğrunda yorulmadan çarpışan
bir mübariz kimi tanıyıram. Bu böyük
bəstəkarın haqqında nə qədər
danışılsa, xidmətlərindən nə
qədər bəhs edilsə azdır.
Hamımızın
sevdiyi və əzizlədiyi Üzeyirin bizə,
incəsənət işçilərinə qüvvət
verən xüsusiyyətlərindən biri onun
mətinliyi idi. Çoxları şahiddir ki, o,
Azərbaycanda açdığı yeni yol ilə
irəlilədiyi zaman qarşısına çıxan
çətinliklərdən qorxmur, müvəffəqiyyətsizlik
belə onu ruhdan salmırdı.
Üzeyir
Hacıbəyov, Azərbaycanda bünövrəsini
qoyduğu opera incəsənətini genişləndirmək
uğrunda mübarizədə az həqarət
görməmişdir. 1909-cu ildə çıxan
«Zənbur» jurnalı Üzeyirin bir karikaturasını
çəkmiş və onun mahir musiqi əsərləri
yarada biləcəyini şübhə altına
almışdı. Həyat və zaman bu şübhələrin
nə qədər əsassız, Üzeyirin seçdiyi
yolun isə nə qədər doğru olduğunu
sübut etdi!
Üzeyir
Hacıbəyov həmişə öyrənməyi
və öyrətməyi çox sevirdi. Bir gün
söhbət əsnasında o, mənə dedi ki:
«Xoşbəxt o sənətkardır ki, biliyini verib
gedir, bədbəxt o sənətkardır ki, biliyini
özü ilə bərabər qəbrə aparır!»
1948
Həqiqət
Rzayeva
Ölməz əsər
Böyük bəstəkarımız Üzeyir
Hacıbəyovun ölməz sənət əsərlərindən
biri olan «Leyli və Məcnun» operası haqqındakı
qeydlərimi yazmaq üçün istər-istəməz
xatirələr dəftərimi vərəqlədim,
xəyalən 1926—27-ci illərə qayıtdım.
O zaman mən «Damğa» adlı tənqid-təbliğ
teatrında işləyirdim. Cavan idim, yaxşı
səsim vardı. Bir gün opera və balet teatrının
baş dirijoru, bəstəkar Müslüm Maqomayev
məni teatra işləməyə çağırdı.
Nə
qədər sevindiyimi təsəvvür etmək
çətindir.
M.
Maqomayev teatrda məni çox mehriban qarşıladı.
Bir az söhbət etdikdən sonra pianonun arxasına
keçdi. «Çahargah» muğamının «Mənsuriyyə»
hissəsinin zil sədaları otağı bürüdü.
İşin nə yerdə olduğunu dərhal
anladım. M. Maqomayev məni «Mənsuriyyə»
sınağından keçirmək istəyirdi.
Sınaqdan müvəffəqiyyətlə çıxdım...
Opera teatrında ilk rolum M. Maqomayevin «Şah İsmayıl»
əsərində Ərəbzəngi oldu. Həmin
roldan sonra M. Maqomayev mənə «Ərəbzəngi
bacı» deyərdi. Çox keçmədən
Üzeyir Hacıbəyovla tanış olduq. O
da səsimlə yaxından maraqlandı. Leylini
oynamağı məsləhət gördü..
«Leyli və Məcnun» operasına dəfələrlə
qulaq asmışdım. Özümü Leyli
rolunda təsəvvür etmişdim. Lakin elə
ki bu arzu həqiqətə çevrilməyə
başladı, qarşıdakı işin nə
qədər çətin və məs'uliyyətli
olduğunu bir daha dərk etdim. Ərəbzəngi
kimi qəhrəman bir qadın surətindən
sonra lirik səpkili Leyli obrazını yaratmaq
o qədər də asan deyildi. Lakin ürəklərə
yol açan Füzuli poeziyası və insanı
valeh edən Üzeyir musiqisi bu çətin yolda
mənim gənc ilhamımın qırılmaz
qanadları oldu. Mən Leylinin bütün dərdini,
kədərini, uğursuz məhəbbətinin
müsibətini yaşadım.
Yadımdadır
ki, ilk tamaşalardan biri idi. Üzeyir Hacıbəyov
lojada oturmuşdu. Mən çətin zəngulələrdən
sonra, tamaşaçılar hiss etməsin deyə,
ehtiyatla onun oturduğu tərəfə baxdım.
O, razılıq əlaməti olaraq yavaşcadan
başını tərpətdi. Bu, mənim üçün,
gənc aktyor üçün böyük mükafat
idi.
Leyli
ilə dostluğum çox uzun çəkmişdir.
Ən yaxşı çıxışlarım,
təbii ki, respublikanın xalq artistləri Hüseynqulu
Sarabski, Hüseynağa Hacıbababəyov və
Əlövsət Sadıqovla olmuşdur. Belə
bir əsərdə dönə-dönə iştirak
etdiyim üçün özümü xoşbəxt
sayıram.
1975